Bilmirəm, əvvəl sənə cavab yazım, ya kapitan Sultanova. Qoy əvvəl nasehanə bir neçə kəlmə ona yazıb, ürəyimi boşaldım, çünki çox qəflətdədir, ürəyimi darıxdırırdı. Sonra sənə cavab yazaram, məlum mətləbimiz xüsusunda.

Mənim əzizim kapitan sultanov!

Məktubun dəlalət edir ki, türki və farsi dillərində savadın var, amma elm iddiasını edə bilməzsən. Çünki məzmuni-məktubundan görünür ki, hələ əvamünnas cərgəsindəsən. Əvvələn, sənə bu ayeyi-şərifənin təfsirini yazıram.

Yəni, əlbəttə, ölü hesab etməyin o kəsləri ki, Allah yolunda məqtul olublar, bəlkə onlar diridirlər və öz rəblərinin yanında mərzuqdurlar.

Pəs, imam Hüseyn əleyhissəlam Allah yolunda qətlə yetişib, pərvərdigarın yanında mərzuqdur və dərəcəyi-şəhadəti dərk etməklə fövziəzimə nail olubdur. İndi bizim o həzrətə təziyədarlığımızın mənası budur ki, əfsus edirik ki, niyə o həzrət şəhadətə yetişdi, gərək ömri-təbii sürəydi, yeyəydi, içəydi, keyf edəydi, ləzzət aparaydı, şəhadət cəhətindən məqami-əla-illiyyinə yetişməyəydi. Bu yandan dəxi Yezidə və İbn-Ziyadə və Şümrə lənət edirik, bu mənaya ki, köpək oğlu Yezid, köpək oğlu ibn-Ziyad, köpək oğlu Şümr niyə o həzrətin şəhadətinə bais oldunuz, niyə səbəb oldunuz ki, o həzrət məqami-əla-illiyinə yetişdi.

Aya, təziyədarlığın mənası bu deyil? Pəs biz əgər əhli-beytə şieyixalisik, gərək imam Hüseyn əleyhissəlamın dərəcəyi-şəhadətə yetişməsindən bu səbəb ilə məqami-təqərrübi-həzrəti-bariyə çatmağından xoşhal olaq, nəinki o həzrətə təziyə saxlayaq, atılaq-düşək, döşümüzə və başımıza çırpaq, başımıza kül və torpaq sovuraq və şaxsey-vaxsey naləsin ərşə çatdıraq və əndamımıza xəncər və bıçaq taxaq və yara vuraq və bu gunə əbləhanə hərəkətlə aşina və biganəni özümüzə güldürək. Bu dəlili-əqli mucibincə təziyədarlıq özü sərapa külli-şüquqatı ilə hükameyi-islamın əqidəsində bidətdir və məsiyətdir, xəncər və bıçaq taxmaq divanəlikdir. Əfsus ki, sənin zehnin bu gunə ali və həkimanə mətləbin dərkindən qasirdir və əvamanə hökm edəcəksən ki, bu mətləbi yazan şəxs ya sünnidir, ya laməzhəbdir. Bavücudi ki, bu mətləbi yazan şəxs nə sünnidir və nə ya laməzhəbdir, bəlkə müsəlmani-pakdır və şieyi-xalisdir və yazdığı mətləb şəriəti-ğarrayə və baladə zikr olan ayeyi-şərifəyə məbnidir. Bu iddianın təsviyətində Əli ibn-Əbutalib əleyhissəlamın kəlamı dəlili-kafidir ki, ibn-Mülcəmin zərbəti vəqtində foran mübarək lisaninə cari oldu: Yəni: and olsun Kəbənin rəbbinə ki, fövzə yetişdim. Pəs şəhadət baisi-fövz imiş. Biz niyə gərək o həzrətin şəhadətindən qəmgin olaq, vəqti ki, özü şad olur, yəni niyə gərək sugvarlıq edək ki, o həzrət fövzə çatdı. Habelə də, imam Hüseyn əleyhissəlam şəhadətindən şaddır.

Əzizim Sultanov, mətləb çox barikdir və külliül-əmayi-isnaəşəriyyənin əqidəsinə müxalifdir, amma həqq mətləbdir. Əgər filcümlə bəsirətin olsa, hərarət etməyəcəksən, külli-üləmayi-isnaəşəriyyə təziyədarlığın təcvizində xətayə düşüblər. Hükamayi-isnaəşəriyyənin əqidəsi səhihdir. Hükamayi-isnaəşəriyyə deyirlər ki, imam Hüseyn əleyhissəlam bir mərdanə və qeyrətmənd vücud idi. Əlində qılınc Allahın düşmənlərinin müqabilində cəhad elədi və Yezidə beyət etməyi qəbul etməyib mərdanəliklə dərəceyi-şəhadəti dərk etdi və Kərbəla meydanında həzrət özü bu əfradın məzmununu zikr edirdi:

“İlahi, bəla meydanından uzaqlaşmaram,
Sənin kəməndinin halqasından boyun qaçırmaram.
Susuz ölərəm, kufəlilərdən su istəmərəm.
Dost yolunda düşmən minnəti çəkmərəm.
Kərbəla çölündə tikanlar könlümə də batsa,
Dostun küçəsində gülşən həsrəti çəkmərəm”.

Pəs biz niyə gərək o həzrəti şəhadət cəhətindən məzlum və zəlil hesab edib, ona ağlayaq və onu külli-aləmdə rüsvay edək?

Məzlum o kəsə deyərlər ki, onun hüququna və malına sitəm oluna. O həzrətin, doğrudur, hüququna və malına sitəm olundu, bundan ötrü ağlamağın lüzumu yoxdur. Hərgah bir qeyrətmənd və mərdanə cavan əlində qılınc mərdanəliklə Allahın yolunda Allahın düşmənlərinin müqabilində cəng edib şəhadətə çata, o surətdə biz, aya, gərək oylə cavana məzlum xitab edək və onu zəlil hesab edər və ona ağlayaq və onu rüsva edək? Haşa və kəlla. Biz gərək oylə cavana afərin oxuyaq və onun mərdanəliyindən fəxr edək. Budur hükameyi-isna-əşəriyyənin əqidəsi ki, imam Hüseyn əleyhissəlama təziyədarlıq səfahəti-məhzdir və o həzrətin xilafi-rizasıdır. Əgər biz istəyirik ki, bir gunə əmal ilə imam Hüseyni özümüzdən razı və xoşnud edək və öz iradətimizi ona nisbət sübuta yetirək, gərək onun təziyə-darlığından əl çəkib təziyədarlığa sərf olunan pullar ilə hər şəhərdə o həzrətin şiələrinin ətfallarına tərbiyət vermək üçün məktəbxanalar açaq və hər məktəbxananın qapısında cəli xətlə yazıb yapışdıraq ki, imam Hüseyn əleyhissəlamın eşqinə bu məktəbxana bərpa olunubdur. Ta ki, bu vəsilə ilə bizim sair əmali-şəriyyəmiz bisəmər qalmasın, çünki xudavənd-aləm kəlami-məcidində buyurubdur:

Yəni: hər kəsin bu dünyada umuri-diniyyədə və umuri-məişətdə qəlb gözü kordur, axirətdə dəxi kordur və gümrahtərdir. Aşkardır ki, umuridiniyyədə və umuri-məişətdə qəlb gözü biduni-elm və mərifət və savad açıq olmaz və görücü olmaz. Pəs, əgər biz elmsiz və mərifətsiz və savadsız həzar qism əmali-həsənəyə amil olsaq, bu ayeyi-şərifənin mövcibincə axirətdə bizə fayda verməyəcəkdir. Biz yenə korlar zümrəsində olacağıq. Pəs, ey din qardaşları, hümmət edin, təziyədarlığa sərf etdiyiniz pulları hər şəhərdə məktəbxanalar açmağa sərf edin. Üləmayi-isnaəşəriyyənin sözlərinə baxmayın, çünki onların sözləri müəllil bəğərəzdir və peşələri əvamfiriblikdir və onların siz cəmaətdən həzar qism təmənnaları var. Hükameyi-isnaəşəriyyənin sözlərinə baxın ki, heç bir qərəzləri yoxdur və siz cəmaətdən heç bir təmənnaları yoxdur. Mücərrəd məhəbbət və təəssüb və qeyrət yolunda sizə naseh vaqe olurlar ki, siz dəxi ülum ilə mərifət ilə və savad ilə sair miləl kimi dünyada səraməd və bərgüzidə olasınız və sair miləl sizə isnadi-vəhşiyyət etməsinlər, necə ki, indi edirlər.

Bir dəxi, mənim əzizim, Sultanov, təziyədarlığı şüari-islam hesab etməyin xətayi-məhzdir. Əlbəttə, hər kəs şüari-islamə rəvac versə, onun dərəcəsi ülyadır və lakin təziyədarlıq şüari-islam deyil. Şüari-islam gərək binayi-islamdan başlana, təziyədarlıq bir əmrdir möhdis ki, padşahaniisnaəşəriyyə öz politikalarının səlahı üçün onu ehdas etdilər. Əvvəl Dəyalimə hicrətdən üç yüz ildən ziyadə keçmiş, sonra Səfəviyyə və üləma dəxi əvvələn səlatini-isnaəşəriyyənin xatiri üçün bu əmri-möhdisi təçviz etdilər. Saniyən, rəftə-rəftə xalq adətkərdə oldu və üləma dəxi bu əmri-möhdisin zimnində özləri üçün mənafeyi-kəsirə mülahizə etdilər və onun tərvicinə çalışdılar və bu xüsusda ənva və əqsam kizbdən məmlu təsnifat müntəşir etdilər. “Müsaibül-əbrar” və sairləri kimi ki, hər aqil və həkim şəxs oxuyanda əti tökülür, ondan ötrü ki, əxbarikazibənin həddi və həsri yoxdur. Ənva və əqsam rəzalət və zillət və həqarət nisbəti əhli-beytə verib, rüsvayi-aləm ediblər. İmam Hüseyn əleyhissəlam bu gunə ixlas və iradəti sizdən istəmir. Qoyun onu rahət behişti-berində seyr etsin. Gedin öz işiniz dalısınca. Əgər onun rizasına talibsiz, onun şiələrinin tərəqqisinə bais olun, vəssalam. Hərgah deyəsən ki, filani, sənin bu sözün batinən müsəlləmdir və lakin imam Hüseyn əleyhissəlamın şəhadəti zahirən müsibət görünür. Bu müsibətdə biz ki, onun şiəsiyik, gərək təziyədarlıq edək, haray və fəryad naləsin ərşə yetirək.

Həmin bu hərəkət məsiyətdir və xilafi-iradeyi-həzrəti-baridir. Cənabi-əqdəsi-ilahi öz ayəti-şərifəsində buyurur:

Yəni: o kəslər ki, müsibətzədə olurlar deyirlər bətəhqiq biz Allah üçünük və Allah tərəfinə rücu edəcəyik. Pəs bu müsibətdə bizə ancaq bu kifayət edər ki, deyək: və bundan ziyadə hər nə etsək, ağlamaq kimi və döşə-başa çırpmaq kimi xilafi-rizayi-sübhandır və müxalifi-ayeyi-şərifeyi-Quran. Xüsusən ki, bizim təziyədarlığımız bir növ cənabi-əqdəsi-ilahidən şikayət etməyi zimnində tutur ki, niyə imam Hüseyn əleyhissəlamə şəhadəti müqəddər etmişdi. Biz istəmirdik ki, Şümr o həzrətin başın kəssin, Allah, sən niyə belə təqdir etdin? Sultanov, bir təəmmül et, gör biz nə əql və şüurdayıq ki, həqq təaliyə təziyədarlıq ilə bəhs varid edirik. Əzizim Sultanov, əgər bu mətləbin rəddinə əqlinə güc verib iqdam edəsən və bir para mərsiyəxan əhadisinə mütəməssik olub dəlil gətirəsən, dəxi məndən cavab çıxmayacaq. Bu gün damağım var idi, əsrari-xəfiyyədən bir neçə kəlmə sənin tərəfinə tulladım, dəxi məni danışdıra bilməzsən. Sui-zənn etmə ki, şürbdən damağım var idi. Müskiratın qətrəsi dilimə dəyməz.

Ancaq sənə axır kəlamımda bir pədəranə nəsihətim var: – Niyə, balam, Əzrailin ləqəbini üstünə götürürsən? Əzrailin adından və ləqəbindən xalqın tənəffürü var. Hər kəs oğluna Cəbrail və Mikail və İsrafil ad qoyar, amma heç görübsən ki, bir kəs oğluna Əzrail ad qoysun. Hadim Əzrailin ləqəbidir. Bircə”Əlif leylayə bax, gör ki, çox yerdə necə yazılır: Nagah Hadimi-lləzat yetişdi və ruhunu qəbz etdi. Yəni, Əzrail. Əlbəttə, bu ləqəbi üstündən götür və Əhsənülqəvaidə üzrxahlıq yaz.

Şəxsi-naməlum

Həsən bəy, təvəqqe edirəm ki, mənim bu kağızımı biduni-ziyad və nöqsan çap edəsən ki, Sultanov oxusun. İndi gələk öz mətləbimizin üstünə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əvvəlinci məclis

Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə.Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə, Heydər bəy qabağında habelö yaraqlı-əsbablı, qıvraq geyinmiş məlal ilə danışır.

15 min
İkinci məclis

İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur.H a c ı Q a r a. Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, yüz yol qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır, Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni aldatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək. Bu halda Xudaverdi müəzzin yetişib qəflətən.

18 min
Üçüncü məclis

Üçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır.H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.

10 min
Dördüncü məclis

Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyadə, birieşşək üstə gəlirlər.

12 min

Poems by other poets