Bir də mən görsəm ki...
Page 4 of 8 · 38%
Dadaş aciz-aciz gülümsündü. Hələ Mürşüd yumorunun çəmini tapa bilməmişdi.
Mənzər:
– Eh, ay kişi, nə plov-plov salmısan, – dedi. – Plova çağırmayıblar ki, səni.
Nemət düşündü ki, bir az nalayiq çıxır. Dadaş elə bilər ki, əsas qonaq o deyil, Murtuzgildir. Ona görə də hamı yığışıb onları gözləyir...
Dadaş doğrudan da, deyəsən, darıxırdı. Deyəsən, Mürşüdün inzibati dəyişikliklər söhbəti onu çox da maraqlandırmamışdı. Bəlkə də o belə məlumatları daha yüksək dairələrdən alır və ancaq özünə tay bildiyi adamlarla müzakirə edirdi. Nemət kişinin başını qatmaq məqsədiylə:
– Dadaş müəllim, – dedi, – maqnitofon almışıq. Səslərimizi yazmışıq. Qulaq asmaq meyliniz var?
– Hə, nə olar...
Nemət düyməni basdı.
– Hə bir şey deyin.
Tanış sözlər, cümlələr, gülüşlər, çoxdan bələd olduğun yolun mənzərələri kimi ötüb gedirdi...
...– Demək, mən demək istə...
...– Alyagildə də bundan var...
...– Ne qovori...
...– Bir də mən görsəm ki...
Dadaş:
– Yaxşıdır, – dedi, – çox maraqlıdır.
Qapı döyüldü. Alya, Murtuz və uşaqları gəldilər.
Bikə xala:
– Bu saat gətirərəm, – dedi. – Keçin oturun.
Dadaşla Murtuz tanış oldular.
Murtuz:
– Maqnitofon almısınız? – deyə soruşdu:
Tahirə:
– Bir qiyamət sözlər yazıblar. ki, – dedi. – Nemət, qur da, Alyagil də qulaq assın..
Nemət: “İlahi, sən saxla”, – deyə düşündü.
– Bu saat, – dedi, düyməni basdı.
Öz səsi eşidildi. Sürəyyanın səsi. Birdən yadına düşdü ki, lentdə yasaq bir söz var: “Murzik” kəlməsi. Saxlamaq olmazdı, gecdi. Yerini yada salmağa çalışdı. Deməli, Bikə xala Murtuzgilin maqnitofonunu tərifləyir, onda Karmen deyir: Murzik. Yaxşı, Bikə xala bəyəm bir yerdə tərifləyir, elə kəlmə başı deyir də...
Elə bu an Karmenin səsi eşidildi:
– Çuvixa v vostorqe ot maqnitofona...
Nemət var səsiylə:
– Murtuz Balayeviç, – deyə çağırdı, – sabah futbola baxırıq da.
Sürəyya təəccüblə ərinə baxdı.
– Daha niyə qışqırırsan?
Nemət fikirləşdi ki, səbəbini bilsən, sən məndən bərk çığırardın, səsi maqnitofondan eşidildi:
– Nərgiz, qızım-quzum...
Rahat nəfəs aldı. Qıl körpüsünü salamat keçmişdilər. Heç kəs bir şey duymadı, başa düşmədi, eşitmədi.
Murtuz:
– Bəs necə ki, – dedi, – mütləq.
Alyayla Tahirə nə barədəsə pıç-pıç edirdilər. Ancaq Alyanın ayrı-ayrı cümlələri Nemətin qulağına çatırdı:
– Az, ağrım onun ürəyinə, az, bir ağız-burun bəhəm eləyib gəl görəsən... Gədəni girinc eləyib.
Nemət söhbətin kimdən getdiyini dəqiq bilmirdisə də, başa düşürdü ki, Alya xanım yenə Spartakın növbəti eşq-məhəbbət macərasından danışır. 24 yaşlı Spartak əhli-kef oğlanlardan idi, yaxşı gəzib, dolanıb, yeyib-içən cayıl idi. Atasının “mən ölüm-sən ölüylə” bildir birtəhər medinstitutu qurtardı. Vay o xəstənin halına ki, pənahını Spartaka gətirə! Spartakın bütün fikri-zikri gününü xoş keçirmək idi. Arvadları qalstuk kimi dəyişirdi. Murtuz oğlunun bu cəhətinə gizli bir ata qüruruyla göz yumar, daxilində fərəhlənərdi. “Ot kökü üstə bitər, mən də cavan olanda arvadlardan qaçıb qurtara bilmirdim”.
Alya üzdə Spartakın sərgüzəştlərindən guya bərk narazı idi. Telefonla Spartaka zəng eləyən saysız-hesabsız, “cananlara” kobud cavab verib, dəstəyi asardı. Ancaq Nemət bilirdi ki, daxildə o da, Murtuzun ordenləriylə, Firəngizin gözəlliyi, əlaçıqlığı, isməti və məsumluğuyla fəxr etdiyi kimi, Spartakın erkək şöhrətiylə də qürurlanır.
Alya xanım özündən də xeyli bədgüman idi. Danışığında qəribə bir təzad vardı. Gah Murtuzun adından-sanından, yüksək dairələrdə hörmətindən, ailələrinin səadətindən danışırdı, gah da xırda bir şey üstündə bəxtindən şikayətlənərdi: “Ey, ay Sürəyya, vallah, hərdən deyirəm neynirdim bu gözəlliyi, bu ağlı, bu fiquranı? Bundansa Allah mənə bir bəxt verəydi”.
Otağın o başında Mürşüd Murtuza bərk girişmişdi. Mürşüdün bayaq Dadaşla tutmayan söhbəti indi Murtuzun canına kərə yağı kimi yayılırdı.
– Bildiz də, Murtuz Balayeviç, Mahmud İsrafiloviçi zamministr qoydular.
– Sən nə danışırsan? Bəs onun yerinə kimi qoydular?
– Turab Qurbanoviçi.
– Yox əşi? Bəs Turabın yerinə?
– Turab Qurbanoviçin yerinə Zakir Zülfüqaroviçi qoyublar. Zakir Zülfüqaroviçin yerinə də elə Mahmud İsrafiloviç gəlib.
– Keçəl Həsən, Həsən keçəl?
– Necə? – deyə Mürşüd irişdi, – lap düz deyirsiniz. Bir balaca dəyiş-düyüş olub. Yerlərini dəyişiblər.
İnzibati dəyişikliklər Murtuzun da azarı idi. Özü də həmişə bu dəyişikliklərdən narazı qalardı. “Filan yerə filankəsi qoydular. Pah atonnan, gör dünyanın nə yeridir! Əşi, heç belə şey olmamışdı...”
Onu da qeyd etmək lazımdır ki, istefaya çıxmış polkovnikin mənsəb ehtirasları heç də sönməmişdi.
Sürəyya:
– Buyurun süfrənin başına, – dedi.
Nemət başını sındırırdı. “Yaxşı, əsas mən Dadaşı çağırmışam. Birinci dəfədir bizə gəlib. Amma di gəl ilk badəni Murtuzun yox, onun sağlığına qaldırsaq, Murtuz Balayeviç mısmırığını sallayacaq. Alya xanımın qaşqabağı yernən gedəcək, Sürəyya pörtəcək, mənim də günüm qaralacaq. Amma o tərəfdən də...”
Birdən çıxış yolu tapdı. Dahiyanə çıxış yolu... Caboş demişkən: qəşəng.
Badəsinə çaxır töküb ayağa qalxdı:
– Mən təklif edirəm, – dedi, – ilk badəni içək tamadanın sağlığına. Murtuz Balayeviçin sağlığına. Onun ailəsinin sağlığına. Arzu edək ki, bu xudmani məclisimizə əsil sərkərdə kimi rəhbərlik eləsin.
Gülüşdülər.
Nemət:
“Bu belə, – deyə düşündü. – Göz dəyməsin, bu bəla da sovuşdu”.
Nemət Murtuzgilin inciməsindən yaman qorxurdu. Özü də ən pis o idi ki, Murtuzun nədən, haçan və nə səbəbə inciməsini fələk özü də gəlsə təyin edə bilməzdi. Görürsən adi bir söz, bir zarafat elə böyük bir incikliyə, kinə-ədavətə səbəb olurdu ki, Alyagilin ailəsi aylarla küsü saxlayır, Bikə xala isə evin içində Nemətin gününü göy əsgiyə bürüyürdü. Əsəd rəhmətə gedəndən bəri Bikə xalanın ən istəkli, ən əziz kürəkəni Murtuz olmuşdu. Eyni zamanda o, Nemət üçün göz dağı idi. Bəli, belə bir fövqəladə (yəni elə tez-tez olurdu ki, bir fövqəladəliyi də qalmamışdı) hadisə baş verən kimi Bikə xala başlayırdı: “Qızım sənə deyirəm, kürəkənim sən eşit” prinsipiylə görürsən Nemətin qulağının dibində Sürəyyayla danışırdı: “Getmişdim bu gün Alyagilə, Murtuzun qanı yaman qaradır, deyir, Bikə, nə ədəb qalıb, nə ərkan, dünənin lüməyi görürsən elə söz deyir, qalırsan baxa-baxa, nə böyük tanıyan var, nə kiçik. Saça-saqqala hörmət eləyən kimdir? Elə tutuquşu kimi bir-iki söz əzbərləyib, üç-dörd kitab oxuyurlar, elə bilirlər dünyada bunlardan alim adam yoxdur. Deyir, qoyaydılar onları mənim ixtiyarıma, verəydim əllərinə lapatkanı, di qaz bu yeri, görüm necə qazırsan tranşey, bu səninçün kitab oxumaq deyil, arvad kimi kağızkuğazla əlləşib cızmaqara eləmək də deyil”. Bu söhbətlər onunla nəticələnirdi ki, Sürəyyanın təkidiylə Nemət bahalı konyaklardan bir şüşə alıb, yanında da bir qutu şokolad konfeti, gedirdi Murtuzgilə, oturub içir, barışırdılar.
Murtuzun səsi Neməti fikirlərindən ayırdı:
– Etimadınıza görə təşəkkür edirəm. – Nemət fikirləşdi ki, elə bil seçicilərlə görüşdə nitq irad eləyir. – Mən hərbi adamam, – boğazını arıtladı, – boş-boş danışmağı sevmirəm. Hər şeydən əvvəl nizam-intizam, rus demişkən, dissiplina previşe vseqo. Kimə söz versəm, gərək, artıq-əskik söz danışmadan, durub, söz danışsın. Vəssalam.
Nemətə elə gəldi ki, nitqini “əmri icra edin. Gedə bilərsiniz” sözləriylə qurtaracaq. Amma Murtuz “vəssalam” kəlməsindən sonra qıvraq bir hərəkətlə stula çökdü.
Bir an Nemət düşündü ki, xudanəkərdə, əsgər olaydı, özü də Murtuz Balayeviçin əsgəri. Aman Allah. Adama qan uddurardı. Səhərdən axşamacan şaqqama günün altında o baş-bu başa qovardı: addımla marş! Raz, dva! Raz, dva!
Mürşüd:
– Müəllim, – dedi, – Murtuz Balayeviç. Müsaidə etsəydiniz... Bir-iki kəlmə... hi, hi, hi...
Murtuz ötkəm səslə:
– Edirəm, – dedi. – Danış, görüm nə deyirsən?
Mürşüd Molla Nəsrəddindən başladı. Nemət nə qədər cəhd edirdisə də, diqqətini toplaya bilmirdi. Beynindən nə qədər çıxarmaq istəyirdisə, bu yaxınlarda aldığı gözlənilməz bir məlumatı unuda bilmirdi. İki-üç həftə bundan qabaq Sürəyya böyük bir sirr kimi Nemətə xəbər verdi ki, Alyanın dediyinə görə, Murtuz Balayeviç şeirlə beş pərdəlik bir pyes yazıb. Babək üsyanı haqqında. Bu xəbəri alanda Nemət qarnını tutub uzun müddət sakit ola bilmədi. Sürəyya tutulan kimi oldu: “Başa düşmürəm, burda gülməli nə var?” – dedi. Nemət boğulaboğula: “Murtuz Balayeviç, pyes yazıb... şeirlə” – dedi və qəşş edəcək hala düşdü. İndi də bu məlumatı yada salıb pıqqıldayıb gülməkdən özünü güclə saxlayırdı. Xoşbəxtlikdən Mürşüd Molla Nəsrəddin əhvalatını danışıb qurtardı, hamı gülüşdü və Nemət fürsətdən istifadə edib ürəkdən bir qəhqəhə çəkdi. Onun bu boyat lətifəyə belə bərk gülməsi deyəsən Mürşüdün özünü də təəccübləndirdi. Mürşüd bir an dayanıb sözünə davam elədi:
Kitabxana.az · https://kitabxana.az/en/works/anar-ag-liman-bir-de-men-gorsem-ki
Use ← → keys to move, R for a random poem
More by this author
(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*
İkinci nağılBir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*
Birinci fəsilBu vüsala yuxu əhvali demək mümkün idi,*Əgər olsaydı yuxu dideyi-giryanimizə¹.*
İkinci fəsilEy xoş ol günlər ki, mən həmraz idim canan ilə,*Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.*
Poems by other poets
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
CamecanXerolilar Osmannıya qaçarlar,Ermanilər sədirlərə keçarlar,