Ey mənə tənə vuran Mustafa xan Şirvan,Bax bu dibacə məzmunum, eşit ərzimə qan

Bu nəcə fikir idi ol məni xoşhal edənin,Bilmədim nə oldu səbəb, aqibətin oldu yaman

Bu nəcə lütfü-ətadır, bu nəcə qəhrü-qəzəb,Sabit et varsa günahım ilə adil divan

Mən əgər etdiyim iqrarıma inkar oldum,Hökm qıl boynumu vurdur, sənə canım qurban

Ər kişinin sözü mərdanə gərəkdir olsun,Sahib rütbə olan şəxsdə olmaz yalan

Kimyadır nəzərin, surəti-əhvalına bax,Hər gədazadələrə verməklən şövkət və şan

Bir məsəldir ki gəda oğlu gədazadə olur,Başına cığa qızıldan vura olmaz sultan

Sənə ixlası olan dostunu eylərsən məhrum,Nəzəri-mərhəmətin özgəyə var bipayan

Məni əcləf görüb, qeyr xəyal etməklən,Mahi-nov qaidəsidir, olur üç gün əryan

Gənci-bəhrimdə mənim dür, cəvahir çoxdur,Bu xəridara gərək talibi-sərrafi-cahan

Çəkməyincə sədəfin cismi baran-bahar,Qədrü-qiymət tapa bilməz anı dürri-qəltan

Alicahlar, mənəm eybim budur, Şirvanlıyam,Yoxdu ərbabi-kamal içrə vəzir və xaqan

Sədri-məclisdə mənə laf vuran kəs çoxdur,Şəxs bir kimsənədir sahib mərdi-meydan

Bu səxavət ki sənin var, bu vəzir və bu nəzir,Gər mənim cuşa gələ, Hatəmi eylər dərban

Bir nəfər şəxs bu dərgahda var əsli-nəcib,İşikağası Ağabəy özü tək yoxdu cavan

Hacıya Kəbə qənim oldu ki gəldi qapıya,Həcərül-əsvədi soda eyləyir, yoxdu alan

Vələd Ağa Səlim, Mirzə Əli, Ərzayi-Həkim,Ələ düşməz belə məlun, ləin və şeytan

Baxma şeytan sözünə, qövli onun batildir,Həzrəti-Adəmi yoldan çıxarıb biiman

Bu vilayətdə mənim zərbimi hər kim ki tutar,Özü bicdir ...sı qəhbə anası rəhban

Mənim haqqımda sənə hər kişi bədguluq edər,Nəslini puç eyləsin batini-Şahi-Mərdan

Bundan artıq danışam pərdeyi-batin açılır,Ki gərək olmaya na-məhrəmə bir sirr əyan

Dadrəs hakimsən, qurə yetiş, eylə nəzər,Heç kimin rəyincə dönmədi çərxi-dövran

Bu qədər qübbeyi-xərabatə bel bağlama çox,Nəcə İskəndəri mənzildə qoyub sərgərdan

Nə oldu Kavusilə Key Xosrov, Cəmşid ilə Cəm,Hikmət və dəbdəbə, təntəneyi-Nuşirvan

Hind həm Rum, Dağıstandan alan bac və xərac,Cığeyi-Nadirdən qalmadı asar-nişan

Fikri-üqba eylə, bu şövkətə məğrur olma,Müsnəd və təxti-Süleymanı qılıbdır viran

Laşərik, əhəd və qadir yekta özüdür,Cümlə müşkülləri açan ismi Qəfur və Rəhman

Saxlasın hifzi-əmanında səni Rəbbi-Cəlil,Düşmənin zatilə xakilə olsun yeksan

Qəsəm ol xaliqi-yektaya, ona zahirdir,Çox riyazət çəkərəm, möhnət ilə çıxdı bu can

Ya mənə ruxsət ver, bir də cahangəştə olum,Zəhrimardır mənə bu şəhərdə bir parça nan

Mirzə Cəfər ola Şirvanda çavuşbaşı,Gəncədə rəqsə gələr qəbirdə ol Şeyx Zaman

Bu nə namus, nə qeyrət, bu necə himmətdir,Sən məni ac qoyub qeyrə edirsən ehsan

Həqqə, mürüvvət deyilmi bir parça çörəkdən ötrü,Öldürərsən məni, axırda olursan peşman

Tutaram bəndi-yaxa, çak-giriban olaram,Xətmi-peyğəmbər olan dəmdə qurulmuş mizan

Səndən əhval tutar Saqiyi-yövmül-məhşər,Çəkilər taqət, nitqin daxi qalmaz imkan

Arifa, bəndədən əl çək, saqın, Allaha pənah,Mustafa vasitə, Allahdan alam fərman

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets