Iı şəkil
Saray. Axşamdır. Şamlar yanır. Divarlarda pehlevanların çəng səhnələri canlanır. Axsitan döşəkcə üstündə oturmuşdur. Qəmgindir. Vəzir onun qarşısında dayanmışdır.
VƏZİR. Buyur, dinləyirəm möhtərəm şahım,
Sizsiniz dünyada mənim pənahım!..
Axsitan
Qoy qalsın bunları... danış bir görək.
De, neçün sinəmdə çırpınır ürək?
Neyçün darıxıram bu sarayda mən?
Könlüm həzz almayır əyləncələrdən?!
VƏZİR. Bəlkə yorğunsuzunuz, böyük hökmdar?
Bilmirəm, bəlkə də bir arzunuz var?
Söyləyin, hazırdır əmrə bu saray,
Göylərin zinəti o ulduz, o ay...
Axsitan
Dünya bir boşluqdur... Yoxdur vəfası,
Tükənmiş hər şeyin eyşü səfası.
Mənim də üstümü almışdır artıq
Böyük igidləri yıxan qocalıq.
Yaşamaq, ölməmək istəyirəm mən,
De, indi nə gələr sənin əlindən?
VƏZİR. Yaşamaq... Ölməmək... möhtəşəm şahım...
Axsitan
Sizsiniz dünyada mənim pənahım!
Gördünmü acizsən? Acizdir insan,
Hamı gedəcəkdir bir gün dünyadan...
VƏZİR. Bizdəmi, bizdəmi, böyük hökmdar!
Axsitan
Yox, səni çox sevir o pərvərdigar!
Bu vaxta qədər onları ayaq üstündə dinləyən kosa üzünü şaha tutaraq.
Kosa
Doğrudur, doğrudur, zənnimcə gərək
Bir vəzir qalacaq bu dünyada tək...
(gülərək gedir)
Axsitan
Baxırsan? Kosa da anlamış bunu,
Anlamış dünyanın puç olduğunu!..
VƏZİR. Şahım, yorğunsunuz... vardır cananlar,
Sizi əllərində gəzdirər onlar.
Axsitan
Cananlar, pərilər çox gördüm vəzir,
İndi bir başqa şey qəlbimdə gəzir.
VƏZİR. Buyurun, buyurun, böyük hökmdar!
İnsan qocaldıqca, arzu çoxalar...
Axsitan
(yerindən duraraq)
Atam Mənuçöhrün rəşadətindən,
Onun yenilməyən şücaətindən,
Anam Tamaranın sədaqətindən,
O qadın qəlbinin məhəbbətindən
İstərəm yazılsın böyük bir dastan,
Gülsün əzəmətlə qanlı bir meydan...
Mən də az olmadım vuruşmalarda,
Qalmışam çox zaman çətində, darda.
İgidlər basmışam, şirlər yıxmışam!..
Qılıncla, qalxanla hərbdən çıxmışam!
Etmişəm, qəlbimdən keçmişsə nələr,
Önümdə baş əymiş daş qərinələr.
Basılmış, qırılmış burda düşmanlar,
Nəslimin çox şanlı bir tarixi var!..
İnsan tarixilə edir iftixar.
O zaman əbədi yaşayaram mən.
Baxaraq dastanın hər bir sözünə.
Gördükcə bunları güc gələr mana,
Olar ömrüm üçün gözəl bir ayna!..
Yalnız onlar olar mənə təsəlli,
Qaldırar könlümü sənətin əli!..
VƏZİR. Baş üstə, baş üstə, asandır bunlar,
Nə çoxdur sarayda böyük sənətkar.
Dərbəndi... Xaqani, şahım, hər zaman
Onlar əmrinizlə yaradar dastan.
Yəqin, Nizami də ləngiməz, gələr,
Onda daha çoxdur iqtidar, hünər...
Axsitan
(bir qədər düşünərək)
Bacarsa, Nizami bacarar bunu,
Mən “Leyli Məcnun”la tanıdım onu.
Lal töküb dindirir sözün ağzına,
Şairlər pərəstiş eyləyir ona!..
O şeirə dil verdi, xəyala qanad,
Nizami! Dünyaya bəllidir bu ad!
VƏZİR. Buna nə vardır ki... darıxmayın siz,
Qoy gəlsin Nizami... düzəldərik biz...
Axsitan
Əmrimi saymasa, gəlməsə əgər,
Zərbimdən yıxılar, uçar bu göylər!
İnan, həsrət qalar tək övladına,
Tanrı bir daş ürək vermişdir mana!..
VƏZİR. Nigaran olmayım, gözləyin bir az,
Gülsün qəlbinizdə çiçəkli bir yaz.
Şah oturur. Dərbəndi, Xaqani, Məhəmməd gəlirlər.
Axsitan
Bir şeir oxuyun... açılsın könül,
Qoy sözün bağında dil açsın bülbül.
Görünsün hər kəsin gücü, qüvvəti,
Artırın sarayda bu təravəti!..
Dərbəndi
Şahım, qarşınızda qulunuzuq biz,
Hazıram, əmr etsə hər nə qəlbiniz.
VƏZİR. Dərbəndi başlasın... onda çox söz var.
Məhəmməd
Yox, yox... Xaqanidir şeirə hökmdar.
XAQANİ. Dərbəndi başlasın, başlasın görək...
VƏZİR. Qoy şeirin səsilə döyünsün ürək.
Dərbəndi əvvəl şaha baş əyib, sonra bir tərifnamə deyir.
Dərbəndi
Ey adil padişah, ey böyük insan!
Bizə göndəribdir səni Yaradan.
Dəryalar qədərdi səxavətiniz,
Dünyanı tutdunuz igidliklə siz.
Var olun, yaşayın illər uzunu,
Dərbəndi Tanrıdan istəyir bunu,
İndi izn verin əmrinizlə mən
Oxuyum özümün qəzəllərimdən.
Axsitan
Maşallah! Maşallah, afərin sana!..
VƏZİR. Yaradan vergidir, veribdir ona!..
Dərbəndi
(qürurla oxuyur)
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim hədər, getdi o saət sənsiz.
Sənin o cəlb eyləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz.
Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
Bilirəm, sən də dedin, yox daha hacət sənsiz.
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz.
Nə gözüm var arayım mən səni, bəxtim də ki yox,
Nə də bir qaçmağa var, məndə cəsarət, sənsiz.
Sən Dərbəndidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb olmadı rahət sənsiz.
Axsitan
Aha bunlar söz deyil, cavahiratdır!..
XAQANİ. Doğrudan, Dərbəndi lap qiyamətdir!..
VƏZİR. Bəs neçin mənalı güldünüz yenə.
XAQANİ. O sözlər əvvəldən tanışdır mənə.
Qardaşım Nizami yadıma düşdü.
Axsitan
(ayağa qalxaraq)
Mən heç baş tapmıram bu necə işdir?!
Dərbəndi
Bu sözlər böhtandır, böhtandır mənə!
Axsitan
Şübhə bir ləkədir o pəhləvana!..
XAQANİ. Təriflər deməklə yaranmır sənət,
Ona qəlb lazımdır, bir də məhəbbət!..
Dərbəndi
Demək ki, uşağıq, bacarmırıq biz?..
XAQANİ. Çünkü kiflənibdir sizin beyniniz!
Axsitan
Xaqani, yadından çıxmasın zindan,
Ovucda gizlənə bilərmi ümman?!
O mənim dostumdur, ilhamı vardır,
Dillərə düşəcək kəlamı vardır!
VƏZİR. Bu bir paxıllıqdır, böyük hökmdar,
Şairlər içində beləsi çox var...
XAQANİ. O sənin adına yaraşır, məncə...
Çünki gün çıxanda əriyir gecə!..
Qürur əlində çəkdiyi rəsm gəlir, o, rəsmi şaha verərək.
Qürur
Buyurun, çəkmişəm, hazırdır əsər,
Baxıb keçmişinə qoy gülsün bəşər!..
Şəkil ortaya qoyulur, hamı ona tamaşa eləyir.
Məhəmməd
Doğrudan, gözəldir!.. Qəşəngdir, Qürur,
Qanlı vuruşmalar bax belə olur.
Tökülür üst-üstə əllər, kəllələr,
Özü də bilməyir nə edir bəşər.
Sonra da baxdıqca tökdüyü qana,
Acıyır sərkərdə yazıq insana!..
Şah adamlara baxır, heç kim dinmir. Xaqani şəklə baxdıqdan sonra.
XAQANİ. Əsərdir, yaratmış cavan bir ustad,
Al qanlar içində canlanır həyat.
Onun sevmədiyi qılıncdır, qandır,
Hər şeydən qiymətli onca insandır.
Sərkərdə qan tökmüş... o, peşmandır, bax,
Çənli, dumanlıdır hər dərə, hər dağ...
Afərin! Afərin! Çox sağ ol, Qürur,
İnsan yaratdıqca, sənətkar odur!..
Xaqani onun alnından öpür. Şah danışmayanlara baxır, sonra şəkildən yeni bir [?] tapmış kimi qəzəbli və mənalı bir tərzlə
Axsitan
Dediniz, gözəldir... Heç sözüm yoxdur,
Qürurda cəsarət olduqca çoxdur.
Fəqət anlamıram, bəs neyçün heç mən
Özümü tapmadım əsərinizdən?!
Bəs orda, o yanda dayanan kimdir?!
Qürur
O, böyük sərkərdə İskəndər Kəbir!
Axsitan
Sərkərdə, İskəndər, ah bəs mən, bəs mən?
Qürur
Doğrusu, o böyük igidliklərdən
Bir şey yaratmağa gəlmədi əlim,
Nə ki, var, deməyə acizdir dilim...
Axsitan
Acizdir, acizdir!.. Sözə bax, axmaq,
Olarmı heç mənim əmrimdən çıxmaq?!
XAQANİ. Həqiqət lazımdır, şahım, həqiqət!
Axsitan
Həqiqət olmazsa yaranmaz sənət?!
XAQANİ. Bəli, yaranmayır, belədir düzü,
Yalandan dindirmək olmayır sözü.
Şairdə olmasa təmiz bir vicdan,
Dəyməz bir qəpiyə yazdığı dastan!
Dərbəndi
(Xaqanini göstərərək)
Xaqani Təbrizə gedəcək deyə,
Yəqin ki, onu da alır yedəyə?..
Qürur
Siz ki, bir daşsınız, sakitcə durun,
Haraya qoysalar orda oturun!..
Axsitan
İndi də dikbaşlıq edəcək bizə.
VƏZİR. O da bir təhlükə olacaq sizə.
Axsitan
Söyləyin naiblər gəlsinlər bura,
Qoy onlar son qoysun danışıqlara!..
Bir dəstə adam daxil olur. Əllərində qamçı var, şah üzünü onlara tutaraq Qüruru göstərir.
Axsitan
Tutun qollarını... O əllərinə
O qədər vurun ki, şahın əmrinə
Belə hörmətsizlik etməsin bir də.
Vurun, elə vurun görünsün al qan,
Qüvvətin gücünü anlasın insan!..
Qürurun qollarını tuturlar, onu şəklin üstünə gətirirlər, əllərinə döyürlər.
Məhəmməd
Şahım, insaf edin, o, sənətkardır,
Onun şüşə kimi bir qəlbi vardır!..
Axsitan
Sən mənə qonaqsan! Dayan kənarda...
Məhəmməd
O bir sənətkardır, olsa da harda.
Qürur
(gücsüz bir halda yerə düşərək)
Dayanın, vurmayın, böyük hökmdar!
Axsitan
Qoy hələ döysünlər, çox günahın var.
(Yenə vururlar)
Dayanın indi,
Aparın, qoy bilsin fərman kimindir!..
Qüruru halsız vəziyyətdə aparırlar. Kosa içəri gəlir. Bir nəfər atlının gəldiyini xəbər verir.
Kosa
Şahım, bir atlı var, olarmı gəlmək?
Axsitan
(bir qədər acıqlı)
O kimdir bu zaman? De gəlsin görək!
Məhəmməd
(Xaqaniyə)
Bu gələn atamdır... atamdır məncə,
Hardadır, daxmamız? Hardadır Gəncə!..
Nizami bir əlində qamçı, bir əlində kiçik bir heybə daxil olur. Xaqanini və oğlunu görərək
Nizami
Xaqani... Məhəmməd!.. Xoş gördük sizi.
Məhəmməd
Dağılmış ayrılıq yormuşdur bizi!..
Onlar görüşüb öpüşürlər. Şah gələnin Nizami olduğunu görərək.
Axsitan
Xoş gəlmiş Nizami!.. Xoş gəlmiş bura,
O, bir yaraşıqdır bu saraylara!..
Nizami öz hərəkətləri ilə razılıq edir.
XAQANİ. Gedək, dincəliniz... Yorğunsuz, yəqin,
O, görən gözüdür bu məmləkətin.
Adamlar bir-bir çıxırlar.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-sairin-yuxusu-ii-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Meşədə böyümüş nəhəng bir ağac,Palıdlar içində yaşadı müdam.
İnsanlar, insanlarVar üçün, dövlət üçün,Ad üçün, şöhrət üçün
1. Dedim şeir yazım onaAnadan olmasının 50 illiyi münasibətilə*Dedim şeir yazım ona...
2. Ölüm haqqında söhbətVəfatı münasibətilə*– Öldürdü lap bu dərd bizi,
Başqa şairlərin şeirləri
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Yaxşidur (Bir məclisə varanda...)Bir məclisə varanda özüni ögməŞeytana can verib yoxsuli döqmə,
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,