Koroğlunun qocalığı
Əsli eldən alınmışdır
Tüfəng çıxdı mərdlik getdi, ay haray,
Mənmi qocalmışam, ya zəmanəmi?
“Koroğlu” dastanından
I
O kimdir oturmuş yenə mükəddər
Ağarır saçları təzə qar kimi.
Tutulmuş başının üstündə göylər,
Düşünür bir özgə fikri var kimi...
O kimdir, xəyalı, halı pərişan,
Baxır uzaqdakı sıra dağlara?!
Bəlkə bir dünyadır qəlbində yanan,
Bəlkə də varlığı çəkilir dara?!
Bəlkə bir yolçudur elindən uzaq,
Qalmış intizarda, yol üstündə tək?
Ruhunu açmayır bu yer, bu torpaq,
Ömrünün göyündə oynayır şimşək?
Yox, yox! Tanıyıram o ixtiyarı,
O baxış, o görkəm mənə tanışdır!
Alışıb yananda qışda buxarı
Ondan qoca nənəm çox danışmışdır!
Onun da bir günü –dövranı vardı,
Gəzərdi başında qorxmaz dəlilər.
Ordu dağıdardı, karvan çapardı,
Bağdada, Dərbəndə edərdi səfər.
Orda ki, İsgəndər gəldi Arana,
Kamal bayrağını qaldırdı Sokrat,
Düşüb qasırğaya, düşüb borana,
O da o yerlərdə oynatmışdır at!
Hər eldən, obadan seçmiş bir gözəl,
Nigar məclisində gəzdirmiş badə.
Vurulmuş mərd kimi, yaşamış gözəl:
“Namus bayrağımdır!” – demiş, – dünyada!
Çənlibel olmuşdur onun oylağı,
Çırpınmış gölündə ördəyi, qazı.
Gəzib dolanmışdır min bir yaylağı,
Alıb sinəsinə sədəfli sazı.
Qıratın belində uçduğu zaman.
Görən mat qalardı baxınca ona.
Açdığı süfrəni görsəydi bir xan
Onun qısqanardı götür-qoyuna!..
Bəzən səhv etsəydi işində əgər
Yatardı hirsindən üç gün, üç gecə.
Sonra oynayaraq aydın bir səhər
Nigarı istərdi hər şeydən öncə.
Deyərdi: “Hardadır söhbətim, sazım?
Quzular kəsilsin, məclis düzəlsin!
Hanı Bətli Əhməd, hanı Eyvazım?
Çağırın, dəlilər yanıma gəlsin!..”
Gələrdi dəlilər şövkətlə, şanla,
Hamı kabab yeyib, şərab içərdi.
Öpüb dostlarını, o, bir inamla
Düşmənin üstünə dağlar keçərdi!
Döyüş cənnət kimi gələrdi ona...
Yıxardı nərəsi sıldırımları!
Qəzəbdən gözləri dönəndə qana,
Dolardı belinə ildırımları!
O, bir nəğmə kimi düşmüşdür dilə,
Hər qəlbdə bir yurdu, bir dünyası var!
O, bir iftixardır obaya, elə,
Elin öz ürəyi, öz mənası var!
Hörmətli dostlarım! Məlumdur sizə,
Bizim Koroğludan danışıram mən.
Bir sual qonmuşdur gözlərinizə,
Cavab alarsınız əsərimizdən.
II
Mənə deyirsiniz... Şair, danış bir
O neçin tutulmuş asiman kimi?
Söylə buludmudur üzündə gəzir?
Yoxsa fikrə dalmış bir loğman kimi?
Bəli, o düşünür... Dəyişmiş zaman,
Qalmışdır dağların sinəsində tək;
Üzülmüş əlləri dostdan, aşnadan,
İndi Çənlibeldə oynayır külək...
İndi nə “hoy-hoy” var, nə də “çataçat”
Nə qılınc oynadır yanında Eyvaz.
Nə quzu mələşir, nə kişnəyir at,
Nə məclis qurulur, nə çalınır saz!
Nə də duma teli taxıb başına
Yanından keçməyir incə gözəllər,
Girməkçin şahların tər savaşına
Uzaq şəhərlərə etməyir səfər!
O daha yorulmuş vuruşmalardan,
Dağlara baxdıqca qəlbi qan olur.
Onun çaldığını çalmayır dövran,
Hər kəsin ömründə bir zaman olur!
Əzəldən cahanda bir qaydadır bu
Çıxan bir günəşin batmağı vardır!
Daşaraq aləmi alsa da bir su
Onun da sinirtək yatmağı vardır!
Göydə qılınc çəkib parlayır şimşək,
Əfsus ki, həyatı bir andır onun.
Yazda qəlbimizə gülən hər çiçək,
Tez solur, bizi çox etməyir məftun...
Dövran dəyişmişdir... İndi bax, o da,
Düşgün bir qocadır qoca dünyada!
III
Günəş qürub edir... Koroğlu yalnız,
Onun bir Nigardır qəlbinə həmdəm.
Bir odur ömrünə nur saçan ulduz,
Onunla dağılır hər qüssə, hər qəm.
Onun da saçları qar kimi dümağ,
Darayır onları dağlar küləyi.
Onun Koroğludur fikrində ancaq,
Yaşa qadın eşqi, qadın ürəyi!
Nigar
Yenə fikirlisən, Koroğlu, nə var?
Koroğlu
Soruşma dərdimi, soruşma, Nigar!
Qocaldım, dağlarda tək qaldım özüm,
Kəsməyir qılıncım, keçməyir sözüm!..
Nigar
Çox ağır olsa da dərdin, fəryadın,
Yenə də Koroğlu çağrılır adın!
Durur Misri qılınc, durur telli saz,
Sənin hünərinə bir hünər çatmaz!
Koroğlu
İndi tüfəng çıxmış, düşünsən əgər
Nə qılınc iş görər, nə də ki, hünər.
Qızılla, bicliklə yaşayır aləm,
Ondandır qəlbimdə bu qüssə, bu qəm!
Saymayır dost dostu, qardaş qardaşı,
Arxadan kəsilir igidin başı.
Bizi də çəkəcək namərdlər dara,
Mən həsrət qalmışam keçən çağlara!
Nigar
Koroğlu, bir dəfə hoy desən yenə,
Hər kənddən yüz igid qoşular, sənə;
Qoy səni bu qədər sıxmasın dövran!
Koroğlu
Dursaydı Xan Eyvaz, qalsaydı Həsən,
Mənim bu dünyada nə dərdim vardı?!
Ölsəm də yurdumda onlar qalardı!
Kimə əl tutdumsa, əlimi kəsdi.
Ömrümün bağında küləklər əsdi!
Nigar
Onda, fikrin nədir?
Koroğlu
Yığışaq gedək,
Dünyaya sədaqət deyildir gərək!..
Nigar
Ayrılmaq olarmı eldən, obadan?
Özünün əhdini pozarmı insan?
Koroğlu
Yox, Nigar! Fikrində inad etmə sən,
Bu namərd dünyada yaşamaram mən.
Dövranım keçmişdir... Yorulmuşam bax,
Çətindir zamanla döş-döşə durmaq!..
Gedək! Bu yerlərdən gedək uzağa,
Sinəm dözməyəcək bu çarpaz dağa!
Gedək o yerə ki, orada çöllər
Hələ görməmişdir bir cinsi-bəşər.
Yaşayaq birtəhər səhralarda biz,
Qoy bizə gülməsin düşmənlərimiz!
İstərəm yem olum qurda, aslana,
Ancaq namərd əli dəyməsin mana!
Nigar
Koroğlu, keçəcək, bu da bir gündür,
Dağlarda yaşamaq hələ mümkündür?
Koroğlu
Quldurdur dağların hər bir bucağı,
Bu yerlər olmuşdur şöhrət ocağı!
Sənin də tükəndi yoxsa ilqarın?
Ah, gözü kor olsun bu ruzigarın!
Nigar
Amandır, Koroğlu, nə danışdın sən?
Sənsiz bir gün belə yaşamayım mən!
Koroğlu
Gətir qılıncımı!.. Artıq zamandır,
Bilirsən qəzəbim, kinim yamandır!..
O deyib sözünü ayağa durdu,
Elə bil başından ildırım vurdu.
Aldı telli sazı, baxdı dağlara,
Baxdı əl çatmayan o uzaqlara:
Qarşı duran uca dağlar,
Siz oldunuz elim mənim.
Döndü üzü zamananın,
Qılınc tutmaz əlim mənim!
Nə dövranlar qurdum sizdə!
Bulud oynar üstünüzdə;
O zamanı anın siz də,
Hanı əsən yelim mənim!
Çox ölkələr dolaşdım mən,
Şahlar ilə savaşdım mən,
Dəryalardan yol açdım mən,
Yatdı daşan selim mənim!
Koroğludan çəkdi haşa
Min bir tacir, min bir paşa,
Oxum keçdi daşdan-daşa,
İndi sınıb belim mənim!
IV
Koroğlu yoldadır... Çöllərə artıq
Bir qara quş kimi enmiş qaranlıq.
Qalın buludların dalında tək-tək
Ulduzlar parlayır pələng dişi tək.
Yalqızlıq... Sakitlik... Bir özgə aləm...
O indi çöllərə olmuşdur həmdəm.
Yollara çıxdığı zamandan bəri,
Aşıb qayaları, dar keçidləri
Gedir bir an belə baxmadan dala,
Gedir, qərq olaraq fikrə-xəyala.
O daha uzaqdır doğma yerlərdən,
Dumanlı dağlardan, mənzərələrdən.
Uzaqdır, gəlməyir suların səsi,
Turacın, kəkliyin şirin nəğməsi.
Qaldı o yerlərdə təmiz bir həyat,
Cavanlıq, məhəbbət, bir saf xatirat,
Bir də dağlar qədər böyük bir vüqar,
İgidlik, sədaqət, mərdlik, etibar!..
O gedir çöllərdə bir xəyal kimi,
Gah şirin, gah acı bir vüsal kimi,
Bilməyir mənzili, məkanı hara,
Gedir baş götürüb boş səhralara!..
Bu zaman, azacıq ondan aralı
Taledən, dünyadan bəlkə yaralı
Bir çay da axaraq gedirdi belə,
Gedirdi, uzağa, qərib bir elə.
O da bilməyirdi mənzili hara,
Vururdu özünü qayalıqlara!..
Nigar yorulmuşdu, o durdu bir an,
Titrədi dizləri yorğunluğundan.
Nigar
Oturaq, Koroğlu, dincələk bir az,
Göz-gözü görməyir, yol getmək olmaz.
Koroğlu
Səhərə az qalır, dayanma, gedək.
Qabaqda bir qarı yaşayır gərək,
Ona qonaq olub dincələrik biz;
Qurtardı fikirdən ürəklərimiz.
Hər tərəf qəşəngdir, gülür asiman,
Nə namərd dost vardır, nə namərd düşmən!..
Yolu bir tərəfdən alıb əlinə
Koroğlu çöllərə düzəldi yenə.
Getdilər... Onlardan bir qədər uzaq
Qırpıb gözlərini yanır bir çıraq.
Koroğlu yeridi daxmaya sarı,
Kim bilir dururmu, ölmüşmü qarı?
Onun həyəcanla ürəyi vurdu,
Gəlib cavanlığı önündə durdu:
Düşdü xatirinə altmış il əzəl
Rumda bəyəndiyi incə bir gözəl!
Mahal paşasının qızıydı o qız,
Dağlarda çiçəkdi, göylərdə ulduz.
Dolandı çölləri başında sevda,
Necə aslan gəzər maralı ovda.
O, qılınc oynatdı üç gün davada.
Biləklər, kəllələr gəzdi havada!
Paşanın yurduna tufanlar saldı,
Mərdliklə, hünərlə Məhbubu aldı.
Haman bu daxmada Gülcahan qarı
Bir gecə saxladı gizlin onları.
Səhəri atlandı o, qartal kimi,
O günlər tez keçdi ilk vüsal kimi!
Tanıdı... Bu haman daxmadır, bəli,
Qapını, döyməyə gəlmədi əli.
Səsləndi: “Ay qarı, Gülcahan nənə!
Səs verən olmadı onun səsinə.
O bir də səsləndi: – Qarı, ay qarı!
Aynadan pərdəni çəkib yuxarı
Bir kişi göründü orta yaşında.
Tacir papağı da vardı başında:
– Kimsən ə, nə qarı! Öldü Gülcahan!
Dünyadan yapışıb-durmayır insan.
– Elədir, bu dünya tez udur bizi,
Dağıdır qurd kimi ürəyimizi.
Ah, yazıq Gülcahan, ah yazıq nənə,
Ruzigar gülmədi sənin ömrünə!..
Yorğunuq, mümkünsə yer verin bizə,
Hörmətsiz qalmarıq hörmətinizə.
Uzaqdan gəlmişik...
– Buyurun, gəlin,
Bura çayxanadır, bir az dincəlin.
Amma ki, pulunnan...
– Pulumuz yoxdur, –
Pulsuz da insanın qiyməti çoxdur.
– Bu da müştərimiz, dəlisən, nəsən?
Ya yurdsuz, vətənsiz bir divanəsən?
– Pul ki əl kiridir, bir gün gedəcək,
Bir mərdlik qalacaq, bir də ki, ürək!
– Dünyada mərdlik də, ürək də puldur,
Pulsuz şahlar belə zəncirli quldur!
Sən deyən zəmanə keçmişdir çoxdan...
– Gərək, bir-birinə əl tuta insan!
– Başımı ağrıtma, pulun varsa gəl,
Yoxsa zəhlə töküb olma bir əngəl!
O sonra acıqla pərdəni saldı,
Koroğlu Nigarla qapıda qaldı.
Dedi: İlk dəfədir getdiyim yerdən
Hörmətsiz, şərəfsiz qayıdıram mən!
Götürüb Nigarı düzəldi yola.
O bir düşmən kimi baxdı hər kola.
Bayaq gözlərinə gülən yamaclar
Oldu bir cəhənnəm, qaranlıq məzar.
Bir ağrı, bir qəzəb duydu içində,
Dəniz çalxalandı dəniz içində!
V
– Gəl, Nigar, ömrümün can yoldaşı, gəl,
Bizi qılınc çəkib vurmasın əcəl!
Gəl, gəl burada da namərd adam var,
Elə bil qəlbimi sökür canavar.
Bu geniş çöllər də ruhuma yaddır.
Dünya qan dənizi, insan cəlladdır!
– Gedək, bu sözlərə haqqın var sənin,
Qoy qərib ölkələr olsun vətənin.
Qalsaq da çörəksiz, evsiz-eşiksiz,
Bir də başqasına yalvarmayaq biz.
Səhraya üz tutub getdilər onlar,
Koroğlu, başında qorxunc tufanlar
Dönüb arxasına baxmadı bir də,
Aslan həlak olar qalsa zəncirdə!
Getdilər... Onların önündə bu dəm
Bir qoşa ahənglə göründü aləm,
Ulduzlar seyrəlib, axır buludlar,
Oyanır yuxudan çiçəklər, otlar,
Əsir sərin-sərin sabahın yeli,
Gülür xalı kimi dağların beli.
Hər tərəf çəməndir, bir ləlazardır,
Hər gülün öz ətri, öz rəngi vardır!
Hələ sərt qayalar! Yaşıl meşələr,
Kollar dibindəki tər bənövşələr,
Turac qaqqıltısı, bülbül nəğməsi,
Dağlardan tökülən suların səsi,
Bir də göy üzündə durna karvanı
Saxlayır, yolundan hər bir insanı!
Koroğlu dərindən bir nəfəs aldı,
Dağları, daşları o seyrə daldı.
Yandı, ürəyində cuşa gəldi qan,
Gözəllik oduna yanmazmı insan?!
Dedi: – Gəzdiyimi tapmışam, Nigar,
Dünyada hər kəsin öz qiyməti var.
Yaşayaq, bu yerdə salaq yurd-yuva,
Gah taxıl əkək biz, gah çıxaq ova.
Uzaq şəhərlərdən, insandan uzaq,
Olsun məskənimiz bu meşə, bu dağ.
– Razıyam, Koroğlu, bu bir nemətdir.
Bu nərgiz, bu lalə sözdür, söhbətdir.
Nədənsə, Çənlibel düşdü yadıma,
Özüm dözməyirəm öz fəryadıma!..
Nigar hönkürtüylə birdən ağladı,
Göz yaşı od olub yeri dağladı.
Koroğlu dinmədi, o susdu bir an;
Bəzən öz içində qaynayar ümman.
– Ağlama, keçəcək birtəhər günün,
Yoxdur etibarı dünya mülkünün!
İnsanı yaşadan ancaq ürəkdir,
Bizə bir sakitcə guşə gərəkdir.
Ürək azad olsa yoxdur zavalı,
Azad yaranmışdır insan xəyalı!
O söhbət eləyir... Fəqət bu zaman,
Üç tüfəng uzandı ona üç yandan.
Birinci quldur
Durun, tərpənməyin!
İkinci quldur
Sözlərimə bax,
Yerindən tərpənən həlak olacaq!
Koroğlu
Kimsiniz qardaşlar? Nə olmuş bəla?
Üçüncü quldur
Gəl bizi bicliklə tutma sən dilə,
Çıxar nəyin varsa bəri ver görək!
Koroğlu
Biz yoxsul adamıq, nə var, nə verək?
Quldur olsanız da, mərdlik edin siz,
Bizi incitməyin görüb köməksiz.
Birinci quldur
Nə mərdlik? Mərdliklə yaşasaq əgər,
Arvad-uşağımız acından ölər!
Mərdlik Koroğluyla getdi dünyadan,
Soyun, paltarını!..
Koroğlu
Rəhm elə bir an!
Birinci quldur
Soyun paltarını deyirəm sənə!..
Koroğlu istədi danışsın yenə
Ancaq danışmadı. Qalaraq naçar
Soyunub onlara verdi nəyi var.
İkinci quldur
İndi də qarı soyunsun gərək!
Çaxdı Koroğlunun başında şimşək.
Koroğlu
Yaxın gəlməyin, dəyməyin bizə,
Alçaqlar! Vəhşilər! Ar olsun sizə!
Qocalmış olsam da yenə mərdəm mən,
Ölərəm, dönmərəm öz qeyrətimdən!
İkinci quldur
Qocalıq və mərdlik!.. Xah!.. Xah!.. Xah!..
Kaftar,
De görək nəçisən? Nə mərdliyin var?
Koroğlu əlinə götürdü sazı
Gəldi xəyalına ömrünün yazı:
Qarı düşmən, ürəyimi dağlama,
Çarxım dönüb, qocalmışam mən indi!
Ağır yurdlar, qoç igidlər görmüşəm,
Çarxım dönüb, qocalmışam mən indi!
Çənlibeldə gözəl halım olubdur,
Dağlar tutmaz dövlət-malım olubdur.
Sübhə kimi qeylü-qalım olubdur.
Çarxım dönüb, qocalmışam mən indi!
Baş əymədim nə sultana, nə xana,
Aslan kimi çox susadım al qana,
Meydan açdım, evlər qoydum virana,
Çarxım dönüb, qocalmışam mən indi!
Koroğluyam, mərd doğuldum dünyada,
Mərdliyimdən haşa çəkdi dünya da,
Bac vermədim bir namərdə, bir yada,
Çarxım dönüb qocalmışam mən indi!
Qoca aslan kimi o coşdu birdən,
İldırım parladı nəzərlərindən.
Yığıb qüvvətini cumdu onlara,
Vuruşma başlandı, qızışdı ara.
“Vurhavur” səsləri tutdu hər yanı.
Coşdu, ürəklərin alışdı qanı.
Koroğlu gördü ki, meydanda təkdi,
Anıb keçmişini bir nərə çəkdi,
Əsdi yarpaq kimi quldurlar haman,
Şığıyıb düşmənə vermədi aman.
Onların başını üzdü bir anda.
Yenə Misri qılınc qızardı qanda!
Gördü bu səhnəni, sevindi Nigar:
Koroğlu, qolunda hələ tutar var,
Sən nahaq ayrıldın obadan, eldən?
– Mərdlik axtarıram bu dünyada mən.
Ancaq yorulmuşam, yoxdur qüvvətim.
Qaldı Çənlibeldə şanım, şöhrətim!
Yaşayaq burada, gələcək zaman
Qalxacaq dağlarda vuruşma, üsyan.
Onda görəcəksən, hamıdan əvvəl
Koroğlu atacaq qılıncına əl.
Mən yenə saz çalıb toy quracağam,
Düşmənin yurduna od vuracağam!
O, baxdı üfüqə...
Ondan çox uzaq,
Ucalmış göylərə vüqarlı bir dağ
Orada, aşaraq sıldırımları,
Tutub dişlərində ildırımları,
Qolu bazubəndli, köksü dumanlı,
Qılınc oynadırdı bir dəliqanlı!..
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-koroglunun-qocaligi
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,