Aşıq Əsmər:Kəndini laf edib, “aşığam” demə,Çox sən kimisinə al eylərəm mən.Zülümnən çəkdirrəm mən səni dara,O əlif qəddini dal eylərəm mən.

Aşıq Alı:Bəyənmirsən mənim kimi aşığı,Bağlayıb dilini lal eylərəm mən.Səni sallam bir tükənməz odlara,Yandırıb ataşa kül eylərəm mən.

Aşıq Əsmər:Mənnən sənə öyüd: can vermə yada,Çəkdiyin əməklər tez gedər bada,On səkkiz şəyirdim - hamı şahzada,Səni də onlara qul eylərəm mən.

Aşıq Alı:Yaxşı-yaman hər nə desən qanıram,Eşqin ataşına mən də yanıram.Mən məhək daşıyam, qəlpi tanıram,Səni üç qəpiklik pul eylərəm mən.

Aşıq Əsmər:Mən Əsmərəm, nahax gəlməz dilimə,Çarə yoxdu haxdan gələn ölümə,Səni minnəm ulusuma, elimə,Arpa-samanını bol eylərəm mən.

Aşıq Alı:Aşıq Alı deyər: təvəkküləm pirimə,Sığınmışam ol Kərrari-Kərimə,Küçükləmiş qancıq kimi hürümə,Axşam-sabah sənə yal eylərəm mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets