Page 4 of 5 · 60%

İçdilər, sonra Muxtar durub harasa getdi və Təhminə:

– Bilirsən necə insan adamdır, – dedi. – Sənətkarlığına da söz ola bilməz, – Allah vergisidir də...

Zaur düşündü ki, bu Allah zalım mənə niyə bir şey verməyib görəsən.

– Zaurik, nədirsə, elə bil pərişan dəyirsən bu gün gözümə? Nə olub?

Zaur:

– Qəribədir, – dedi, – mən fikir vermişəm ki, Muxtarın yanında sən mənə “Zaur” deyirsən. Muxtar olmayanda “Zaurik”.

Təhminə şaqqanaq çəkdi:

– Ay Allah, əcəb ağılsızsan, – dedi.

– Biz hardan ağıllı olaq? Ağıllı Allahdır, ofisiantlardır, bir də rejissorlar.

– Lap zəhər tuluğusanmış ki sən, Zaur... Nədi, yəni məni qısqanırsan, kimə, Muxtara? Ay-hay! İstəyirsən, lap bax Muxtarın yanında səni qucaqlayıb öpüm, Zaurik, yox, lap elə “Zaurcığaz” deyim sənə, istəyirsən?

Zaur:

– İstəyirəm, – dedi. – Gəl bircə burdan çıxaq gedək.

Muxtar:

– Znakomtes, – dedi, onunla bir kişi və bir qadın da yanaşmışdı stola. Muxtar Zaur və Təhminəni rusca onlara təqdim elədi, sonra dedi ki, gələnlərin adı Saşa və Lenadır. Onu da əlavə elədi ki, əlbəttə, Lenanı və Saşanı təqdim eləməyə ehtiyac yoxdur, onları kim tanımır ki, – bu ər-arvad çox məşhur kino aktyorları idi.

Muxtar Saşayla Lenanı da stollarının başına dəvət elədi.

Ər-arvad ikisi də artıq möhkəm dəm idilər və Saşa oturarkən az qaldı stuldan yıxılsın.

– Pardon, – dedi, – oçen rad... Sonra – madam, – deyə Təhminəyə müraciət elədi, – vı ne vozrajayete esli ya syadu ryadom s vami?

Təhminə etiraz eləmədi və Saşa ondan soruşdu ki, siz də aktrisasınızmı? Təhminə dedi ki, xeyr, mən televiziya diktoruyam.

Lena:

– Ax da, ya je videla vas po televizoru, – dedi, – pozavçera eto bılo.

Saşa Təhminədən xəbər aldı ki, bəs nə əcəb siz aktrisa deyilsiz, Təhminə də cavab verdi ki, bu barədə rejissorlardan soruşmaq lazımdır, məsələn, elə Muxtardan.

Muxtar da dedi ki, icazə verin əvvəl mən özüm soruşum ki, nə içəcəksiz. Saşa:

– Da teper vse odin xren, – dedi. – Nu davay vodki...

– A vı Lena?

– Mne toje vse ravno, vodka, tak vodka... Sonra Lena Zaurdan soruşdu ki, adı nədir:

– Zaur.

– Zaur! Krasivoe stepnoe imya! A kak zovut menya?

Zaur cavab verdi ki, özünüz daha yaxşı bilərsiz.

– O, ne budte qrubım, çelovek so stepnım imenem, – dedi Lena, – vı je doljnı znat toçno: Lena...

Araq gətirdilər, Muxtar qonaqların qədəhlərinə süzdü.

Saşa:

– Vı pyete konyak, a mı vodku, – dedi. – Kakaya-ta anarxiya poluçaetsya u nas za stolom.

Muxtar:

– Net, u nas za stolom ne anarxiya, a monarxiya, – dedi, – poskolko est koroleva. İ daje dve korolevı.

Lena:

– Vot çto ya panimayu – vostoçnaya qalantnost, – dedi.

Saşa dedi ki, gəlin onda içək gözəl şərq qadınlarının sağlığına. İçək onların sağlığına ki, parancanı çıxarıb atıblar və konyak içirlər, sonra Təhminədən soruşdu ki, Təhminə paranca taxıbmı?

Təhminə cavab verdi ki, bizlərdə, ümumiyyətlə, heç vaxt, heç kəs parancanın nə olduğunu bilməyib.

Muxtar dedi ki, bizdə çadra olub, bu isə başqa şeydir.

Lena dedi ki, mən bilirəm, paranca Özbəkistanda olub. Sonra əlavə elədi ki, bildir Daşkənd festivalının iştirakçısıydım. Daşkənddə əntiqə plov bişirirlər.

Zaur dedi ki, bizim plovumuz daha ləzzətlidir. Zaur söhbətə ona görə qarışdı ki, susması diqqəti cəlb eləməsin, amma Saşa dərhal bunu tutdu və bərkdən:

– Bravo, bravo, sfinks zaqovoril, – dedi. – Vı molçali dolqo i zaqadoçno i nakones reşili raskrıt usta, çtobı zaşitit çest nasionalnoy kuxni.

Lena onun sözünü kəsib:

– Nu, xoroşo, – dedi, – ne... – və qəliz bir söyüş əlavə elədi.

Təhminə özünü o yerə qoydu ki, guya eşitmədi. Zaur qıpqırmızı qızardı, Muxtar isə mülayimliklə Lenadan xahiş elədi ki, söyüş söyməsin, bizlərdə adət belədir ki, qadının yanında söyüş söyməzlər.

Saşa dedi ki, onda yaşasın günəşli Azərbaycan respublikası və arvadına müraciətlə əlavə etdi:

– U nix nasçet etoqo znaeş kak stroqo, çut çto, esli çest zadeta, srazu pırnut nojom v serdse ili pulyu v lob.

Sonra Zauru göstərib əlavə elədi ki, görürsənmi, bu xanımın, yəni Təhminənin yanında necə mühafizəçi var.

Muxtar dedi ki, Saşa, məncə, sən Bakıda olmusan və sağ-salamat qayıtmısan ordan, nə bıçaqlayan olub səni, nə gülləylə yaralayan.

Saşa:

– Da, potomu çto ya bıl tam nije travı, tişe vodı, – dedi.

Muxtar:

– Nu, nasçet vodı tı izlişne skromniçaeş, – dedi, – pomoemu tı tam pil vse, çto uqodno, tolko ne vodu.

– Starik, ə deystvitelno probıl tam tri dnya ne prosıxaya, – dedi. Bakıda olmasından danışdı, dedi ki, təyyarədən düşəndə məni sizin kinonun rəhbər işçiləri qarşıladılar, sonra harasa getdik, haradasa görüş idi, nəydi, daha dalısı yadıma gəlmir, bir onu bilirəm ki, üç gündən sonra kimsə gətirib məni basdı Moskva təyyarəsinə... Ayrı heç nə yadına gəlmirdi Saşanın. Qədəhini qaldırıb:

– Nu, xoroşo, vzdroqnuli, – dedi, sonra yenə Təhminəyə baxıb dedi ki, bilmirəm bu Azərbaycan rejissorlarının gözləri hardadır, belə bir dünya gözəlini məgər kinoya çəkməmək olar heç?

Təhminə dedi ki, onlar çəkmir, siz çəkin. Saşa da dedi ki, məmnuniyyətlə və Təhminənin ünvanını, telefonunu istədi. Təhminə ünvanını və telefonunu vermədi, amma dedi ki, istəsəz, məni Muxtarın vasitəsilə tapmaq olar.

Saşa:

– On çto, vaş lyubovnik etot çertov, persyuk? – dedi.

Təhminə quru tərzdə:

– Net, – dedi.

– A kto vaş lyubovnik?

Təhminə:

– A u menya net lyubovnika, – dedi. – U menya est muj.

– A kto vaş muj?

Ani bir tərəddüddən sonra Təhminə Zauru göstərdi...

Sonralar Zaurla Təhminə mübahisə edirdilər: Təhminə belə deyəndə kim daha artıq quruyub qaldı – Zaur özü, ya Muxtar... Sonralar Təhminə Zauru başa salırdı: elə dedim ki, Saşa birdəfəlik əl çəksin məndən.

Doğrudan da, Saşa elə bil ayıldı, dərhal ahəngini dəyişdi. Zaura baxıb dedi ki, ancaq xahiş edirəm mənim qol-qabırğamı sındırmayasız, yüz faiz inanıram ki, bunu əla bacararsız, amma mən, ümumiyyətlə, arvadbaz deyiləm, mən alkoqolikəm, lazım gəlsə, arvadım da bunu təsdiq eləyə bilər.

– A poşel tı... – Lena ərini müəyyən ünvana göndərmək istəyirdi ki, birdən Muxtarın sözləri yadına düşdü, əlləriylə ağzını tutub, üzr istədi.

Saşa Muxtara müraciətlə:

– Starikan, a davnenko mı s toboy ne pili, – dedi, vaxtilə kursunda bir oxuduqları institutun dekanı Pal Palıçı yada saldı, soruşdu ki, Muxtarın yadındadırmı Pal Palıç?

Muxtar cavab verdi ki, əlbəttə, yadındadır. Saşa da dedi, bəs Muxtar bilirmi ki, ölüb yazıq Pal Palıç, Muxtar cavab verdi ki, şübhəsiz bilir və hətta, başsağlığı teleqramı da göndərib.

Saşa dedi ki, mən isə heç teleqram da vura bilmədim. Kannda idim, filmimizin premyerasında, qayıdanda bildim.

Təhminə soruşdu ki, Kann xoşuna gəlibmi Saşanın.

Saşa cavab verdi ki, üçüncü dəfədir Kann festivalında iştirak edir və lap zəhləsini töküb ora – qəbullar, nə bilim, press-konferensiyalar, kokteyllər, amma ağıllı-başlı içmək mümkün deyil... Amma bu səfər bəxti onda gətirdi ki, Fellininin təzə filminə baxdı orda, hələ bizdə yoxdur bu film, Muxtara müraciətlə:

– Nu, starik, – dedi – eto obaldet mojno, skaju tebe.

Zaur qəfilcən:

– A po-moemu, – dedi, – Fellini ot barokko prişol k rokoko...

Zaurun bu bəyanatı o qədər gözlənilməz oldu ki, hamının gözü kəlləsinə çıxdı, hamı bir müddət matdım-matdım bir-birinin sifətinə baxdı, nəhayət, Saşa:

– Nu, tı vıdayeş, starik, – dedi.

Təhminə də qəhqəhə çəkib Zaura “afərin” dedi.

Zaur isə kiçik qədəhini bir qırağa qoyub iri bir fujer götürdü, ləbələb konyak tökdü və göz qırpımında başına çəkdi. İçəndən sonra dedi ki, onun fikrincə dünyada ən yaxşı film “Tarzan”dır.

İstəyirdi ki, onun geriliyinə, primitiv zövqünə gülsünlər, amma əksinə, Lena Zaurun fikrinə qəhmər çıxdı, dedi ki, tamamilə razıdır bu sözlə, Tarzan heç olmasa sağlam kişidir. Sonra əlini Zaurun saçlarına çəkib:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets