Page 2 of 2 · 50%

Görünür, orada uzun zaman məşvərət apardılar, sonra addımlar eşidildi, sonra isə Manafın səsi gəldi. Özünü tamamilə itirmiş, öz adından belə imtina etməyə hazır olan yazıq bir insanın səsi.

– Bəli...

– Mənəm, Manaf, Təhminədir, – bir an qorxdu ki, hətta Manafın ürəyi gedə bilər. Amma daha geriyə yol yox idi, – Manaf, indi başa düşdün ki, mənim hər şeydən xəbərim var? Bilirəm ki, Tiflisdə deyilsən, Bakıdasan, harda olduğunu da bilirəm, görürsən zəng elədim. – O, Zoyanın adını, familiyasını, dəqiq ünvanını da demək istədi, amma fikirləşdi ki, bu artıqdır. – Özü də çoxdan bilirəm, – yalnız bir bunu əlavə elədi.

Manaf udqundu...

Təhminə:

– Heç bir vaxt dava-dalaşa çıxmamışıq səninlə, indi də belə fikrim yoxdur. Amma xahiş edirəm ki, yarım saatlığa evə gələsən, vacib bir məsələni həll eləyək. Biz ayrılmalıyıq.

Bir kəlmə də dinib-danışmırdı Manaf və yalnız Təhminə: – Yarım saatlığa gələ bilərsənmi? – deyə təkrarən soruşanda Manaf batmış bir səslə:

– Yaxşı, – dedi.

Təhminənin zənn elədiyi kimi iyirmi dəqiqədən sonra gəldi Manaf, sir-sifəti meyit rəngində...

Əgər Manaf Təhminənin gözlərində bu qədər miskin və iyrənc olmasaydı, hətta, yazığı da gələrdi ona.

– Biz ayrılmalıyıq, Manaf, – dedi, – daha bu cür yaşamaq olmaz... Mənim bir hakim tanışım var, tez ayırarlar bizi, əngəlsiz-filan...

Manaf yenə də susmuşdu, başını almış bu gözlənilməz bəlanın dəhşəti ona qara bir yuxu kimi gəlirdi. Axı ömrünün dəqiq düşünülmüş və onun gümanıyla yaxşı ört-basdır edilmiş bütün düzümü, sahmansəliqəsi alt-üst olurdu.

– Sənin Zoyayla, ya başqa qadınlarla əlaqən... mən onların da adını bilirəm, inan buna, bir söz, bütün bu xəyanətlərinin heç bir dəxli yoxdur... Sən çoxdandır, neçə ildir ki, məni aldadırsan, amma görürsən ki, indiyəcən vecimə olmayıb bu. Çünki səni sevmirəm, Manaf. Demirəm ki, haçansa sevmişəm, indi sevmirəm, yox, heç vaxt sevməmişəm... Bilirəm, bəlkə də bunu eşitmək səninçün ağırdır, amma, doğrudan da, belədir. Bizim evlənməyimiz böyük səhv idi. Hər halda mənim həyatımın ən böyük səhvi adı...

Manaf onun dediklərini sanki heç dərk etmirdi, bayaqdan bəri. Təhminənin zəngindən bəri fikirlərində dolaşan sual yalnız bu idi ki, görəsən Təhminə haradan öyrənib hər şeyi, kim deyib ona, necə təyin edə bilib hər şeyi belə dürüst, telefon nömrəsinə qədər, bundan başqa daha nə bilir və ən əsas məsələ – görəsən hələ bir şey eləmək mümkündürmü, ailələrini, nikahlarını saxlamaq mümkündürmü? Bəlkə yalvarıb-yaxarsın, ya əksinə, çığır-bağır salsın, Təhminəni borclu çıxarsın? Yox, bunlardan heç biri bir nəticə görməyəcəksə, onlar hökmən ayrılacaqlarsa, onda Manafın gələcək həyatı necə qurulacaq, elə Zoyanın özüylə ya başqalarıyla necə olacaq münasibətləri? İndi azad və sərbəst olandan sonra daha gizlənməyə bilərmi, ya əksinə, daha artıq gizlənməlidir və asudəlik onun qarşısına yüz cür təzə problem çıxaracaq?..

Mənzil Təhminənin atasından qalmışdı və Təhminənin adına idi, Təhminə:

– Səndən yeganə xahişim budur ki, – dedi, – hələlik bu evi təkotaqlı mənzilə dəyişənə qədər sən Zoyagildə, ya kefin harda istəyir orda qal... Bu xahişimi yerinə yetirərsən?

Və ancaq bu zaman Manaf hər şeyi sonunacan, son nöqtəsinəcən başa düşdü, başa düşdü ki, qətidir ayrılmaqları, heç bir şeylə qarşısıalınmazdır bu iş və birgə ailə həyatıyla bağlı nə vardısa, məsələn, bax elə bu mənzilləri bir də heç vaxt, heç vaxt olmayacaq...

Təhminə tamam yad bir adam olacaq Manafçün, daha bir də heç vaxt, heç vaxt onlar bir divanın üstündə yan-yanaşı oturub televizora baxmayacaqlar, mətbəxdə bir yerdə çay içməyəcəklər, bir-birinə qapı açmayacaqlar və bir-birini telefona çağırmayacaqlar... Ağır, ləng bir qorxu yavaş-yavaş Manafın bütün içini doldurdu: yavaş-yavaş tam bitkinliyi ilə dərk edirdi ki, bir də heç vaxt Təhminəni mavi, tiftikli xalatda hamamdan çıxıb nəm saçlarını darayan görməyəcək.

Dəhşətli bir peşmançılıq hissiylə onu da duyurdu, hər hansı bir vaxt – keçmişdə ya indi – əlaqə saxladığı qadınların hamısından daha artıq, dünyadakı bütün qadınlardan daha artıq Təhminəni xoşlayırdı. Təhminəyə məftun idi və neçə ilin ər-arvadı olsalar da, əslində heç bir gün, heç bir gecə, heç bir saat da Təhminəyə malik olmayıb. Bəlkə elə Təhminənin soyuqluğu, biganəliyiydi Manafı başqa qadınların ağuşuna atan?.. Başqa qadınların nəvazişi onda özünə inam hissi oyadırdı, o hissi ki, Təhminəylə olanda itirirdi, daha doğrusu, heç bir vaxt duya bilmirdi Təhminəylə olanda. İndi, bu an dəli bir ehtiras oyanmışdı Manafda, Təhminəni bağrına basmaq, paltarlarını dartıb cırmaq, çabalayan çılpaq bədənini qolları arasında sıxmaq, öpüşlərə, nəvazişlərə qərq eləmək! Amma onu da bilirdi ki, bu saat yer üzündə bundan mümkünsüz şey yoxdur, dünyada heç bir qadın indi onunçün keçmiş arvadı Təhminə qədər uzaq və əlçatmaz deyil. Bunu dərk edə-edə hər halda yenə də inanmaq istəmirdi – yaxın bir adamın ölümünə inanmamaq istəyi kimi bir şeydi bu istək... İllər boyu birgə yaşadıqları bu otağın ora-burasına göz gəzdirirdi: divarlarda Təhminənin iri fotoşəkilləri, atasından qalma iri divar saatı, əlvan üfürmə şar – Bolqarıstandan gətirmişdi onu Təhminə və balaca, lap balaca əncir ağacı – təbiətin qəribə şıltağı, dağlarda bitmişdi bu mikroağac və onların ümumi dostları – alpinistlər hədiyyə gətirmişdi Manafgilə toylarından bir neçə ay sonra. O vaxtlar, evlənmələrinin ilk illərində, aralarında nə isə ümumi bir şey vardı məsələn, ümumi dostları. Sonralar hərəsi öz həyatına qapıldı... Təhminənin səbir kasasını dolduran son damla nə olmuşdu görəsən. – Manaf bu barədə düşünür və Təhminənin paltarlarının düymələrini sayırdı, bu düymələr indi onunçün ən açılmaz möhürlər idi...

Divar saatı on bir dəfə vurdu...

* * *

– Bəs mən nə deyirdim. – Zivər xanımın həyəcandan gözü-başı qaynayırdı – bu dünyada bircə öldüyüm günü bilmirəm mən... Deyirdim sənə ərindən boşanacaq, deyirdim, demirdim hə?

– Kim?

– Kim, kim? Sənin aşnan... Belə de, sənin heç xəbərin də yoxmuş ki... Alya gəlmişdi... Onun da dərdi mənimkindəndir yazığın, deyir bilmirəm haraya müraciət eləyim, SK-ya? “Pravda”ya yazım bəlkə?

– Bir ağıllı-başlı de görüm nə olub axı.

– Nə olacaq, bu həyasızın qızı bütün təmiz ailələri pozacaq vallah... Alya deyir ki, yenə dadanıb zəng eləməyə Spartaka, yazığa aman vermir. Neçə aydır deyir, mağıl qulağımız dinc idi, bilmirəm kimə uymuşdu. Spartakın yaxasından əl çəkmişdi... Alya bunu mənə eşitdirir, e... Sənin fırıldaqlarından xəbərdardır. Moskvaya bir yerdə getməyivizi də bilir. İndi də, deyir, qayıdıb Moskvadan, yapışıb yenə Spartakın boğazından. Nə göz verir, nə işıq... hə, o yandan da deyir, məsələ qaldırıb, ərindən boşanır. Yəqin mənim oğlumun xirtdəyinə keçmək fikrindədir, deyir Alya yazıq... Spartakın pullarına tamah salıb, yaxşı təmiz ailəyə dürtülmək istəyir... Ay onun mürdəşir yusun üzünü, deyir Alya... Amma mən bir yandan sevinirəm ki, vallah, o Spartak – o da o. İtin dişi, donuzun dərisi... təki səndən əl çəksin, amma bir yandan Alya da yazıqdır da... Vallah, ana olmaq da bir bədbəxtçilikmiş bu dünyada.

Zaur daha onu eşitmirdi, telefona yanaşdı, elə evdəncə zəng elədi... Birinci dəfəydi ki, Təhminəyə evlərinin içindən zəng eləyirdi. Telefon cavab vermədi.

Zivər xanım altdan-altdan qımışaraq:

– Hardan cavab verəcək? – dedi. – Səhər gördüm Spartak “Volqa”sını qarajdan çıxarırdı. İndi də onun maşınında gəzir də... Spartakın “Volqa”sını sənin “Moskviç”indən üstün tutur də... – amma birdən Zivər xanım susdu, diqqətlə Zaurun üzünə baxdı və tamamilə başqa, yumşaq həlim bir tərzdə:

– Ay oğul, – dedi, – qanını qaraltma, anan qurban. Sənin tayın deyildi o... Qurban olum, o kimdir ki, sən bir belə ürəyivə salırsan, özüvə dərd eləyirsən bu şeyləri... Çıxart başından, sənə qurban olum... Gəl sənə dolma bişirmişəm, səhərdən acsan, işdən gəlmisən, bir tikə çörək ye, gözlərinin qadasını alım...

Zaur geyinib küçəyə çıxdı ki, anasının səsini eşitməsin. Nə kinayəli, nə mehriban, nə acı, nə şirin sözlərini eşitmək istəyirdi...

Küçəylə gedir və düşünürdü: bu nə təzə söhbətdir belə... Doğrudanmı Təhminə yenə Spartaka zəng eləyib, indi nə işi düşüb görəsən?.. Bəs Zaura niyə zəng eləmir və bu nə boşanmaq məsələsidir belə, bu söhbət hardan çıxıb? Spartakın nə dəxli var buna?.. Bu boşanmanın – əgər doğrudan da boşanırsa – Spartakla nə əlaqəsi ola bilər? Bəs Muxtarla? Muxtar bilirmi bu barədə bir şey?.. Bəs özü hardadır. Təhminə, axşam doqquzdur axı... Yenə zəng elədi. Sonra bir də, bir də... Telefon susmuşdu... Gecə on birin yarısı olmuşdu artıq. Telefon susduqca Zaurun nigarançılığı da artırdı və bilirdi ki, əgər bu axşam Təhminəylə danışıb bütün bu məsələləri aydınlaşdırmasa, rahat ola bilməyəcək. Küçələri gəzə-gəzə gəlib Təhminəgilin evlərinin qabağına çıxdı.

Evlərini də tanıyırdı Təhminəgilin, pəncərələrini də və bu pəncərələr indi işıqlı idi. Pəncərələri işıqlı görən kimi Zaur cəld telefon budkasına girdi – yəqin axır ki, Təhminə gəlib çıxıb evə, amma nömrə yenə də cavab vermədi. Zaur budkadan çıxdı və birdən par-par parıldayan çəhrayı “Volqa”nı – Spartakın “Volqa”sını gördü. Maşın düz Təhminəgilin qapılarının qabağında dayanmışdı, iki təkəri – bir tərəfi səkinin üstündəydi.

Elə bil hər şey birdən-birə Zaurun beynində işıqlandı, “deməli belə” – deyə düşündü. İndi lap qəti əmin idi ki, Spartak Təhminəgildədir, Təhminə də evdədir, hər ikisi o işıqlı pəncərələrin dalında oturub, telefon zənglərinə qəsdən cavab vermirlər və anasının, Alyanın, “bütün şəhərin” danışdığı söhbətlərdə, şübhəsiz, həqiqət var... Ərindən də yəqin ki, boşanır Təhminə, Spartaka da şübhəsiz ki, zəng eləyir. Muxtara da... Birdəfəlik bütün bunlara son qoymaq lazımdır, – deyə düşündü Zaur, özü də məhz indi, bu saat. İndicə qalxacam onların mənzillərinə, qapılarını döyəcəyəm, telefonu götürmədikləri kimi qapını da açmayacaqlar. – Zaur cəm halında düşünürdü evdəkilər haqqında, amma Təhminəylə Manaf kimi yox, Təhminəylə Spartak kimi – qapını açmayacaqlar, eybi yox, təpiklə vurub sındıraram, qoy səsküyə qonşular çıxsın, onsuz da bütün şəhərdə rüsvay olmuşuq, qoy lap biabır olaq, amma həqiqət axır ki, biryolluq üzə çıxsın. Zaur elə bil qızdırma içində sayıqlayırdı öz-özünə; Çöl qapısından, yüyürə-yüyürə üçüncü mərtəbəyə dırmaşdı, zəngi basdı... Qapının dalından səs-səmir gəlmirdi. Zaur barmağını zəngin üstünə qoydu və çəkmədi – aramsız çalırdı zəngi. Bir azdan qapı ardından tələsik addım səsləri eşidildi və Təhminənin təəccüb dolu səsi eşidildi:

– Kimdir?

– Mənəm, Zaurdur, – dedi.

Qapı açıldı və mat-məəttəl qalmış Təhminə:

– Sənsən? – dedi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets