Günlərin bir günü
Page 1 of 8
– Üç yüz otuz üç!
Heç kəs hay vermədi.
Kassaçı ucadan təkrar etdi:
– 333!
Birdən Nemət duman içində dərk elədi ki, deyəsən, onu çağırırlar. Yaxasından döşlük kimi asılmış kərpicvarı ağ lövhəyə baxdı: lövhənin üstündəki üç iri rəqəmi aydın gördü və var gücüylə bağırdı:
– Mənəm, Namazov Nemət!
Səsi lap yavaşdan çıxdı.
Növbədə dayanmış adamlar ona məzəmmətlə baxırdılar. Susmuşdular. Yorğun, kədərli görkəmləri vardı. Çoxusunun sifəti Nemətə tanış gəlirdi, amma kim olduqlarını təyin edə bilmirdi. Bu adamları harda görüb, haçan?
Səssiz addımlarla kassaya yanaşdı.
– Hara bilet almaq istəyirsiniz?
– Bakıya.
– Hansı qatara? Kislovodsk-Bakı, yoxsa Krasnovodsk-Bakı?
– Kislovodsk-Bakı, – dedi və fikirləşdi ki, yaxşı, bəyəm biz Kislovodskda deyilik?
Kassaçı Səfdər dayı eynəyinin ardından mağmın-mağmın Nemətə baxdı, sonra zəhmlə soruşdu:
– Bakıya getməyə icazən var?
– İcazə lazımdır? Mən üç ildir növbəyə yazılmışam.
– Dəxli yoxdur. Neçə bilet istəyirsən?
Nemət barmaqlarını yummağa başladı.
– Bir, iki, üç, dörd, beş, altı. Altı. Plaskart. Kupe.
– Kimə-kimə?
– Arvadım bir. Mən iki. Qayınanam üç. Üç də qızım.
– Qızlar sənin deyil.
Nemət təəccüb etdi: kassaçı qadın bunu hardan bilirdi?
– Biri mənimdir, ikisi...
– Birinə bilet verə bilərəm. O ikisinin də öz ataları gəlib alsın.
Neməti qüssə bürüdü. Gərək həmişə belə bir əngəl çıxsın. Özü də lap son dəqiqədə. Üç il gözləyəndən sonra. Bu zaman yadına başqa bir məsələ də düşdü: “Qoy bunu da deyim, sonra bu da bir iş olar”.
– Pişiyimiz də var, – dedi, – pişiyə də bilet almaq lazımdır?
– Mütləq.
Yaxşı, onda deməli, beş bilet verin, – barmaqlarını bir-bir yumdu, – arvadım, mən, qayınanam, kiçik qızım, pişik.
Kassaçı biletləri yazmağa başladı.
Bu vaxt növbədən kimsə çıxıb kassaçıya yanaşdı, əyilib qulağına nə isə pıçıldadı.
Kassaçı diqqətlə Neməti süzdü:
– Eyib olsun sənə, – dedi, – aldadıbsan bizi. Bir əyninin geyiminə bax.
Nemət əvvəl öz geyiminə, sonra isə növbədə dayanmış yorğun, əzgin adamların geyiminə baxdı.
Növbədə dayanan kişilər və qadınlar eyni rəngli boz zolaq-zolaq pijama və xalat geymişdilər. Təkcə Nemətin əynində mavi rəngli saya pijama vardı.
Adamlar ona məzəmmətlə baxırdılar.
Bu zolaq-zolaq adamların içində Nemət qərib və əcaib görünürdü.
Hamının yaxasından kərpicvarı lövhə asılmışdı, üstündə də qara rəqəmlər.
– Axı, mən növbəyə yazılmışdım. – Nemət adamlara yalvardı. Üç həftə bundan qabaq, yox, üç il. Üç il bundan qabaq. Bilirdim ki, bilet işi çətindir. Nömrəm də 333-dür.
– Hanı? – deyə bayaq kassaçıyla pıçıldaşan kişi Nemətə baxdı. – Sənin nömrən yoxdur.
Nemət yaxasındakı lövhəyə baxdı: doğrudan da, lövhə ağappaq idi. Nemət yavaş-yavaş aradan çıxıb əkilmək istədi. Kassaçı Səfdər dayı arxadan onu harayladı.
– Nemət, al biletini...
– Bəs axı...
– Bir bilet verə bilərəm. Pişik üçün. Çünki o, zol-zoldur.
Nemət böyük mavi dənizin sahilinə çıxdı. “Kislovodskda dəniz? – deyə təəccübləndi. – Bəlkə, bura Kislovodsk deyil, Krasnovodskdır. Aha, belə de. Bəs, mən onda qatara niyə bilet alıram? Gəmiylə də getmək olar. Onda anamla atamı da apara bilərəm, axı onlar da hardasa bu tərəflərdədir”.
Kislovodsk parkının ağ sütunlu qapılarından yaşıl xiyabana daxil oldu. Söyüdlər sərin-sərin xışıldaşırdı.
“Amma insafları varmış. Səfalı yerə sürgün eləyiblər. Atamı deyə bilmərəm, amma anam yazıq istiyə dözə bilmir”.
Nə qədər cəhd elədisə də, anasının sifətini yada sala bilmədi.
Birdən xatırladı ki, gedib zol-zol pijama almalıdır. Yoxsa qatara bilet verməzlər.
Kislovodskın məşhur “Pyataçok” küçəsinə çıxdı. Küçəni keçəndə arxadan milis fiti eşitdi. Ona aid idi, hərəkət qaydasını pozmuşdu. Milis bir də aramsız fit çaldı. Nemət dayanmadı. Addımlarını becidləşdirdi. “Bacarırsa qoy çatsın” – deyə sürətlə uzaqlaşdı. Milis isə şəhərlərarası telefon zəngi kimi aramsız fit çalırdı.
Birdən fit səsi kəsildi. Nemət cəld tini buruldu, nəfəsini dərib geri qanrıldı: onu təqib edən yox idi. Qəflətən ağlına gələn fikirdən Neməti soyuq tər basdı. “Bilirsənmi daha niyə fit çalmır, niyə təqib etmir? Nömrəni yazıb, vəssalam. Bəs elə bilirdin qaçıb qurtarmısan? Lap arxayın ol, nömrəni yazıb götürüb, bütün postlara xəbər verəcək”.
Gözü divara sataşdı. Divarda tumbul bir qız uşağının şəkli asılmışdı. Qıvırcıq saçları, çəhrayı, gödək, qırçınlı paltarı vardı. Yanaqlarından qan damırdı. Şəklin altında: “Ata, Kislovodskdan mənə səsli məktub yaz” sözləri yazılmışdı.
Nemət “Pyataçokun” hündür yerindən üç nəfərin ona tərəf gəldiyini gördü. Biri böyük qızı idi, qızı ona yanaşıb:
– Ata, mənə maqnitofon al, – dedi.
İkincisi anası idi. Nemət onun üzünün cizgilərini ayıra bilmirdi. Amma bilirdi ki, anasıdır.
Üçüncüsü Sürəyya idi – Nemətin arvadı.
Sürəyya saatı soruşdu.
Nemət iri küçə saatına baxıb:
– Üç tamam, – dedi.
Arvadının səsi lap yaxından eşidildi:
– Ay Nemət, oyan görək! Saatı soruşuram.
Nemət gözlərini açdı.
– Nə?
– Deyirəm saat neçədir? Mənim saatım yatıb.
Nemət qol saatına baxdı.
– Doqquza iyirmi dəqiqə qalıb, – dedi.
– Sən allah, dur get çörək al. Çörəyimiz qurtarıb.
– Yaxşı, bu saat. Beş dəqiqədən sonra.
Gözlərini ovxaladı. Divara tərəf çevrildi.
– “Taldı-Kurqan, Alagöl, Manançı”.
Bir ilə yaxın idi ki, Nemət iş otağını böyük qızına verib onun yerinə keçmişdi. Ancaq vaxtilə qızının çarpayının yanından vurduğu böyük xəritə hələ də divarda dururdu. Sovet İttifaqının siyasi xəritəsi. Ölkənin cənub sərhədi Nemətin balışının yanına düşürdü.
Hər səhər Nemət gözlərini açıb bu xəritəni görürdü. O, Şərqi Qazaxıstanın şəhərlərini, göllərini, çaylarını əzbər bilirdi.
Çox vədə gecələr yuxusu qaçardı. Qaranlıqda xəritə yazılarını seçmək olmurdu. Amma gözüyumulu halda da Nemət barmağını düz Taldı-Kurqanın, yaxud Alagölün, ya da Manançanın üstünə qoya bilərdi.
Bəzən bu şəhərləri, çayları, gölləri, ümumiyyətlə, bu ərazini təsəvvüründə canlandırmağa çalışırdı. Ucsuz-bucaqsız çöllər, alaçıqlar, susayıb göl, çay kənarına gələn at ilxıları... Uzun yallı ağ atlar... sonra yuxu bataqlıq kimi çəkib onu aparırdı.
– Ay Nemət, sən allah, dur çörəyə get də...
Yuxu qırsaqqız olub yapışmışdı, əl çəkmək istəmirdi. Ancaq Sürəyyanın səsində narazılıq xalları vardı.
Nemət cəld yorğanı kənara atıb sıçradı. Bir-iki dəfə əl-qolunu atdı – öz aləmində bu, səhər idmanı idi. Üzünü yuyub mətbəxə keçdi.
– Adam – badam iysi gəlir, yağlı badam iysi gəlir.
– Get çörək al gətir, onda yağlı badam da görərsən.
Çörəyə növbə yox idi. On dəqiqədən sonra ər-arvad ağ, təmiz, səliqəli mətbəxdə qabaq-qabağa oturub çay içirdilər.
Nemət:
– Bir qatmaqarışıq yuxu görürdüm ki! – dedi. – Görürəm Kislovodskdayıq. Bakıya bilet almaq istəyirəm, özü də, bax, bu pijamada gəlmişəm, deyirlər yox, zol-zol pijama geyməsən bilet verməyəcəyik.
Pişik miyoldadı. Nemət kolbasanın bir tikəsini ona atdı və gülümsündü:
– Pişiyə də bilet alırdım. Ona bilet verdilər, dedilər zol-zoldur.
– Belə ağıllı yuxular gördüyünçün ayılmaq istəmirdin? Saatı soruşuram, deyirsən üç.
– Yuxuda saat üç idi də.
Sürəyya:
– Mürşüdgil deyəsən bu il də Kislovodska gedəcəklər, – dedi.
– Kislovodskın o bilet müsibəti yadıma düşəndə heç ora ayaq basmaq istəmirəm.
Mixəyi qalstuku qırış idi, yaşılı bağladı.
– Yaxşı, hələlik, – dedi. – Mən getdim.
– Tez gələcəksən? Axı, bu gün şənbədir...
– Ay aqibətin xeyir, – şeşəbığlı Musa kişi qırmızı siqaret paçkasını Nemətə uzatdı. – “Arzu” da var a, bəlkə “Arzu” verim? Mağıl indi filtrin bolluğudur.
– Yox, elə “Nərgiz” yaxşıdır. Kibritin varmı? Ay sağ ol.
Siqareti damağına aldı. Kibrit çəkdi. O biri səkiyə keçib qəzet köşkünə yanaşdı.
– Sabahın xeyir... Varındı?
Salman kişi eynəyinin altından gözlərini azacıq qıydı. Nemətdən başqa heç kəsin sezə bilmədiyi “hə” işarəsini verdi. İşindən qalmadı:
– Bu sənin “İzvestiya”n. Al, bu “Kommunist”. Buyur, “Gənclər”, “Pravda” yoxdur, qurtarıb. “Trud” üç qəpik. “Bakı”, əlbəttə, dünənkidir, yoxsa bugünkü olacaq səhər-səhər? “Komsomol?” Buyur, – deyə alıcıları bir-bir yola salırdı.
Sonra becid bir hərəkətlə piştaxtanın altından qəzet çıxarıb Nemətə uzatdı.
Nemət:
– İki dənədir də? – deyə soruşdu.
– Eyib sözdür ki...
– Ay səni yüz yaşa. Buyur.
Sağ ol! Xoş getdin!
Bu iti əməliyyat növbədə dayanmış çil-çil köynək oğlanın nəzərindən yayınmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/anar-ag-liman-gunlerin-bir-gunu
Use ← → keys to move, R for a random poem
More by this author
Həm vüsali vurur od canıma, həm hicranı*Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.*
Beşinci fəsilDegildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Poems by other poets
Bu nazənin gözəlin yaxşı dilgüşalığı var,Heyif, öz aşiqinə çox kəmetinalığı var.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Driğa, dilbərim halım pərişan olduğun bilməzDriğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.