Üçüncü
Page 5 of 7 · 57%
Zaur:
– Bu da dəniz, – dedi.
Hələ çəkilib bitirilməmiş rəsm kimi idi dəniz. Elə bil rəssam kətana yalnız bir neçə cizgi çəkmişdi – sahilin köbəri, üfüq xətti, nöqtə-nöqtə qayalar. Vur-tut ikicə də rəngə əl atmışdı: maviyə, səma və dəniz üçün, bir də sarıya, sahil qumları üçün. Elə bil seyrək kətanın üstündə hələ çəkiləsi çox şey vardı. Səmaya pərən-pərən buludları, dənizə köpüklü dalğaları əlavə etmək olardı. Göydə qağayılar çəkmək olardı, yerdə əlvan köşklər, suda ağ yelkənlər. Sahildə, dənizdə adamlar çəkmək olardı. Ancaq hələ heç biri çəkilməmişdi. Nə dalğalar vardı, nə yelkənlər, nə qağayılar, nə də adamlar.
– Bax, bu yol Pirşağıya gedir, ancaq sən bu yana burul, aha, bax belə, indi tut bu yolun ucundan, sür. Gedib mən deyən yerə çıxacaqsan.
Maşın torpaq yolla atılıb-düşməyə başladı.
– Hələ çox gedəcəyik?
– Gəlib çatdıq. Saxla.
Dişdəm-dişdəm qayalar bu plyajı sahilin o biri sahələrindən ayırırdı. Bura lap xəlvət yer idi. Təpə tənha. Torpaq yol da gəlib qumlarda itirdi.
Maşını saxlayıb qumluğa düşdülər. Təhminə ayaqqabılarını çıxarıb əlinə götürdü. Ayaqlarında narın qumların xoş qıdığını duyanda elə bil vaxt uzaqlarında qalmış qərib bir diyara – uşaqlıq diyarına düşdü. Boğazında qəhərlənən ilıq, sentimental bir dalğadan boğulacağından qorxaraq, dərhal özünü ələ aldı, bütün oyanan, baş qaldıran xatirələri süpürüb atdı.
– Çantanı bəri ver, – dedi. Arxa pəncərənin qabağında fotoaparatı görüb bu mövzudan yapışdı. Uşaqlıq diyarından qaçdı.
– Sən foto çəkirsən?
– Hərdən-birdən. Aparat çoxdan yadımdan çıxıb maşında qalıb.
– Götür, şəklimi çəkərsən.
“Yox, əzizim, keçəl suya gedən deyil, – deyə Zaur düşündü. – Zaur kişi lap sən deyən uşaq deyil, şəkil sənəddir. Mənim də belə-belə sənədlərdən xoşum gəlməz”.
Ləpədöyənə çatdılar. Zaur əlini suya vurub:
– Qiyamət sudur – dedi və soyunmağa başladı.
Mis kimi qaralmış bədəni boynundan topuqlarınacan əzələ idi. Hər hərəkətində əzələlər oynayırdı. O özü də bu əzələ oyunundan və oyunun yaratdığı mənzərədən həzz alırdı.
– Bəs niyə soyunmursan?
– Mən hələ çimmirəm.
– Niyə?
– İstəmirəm.
Elə qəti səslə dedi ki, Zaur inad eləmədi. Əllərini torpağa qoyub, iki dəfə mayallaq aşdı. Bir neçə kərə tullandı, əl-qol atdı. Sonra dənizə cumdu.
Bayaqdan bəri gözlərini ondan çəkməyən Təhminə paltarını soyunmadan dənizin içinə girdi, su dizinə qalxanacan irəlilədi.
Zaur bir-iki dəfə suya baş vurdu. Həftənin, işin, yolun ağırlığı qatqat, qabıq-qabıq canından çıxırdı. Suyun üzdə yuxu kimi ilıq, dərində soyuq axını dərisini oxşayır, əzələlərinin gərginliyini boşaldır, əsəblərini sakitləşdirirdi. Nənəsinin sözü yadına düşdü. “Xalçanı yatımına görə sığallayarlar”. Elə bil dəniz onu yatımına görə sığallayır, oxşayır, dincəldirdi.
Üzüb uzaqlara getdi, sahil kiçildi, maşın sarı fonda yaşıl ləkəyə çevrildi. Təhminə görünməz oldu. Su boy vermədi. Dənizin əzəmətli hüdudsuzluğu, ləpəsiz hamarı, dəniz sakitliyinin baş gicəlləndirən ahəngi bir an vahimə kimi onu basdı, eyməndirdi.
Lakin dərhal özünü topladı. Uzun illərin idman məşqlərini, üzgüçülük məharətini xatırlayıb rahatlaşdı, toxtadı. Bildi ki, bu hiss, su boy vermədiyindən, bir də dənizin aram ləngərindən oyanır. Qollarını açdı, dənizin üzündə xaçvarı uzandı. Göyü gördü. Hardansa gəlib keçən seyrək buludlara baxdı.
Təhminəni düşündü. Onun qənirsiz gözəlliyini, boyalı dodaqlarını, sürməli gözlərini, uzun ayaqlarını. Gülüşündəki, səsindəki, qoxusundakı qadın cazibəsini. Xasiyyətindəki qəribəliyi, pərakəndəliyi, söz-söhbətinin dağınıq məntiqsizliyini...
İstədiyi və isindiyi başqa qadınları xatırladı və etiraf etdi ki, hələ heç birisi onu bu dərəcədə cəzb etməyib. Sövqi-təbii, ancaq qəti bir arxayınlıqla bilirdi ki, özü də Təhminənin xoşuna gəlir. “Yaxşı, bəs, beləysə, biz sadəcə, bir-birimizin ola bilmərikmi? Bəs nə üçün bu təbii, insani istəyə mütləq cürbəcür don geyindirmək lazımdır – nə bilim hiss, duyğu, məhəbbət, intizar, nə bilim daha nə cür təmtəraqlı, boş-boş bekara sözlər. Nə üçün, axı nə üçün bu qədər yersiz hədər, havayı söz demək lazımdır? Nə üçün bu qədər danışmaq lazımdır? Əgər biz hər ikimiz bunu istəyiriksə, bu olmalıdırsa, mütləq olacaqsa, bütün bu sözlər, nə mənim, nə də onun inanmadığı sözlər, duymadan, istəmədən kimə lazımdır? Mənə yox, ona yox. Bəs kimə? Burada bizdən başqa kim var ki? Heç kəs... Ancaq yenə də nə mənə, nə də ona lazım olan sözlər deyilməlidir, sanki burda kimsə, başqa bir görünməz var, onun xatirinə, onun başını tovlamaq üçün. Nə qəribə! Bəlkə bu da bir dəbdir, adət-ənənədir?
O, Təhminənin bütün yoldakı danışıqlarını da bax elə bu dəbin nömrələri sayırdı. Gərək mütləq əvvəl-əvvəl o yandan-bu yandan, kənar-kənar işlərdən danışasan, göstərəsən ki, yox heç vəchlə ola bilməz ki, mənim fikrimdə bir elə o məsələ olsun. Yox, yox, əksinə, bu heç mənim ağlıma da gəlmirdi. Sən nə danışırsan? Yox, yox... Ay-hay! Bu yalan, riyakarlıq kimə gərəkdir? Dedim ki, gedək plyaja ikimiz, ha, bax mən o sözləri deyəndən, sən razılaşandan indiyəcən bütün keçən vaxt ərzində, nə danışırıq danışaq, ikimizin də fikrində bir budur. Sənin də, mənim də. Yaxşı bəs bütün uzun müqəddimələr, uvertüralar, bu cürbəcür don geyindirmək komediya deyil, nədir?
Heç olmasa mənimlə dənizə girəydi. Bəlkə dənizdə adam yarımçılpaq olanda, sözlərə, istəklərə də don geyindirib bəzəmək lazım olmur. Bəlkə dənizdə bu boş sözlərsiz də keçinmək olar. Deyərdim, gəl sənə üzmək öyrədim, toxunardım, qucaqlardım, sinəmə sıxardım. Vəssalam.
İndi sahildə gərək bütün mərhələləri keçəsən. “Saçların nə gözəldir, qoy sığallayım, bəli, əlini saçına çəkirsən, sonra boynuna, sonra birdən qəfilcən, guya ki, coşub qucaqlayırsan, bəli, ehtirasın aşıb-daşıb, sonra... tfu!
Sahilə tərəf üzməyə başladı. Təhminə görünmürdü. Sahilə çıxdı. Boylandı. “Bəli də, işimiz var!” Bərkdən çağırdı:
– Təhminə!
– Burdayam.
Başını qaldırıb qayanın zirvəsində Təhminəni gördü.
– Ehtiyatlı ol, yıxılarsan!
– Qorxma. Aparatı götür. Çək mənim şəklimi bax burda.
– Yaxşı.
Aparatı götürdü. Sayğacına baxdı. Lent çoxdan qurtarmışdı.
– Tərpənmə, – dedi, sakit dayan. – Aha, oldu.
– Belə də çək. Bax bu cür.
– Yaxşı. Aha. Oldu. Di düş bura.
Təhminə qayaların üstündən keçi kimi tullana-tullana lap aşağı düşdü.
Zaur yerə sərələnmişdi, özünü günə verirdi. Tüklü sinəsi qabarıb-enirdi. Sonra üzüstə çevrildi, torpağa sərilib quyu qazmağa başladı.
Təhminə çantanı açıb yuxa, göyərti, qırmızı turp, ağ pendir çıxartdı. Kiçik salfeti sərdi.
Həmişə kefdə-damaqda yaşayan bu məclislər gözəli elə bir evdarlıqla süfrə açırdı ki, Zaur ona sonsuz bir təəccüblə baxırdı.
– Mən heç bilməzdim ki, səndə belə evdarlıq damarı var.
– Bayaq dedim, yenə də təkrar edə bilərəm ki, sən hələ çox şeyi bilmirsən. Bax, məsələn, bilmirsən, mən bu çantada sənə nə sürpriz hazırlamışam.
Zaurun barmaqları qazdığı quyuda suya çatdı. Başını qaldırıb:
– Nə sürpriz? – deyə soruşdu.
Təhminə cavab vermədən əlini çantanın içinə salladı. Tünd rəngli bir şüşə çıxartdı.
– Moskvadan gətirmişəm, – dedi. – Bir il idi gizlədib saxlamışdım. Sənin qismətin imiş. Fransız konyakıdır. “Kamyu”. Düzdür, konyakı belə zakuskayla içməzlər, amma daha keçib.
“Vallah, bəhməz almışam, bal çıxıb, – deyə Zaur düşündü və öz-özünə zarafat elədi. – bax Zaur kişi, almaq-boşamaq söhbəti olmasın”.
– Nəyə gülürsən öz-özünə?
– Heç, vallah, Təhminə, səndən bircə dənədir.
Sonra Günəş qürub etməyə başladı. Paslı qürub dənizə də pas saldı. Sonra içdilər. Bir də içdilər. Bir də. Bir də. Sonra ay çıxdı.
Sonra Zaur qolunu Təhminənin boynuna saldı. Təhminə onun qolunu şarf kimi boynundan açdı.
– Dayan, – dedi, – dayan. Sən fotoqrafsan, gərək biləsən, məhəbbət də foto kimi qaranlıqda aşkar olur.
Sonra Təhminə:
– Gəl gecəni burda qalaq, – dedi.
Zaur cəmisi dörd qədəh içmişdi və düşündü ki, keçən ay iki yüz manat verib “Moskviç”inə ölüm-zülümlə dörd dənə qəttəzə “yaroslavski pokrışka” alıb. Bu çöllü-biyabanda qalsalar, gecə gəlib maşını tamam soyub-talaya bilərlər. Əlbəttə, o, idmançıdır. Ştanqadan dərəcəsi var. İkisini-üçünü şil-küt eləyə bilər. Amma birdən dəstəylə gəldilər, silahla?
Sonra o bir qədəh də içdi və:
– Gözəl fikirdir, – dedi, – qalırıq gecəni burda.
Sonra Təhminə uşaqlığından danışmağa başladı. Üçüncü sinifdə oxuyanda bir rəfiqəsi onu ərlə arvad arasındakı əlaqələrdən, uşaqların doğulmasından agah edib. – Axmağın birisi, – dedim, – sənin öz atan-anan belə eləyir, mənim atam-anam heç vaxt belə iş tutmaz. O, sırtıq-sırtıq üzümə baxdı, güldü: – Axmaq sən özünsən, – dedi. – Bəs, onda sən necə dünyaya gəlmisən, hə, necə? Mən onunla dalaşdım, küsüşdük. Amma düşünüb bildim ki, düz deyir. Cürbəcür şeylər yadıma düşdü. Neçə gün ata-anamın üzünə baxa bilmirdim. Elə hey soruşurdular ki, qızım, sənə nə olub? Cavab vermirdim. Ürəyimdə deyirdim ki, nə olub, nə olub? O olub ki, sizdən zəhləm gedir, utanmazlar!
Kitabxana.az · https://kitabxana.az/en/works/anar-ag-liman-ucuncu
Use ← → keys to move, R for a random poem
More by this author
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Poems by other poets
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.