Yenə də saray. Sarayda bir otaq. Hicran pəncərə önündə dayanıb göylərə uçan ağ buludlara baxır. Asta-asta oxuyur. Səhərdir.

Hicran
Bir laçınam, düşdüm tora,
Könül uçur uzaqlara.
Əlim çatmır, neylim, yara,
Nə zalımdır, ah, bu zaman
Eşqə düşüb yandım, aman!

Yamyaşıldır dağlar, çöllər,
Sərin-sərin əsir yellər,
Göz vuraraq açır güllər.
Nə zalımdır, ah, bu zaman,
Eşqə düşüb yandım, aman.

Uçma bülbül, dayan bir az,
Mənə sirdaş yaranmış yaz.
Gəl mənimlə eylə pərvaz,
Nə zalımdır, ah, bu zaman,
Eşqə düşüb yandım, aman!..

Nəğmənin son sözləri bitdiyi zaman Məhəmməd gəlir, onu görüb pərdənin dalında gizlənir.

Hicran
Görən Məhəmməd də dərddən yanırmı?
O da göz yaşilə məni anırmı?
Onsuz hər dəqiqəm bir uzun ildir,
Uç, bülbül, dərdimi sən ona bildir.
Söylə ki, saralıb solmuşdur Hicran,
Sənsiz bir zindandır ona xaniman
Yox, uçma... bəlkə də, nə bilim, o da...
Az olur vəfalı insan dünyada!

Məhəmməd pərdənin dalından çıxaraq.

Məhəmməd
Vəfasız deyildir, inan Məhəmməd,
Dalınca sürünüb, gəzir məhəbbət...

Hicran
(diksinərək)
A, sənsənmi, aman!..

Məhəmməd
Söylə, qorxdunmu sən, sevimli canan?

Hicran
Sən allah, gəlmə, get... görərlər bizi...

Məhəmməd
Qoy barı bir dəfə ürəyimizi
Açıb söhbət edək burda könüldən,
Yollara baxmaqdan yorulmuşam mən!..

Hicran
(kinayəli)
Görürəm, saralıb al yanaqların...

Məhəmməd
Ona işıq salır gül dodaqların!

Hicran
Sən şair oğlusan, çox olur sözün.

Məhəmməd
Mənə ilham verir o xumar gözün.
Gülsün, çiçəklənsin sevginin bağı,
Dumanlar görməsin ömrümün dağı!..

Hicran
Atan da gəlmişdir... gedək buradan,
Qəlbimə sığmayır bu daş xaniman!..

Məhəmməd
Nə bilim, əzizim, bəlkə də birdən...

Hicran
İnan ki, özümü öldürərəm mən!..

Məhəmməd
Amandır, sənsə də bir xeyir danış,
Bizi ayırmasın bir boranlı qış!..

(Hicran getmək istəyir)

Getmə dur, doyunca qoy görüm səni!..

Hicran
Di bəsdir, biabır eyləmə məni.

Xaqani, Nizami gəlirlər. Onları görüb dayanırlar, Məhəmmədlə Hicran bir-birini qova-qova pərdənin dalına keçirlər.

Nizami
O kimdir, Xaqani? Kimdir o pəri?
Uçurur xəyalı gözəllikləri!..

XAQANİ. O şahın qızıdır... Hicrandır adı,
Bülbül tək qəfəsdə keçir həyatı.
Bir türk kənizindən doğulmuş yazıq,
Məhəmməd o qıza vurğundur artıq.
Hicranı çox sevir, ürəyi vardır...

Nizami
Mənə Afaqımdan o yadigardır.
Onun gözləri tək qaradır gözü,
Çox vaxt həkimanə olur hər sözü.
O oğul deyildir, yoldaşdır mənə,
Ağır günlərimdə sirdaşdır mənə...

XAQANİ. Gəl gedək, Axsitan gözləyir bizi.

Nizami
Qoy bunlar bilməsin gəlməyimizi.

Gedirlər. Məhəmməd, Hicran pərdənin dalından çıxırlar.

Məhəmməd
Baharın ətridir nəfəsin sənin,
Vəfasız kim olsa məzar görməsin!..

Hicran
Görməsin... Bu mənim ilk ilqarımdır,
Sədaqət anamdan yadigarımdır!..

İntizar yan tərəfdən gəlir. Onları görüb gizlənir.

Hicran
Di çıx get, görərlər... bəs deyil daha?

Məhəmməd
Hicransız zindandır mənə bu dünya,
Qoy baxım yenə də camalına mən,
Vurğunam o böyük kamalına mən!
İnan, ömrüm boyu üzümə gülsən
Dünyanı təzədən yaradaram mən!

Onlar ayrılırlar. Hicran bir tərəfə, Məhəmməd o biri tərəfə getməyə hazırlaşırlar. Bu vaxt İntizar pərdənin dalından çıxır. Bunu görən Hicran tələsik gedir.

İntizar
(istehza ilə)
Demək ki, Hicranı sevirmiş oğlan!?
Sizi dinləyirdim orda bayaqdan,
Çox yaxşı xəyanət edirsən şaha!

Məhəmməd
Dayan. And verirəm o bir Allaha!

İntizar
İndi əlimdədir hər ixtiyarın,
Gəl əyil, qarşımda sınsın vüqarın!..

Məhəmməd
Mən neçin əyilim?.. Sevirəm onu,
Könül bəyənmişdir tərlan ruhunu!..

İntizar
Könül bəyənmişdir... bəs mən? İntizar?
Qalsınmı qəlbimdə, söylə, arzular?
Bir kimsə anlamır mənim ağrımı,
Parçala əlinlə dağıt bağrımı!..

Məhəmməd
Sinədə bir olur əzəldən ürək,
Odur ki, birini o sevsin gərək!

İntizar
Mən indi bildim ki, hələ uşaqsan,
Qızıldan, dövlətdən qaçarmı insan!
Şah da qocalmışdır... ölüb gedəcək,
İxtiyar sənindi, sarayda kef çək!
Yenəmi göylərə dikildi gözün?

Məhəmməd
Çünki mənasızdır, məncə, hər sözün.
Nə çoxdur istəsən dünyada dövlət,
Hər şeydən ucadır, məncə, məhəbbət!..

İntizar
Eləsə varlığın puç olacaq, bil,
Artıq daş ürəyim yumşalan deyil!
Necəsən, qışqırım səs salımmı mən?
Bir zərər görərsən etdiklərindən!

Məhəmməd
Sus, bəsdir, yaramaz, ifritə qadın,
Nolardı, bilmirəm yaranmasaydın!..

Dərbəndi onları görməmiş kimi gəlir.

Dərbəndi
Heç yaxşı olmadı... bu əhvalatı...

(Məhəmməd özünü itirmiş bir halda)

Məhəmməd
Burda nə vardır ki... saray həyatı...

İntizar
Bir saf külfət kimi yaşayırıq biz...

Dərbəndi
Ancaq eşitdiyim o sözləriniz
Bütün xəyanətdir sevimli şaha!..

Məhəmməd
Dərbəndi, kiriyin!..

İntizar
Şahiddir Allah!

Dərbəndi
Mən qulam, o isə bir ulu hakim,
Cəza almalıdır suçlusa hər kim!..

Məhəmməd
Siz ki, şairsiniz bu böhtan nədir?

Dərbəndi
Artıq sözləriniz bir əfsanədir...
(O, yuxarı-aşağı qaçaraq)
Ay haray, ay haray!.. Tez gəlin, aman,
Xəyanət etmişdir şaha bu oğlan!..

Bir dəstə adam gəlir, onların içində Hicran da vardır. Dərbəndi gələnlərə

Dərbəndi
Xəyanət edirdi, budur, baxın bir.

Məhəmməd
O sənin əlindən çox yaxşı gəlir!

Hicran
(həyəcanla)
Yox, yox, siz baxmayın, uymayın ona,
Bu sözlər böhtandır şair oğluna!..

Dərbəndi
Daha deməliyəm... dayanmaq olmaz...
(Gedir. İntizar onun dalınca)

İntizar
Dayanın, getməyin səbr edin bir az.

Məhəmməd
Bilirəm, saraydır, zindandır bura,
Dar gəlir namuslu doğulmuşlara!..

Hamı gedir. Məhəmməd pərişan halda çıxır. İntizar Dərbəndinin, sonra Məhəmmədin dalınca baxır. Öz otağına tərəf gedir.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri