Bir də mən görsəm ki...
Page 6 of 8 · 63%
Heç kəs də heç bir vaxt bilməyəcək ki, Nemət bir də görsə nə olacaq... Nə olacaq? Heç nə, hədəsiz hədə...
Sabah, biri gün o, birisi gün. Ay keçəcək, il keçəcək.
Heç nə dəyişməyəcək, ilahi, heç nə, heç bir şey.
İyirmi-otuz il sonra Nemət qocalıb öləcək. Ancaq ölənə qədər həyatında heç bir dəyişiklik olmayacaq. Arvadı. Üç qızı. Eyni qohumlar. İş yoldaşları, qonşular. Eyni söhbətlər, zarafatlar, qayğılar, təlaşlar. Eyni məclislər, tostlar...
Eyni pəncərə. Eyni avtobus. Eyni yazı...
Bir də mən görsəm ki...
Yazılana pozu yoxdur. Vəssalam. Qurtardı. Kitab bağlandı. Nöqtə.
Nöqtə? Bəlkə vergüllü nöqtə? Daha doğrusu, nöqtəli vergül? Bəlkə dalı var, izahı var...
Bir də mən görsəm ki... Nə görsən, ay yazıq? Nə görmüsən? Nə görəcəksən? Görsən nə edəcəksən? Heç nə...
Yazılana pozu yoxdur.
Yaxşı, bəsdir, yat getsin, Nemət. Sabah tezdən işə gedəcəksən. Yüzə qədər say: yuxuya gedəcəksən. Ya da yum gözlərini, təsəvvür elə ki, yolla gedirsən, gedirsən, gedirsən bir də görəcəksən yatdın. Əsas yuxulamaqdır. Adam yuxuda olanda vaxt məfhumu yox olur. Yatırsan, yuxu səni hoppadan götürüb qoyur səhərə. Vəssalam. Yaxşı, yataq. Bir, iki, üç, dörd, beş, altı...
Təhminə! Təhminə? O hardan yadıma düşdü? O hardan gəlib çıxdı? Hardan gəlib düşdü bu obraz, durdu gözlərimin qabağında? Dümdüz uzun qıçlı. Qara saçları şəlalə kimi çiyinlərinə axmış. Dişləri tən bir boyda – qarğıdalı dənələri. Gözləri... Nə rəngdəydi Təhminənin gözləri? Qara? Qonur? Göy? Yaşıl? Yox, yaşıl deyildi. Göy, şabalıdı, qara, qonur? Göy? Yaşıl? Yox, yaşıl deyildi. Nə rəng idi? Nə cür olub ki, indiyəcən diqqət eləməmişəm? Doğrudan qəribədir. Yaxşı, yat, Nemət, sabah işdə fikir verərsən. Yox, qəribədir. Nə rəngdir axı, qara, qonur, şabalıdı? Bəli də, indi də beyninə bu düşdü? Bu gecə vaxtı hardan öyrənəcəksən? Görəsən kim bilər bunu? Dadaş. Zəng eləyəsən, Dadaşdan soruşasan. Neməti gülmək tutdu. Pis olmaz. Gecə saat üçdə zəng eləyib Dadaşı yuxudan oyadasan: bağışlayın, Dadaş müəllim, sizə bir sualım var: Təhminənin gözləri nə rəngdədir? Təsəvvür edirəm Dadaşın sir-sifətini: Dadaş tuman-köynəkdə yuxudan avara olunub, telefonla şöbəsinin bir işçisi Nemətə başqa işçisi Təhminənin gözləri haqqında məlumat verir. Nə səhnədir! Doğrudan nə olardı, indi götürüb Dadaşa zəng edəsən?! Eh, nə boş-boş danışırsan, heç eləyərsən? Niyə eləmirəm? Ay elədin ha! Vallah, dəli şeytan deyir, dur elə. Ay elədin ha! Yaxşı. Nemət, yat. Hə, nə oldu, əzizim, deyirəm axı, sən dəli şeytanın sözüylə durub-oturan oğlanlardan deyilsən. Sən həmişə ağıllı şöbə müdirinin qoyduğu qayda-qanunlarla yaşayan oğlansan. Elə bu tutduğun yolnan da get. İşin yaxşı olar. Deməli, belə? Yaxşı, baxarıq.
Nemət ayağa durdu. Gecə məstlərini geydi, pijamasını düymələdi, dəhlizə çıxdı. Telefonun dəstəyini qaldırdı. Vaxt gec olduğundan, telefondan dərhal aydın “zummer” eşidildi. Nemət özünə belə qəribə görünən bir etinasızlıqla Dadaşın nömrəsini yığdı. “Beş siqnal gözləyəcəyəm, cavab çıxmasa asacam”. Dördüncü siqnaldan sonra Dadaşın səsi gəldi:
– Allo!
Səs yuxulu səs deyildi. Həmişəki aydın, təmkinli səs idi. Nemət bir an susdu, sonra cəld:
– Mənəm. Nemətdi, – dedi. Daha geriyə yol yox idi.
– Buyur, Nemət.
– Bağışlayın. Dadaş müəllim, sizi yuxudan oyatdım.
– Yox, yox, yatmamışdım, işləyirdim.
Birdən-birə Nemət özünü aciz və miskin hiss etdi. Yatmış bir mötəbəri gecə saat üçdə yuxudan oyadıb qəribə sual vermək ürək istəyirdi! Amma gecənin bu vaxtında oturub işləyən bir adamı belə axmaq bir sualla işindən ayırmaq yüngüllük idi, uşaqlıq idi, sataşmaq idi. “Təcili surətdə ayrı bir bəhanə tapıb işin içindən çıxmaq lazımdır”.
– Dadaş müəllim, sizdən bir şey soruşmaq istəyirəm. – Bunu vaxt qazanmaq üçün dedi.
– Buyur.
“Aha, tapdı”.
– Dadaş müəllim, mən belə şeylərdə yaman vasvasıyam. Yata bilmirəm. Sabaha qədər yerimdə qovrulacaqdım. Siz allah, bir məni sakit eləyin. İnciyib eləmədiniz ki?.. Bizim bu qonşu, Mürşüd bir az şitlik edirdi. Murtuz Balayeviç də bir az kobud adamdır... Deyirəm bəlkə...
Dadaş onun sözünü yarımçıq qoydu:
– Yox, yox, nə danışırsan, Nemət, dəli olma. Hər şey lap əla idi. Niyə inciyirəm? Adamlar cürbəcürdür. Hərəsinin öz duzu, öz ləzzəti var. Elə adamlar olmasaydı, həyat maraqsız olardı. Sən lap arxayın ol. Rahat get yat. Gecən xeyrə qalsın, – cavab gözləməmiş dəstəyi yerə qoydu.
“Vəssalam, Nemət müəllim. Bu da sənin qiyamın. Bu da sənin meydan oxumağın. Bu meydan oxumaq olmadı, meydan sulamaq oldu. Qiyam olmadı, mütiliyinin yeni ifrat bir təsdiqi oldu. Di get yat. Eşitmədinmi, Dadaş sənə rüsxət verdi. Yat”.
Nemət otağa keçib qaranlıqda pencəyini tapdı, cibindən siqaret çıxarıb iki qullab vurdu, dəhlizə qayıtdı. Telefonun dəstəyini qaldırıb nömrəni yığdı. Du, du, du...
– Bəli, – Dadaşın səsi yenə də sakit və təmkinli idi.
– Mənəm, Nemətdir.
– Eşidirəm.
– Dadaş müəllim, sizdən bir şey soruşmaq istəyirəm. Təhminənin gözləri nə rəngdədir? – birnəfəsə dedi.
Dəstək sükuta qərq oldu. “Hə, elə olarsan, müəllim. Deyəsən söz boğazında qaldı. Bir udqun görək. Hə, indi cavab ver. Həmişəki tək sakit və təmkinlə gecə saat dördə iyirmi dəqiqə işləmiş işçin Nemətə, işçin Təhminənin gözlərinin rəngi barəsində məlumat ver görüm”.
– Nemət, – səs əvvəlki kimi sakit idi, – deyəsən, biz gedəndən sonra xəlvətə salıb təkbaşına içmisən.
Nemət bu sözlərin mənasını da, Dadaşın sakitliyinin səbəbini də anladı. Bu vəziyyət Dadaşçün qəribə, qeyri-adi bir şey deyildi. Ömrü boyu Dadaş elə növbənöv qəribəliklər görmüşdü ki, Nemətin əcaib sualı onu təəccübə gətirib halından çıxarda bilməzdi. Sualın vaxtına – gecə saat dördün yarısına gəldikdə isə, buna da vərdişli idi: Məmməd Nəsirin vizitləri də təxminən gecənin bu radələrində olurdu. “Bizdən sonra xəlvətə salıb içmisən”. Dadaş, Nemətə Məmməd Nəsir kimi baxırdı. Əlbəttə, Nemət Məmməd Nəsir deyil, ağlı, dərrakəsi var. Həm də ailəsi, arvadı qoymaz. Amma ömründə bir gecə Məmmədnəsirlik edirsə, dünya dağılmaz. Dadaş təmkinlə və çox soyuq:
– Nemət, get yat, – dedi, – gecdir. Yaxşıca əl-üzünü yu, sonra yat.
– Dadaş müəllim, əgər elə bilirsiz ki, mən sərxoşam, çox səhv edirsiniz. Əgər məni təzə başlayan Məmməd Nəsir hesab edirsinizsə, yenə də səhviniz var. Mən tamamilə ayığam. Axşam da az içmişdim. Sizdən sonra da dilimə vurmamışam. Mən bircə sizdən onu bilmək istəyirəm ki, Təhminənin gözləri nə rəngdədir.
Dadaş kəskin və sərt bir ədayla:
– Nə demək istəyirsən? – dedi.
– Heç nə. Bircə Təhminənin gözlərinin rəngini bilmək istəyirəm.
Dadaş daha da sərt və əsəbi bir tərzdə:
– Bu sualı mənə niyə verirsən? – dedi.
“Aha, deyəsən özündən çıxırsan. O mötəbərlik maskan yerindən oynayır. Kişisən, bir kəlmə sərt söz de, cavabını elə verim ki, ölənəcən yadından çıxmasın. İstəmirəm sənin müqaviləni, avansını da. Mən elə kişinin oğlu deyiləm ki, sən mənə atalıq eləyəsən. Hə, de görüm, bir söz de...”
Dadaş heç nə demədi. Ancaq birdən-birə güldü. Bərkdən güldü. Bəlkə ondakı yumor hissi əsəblərinə və hirsinə üstün gəldi və o, vəziyyətin komizmini dərk etdi. Ya da özünü ələ ala bildi, kinini içəri salıb, bu qəribə söhbəti zarafata çevirmək istədi.
– Bilirsən nə var, Nemət, – dedi, – zəng elə özündən soruş.
“Bu adam sabun kimidir, – deyə Nemət düşündü. – Onu tutmaq mümkün deyil. Sürüşüb əlindən çıxacaq”.
– Telefon nömrəsini bilmirəm.
Dadaş əvvəlki kimi sakit və təmkinlə Təhminəgilin telefon nömrəsini dedi.
– Çox sağ olun. Bağışlayın zəhmət verdim.
– Xoşdur. – Ani bir sükutdan sonra əlavə etdi: – Mən gec yatıram. İşçilərdən hansı birinin gözləri, ya burnu haqqında məlumat lazım olsa, utanma, zəng elə. Xudahafiz.
Dəstəyi hər ikisi eyni vaxtda asdı. Nemət öz-özünə: “Bir: sıfır, Dadaşın xeyrinə” – dedi.
Təhminənin telefonu uzun zaman cavab vermirdi. Nemət uzun siqnallara qulaq asır, Təhminənin yatdığını anlayır, ancaq dəstəyi asmırdı. “Səhərə qədər gözləməli olsam da, asmayacağam”.
– Allo. – Təhminənin səsi yuxulu və boğuq idi.
“Sanki səsi duman içindədir”.
– Gecən xeyir, Təhminə, Nemətdir.
– Kim? Nemət? Hə... Bay, xeyir ola?
– Xeyirdir, qorxma. Səni yuxudan oyatdım, hə?
Kitabxana.az · https://kitabxana.az/en/works/anar-ag-liman-bir-de-men-gorsem-ki
Use ← → keys to move, R for a random poem
More by this author
(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*
İkinci nağılBir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*
Birinci fəsilBu vüsala yuxu əhvali demək mümkün idi,*Əgər olsaydı yuxu dideyi-giryanimizə¹.*
İkinci fəsilEy xoş ol günlər ki, mən həmraz idim canan ilə,*Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.*
Poems by other poets
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
CamecanXerolilar Osmannıya qaçarlar,Ermanilər sədirlərə keçarlar,