V şəkil
Xaqaninin evi. Evin yan tərəfində yaşıl bir yer. Səhərdir. Evdən yaşıllığa kiçik bir pilləkən enir. Nizami və oğlu yaşıllıqda söhbət edirlər.
Nizami
Nə könülə sirdaş var, nə qəlbə həmdəm,
Nə şair ruhunu oxşayır aləm.
Nə verir təsəlli bu dünya mənə,
Üstümə qurd kimi düşüb zəmanə.
Kimə əl verirəm kəsir əlimi,
Dövranın gərdişi əyir belimi.
(Göydəki buludları göstərir)
Onlar da qaçırlar öz yerlərindən,
Yurdsuz buludlara oxşayıram mən!..
Məhəmməd
Bu gün kədərlisən, atacan, yenə,
Qoy əzab verməsin, bu dərdlər sənə.
Sən açdın dünyanın gözünü sözlə,
Sən baxdın aləmə bir açıq gözlə.
Duyaraq dərdini öncə insanın,
Güldü günəş kimi hər bir dastanın.
Nizami
Sənin taleyindir yandıran məni,
Mənə çox görürlər, can bala, səni.
Görünür, muradsız öləcək ürək,
Deyirdim oğluma toy edəm gərək...
Məhəmməd
Bəlkə də... Vəfasız deyilsə Hicran.
Nizami
Yox, oğul, vəfasız deyil, o inan.
Vəfasız şahlardır, zamandır, bala.
Onlardır səbəbkar daim bu hala.
Qızıla satılır indi məhəbbət,
Əllərdə saz donur, dillərdə söhbət.
Məhəmməd
Bilmirəm heç niyə sevdim mən onu?
Mən belə bilmirdim eşqin yolunu.
Nizami
Sev, oğul, sevgisiz bir heçdir insan,
Sevginin üstündə qurulmuş cahan,
Üfüqdən qızaran günəşə bir bax,
Aşiqdir, dünyaya işıq salacaq.
Aşiqdir, baş alıb o gedən sular.
Aşiq olmasalar axarmı onlar?
Bax sevmiş, dərdlidir bağçada bülbül,
İşvəylə, naz ilə ona baxır gül.
Odur ki, bahardır, açılmış çiçək.
Məhəmməd
Sevgi başdan-başa məşəqqətlidir.
Nizami
Onunçün hər şeydən o qiymətlidir.
Bu vaxt Xaqani və Sona xala evin pilləkənindən aşağı düşürlər. Onlar Məhəmmədlə Nizaminin çox səmimi söhbət etdiklərini eşidib dururlar.
Nizami
Ah, gənclik gözümdə canlandı yenə,
Mən də çox dözmüşəm eşqin dərdinə.
Mən də çox çıxmışam, yar sorağına,
Səhər şeh düşəndə çay qırağına;
Cananın zülfünə sözlər demişəm,
Bəzən kədərlənib qəm də yemişəm.
Məhəbbət ölməyən əbədiyyətdir,
Onun da beşiyi, bil, sədaqətdir.
Gənclikdir yaşadan o böyük adı,
Onunla fəxr edir, insan həyatı!..
Sona
Yenə də sevgidən danışır kişi,
XAQANİ. Onu da öldürür çərxin gərdişi...
Məhəmməd bir dostdur, qardaşdır ona.
Odur ki, hər nə var, deyər oğluna.
Get, çaydan, çörəkdən, hazırla görək.
(Sona gedir. Xaqani üzünü onlara tutaraq)
Nizami, qardaşım, buyurun gedək,
Sona hazırlayıb Allah verəndən.
Nizami
Qəfəsdə quş kimi çırpınıram mən.
Məhəmməd
(uzaqdan gələn Qürur görür) Dayanın, Qürurdur, tələsik gəlir,
Yeni nə vardırsa o yəqin bilir.
Görəsən, nə oldu sevimli Hicran?
Qürur gəlir
Qürur
Əzizim, əmrini verdi Axsitan,
Səni salacaqlar indi zindana.
Hicran, hey yalvardı-yaxardı ona.
Məhəmməd
Ah, nədir günahı o yazıq qızın?!
Nizami
Sənin də qəlbində qalacaq arzun.
Didib ürəkləri, yeyir saraylar,
Şahlarda ədalət, mürüvvətmi var?!
Göz yaşı içərək böyümüş onlar,
Qılıncla hökm edir, oğul, qanunlar!..
Məhəmməd
Elə bil zəhərdir günlərim mənim,
Yıxılır dağ kimi, uçur bədənim.
(Xaqaniyə)
Əmican, dözməyir, darıxır ürək,
Nə günah işləmiş deyin o mələk?
XAQANİ. Oğul, çox görmüşəm bu zindanı mən,
Bax zəncir yarası getmir əlimdən.
Min qanun sınanmış mənim başımda,
Düşmüşəm saraya cavan yaşımda.
(Nizamiyə)
Bilirəm, gələcək duyacaq bizi,
Gələcək sevəcək hər şeirimizi!..
Nizami
Xəyaldır, uçduqca uçur uzağa,
İnsanlıq xəyalla gedir qabağa...
(Oğluna)
Nə bilim, can bala, nə bilim görək,
Kim bilir Yaradan nə göstərəcək?
Bəlkə də mərhəmət gəlib qəlbinə,
Şah bənd olmayacaq bir daha sənə.
Qürur
Ondan gözləməyin heç zaman bunu,
Yaddan çıxarmayın şah olduğunu.
Sona gəlir
Sona
Durmayın, di gəlin, hazırdır yemək
Hamı Xaqaninin dalınca gedir. Məhəmməd arxada gedir, ah çəkir.
Məhəmməd
Nə qədər ağırdı sevib, sevilmək
Hicran, Hicran.
Sənsiz gülməyəcək Məhəmməd bir an.
Sona birdən onun dalda qaldığını gördü
Sona
Ay oğul, gəlsənə, nə olub sənə?
Azarın, bezarın qoy gəlsin mənə.
Dərd çəkmə, arıya oxşayır qızlar;
Onların həm balı, həm tikanı var.
Məhəmməd
Axsitan zindana salacaq məni,
Hıçqırıq boğacaq o məhbubəni.
Sona
Qırx illik dostluğu vuraraq yerə,
Əmini o saldı ağır dərdlərə.
Qurddan törəyənlər, qurd olmaz məyər?
Nə bilim İlahi bir tədbir çəkər.
Onlar asta-asta pilləkənlərlə çıxırlar. Sona axıra qalır. Bu vaxt çoban gəlir. Sonanı görüb sevinclə
Çoban
Salam, Sona xala!
Sona
Sənsən, ay bala?
Səndən uzaq olsun hər dərd, hər bəla...
Çoban
Xala, Yasəməndən mənə bir xəbər,
Beynimi, qəlbimi yeyir qəm, kədər!..
Sona
Körpə tərlan kimi yazıq dardadır,
Gecə də, gündüz də intizardadır.
Ah, görüm sarayı qalsın virana,
Şah onu hədiyyə verir İrana!..
Çoban
Hədiyyə. İrana. Yazıq Yasəmən,
Hələ ölməmişəm bu dağlarda mən!
Çox sağ ol, ay xala, söylədin bunu,
İnan, unutmaram ömrüm uzunu!..
(O, Sonaya baş əyib gedir. Sona onun dalınca)
Sona
Ona kömək eylə böyük yaradan,
Könlü yasdan çıxsın, qəlbi qaradan!..
(Sona otağa girir)
Səhnə bir müddət boş qalır. Bir az sonra üç nəfər saray əsgəri gəlirlər.
Birinci Əsgər
Adamın ürəyi gəlməyir, vallah,
Bilmirəm nə deyim, bu zalım şaha!..
Bu cürə oğlana zindan yaraşmaz.
İkinci Əsgər
Vəzifə başında az deyin bir az,
Bu şahın əmridir, aparaq gərək.
Birinci Əsgər
Hələ sevgilisi, o gözəl mələk,
Bunlar dərd olacaq böyük şairə.
Ah, torpaq, aralan, mən girim yerə,
Onun gözəl, göyçək dastanları var.
Oxuyur şeirini gəlinlər, qızlar,
Çox sevir oğlunu, onsuz durarmı,
Şairin qəlbinə dəymək olarmı?
İkinci Əsgər
Az danış, az danış, di çağır görək,
Səslə Məhəmmədi biz gedək gərək!
Üçüncü Əsgər
Kəndlinin damarı tutmuşdur yenə,
Sözsüz baxmalıyıq biz şah deyənə!
Birinci Əsgər
Kənd şair yetirir, saray öldürür,
Dünyanı hər zaman günəş güldürür,
İkinci Əsgər
Az danış, az danış, di çağır görək,
Səslə Məhəmmədi, tez gedək gərək.
Birinci Əsgər
Çağırram atası çıxsa eşiyə
Bir söz deyəmmərəm mən o kişiyə?
İkinci Əsgər
Böyük hökmdara etmə xəyanət,
Birinci Əsgər
Sizlərdə xalvarnan olur məhəbbət.
İkinci Əsgər
Bu ki, lap xaindir, danışma alçaq,
Birinci Əsgər
Xainlər çox gözəl yaşayır ancaq
İkinci Əsgər
Şahın əsgəriyik, nökəriyik biz,
Ona sadiqlikdir hər vəzifəmiz.
Birinci Əsgər
Məhəmməd zindana düşməsin gərək!
Üçüncü Əsgər
Sən şahın əmrini saymırsan demək?
Birinci Əsgər
Mən saymıram, bəli.
İkinci Əsgər
(Əlini döşünə döyür) O üsyan eyləyir, ölməmiş Əli
Xain ölməlidir, çək qılıncını,
Kim məğlub olarsa qoy çıxsın canı!
Birinci Əsgər
Sarayda olsam da, mən kişiyəm, gəl,
Sənsə namussuz ol, dövlətdən, yüksəl!
(Onlar qılınc çəkib vuruşurlar).
Üçüncü Əsgər
Salın qılıncları.
Onlar dayanırlar... səsə evdən Nizami, Xaqani çıxır.
Nizami
Bu nədir, qardaşlar? Nə edirsiniz?
İkinci Əsgər
Belə etməliyik şah yolunda biz.
Üçüncü Əsgər
Xaindir, qoymadı köçsün dünyadan!..
Birinci Əsgər
Məncə yaşatmağa yaranmış insan!..
İkinci Əsgər
(Əlindəki fərmanı Məhəmmədə verərək) Buyurun, hökmdar vermişdir fərman,
İndi getməliyik, gözləmir zaman...
Məhəmməd fərmanı oxuyur, atasının üzünə baxaraq
Məhəmməd
Demək ki, zindana düşməliyəm mən?
Bilirdim, bu gələr şahın əlindən.
(Əsgərlər onu aparmaq istəyirlər. Nizami sarsılmış halda)
Nizami
Dayanın, dayanın, durun, cəlladlar,
Gözümün işığı bircə oğlum var!
XAQANİ. Amandır, dəyməyin, son pənahına.
O bir ilhamdır ki, verilmiş ona!..
Onunla yaranmış böyük əsərlər,
Deyin ki, tapmadıq, yoxmudur hünər?..
Üçüncü Əsgər
Şair, ləngitməyin, dayanmaq olmaz,
Böyük hökmdarın əmri pozulmaz.
İkinci Əsgər
Bizim işimiz var, buraxın gedək.
Nizami
Gör nələr törədir bu zalım fələk!
Məhəmməd
Ata, sən bənd olma, getməliyəm mən,
Bilirəm ağırdır bu iş ölümdən,
Neyləyək, belədir vəfasız həyat,
Qayıt Gəncəmizə əsərlər yarat!
Nizami
Mən hara qayıdım, aman, can bala,
Ümidim, pənahım, mehriban bala!
Səni də çox gördü mənə Axsitan
Neyləyim, milçəyi fil etmiş zaman!..
İkinci Əsgər
Şairim, unutma bir əsgərik biz,
Nizami
Qorxmayın, alınmaz böyük rütbəniz!
İkinci Əsgər
(Məhəmmədin əlindən tutaraq) Buraxın, hirslənər böyük hökmdar...
XAQANİ. Yazıqlar, sizin ki, bir qarnınız var!
(Hər iki əsgər Məhəmmədin qolundan yapışırlar)
İkinci Və Üçüncü Əsgər
Qurtarın, qurtarın, yaramaz daha
Xəyanət etmərik, biz böyük şaha!..
Məhəmməd
Ata, son dəfədir, gəl öpüşək, gəl.
Dünya sədaqətə olmasın əngəl.
Bəlkə görüşmədik kim bilir bunu,
Unutma oğlunun, ata, ruhunu!
(Onu atasından aralayıb aparırlar. Nizami onun dalınca)
Nizami
Dağıldı hər ümid, uçdu hər dilək,
Açmışdır qapını amansız külək!
Ah, neçin doğuldum bu dünyada mən,
İnsan bir cəsəddir, zəmanə kəfən!
Heç kəs oğul dərdi, görməsin aman,
Sinəmdə ağlayır sanki bir ümman!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-sairin-yuxusu-v-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir