Iv şəkil
(İkinci şəklin quruluşu eyni ilə)
Əyanlar əyləşmişlər. Cariyələr xidmət edirlər. Əllərdə şərbət piyalələri və şərab badələri var. Rəqqasələr rəqs edirlər, hamı şaddır. Şah nəşəli halda ayağa durur. Nizaminin yanına gəlir. Onun əlində badə vardır.
Axsitan
Var olsun Nizami! Var olsun sənət!
Var olsun bu saray, bir də məhəbbət!
Olmasın üzlərdə bir kədər, bir qəm,
Nəşələr içində gülsün bu aləm!
İçirlər. Xanəndə qız bir fars mahnısı oxuyur. Mahnı bitən kimi şah işarə edir, hamı dağılır.
Şair, pis olmadı bu gün səyahət,
Açıb gözlərini gülür təbiət,
Atmış yaşamağını hər çiçək, hər gül,
Dolanır güllərin başına bülbül.
Bir yaşıl məxmərlə örtülmüş hər dağ,
Lalədən piyalə doldurmuş zanbaq.
Necə, gözəldirmi Şirvan mahalı?
Nizami
Olduqca gözəldir, kəndlinin halı
Duyduqca insanı yandırır, fəqət,
Ona pis görünür gözəl təbiət...
Axsitan
İnsanı yandırır?
Nizami
Yandırır bəli,
İnsan ac olanda, görməz gözəli.
Axsitan
(gülərək)
Yenə də tutmuşdur şair damarın,
Az çəkin dərdini çarıqlıların.
VƏZİR. Dünyada şah, şahdır, rəiyyət rəiyyətdir,
Onların payına düşən zəhmətdir.
Nizami
Rəiyyət də canlıdır, insandır, məncə,
Aysız qaranlıqdır hər zülmət gecə.
Onlardır saxlayan, bəsləyən bizi,
Verən suyumuzu, çörəyimizi...
XAQANİ. Mən də çox demişəm bunlardan şaha,
Neyləyim, bir sözüm qalmadı daha...
Nizami
Qoy gülsün, açılsın elin qabağı,
Körpə uşaqların yaqut dodağı.
Nəğmələr oxusun hər axşam, səhər,
Xoşbəxt gün keçirsin, yaşasın ellər.
Olmasın kəndlərdə bir nəfər də ac,
Qalxsın duman kimi, getsin ehtiyac?!
Axsitan
(vəzirə)
Çox gözəl, hökmdarda ədalət olsun,
Demək ki, paylayaq xəzinəmizi?
Nizami
Gərək hökmdarda ədalət olsun,
Vətənə, insana məhəbbət olsun.
Yaradan istəyir bizlərdən bunu,
O adil xəlq etmiş insan oğlunu.
Elmin sarayına keçib hücuma,
Göndərək gəncləri Bağdada, Ruma,
Axsın ölkəmizə qoy mədəniyyət,
Baş əysin insana qoca təbiət...
Axsitan
Afərin, işimiz qurtarıb daha!
VƏZİR. Məncə, yol göstərmək nahaqdır şaha.
Özünün dərya tək bir kəmalı var,
Şahlar nəslindəndir, böyük hökmdar.
Nizami
Vəzir, təyinində yanılmış ancaq,
Yaraşmır bu yaşa heç vəzir olmaq.
Zöhhak da bununçün düşdü taxtından
Çünki bir-birinə qardaşdır insan.
Axsitan
Bir cürə olmayır bağda hər ağac,
Hər başa qoyulmur dünyada bu tac.
Nizami
Fəqət bir yaratmış hamını torpaq,
Yenə də hər insan torpaq olacaq.
Divara qoyulmuş hər kərpic yəqin
Kəlləsi olmuşdur bir müstəbidin...
Axsitan
(mehriban tərzdə)
Şair, əndazədən nahaq çıxırsan,
Bil ki, Axsitanın qarşısındasan.
Böyük şahənşahlar nəslindənəm mən,
Dənizlər quruyur mənim səsimdən.
Mən səni eylədim saraya dəvət,
Elə bil sənindir bu var, bu dövlət,
Burda oğlunun da çox hörməti var,
Yeqin bu yaxında bir rütbə alar.
Sən də bizim kimi ye, dolan, yaşa,
Aclığın camını vur artıq daşa.
Nizami
Xeyr, ayrılmayır könlüm Gəncədən,
Onun havasıyla böyümüşəm mən.
Hər çinar kölgəsi bir yuvam olmuş,
Quşların nəfəsi ilk havam olmuş.
Ovlamış qəlbimi Göygöllə Kəpəz,
Hanı o yerlərə dünyada əvəz?
Axsitan
Bəlkə şikayət var? De, kimdən, nədən?
Nizami
Çoxdan gileyliyəm mən zəmanədən.
Bu dövran deyildir, qara zindandır,
Əlində boğulan yazıq insandır!..
Axsitan
Nə çıxar deməkdən ey insan, insan,
Özünün səmtinə axacaq zaman...
Nizami
Eyb etməz, ac desin qoy mənə şahlar,
Mənim könül kimi bir dövlətim var...
Xəzinəm ilhamdır, açarım qələm,
Nizami, Nizami söyləyir aləm.
Daxmada ölsəm də bir gün kimsəsiz,
Sabah güləcəklər buna, bilin siz.
VƏZİR. Yüksəkdən başladı bu avazını.
Nizami
Mən uşaq deyiləm, sən yum ağzını.
Axsitan
(vəzirə mehriban bir tərzdə)
Bənd olma, şairdir, dəliqanlıdır,
O bir dənizdir ki, hey tufanlıdır...
(sonra üzünü Nizamiyə tutaraq)
Bəs dastan haqqında nədir fikriniz?
Əgər başlasanız inanın ki, siz,
Onun hər sözünə bir mükafat var,
Çox sevir şairi, şeiri şahlar.
Ən böyük ənamlar alacaqsınız,
Sarayda baş şair olacaqsınız.
Farsın kəlamilə bəzə o qızı,
Gövhərlə parlasın, hər sözün ağzı!
Nizami
(düşüncəli və ağır bir tərzdə)
Mən türkəm, deyiləm sırğalı bir gül,
Ölərəm, bu əmri etmərəm qəbul.
Türkün qılıncı tək itidir sözü,
Əfsus, öz qədrini bilməyir özü!..
Şahnamə yazmağı bacarmıram mən,
Çünki tərif demək gəlmir əlimdən.
Ürəyin odunda yanmasa əsər,
Sözdə zinət olmaz, qələmdə kəsər!..
Axsitan
Bu tərif deyildir, bir həqiqətdir,
Vətənə, sənətə böyük xidmətdir.
Nizami
Şahlardan nə görmüş bu yazıq vətən,
Yaxşı bax, bayquşdur dörd yanda ötən,
Onlarda görmədim səxavət, hünər,
Dad çəkir şahların əlindən ellər!
Axsitan
Şahın qarşısında az danış bir az.
Nizami
Qoşqarı qılıncla dağıtmaq olmaz.
Axsitan
Səni də Xaqani çıxarıb yoldan,
Bilin ki, açıbdır ağzını şabran.
Divarlar soyuqdur orda buz kimi!..
Nizami
Yeyin ürəkləri siz quduz kimi
zindanlar gücünə yaranmır sənət,
Pula satılmasın gərək məhəbbət!
Aldınız əlimdən doğma dilimi,
Ala bilməzsiniz, şair könlümü!
Böyük insanların şairiyəm mən,
Yazıram qəlbimin istəklərindən.
Axsitan
(kinayə ilə)
Kimlərdir o böyük insanlar görək?
Nizami
Nüşabə, İskəndər, Əflatun, Babək!
Axsitan
Maşallah; İskəndər, Nüşabə, Babək.
Nizami
Çör-çöp yox, dağları qaldırır ürək!
VƏZİR. Şaha söz qaytarmaq olmaz, bir dayan,
İnan ki, özünə quyu qazırsan.
Axsitan
Mənim qüvvətimi anlasın burax,
Qoy bilsin, oğluna həsrət qalacaq!..
Nizami
(saralmış halda)
Bilirəm, şairi çox sevir şahlar,
Onların dərya tək səxavəti var,
Nə etsən etginən, qorxmayıram mən,
Çünki yaralıyam çərxi-fələkdən...
XAQANİ. Ah, demək onu da boğacaq saray,
Gərək örtülməsin buludda o ay!
Axsitan
(qəzəbli)
Tüstülər, alovlar çıxır başımdan,
Gərək əllərimi boyasın al qan.
Bu zaman səhnənin dalından səs-küy gəlir. Dərbəndi qışqıra-qışqıra səhnəyə daxil olur.
Dərbəndi
Xəyanət, xəyanət, xəyanət, aman.
Dərbəndinin dalınca bir dəstə adam da gəlir.
Axsitan
Nə olmuş, Dərbəndi, tez eylə bəyan!
Dərbəndi
Ey böyük padşah, ey hökmdarım.
Axsitan
Nə vardır, tez danış...
Dərbəndi
Yox iqtidarım.
Şahıma xəyanət etmiş Məhəmməd.
Özündə duyaraq nədənsə cürət.
İstəmiş xanıma əl atsın bu gün,
Saray camaatı görmüşdür bütün...
Gələn adamlar da başları ilə bunu təsdiq edirlər.
Axsitan
Gör kimlər yığılmış mənim başıma,
Bəxt əli qılınclı çıxdı qarşıma!
Nizami
(Dərbəndiyə)
O mənim oğlumdur, eyləməz bunu,
Şerlə, sənətlə bəslədim onu!..
Dərbəndi
Neyləmək, gözümlə görmüşəm fəqət...
Nizami
Oğlum oğurluğu etməmiş sənət,
Yalanlar, böhtanlar qalacaq sizə,
Girərək qurd kimi ürəyinizə!..
Axsitan
Nizami, şairi etməyin təhqir,
Sözünə məsuldur, o yaxşı bilir!..
Dərbəndi
Şahım, qızınız da görmüşdür bunu,
Axsitan
Yaxşı olmayacaq bu işin sonu!
Tez olun, onları gətirin bura,
Xain kim olmuşsa, çəkilsin dara!..
Məhəmməd, Hicran, İntizar gəlirlər.
Məhəmməd
Nə qulluq, buyurun, böyük hökmdar?
Axsitan
Xəyanət kim etmiş, edin aşikar.
Kimdir ləkə vuran, təxtü-tacıma,
Kimdir balta çalan bəxt ağacıma?!
Məhəmməd
İnanın, saraya gəldiyim gündən,
Öz təmiz qəlbimlə yaşamışam mən...
İntizar
Şahım, aldanmayın, bunlar yalandır.
Məhəmməd
(Dərbəndini göstərərək)
Böhtanlar deməkdə o pəhləvandır!..
Axsitan
(hirsli)
Düz deyin, hər sözün bir sərhədi var.
Məhəmməd
Nə varsa söylədim, böyük hökmdar.
VƏZİR. Məncə Məhəmməddir günahkar buna,
Heç yalan danışmaq yaraşmır ona.
Hər şeydən böyükdür şahın namusu.
Məhəmməd
Günahım təmizlik olmuş, doğrusu.
Mənim öz sevgilim, öz ürəyim var,
Könlümün bağında bir çiçəyim var.
Axsitan
Baş tapa bilərmi dinləyən sizi,
Şeytan da anlamaz kələyinizi...
İntizar
And olsun qəlbimə, məhəbbətimə...
Axsitan
(Hicrana)
Söylə, nə bilirsən bu işdən, Hicran?
Xəyanət kim etmiş söylə onlardan?
Hicran
(utancaq)
Şah baba, bilmirəm.
Axsitan
Di, danış söylə.
Necə olmuşdursa, aç bəyan eylə!..
Dərbəndi
Hicran söyləyəcək, deyəcək yəqin,
O safdır, qəlbində yurd salmamış kin.
Hicran
(kəsik-kəsik)
Şah baba...
Axsitan
Utanma, utanma görək.
Az qala partlaya sinəmdə ürək.
Hicran
Şah baba, Məhəmməd eyləməz bunu,
O mənə vermişdir çünki könlünü...
Axsitan
(həyəcanlı)
Könüldən, sevgidən danışır bunlar!..
İntizar
Mənim də qəlbimdə qopdu tufanlar...
Axsitan
Mən gərək yandırım od vurub bura,
Dəhşətdən zəlzələ düşə dağlara,
Qayalar kül ola, syana səsimdən,
Hələ ölməmişəm, Axsitanam mən!..
Nizami
Siz də sevmişsiniz yəqin bir zaman,
Sevən ürəkləri məhv etməz insan!
Axsitan
Gör kimlər göz dikib şahın qızına!..
İntizar, Hicran gedirlər.
Məhəmməd
Könül ixtiyarsız vuruldu ona.
Axsitan
Kiriyin, kiriyin, dağılın yetər,
Qəlbimi çeynəyir, didir şübhələr.
O edam edilsin, düşsün zindana!
VƏZİR. (Məhəmmədə)
Xəyanət etməyin şahlar şahına.
Axsitan
Onun bir də başqa günahı vardır,
Çobana-çoğula o havadardır!
Nizami
Zamandır, səbəbkar məncə bunlara,
Zamandır dil verən o üsyanlara!..
Axsitan
Zamandır! Zamandır! Az danış bunu,
Bilmədim oğlunun kim olduğunu!
Qurtardı!..
Nizami
Dayanın! Baxın Allaha!..
Axsitan
Şah əmri bir olar, dəyişməz daha!..
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-sairin-yuxusu-iv-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şərbət də içdim mən, zəhər də gördüm;Yenə də var olsun, söylədim, həyat!
– Bulaq, gözəl bulaq, belə axıb sən– Bulaq, gözəl bulaq, belə axıb sənSöylə, bu dağlardan hara gedirsən?
– Söylə, ey ildırım, nə üçün sənin– Söylə, ey ildırım, nə üçün səninOddan, alovdandır bütün bədənin?
Dağ mehiDağ başından meh əsdi...Aşdı təpə, keçdi düz,
Başqa şairlərin şeirləri
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
DərdimiZəhmət ilən bağça saldım becərdim,Müştaq oldu qəmxarına ha dərdim.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı