Qəsdin budu gər xatiri-biçarə dağılsın,Bir şanə çək ol türreyi-tərrarə dağılsın.

Ver zib rüxi-alına, çıx xanədən, ey məh,Məh daldalanıb, əncümü səyyarə dağılsın.

Tənha dili-məhzunə həqiqətdə cəfadır,Bir parə oxundan de təni-zarə dağılsın.

Açmış bu gün ol sərvi-səhi töhfeyi-hüsnün,Xuddamləri müjdeyi-bimarə dağılsın.

Bir ləhzə o birəhmə nihan şərhi-qəmim var,Allahı sevərsiz, deyin əğyarə dağılsın.

Vəhmim budu, yol verməylər ləxti-cigərdən,Təqsim eləyim, hər itə bir parə dağılsın.

Göz mərdümü məşqi-xəti-hüsnün həvəs eylər,Ey çeşm, bu lövhündə olan qarə dağılsın.

Birənc nə mümkündür ola gənc müyəssər,Zakir, dəmi-əfsun oxu şəhmarə dağılsın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq