Page 5 of 8 · 50%

– Hə, indi zarafat bir yana qalsın, birinci dəfədir ki, Dadaş Mamedoviçlə bir məclisdəyik, amma necə deyərlər, ürəkdən ürəyə yollar görünür. Yəni, Dadaş Mamedoviçi çoxdan tanıyırdım. Nemətdən onun haqqında çox eşitmişdim, bilirdim ki, bizim bu qonşu qağanı alıb qanadının altına. Amma Dadaş Mamedoviç, onu deyim ki, yəni özünüz də məndən yaxşı bilirsiniz, bizim bu Nemət ayrı oğlandır, sizin xətrinizi mən bilirəm necə istəyir. Bir Dadaş Mamedoviç deyəndə beş eşidir, sizdən danışanda, vallah, ağzına çullu dovşan sığmır. Deyir, Mürşüd, sən hələ o kişini tanımırsan, belə deməknən qurtaran deyil e, gərək Dadaş Mamedoviçlə özün oturub-durasan ki, bu adamın necə adam olduğunu dərk eləyə biləsən lazımınca. Elə bil onunçün deyiblər ki, çelovek – eto zvuçit qordo.

Nemət fikirləşdi ki, görəsən, bu büllur qrafinin qiyməti neçədir? Görəsən, Sürəyyaya söz versə ki, lap bu qrafinin cüt ekizindən tapıb alar, onda bu stolun üstündəki qrafini Mürşüdün başına vurmaq olarmı? Yox, içindəki çaxır süfrəyə tökülər, qiyamət qopar. Ağ süfrədən çaxır ləkəsi getmir, gərək üstünə dərhal duz səpəsən. Amma onda da tamam təmizlənmir. Bəs, persol necə? Görəsən, persol ləkəni tamam aparırmı?

Mürşüdün uzaqlaşmış səsi yenə yaxınlaşdı:

– Hə, onu deyirəm axı, mən Dadaş Mamedoviçi çoxdan tanıyıram, hərçənd o məni tanımırdı, biz balaca adamıq, həkim babayıq. Ancaq, Dadaş Mamedoviç, bilirsiniz də, məsəl var, dağın dağa işi düşməz, adamın adama işi düşər. Məsəl var: arvadın pisdi, boşa getsin, hə, arvad, sən qulağını yum görək (ümumi gülüş), dişin ağrıyır, çək qurtar. İndi, Allah eləməmiş, şər deməsən, xeyir gəlməz. İşdi-şayəd Dadaş Mamedoviç, dişiniz ağrısa-eləsə, bax bu lələşiniz qulluğunuzda hazır, haçan istəsəniz, necə diş istəsəniz, səhər, axşam, gecə, bahar, yay, qış, payız...

Nemət düşündü ki, bu, lütfkarlığın ən yeni və orijinal formalarındandır: dişin ağrısın, gətir çəkim.

Mürşüd qədəhini Dadaşa tərəf uzatdı:

– Sağ olun, Dadaş Mamedoviç, sizin sağlığınıza.

– Sağ ol, əziz olasan, çox sağ olun, hamınız, sağ olun. Sonra növbəylə, Cabbargilin, Mürşüdgilin, Nemətgilin sağlığına içdilər. Allahverdisi arvadlara, uşaqlara. Ayrıca Bikə xalanın sağlığına içdilər, dedilər ki, yeməklər qiyamətdir.

Sonra Nemət durdu:

– İçək tamadanın sağlığına, – dedi. Uzun-uzadı nə isə danışdı. Nə danışdığını özü də bilmirdi. Bircə fikrində onu tutmuşdu ki, mümkün qədər təmtəraqlı danışsın. “İnsanlıq, vüsət, zəka, istiqbal, hünər, müzəffər...”. Lap qafiyə çıxdı. İstədi “əsər” də əlavə etsin, ancaq qorxdu.

Alya:

– Bəsdir, sən allah, ay Nemət, – dedi, – bu oldu lap kult liçnosti.

Murtuz bir balaca keflənmişdi, bu sözləri eşidəndə ayağa sıçradı.

– Nemət burda çox danışdı, – dedi. – Belə yaxşı-yaxşı, yağlı-yağlı sözlər dedi. Mən, əlbəttə, belə-belə sözləri bilmirəm. Belə qırıldada bilmərəm. İndi neyləyək kulturamız çatmır, – son cümləni deyib Alyaya baxdı. Alya da ona baxdı. Bu mənalı baxışmanın mənası bu idi ki, “kulturanın çatmaması” rişxənd təbiriylə deyilmişdi, təki hamının mədəniyyəti bizimkiycən olaydı.

– Hə, bir sözlə, hörmətinizə görə sağ olun. Məni çox təriflədiz, bəlkə layiqindən də artıq, – bu yenə eyni priyom idi. – Mən indi bacardığımdan xalqıma xidmət eləmişəm. Cəbhənin odunda-alovunda qanımızı tökəndə, elə biz sizin kimi çavanların bugünkü firavan gününü fikirləşmişik ki, siz belə-belə oturasız, kef çəkəsiz, xoşbəxt dolanasız. İndi sizin də borcunuz odur ki, bu yolda qan tökən adamlara lazımi hörmət-izzət göstərəsiniz. Böyüyün böyük yeri var, kiçiyin kiçik, yoxsa ara qarışıb məzhəb itsə, bu, yaxşı nəticə verməz. Alya, o ki qaldı, sən deyirsən kult liçnosti, deyir, vallah, o liçnostə də canım qurban, onun kultuna da.

Murtuzun əqidəsi qəlbinin dəruni guşələrində gizlənir. “Ararat” konyakının beşinci qədəhindən sonra isə atlanıb ordan çıxırdı. Müddəaları da çox dəqiq idi...

Deyir dəryalarca qan töküb, adam qırıb? Əcəb eləyib. Xalq düşmənlərini qırıb qurtarmasaydı Hitleri məğlub edə bilərdi?

...Masanın arxasından durdular.

Dadaş yenidən pəncərənin qabağına gəldi. Nemət onun yanında durub:

– Ora Akademiyanın təzə binasıdır, – deyirdi. – Köhnə binası görünmür. Ora dəyirmandır. O, bankın qabağıdır.

Sonra kimsə təklif etdi ki, maqnitofonu qursunlar.

Nemət düyməni basdı:

– Hə, bir şey deyin, – dedi. Bir neçə dəqiqədən, bir neçə səsdən sonra isə:

– Bir də mən görsəm ki... – dedi və susdu.

Qonaqlar vidalaşıb dağılışdılar.

Çarpayısında uzanan kimi yuxuya getdi. Bu gün çox yorulmuşdu. Çox da həyəcan keçirmişdi.

Qızlar da yatdılar. Bikə xala da. Sürəyya da.

Gecənin bir yarısında elə bil kimsə qəfilcə Neməti oyatdı.

Gözlərini açdı. Gördü ki, kefliliyi də keçib. Tamam ayıq idi. Tamam da oyaq. Yuxusuzluğa alışmış bir adam təcrübəsiylə dərhal başa düşdü ki, təzədən çətin yata.

Elə bil kimsə onu oyatmış və beynini fikirlə doldurmuşdu. Yaman da yanğısı vardı. Durub su içdi.

Fikirlərini qovmaq istədi. Divara tərəf çevrildi. Əlini xəritəyə çəkdi: Ağcatau, Sasık göl, Ağcal...

Amma fikirlər qayıtdı. Onları dağıtdı. Yenə qayıtdılar. Yenə. Yenə...

Dünən səhərdən bəri başında oyanan fikirlər elə bil yenidən rəsmkeçidə gəlmişdi.

Əvvəlcə atası haqqında düşünməyə başladı. Düşündü ki, bax, anam deyirdi atanın Samuxda yaman hörməti vardı. Evlər tikmişdi, yol çəkdirmişdi. Sonra düşündü ki, Samux indi Mingəçevir dənizinin dibindədir. Evləri, yolları, hamısı...

Bəs, Samuxda yaşayan adamlar? O adamlar ki, atası onların hörmətini qazanmışdı? Hərəsi bir yana dağılıb. Bəlkə atasının surətini, xatirəsini, bağışlanmış fotoşəkillər kimi, hərəsi bir tərəfə aparıb. Bəlkə də...

Sonra hardansa beynində qafiyələr dolaşmağa başladı: azsa, pozsa, yazsa...

Sonra nədənsə pəncərənin axar-baxarı haqqında düşünməyə başladı: Qız qalasının təpəsi, Akademiyanın təzə binası. Bank, dəyirman.

Sonra marşrutlu avtobus haqqında dünənki fikirlərini xatırladı.

Sonra qulaqlarında maqnitofon yazıları canlandı:

“Bir də mən görsəm ki...” – bu cümlə nəbz kimi beynində döyünməyə başladı.

O biri otaqda saat üç dəfə vurdu və qəfilcə bir an içində Nemət hər şeyi başa düşdü.

Fikirləri durulub aydınlaşdı və Nemət hər şeyi birdən anladı.

Anladı ki, pəncərənin axar-baxarı nə qədər cazibəli, mənzərəli, gözəl olsa da, o, Nemət bu görünüşə nifrət edir. Nifrət edir, çünki o, bu mənzərəyə məhkumdur. Ömürlük məhkumdur. Heç bir zaman bu pəncərə, qatar pəncərəsi kimi hərəkətə gəlib dəyişməyəcəkdir. Bu pəncərəni xalça kimi dörd mismarla onun həyatına mıxlayıblar. Ömrü boyu o bu pəncərədən baxıb Qız qalasının təpəsini, Akademiyanın yeni binasını, bankı, dəyirmanı görəcək.

Adam öz həyatını qadını atan kimi ata bilmir, insan öz həyatını axıracan yaşamalıdır. Həyat yükünü axıracan daşımalıdır...

Nemət dəhşət içində anladı ki, bir də onun həyatında heç bir vaxt heç bir şey olmayacaqdır. Nə ürkək duyğuların nigaranlığı, nə gözləmə, nə aldanış, nə ümid, nə bahar gecəsi son tramvayın pəncərəsində diksinən ulduzlar...

O, həyatını, gündə oynadığı rolundan bıqmış bir aktyor kimi, qatarlara qoşulub dəyişməz relslərlə gedən parovoz kimi son mənzilə, son pərdəyə, son dayanağa, son sükuta çatdırmalıdır. Son qaranlığa, son səsin susduğu yerə...

O qanunların, qadağaların, normaların əsiridir.

Onları poza bilməz.

Poza bilməz, aza bilməz. Aha, indi tapdı ki, bu qafiyə hardandır. Yazıq, biçarə, zavallı marşrutlu avtobus!

Pozsa, azsa, yazsa...

Yazılana pozu yoxdur. Bunu bayaq kim dedi? Bayaq yox, dünən. Dadaş dedi, hə, bir də yadımdadır, vaxtilə Bikə xala demişdi.

Dünən Karmen də nə isə buna bənzər, bir şey deyirdi, hə, dedi ki, yazılıb, pozulmayacaq. Nə pozulmayacaq? Hə, maqnitofon yazısı...

– Hə, bir şey deyin...

– Demək, mən demək istə...

Bir dənə söz, bir dənə hərf dəyişə bilməz. Donub qalıb.

– Bir də mən görsəm ki...

Heç kəs bilmir ki, bir də sən görsən ki... nə edəcəksən?

Sabah yenə yığışıb bu yazıya qulaq asacaqlar. Sabah olmasın, birisi gün olsun. Ya bir həftə sonra. Yenə qulaq asacaqlar. Hamısı – özləri də, qonşuları da, qohumları da, Mürşüd, Mənzər, Tahirə, Caboş, Alya...

Sabah da qulaq asacaqlar. Hə, hə, lap yəqin bil. Biri gün də, o biri gün də.

Hər gün Bikə xala təkrar edəcək ki, Alyagilin maqnitofonu iki dəfə böyükdür. Hər gün Karmen rişxənd edəcək ki, Nemət “zadrıpannıy” maqnitofon alıb, hər gün Sürəyya ona acıqlanacaq və hər gün də sonda Nemət bir də mən görsəm ki, – deyə kimisə hədələyərək, sözünü yarımçıq qoyub sükut, səssizlik uçurumuna yıxılacaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets