Ələsgər ocağında oxunan nəğmələr
I
Ən müqəddəs bir istəyə can verib,
Sazın, sözün ocağına gəlmişəm.
Bir anadı, qollarını gen açıb,
Bala kimi qucağına gəlmişəm.
Könül verdim bir günəşli səhərə,
Dan atmamış hazırlaşdım səfərə.
Neçə gündü vida deyib şəhərə,
Bir ustadın oylağına gəlmişəm.
Belə həvəs görməmişəm yaşımda,
Çiçək açıb torpağım da, daşım da.
“Göyçəgülü” havası var başımda,
O havanın sorağına gəlmişəm.
Söz bəzədi sarayını, taxtını,
Söz güldürdü taleyini, baxtını
Görəmmədim Ələsgərli vaxtını,
Bu vaxtına, bu çağına gəlmişəm.
Qovrulmuşam harayında, ünündə,
Olmamışam ən gərəkli günündə
Dayanmışam bir məzarın önündə,
Səcdə üçün ayağına gəlmişəm.
Havasında zil olmağa dəyərmiş,
Bağçasında gül olmağa dəyərmiş,
Atəşində kül olmağa dəyərmiş,
Pərvanəyəm, çırağına gəlmişəm.
Gənclik eşqi həvəsimi bol verib,
Uçmaq üçün qanad verib, qol verib,
Qarlı dağlar sinəsindən yol verib,
Qədim Göyçə torpağına gəlmişəm.
II
Nə Kərəmtək yaş axıdıb ağlayan,
Nə Məcnuntək ürəkləri dağlayan,
Yeri gəlsə, çaylar kimi çağlayan,
Yeri gəlsə, nərə dönüb qızandı.
III
Gəzdim yay günündə, yay axşamında,
Oldum taleyindən halı Göyçənin.
Təzədən gül açdı daşı, torpağı,
Sevindi yamacı, yalı Göyçənin.
Laylası çalındı, şeiri oxundu,
Ellərin yanında dərdi yox indi.
Cinas ilmələndi, təcnis toxundu,
Süzüldü dodaqdan balı Göyçənin.
Duydum Ağkilsəni, tanıdım Zodu,
Gözümü doldurdu könlümün odu,
Qurumaz çeşmədi, bulanmaz sudu,
Tükənməz yaşılı, alı Göyçənin.
Bir dəstə çiçəkdə yeddi rəngə bax,
Suların səsində xoş ahəngə bax,
Ustadı xatırla, Qızılvəngə bax,
Şöhrəti Alıdı, Alı Göyçənin.
Sevən sevgisindən düşdü aralı,
Ovçular ağlatdı neçə maralı.
İman itkin oldu, Nəcəf yaralı,
Pozuldu bir zaman halı Göyçənin.
İllərin zəhməti getmədi zaya,
Döndü yavaş-yavaş bulaqlar çaya,
Dədə Ələsgəri verdi dünyaya,
Gətirdi naxışı, xalı Göyçənin.
Zəlimxan, bu yeri qarış-qarış gəz,
Bir də bu günlərə tapılmaz əvəz.
Bir gün şirinliyi azala bilməz,
Yüz il kəsilməsə balı Göyçənin.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-elesger-ocaginda-oxunan-negmeler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gecə keçdi, dur ayağa, rəxt ü xabın vəqtidir,Tövbə istiğfara gəl indi səvabın vəqtidir
Məndən(Əli Əkbər) xidmətinəSalam olsun rəvan məndən
Qalmağay erdi bu aləmdə məhəbbət kaş kiQalmağay erdi bu aləmdə məhəbbət kaş ki,Tuşkey erdivü berdin rəsmi-müvəddət kaş ki.
Kim verdi dünən bəzminizə bağdə zivərKim verdi dünən bəzminizə bağdə zivər,Hansı qədi ərər?