Birə
Sizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,Öldürüb atasını yoxsa ki mehman birənin,Düşməsün damənə heç kafir-ü-müsəlman birənin,Qoy sizə nəql edim əhvalını əlan birənin.
Gün batanda hərəsi Rüstəmi-Dastana dönür,Qan içən şir-ü-pələngə dəxi aslana dönür,Ləzgiyə, şahsevənə, əhli-Dağıstana dönür,Çarə yox, susdursan yüz dəfə Astana dönür,Qaldı aciz işinə həzrəti-Loqman birənin.
Çarə olmaz təqdir eyləyəsən ah-u-fəğan,Sübhədək baldır ki, çiynəcək verməz aman,Rəhm-insaf ola qəlbində bunun yoxdu inan,Nə Kərimxanidir, nə Şeyxidir, nə Lutar Aqan,Tapmadım məzhəbin mən bu bəd arkan birənin.
Bilmirəm indi qaçım hansı vilayətə gedim,Ya şikayətə əlindən ağa saldata gedim,Suda, sərdara və ya köhnə komendanta gedim,Ya minim faytona, Tiflisə, qubernata gedim,Çarəsin bəlkə edə sahibi-divan birənin.
Kənə bir yumşaq, aciz-u-nalan kişidir,Tutub öldürməyi onu xırda uşaqlar işidir,Köpək oğlu birənin yerişi uyrişidir,Sübhədək yorğanın altı bunların uyrişidir,Biri nahırçı olur, biri də çoban birənin.
Bir gecə mənzil olub Sabirə bu dağ dərəsi,Hər tərəfdən açılıb yüz min əcəl pəncərəsi,Maşallah, nə əcəb çoxdur o kəndin birəsi,Qurtarıblar məni, bir diş götürüblər hərəsi,Dedi hicvin o gecə Sabiri-nalan birənin.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ehmed-sabir-el-sairi-bire
← → düymələri ilə keçid, R — təsadüfi şeir