Sizə haradan xəbər verim, çardağlı Çənlibeldən. Çənlibeldə Qoç Koroğlu başında da yeddi min yeddi yüz yetmış yeddi dəlisi ilə məskən salmışdır. Heç bir tacir, bəzirgan Çənlibeldən keçib karvan apara bilməzdi. Günlərin bir günü Abdul Xoca Ərzurumdan gəlib Dərbəndə keçməli olur. Yolu Çənlibeldən düşür. Koroğlu da aylarla Ağ qayanın üstündə Abdul Xocanın yolunu gözləyir. Abdul Xoca Çənlibeldən keçən zaman Koroğlu Qıratın belində karvanın başı üstünü alır. Karvan dayanır. Abdul Xoca irəli çıxıb cibindən nal boyda qara pul çıxardıb Korogluya uzadır ki, igid, al, bu sənin yol basman. Koroğlu pulu alır, bir əli ilə əzib Abdul Xocanın üstünə atır. Abdul Xoca işi belə görüb karvana hərəkətə gətirir. Koroğlu bir çovlan edib, götürür "Şahsevəri" havasında görək nə deyir:

Çənlibeldən gəldim sənə,
Tök malını get, bəzirgan!
Beş-üç tümən düşür mənə,
Qalannı bölək, bəzirgan!

Götürür cavabında Abdul Xoca:

Mən baxıram qamətinə,
Get-get Koroğlu, Koroğlu!
Minibsən əcəl atına,
Get-get Koroğlu, Koroğlu!

Koroğlu fikirləşir ki, bəlkə bu səni qaçağa, quldura oxşadır, gəl nişan ver ki, ay zalım, saysız-hesabsız dəlilərim var, xəbər versəm sizin hamınızı tikə-tikə eyləyərlər.

Dəlilərmə bildirərəm,
Misri qılınc sildirərəm,
Inan, səni öldürərəm,
Tök malını, get, bəzirgan!

Abdul Xoca deyir, ay zalım, dəlilərin var, dəlilərim var, onların günahı nədir, özünlə özümdən danış.

Mən bilirəm dəlin çoxdu,
Mücganların peykan oxdu,
Mənim səndən qorxum yoxdu,
Get-get Koroğlu, Koroğlu!

Koroğlu görür ki, Abdul Xoca bunu heç qoruqçu yerinə də saymır. Götürür :

Koroğluyam, gəzə-gəzə,
Xanlar başın əzə-əzə,
Burdan bir pay düşür bizə,
Qalannı bölək, bəzirgan!

Abdul Xoca cavabında götürür:

Abdul xoca gəzə-gəzə,
Ala gözün süzə-süzə,
Bir qəpik də düşmür sizə,
Get-get Koroğlu, Koroğlu!

Söz tamam olur. Abdul Xoca bu dəfə həmin puldan ikisini uzadır. Koroğlu yenə pulları əzib özünə qaytarır və götürür "Misri" havasında görək nə deyir, Xoca nə cavab verir.

Koroğlu:
Gəl sənə söyləyim bəzirgan başı,
Gəlmişəm ki, səndən bac alam gedəm.
Dağıdam qəfləni, tökəm malını,
Gəlməmişəm səndən ac olam gedəm.

Abdul Xoca:
Əcəm oğlu, həcvi- hədyan söyləmə,
Indən belə sənə para vermərəm.
Almadın verdiymi, yekəlik satdın,
Bu sözlərni min dinara vermərəm.

Koroğlu:
Görürsənmi mən dəlinin işini,
Tökərəm gözündən qanlı yaşını.
Malı, dövlətini, al qumaşını,
Nağdısı olmazsa vec alam gedəm.

Abdul Xoca:
Gəlirəm Misirdən, yolum Toqatdan,
Keçmişəm Hələbdən, həm də Bağdaddan.
Çəkərəm salaram mən səni atdan,
Qaldırıb çaxaram, yerə vermərəm.

Koroğlu:
Koroğluyam, sər qayadan atıllam,
Harda dava olsa orda tapıllam,
Ac qurd kimi cümlənizə təpilləm,
Ortadan olmazsa uc alam gedəm.

Abdul Xoca:
Abdul Xoca yaxşı bilir işini,
Tökərəm gözündən qanlı yaşını,
Malı-dövlətimi, al qumaşımı
Sənin kimi uşaqlara vermərəm.

Söz tamam olur. Sazdan-sözdən heç nə hasil olmur. Əl atırlar silaha, qılınc, qalxan, toppuz, nizə şaqqaşaraq…, sanki göydə ildırım çaxırdı. Silahdan da bir şey hasil olmur. Atdan düşüb başlayırlar küşt tutmağa. Birinci dəfə Abdul Xoca Koroğlunu çəkir dizinin altına, qılıncını söykəyir sinəsinə, deyir "kəsirəm". Koroğlu deyir: "Ay zalım, igid basdığını kəsməz. Atalar üçədək deyiblər. Üçüncüdə yıxılsam özüm öz başımı kəsəcəm". Ikinci dəfə küştü tuturlar. Çox möhkəm helləşirlər. Bu dəfə də Abdul Xoca Koroğlunu yıxıb sinəsinə çökür, deyir, indi nə deyirsən. Koroğlu cavab verir ki, söz bayaqkıdı. Abdul Xoca yenə qalxır. O, necə deyərlər, qorxu cana kafıdı, fikirləşir ki, elə burda öləcəm, meyidim də ələ gəlməyəcək. Bu karvanın dırnağında tikə-tikə olacam. Bu əzrayıl cöngəsinin əlinə haradan düşdüm. Dəlilər nə bilirdi burdan karvan keçdi, yoxsa yox, gərək o pulu götürüb gedəydim. Çarəsiz qalıb Qıratın qulağına pıçıldayır ki, amandı, üçüncü güləşdə bunun əlindən məni sən qurtarasan. Elə də olur. Koroğlu güc-bəla ilə Abdul Xocanın əlindən dartılıb çıxır, atılır Qıratın belinə. Qırat iki dal ayaqları üstünə qalxıb ağzını geniş açıb, Çənlibelə tərəf elə götürülür ki, elə bil Çənlibeldə bala qoyub gəlib. Koroğlunun qarşısına Eyvaz çıxır. Eyvaz görür ki, heç Koroğluda Koroğluluq qalmayıb. Hirsindən dodaqları partlaq-partlaq olub, rəngi axşamdan yağmış qar kimi dümmağ ağarıb, bığları filin qulağı kimi sallanır. Soruşdu ki,ay baba, nə olubdu? "Təbil cəngi" havasında götürür görək Eyvaza nə cavab verir:

Gəl sənə söyləyim, xan Eyvaz bala,
Amandı, qoymayın, keçdi bəzirgan.
Sinəmə çəkibdi çal-çarpaz dağı,
Amandı, qoymayın, keçdi bəzirgan.

Eyvaz soruşur:

  • Ayə baba, sənin əlindən bəzirgan qaçıb?
    Koroğlu cavab verir:
  • Oğul, bu bəzirgan o bəzirganlardan deyil.
  • Baba, bir nərə çəkmədinmi?
  • Oğul, qulaq as, onun nərəsi mənimkindən də güclü idi.

Zalım oğlu qılınc alıb dəstinə,
Yaman girdi şirin canım qəsdinə,
At oynadıb nərə çəkdi üstümə,
Elə bil ki, qızıl quşdu bəzirgan.

  • Baba, bəs necə əlindən qurtardın ? - deyə Eyvaz xəbər aldı.
    Bu yerdə Koroğlu görək nə dedi :

Koroğluyam, dəryalara dalmışam,
Şirin canmı mən odlara salmışam,
Qaçıb əlindən meydan almışam,
Amandı, qoymayın, keçdı bəzirgan.

Eyvazın əmri ilə yeddi min yeddi yüz yetmiş yeddi dəli barmaq sayı kimi müntəzir olur. Koroğlunun xahişi ilə döyüşsüz-davasız bəzirganın dəstəsi Çənlibeldə Koroğlunun hüzurunda hazır olur.
Indi isə Abdul Xoca peşmançılıq çəkir. Fikirləşir ki, gərək karvanın yarısını bu qurd oğluna verəydim, bundan can qurtarmaq çətindi. Indi bizi əsir edib öldürücəklər. Amma görür ki, bu heç də düşmənçiliyə oxşamır. Eyvaz Abdul Xocanı dəstəsi ilə bərabər ziyafət məclisinə gətirir. Koroğlu ilə Abdul Xocanı başda əyləşdirirlər, sağlıqlarına şərab nuş edirlər. Bu zaman Nigar xanım dillənir:

  • Koroğlu, sənin ömrun səfərlərdə keçib, indi hansı səfərlər səni gözləyir, hansı arzuların var?
    Koroğlu götürür "Misiri" havasına görək nə deyir:

Yapdırram Qırata polad üzəngi,
Uca dağ başında tutaram cəngi,
Talaram Həbəşi, Hindi, Firəngi,
Istanbulda qılınc çallam, inşallah.

Mən Qıratı bəsləmişəm qəhrində,
Yar görmədim belə yarın təhrində,
Cümə günü Istanbulun şəhrində
Xotyarı taxtından sallam, inşallah.

Qarışmayın Koroğlunun işinə,
Dov gəlləm düşmənin yüz on beşinə,
Quzğun qonar yağıların leşinə,
Səltənət sahibi ollam, inşallah.

Məclis sona yetir. O gündən Koroğlu ilə Abdul Xoca dost olurlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər

QAZAN BƏG OĞLI URUZ BƏGİN TUTSAQ OLDIĞI BOYI BƏYAN EDƏR, XANIM, HEY!Bir gün Ulaş oğlı Qazan bəg yerindən durmışdı. Qara yerin üzərinə otaxlarm tikdirmişdi. Bin yerdə ipək xalıcası döşətmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Doqsan tümən gənc oğuz söhbətinə dərilmişdi. Ağzı böyük xümrələr ortalığa salınmışdı. Doquz yerdə badyalar qurılmışdı. Altun ayaq, surahilər dizilmişdi. Doquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə gəzdirirlərdi. Hər birindən Ulaş oğlı Salur Qazan içmüşdi. Çırğab-çırğab çadır, otaq bağışlardı. Qatar-qatar dəvələr bağışlardı. Oğlı Uruz qarşusında yay söykənib durardı. Sağ yanında qardaşı Qaragünə oturmışdı. Sol yanında dayısı Aruz oturmışdı.

19 dəq
Duxa Qoca oğlı Dəli Domrul boyını bəyan edər

DUXA QOCA OĞLI DƏLİ DOMRUL BOYINI BƏYAN EDƏR, XANIM HEY!Məgər xanım, Oğuzda Duxa qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçməyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edərdi? Anunçun ki, “Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənfimlə savaşa, - derdi; mənim ərligim, bəhadirligim, cılasunligim, yigitligim Ruma, Şama gedə çavlana”, - derdi.

9 dəq
Qanlı Qoca oğlı Qanturalı boyını bəyan edər

QANLI QOCA OĞLI QANTURALI BOYINI BƏYAN EDƏR, XANIM, HEY-HEY!Oğuz zamanında Qanlı qoca, deyərlərdi, bir gürbüz ər vardı. Yetişmiş bir cılasun oğlı vardı. Adına Qanturalı derlərdi. Qanlı qoca aydır: “Yaranlar, atam öldi, mən qaldım. Yerin-yurdm tutdım. Yarınkı gün mən öləm, oğlum qala. Bundan yegrəgi yoxdur ki, gözüm görərkən, oğul, gəl səni evərəyim!” - dedi. Oğlan aydır: “Baba, çün məni evərəyim dersən, mana layiq qız necə olur?”

17 dəq
Qazılıq Qoca oğlı Yegnək boyını bəyan edər

QAZILIQ QOCA OĞLI YEGNƏK BOYINI BƏYAN EDƏR, XANIM, HEY!Qam Gan oğlı xan Baymdır yerindən durmışdı, qara yerin üzərinə ağ-ban evin dikmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıcası döşənmişdi. İç Oğuz, Daş Oğuz bəgləri söhbətə dərilmişdi. Yemə-içmə idi.

7 dəq

Başqa şairlərin şeirləri