Vı şəkil
Axşamdır. Şamlar yanır. İntizar təkdir. O çox pərişan görünür.
İntizar
Özüm də bilmirəm nə eylədim mən.
Diksinir ürəyim öz əməlimdən.
Günahsız zindana düşdü Məhəmməd,
Məni öldürəcək hər zaman bu dərd!..
Günbəgün saralır, solur camalım,
Ah, nədən böylə tez dəyişdi halım?!
Yedi gəncliyimi, yordu ehtiras,
Oxşamır ruhumu bu nazəndə yaz!..
Yaşamaq mənasız bir şeydir mana,
Neyləyim, mən sirdaş olmadım ona!..
Axsitan
(gəlir) Yenə pərişandır Dərbənd gözəli?
Onu tək yaratmış xilqətin əli!
Söylə, nə olmuşdur sevimli nigar,
Neçin kədərlidir maral baxışlar?
İntizar
Heç bir şey... Deyəsən, xəstəyəm bir az.
Axsitan
O hansı dərddir ki, dəva tapılmaz?
Qocalmış olsam da inan ki, yenə,
Pərəstiş edirəm gözəlliyinə!..
İntizar
Pərəstiş!.. Pərəstiş!.. Nə var ki, daha.
Axsitan
Utanma, dərdini aç, söylə şaha.
İntizar
Çoxmu istəyirsən məni doğrudan?
Axsitan
Şübhə yaraşmayır heç sənə, canan!
İnsan qocaldıqca daha çox sevər,
Zənnimcə, görmüşdür eşqimi dilbər!
İntizar
Nahaq, zülm etməyin incidir məni,
Qorxuram hörmətdən salalar səni!
Axsitan
Mən qəlbim deyəni etmişəm ancaq...
İntizar
Bütün Şirvan əhli təşvişdədir bax;
Deyirlər Məhəmməd düşüb zindana,
Zənnimcə bu layiq deyildir sana.
Axsitan
İntizar! İntizar!.. Neyləyər onlar?
Mənim öz istəyim, öz əməlim var.
Tökülün, deyərək əmr etsəm əyər,
Tökülər ulduzlar, boş qalar göylər.
Hökmümlə yaşayır Şirvan mahalı,
Qoy fikir yormasın gözəl maralı!..
İntizar
Sonra bir şey çıxar, azad et onu,
Nizami çox sevir bircə oğlunu!..
Axsitan
(Bu sözlərdən şübhələnərək) Nizami əmrimə qarşı durarkən,
Qəlbinə bir yara vurmalıyam mən!..
İntizar
Sözümü yerəmi!..
Axsitan
Di yaxşı, baxaram, görək...
Bununla özünü yormasın mələk!..
İntizar
Sözümü yerəmi?..
Axsitan
Salmıram, inan,
İntizar
Hər nə demişdirsə, etmiş Axsitan!..
Axsitan
Söylədin xəstəyəm... get dincəl bir az.
(O, İntizarı aparır. Sonra özü düşüncəli halda qayıdır)
Düzdürmü, qadına inanmaq olmaz?!
Bəlkə də Dərbəndi anlamış bunu,
Məhəmməd bir əsir eləmiş onu?!
İçimdə ilan tək şübhə dik durur,
Ürəyim yenə də şiddətlə vurur?
Bəlkə də qocalıq xoş gəlmir ona?!
Qarşı durmamışam bir arzusuna!
Yox, qəlbim, şübhənin çıx zindanından,
Eşqinə xəyanət etməz bu canan!..
Vəzir gəlir
VƏZİR. İranlı qonaqlar durmuş müntəzir!..
Axsitan
Qəlbimdə buz kimi bir külək gəzir...
Çağırın, çox şaddır deyin hökmdar!..
Qonaqlar gəlirlər
Birinci Qonaq
Şirvan hakiminə çoxlu salamlar!
İkinci Qonaq
Onun dünya qədər səxavəti var!..
(Onlar şahla görüşürlər. Şah razılıq edir)
Birinci Qonaq
Şahımız almışdır məktubunuzu,
Təşəkkür eyləmək azdır, doğrusu!..
(Şaha məktub verir)
Axsitan
İnanın, çox şadam, çox şadam ki, mən, –
Bizə qonaq gəlib dost bir ölkədən!
(Vəzirə)
Al oxu, məktubu.
(Vəzir məktubu alıb oxuyur)
VƏZİR. Salam olsun sizə, ey şahi-Şirvan!
Aldım məktubunu... çox şadam, inan.
Qoy daim ucalsın təxtü-tacınız,
Heç balta görməsin bəxt ağacınız!..
Mənuçöhr varisi, böyük Axsitan.
Səninlə fəxr etsin həmişə Şirvan!
Xoş gündə, pis gündə qoy var olaq biz,
Döyüşdə siz olun ilk sərkərdəmiz!..
Daş-qaşla bəzənmiş bir kəmərim var –
Onu göndərirəm sizə yadigar!..
Yaddan çıxmayacaq bu dostluq bir an,
Sizə minnətdardır həmişə İran!..
İkinci Qonaq məktub oxunub qurtardıqdan sonra işarə edir, kəməri gətirirlər. Şah kəməri alır.
Axsitan
Şaha bəxşeyişim gözəl bir qızdır,
O yerdə çiçəkdir, göydə ulduzdur!
Maraldır... böyümüş Şirvan dağında,
Bülbül tək oxuyur yaşıl bağımda
Axır baxışları piyalə kimi,
Gülür yanaqları şux lalə kimi!..
(üzünü vəzirə tutaraq)
Sabah xanəndələr versin səs-səsə,
Getsin şahənşaha o gözəl kəniz!..
Birinci Qonaq
Hər zaman çox olsun səxavətiniz!
(onlar gedirlər)
Axsitan
Yıxdı Nizamini verdiyim fərman,
Artıq düşəcəkdir dağın başından.
Oğlu zindandadır... Dünyadan köçür,
Atadır, gözünə qaranlıq çökür...
VƏZİR. Onun vüqarını bu qırar ancaq,
Zənnimcə, dastanı indi yazacaq!
Axsitan
Bəs necə, şahların nəslindənəm mən.
Sıxsam yaş tökülər daşın gözündən!
İstədi baxmasın şahın əmrinə!
VƏZİR. Durmaz, yanınıza gələcək yəqin!
Axsitan
Qoy bilsin, hakimi mənəm ölkənin!
Xaqani tələsik içəri girir. O, şaha
XAQANİ. Aman! Dağlamayın şair qəlbini,
Sevir Allah qədər Məhəmmədini...
Cavandır vurulmuş Hicrana əlbət,
Əzəldən qanuna sığmır məhəbbət.
On gündür ayrılıb kağız, qələmdən,
Qurtarın siz onu qəmdən, ələmdən!..
Axsitan
Dastanı alırmı görək boynuna?
VƏZİR. (şaha) Yazarsa, mərhəmət eyləyin ona.
XAQANİ. Şair ilhamilə yaşasın gərək,
Qılıncın gücünə danışmır ürək.
Oxuyur şeirini hər tərəf, hər yan,
Onun sənətinə baş əyir İran!..
Axsitan
Yazmasa, oğlundan çıxacaq əli!
Nizami tələsik içəri girir.
XAQANİ. (hirsli) Darıxma, uçacaq zülmün heykəli!
Nizami
Söz açma, qardaşım, söz açma ona,
Onlar nə vermişdir Azərbaycana!
(şaha)
Poladı sanmayın mum kimi yumşaq,
Vüqarlı böyütmüş məni bu torpaq.
Kəpəzin qoynunda böyümüşəm mən!
Almışam dərsimi babəklərimdən!
Axsitan
Demək ki, sözümdən çıxırsan yenə?
VƏZİR. Şair! Baxmalısan şahın əmrinə!
Nizami
Mən hara! Şah hara? Yaxşı baxın bir,
Günəş gələn zaman qaranlıq gedir!
Ədalət, məhəbbət axtarır qəlbim,
Neyləyim, qırılmış sazımda hər sim!
Axsitan
Bu tərslik çox baha oturar inan?
Nizami
Sabah dağılacaq bu çən, bu duman!
Dövrün daş qəlbində bir gövhərəm mən,
Yenə çıxacağam zülmət içindən!..
XAQANİ. Gələcək namusla sevəcək onu,
Bu yer əziz tutmuş hər vaxt oğlunu!
Axsitan
(hirsli) Əmr edin qurulsun qoy dar ağacı.
Parlasın şöhrətlə şahların tacı!
Qoy qalsın ömürlük oğluna həsrət,
Düşsün alovlara, yansın məhəbbət.
Nizami
Öldürün! Sizindir bu taxt, bu dövran,
Şaha yalvarmamış Nizami bir an!
Nizami və Xaqani çıxırlar.
Axsitan
(Nizaminin dalınca baxdıqdan sonra) Gör kimin oğlunu sevmişdir qızım?
(kiçik pauza)
Bəs, vəzir qəlbimdə qalacaq arzum?
De görüm Dərbəndi bacarmaz bunu?
VƏZİR. Bu gün başqa sayaq görmüşəm onu.
Axsitan
Necə?
VƏZİR. O da məcnun olub düşüb çöllərə.
Axsitan
Kimə aşiq olub?!
VƏZİR. Qızınız Hicrana... o şux dilbərə...
Axsitan
Ah, nankor, namussuz!.. Görürsən o da!..
VƏZİR. Şahım yaxşı adam azdır dünyada?
Axsitan
Gör kimlər yığılıb, mənim başıma
Bəxt əli qılınclı çıxdı qarşıma!
Yerlər də, göylər də düşməndir mana,
Kainat gözümdə dönmüşdür qana!..
VƏZİR. Şahım, gecə keçmiş dincəlin bir az,
Gülsün bəxtinizə çiçəkli bir yaz.
Siz, böyük şahsınız, hökmdarsınız,
Bu dünya durduqca siz də varsınız...
Vəzir onu yataq otağına aparır. Şahı qoyub qayıdır. Səhnə bir qədər qaranlıqlaşır.
Dərbəndi gəlmədi... Gəlmədi axmaq.
(şah tərəfə)
Səni böyrü üstə o nər yıxacaq...
O da bir danadır, kəlləsi boşdur.
Hansınız ölsəniz, yenə də xoşdur...
Dərbəndi əlində qılınc laübalı halda gəlir.
Gəldinmi, qardaşım? Ay yazıq, yenə,
Başqası göz dikmiş sənin sevginə!
Dərbəndi
Sən şaha dedinmi sevir Hicranı?
VƏZİR. Dərbəndi... Dərbəndi... Adil şah hanı?
Dərbəndi
Söylə nə olmuşdur?
VƏZİR. Nə olacaqdır?
Görünür Hicranı şah alacaqdır!
Dərbəndi
Ah quduz canavar... Aman, qardaşım,
Dağıldı hər arzum... Ağrıyır başım!..
VƏZİR. Sus, yavaş danış bir, dinlə sözümü...
Dərbəndi
Elə bil nizələr deşir gözümü.
VƏZİR. Bu gecə, şah ölməsə əyər,
Bütün tədbirlərim məhv olub gedər.
Sən toxta özünə... Odur, yatır bax.
Qaldır qılıncını, məhv olsun alçaq!..
Dərbəndi
Ölərsəm, bəs onlar, böyük əsərlər?
VƏZİR. Eyb etməz, qardaşın yığıb düzəldər.
Dərbəndi
Razıyam, razıyam... İnan, bu saat
Ölüb gedəcəkdir o murdar həyat!..
Vəzir pərdə dalında gizlənir. Dərbəndi siyirmə qılınc şahın otağına tərəf gedir. O, qapıya yaxınlaşar-yaxınlaşmaz içəridən şahın səsi gəlir. Qapı taybatay olur. Dərbəndi açılmış qapının sağ qolunun dalında gizlənir.
Axsitan
Kimsiniz? Kimsiniz? Boğmayın, aman,
Ah, məni öldürür, Məhəmməd, Hicran!..
Mən hələ güclüyəm, Axsitanam mən,
Dənizlər qan olmuş mənim səsimdən.
Dağılın, buraxın, ah boğazımdan,
Nədir şırıl-şırıl bu tökülən qan?!
Bunlar doğrudurmu, yuxumu, nədir?
Yoxsa məni boğan zülmət gecədir?..
Dərbəndi qapının dalından çıxır.
Dərbəndi
Dayan, yuxu deyil, vurmasın gərək,
Bütün sevgiləri öldürən ürək...
Axsitan
Dərbəndi. Bilirdim... Sənsənmi alçaq?
Ah mənim üstümə gələnə bir bax!
Dərbəndi
Onu, sən deyilsən, qılınc bildirər!
Axsitan
(istehzalı) Yox birdən, Dərbəndi məni öldürər!
Onlar qılıncla vuruşurlar, Dərbəndi yıxılır.
Aldı cəzasını... Söhbət də bitdi!..
O, ölü gəlmişdi, ölü də getdi!
İntizar
Didir ürəyimi, yeyir həyəcan...
Ah, nədir gördüyüm bu qılınc, bu qan?!
Şahim, nə olmuşdur, de bunlar nədir!
Axsitan
Odur!.. Öz ağzımdan düşən tikədir!
Vurmaq istəyirdi... Mən vurdum onu,
Qoy bunlar sıxmasın sənin könlünü,
Ölmək istəməyən, öldürsün gərək,
Yenə də mənimlə əlləşir fələk!..
Gör kimlər yığılıb mənim başıma!
Bəxt əli qılınclı çıxdı qarşıma!
Göylər də, yerlər də düşməndir mana,
Kainat dönmüşdür gözümdə qana!..
Qoy aləm bilsin ki, Axsitanam mən,
Dağlar suya dönür mənim səsimdən!..
(Onlar gedirlər. Vəzir gizləndiyi yerdən çıxıb onun dalınca)
VƏZİR. Görünür ölüm də girişmir şaha,
Uçdu bir ümidim, qalmadı daha!..
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-sairin-yuxusu-vi-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəyanət – gözü kor, qulağı da kar,Dayanıb mal kimi baxır üzünə...
– Yenə fikirlisən? Yenə qüssə, qəm?– Yenə fikirlisən? Yenə qüssə, qəm?Heç kimə qalmayıb, inan, bu aləm!
Batıb kənd yolunda qəmə, kədərəBatıb kənd yolunda qəmə, kədərə,Bir ana qərq olub düşüncələrə.
– Bir adam dalınca deyindi yaman!– Bir adam dalınca deyindi yaman!– Bəs sən nə dedin?
Başqa şairlərin şeirləri
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,