Ruhül-qüdsə
Ruhi-rəvanım Ruhül-qüds!
Bu ilin 25 aprelində yazdığınız məktubun cavabını həmin ilin iyun ayında, keçmişdə Münif əfəndiyə məktub göndərdiyim Stepan əfəndinin vasitəsilə göndərmişdim. Bilmirəm, o məktub sizə yetişmişdir, ya yox? Əgər yetişmişsə, onun cavabını göndərməyinizi gözləyirəm. Əgər məktub çatmamışsa, Stepan əfəndidən onu tələb edin! Hər halda, mən sizin cavabınızı gözləyirəm. Məni nigarançılıqdan qurtarın!
Bir də mən bir məsələ haqqında son dərəcə təşvişə düşmüşəm ki, qəlbən sevdiyim və sonsuz inandığım Münif əfəndi nə üçün gərək mənim yazılarıma cavab göndərməsin. Hətta, mən bu xüsusda ona teleqram göndərib cavabının pulunu da Tiflisdə verdim və təcili cavab verməsini xahiş etdim. Lakin yenə də cavab almadım.
Bu məsələ məni çox təşvişə və heyrətə salmışdır ki, cənab Münif əfəndinin mənə qarşı belə etinasızlığının səbəbi nədir? Münif əfəndinin bu cür münasibətinin səbəbini mənə tezliklə xəbər verib, nigarançılıqdan qurtarmağı acizanə surətdə sizdən xahiş edirəm.
Əlifba haqqında mən öz kömək və xidmətimi sizdən əsirgəməyəcəyəm. Bu xüsusda fikrimə gələn hər bir şeyi, o ölkənin qanacaqlı adamları və bu məsələnin tərəfdarları nəzərində aydınlaşdıracağam.
Özünüz bilirsiniz ki, mənim əlifba haqqındakı fikrimin müvəffəqiyyətlə başa çatmasından qeyri heç bir arzum yoxdur. Lakin dostlar məktublarıma cavab göndərmədikdə qəlbim sıxılır. Axı, mən dostlarımın xeyrini istəyirəm. Əgər mən xeyirxah adam deyiləmsə, nə üçün sizin tərəqqiniz, elmləri öyrənməyiniz, mədəniyyətə yiyələnməyiniz üçün on ildən artıqdır ki, hey bağırıram: qardaşlarım, əlifbanızı dəyişdirin!
Belə olduqda mənim məktublarımı cavabsız qoymaq rəvadırmı? İyun ayında əlifba məsələsinə dair cənabınıza bir məktub yazmışdım. Həmin məktubda sizdən kiçik bir şeyi, yəni əlifbanı dəyişdirməyin lazım və düzgün bir iş olmasına dair fransız dilində bir məqalə yazıb, “Konstantinopol” qəzetində çap etdirməyi xahiş etmişdim. Bu günə qədər o məktubumun sizə çatmasına dair məlumat almamışam. İyun ayında yazdığım məktub çox vacibli idi. Onun çatmasına dair xəbər almadığıma görə çox nigaranam. Bəlkə o məktub itmişdir?
Əgər doğrudan da məktub sizə çatmamışsa, yazıb bildiriniz ki, surətini çıxartdırıb sizə göndərim.
Xülasə, cənab Ruhül-qüds! Sizi and verirəm qəlbimdə sizə bəslədiyim məhəbbətə, Münif əfəndinin mənim məktublarıma cavab yazmamasının səbəbləri və iyun ayında göndərdiyim məktubun sizə çatıb-çatmaması haqqında xəbər verməklə, məni tezliklə nigarançılıqdan xilas edin!
Mən bu xüsusda çox nigaranam.
İyun ayında yazdığım məktubda şəklimi göndərəcəyimi sizə vəd etmişdim. Odur ki, həmin zərfin içərisində göndərirəm.
Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
1870-ci il, 25 oktyabr, Tiflis şəhəri
MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN 1870-ci İLDƏ
Fətəli şah qacarın oğlu şahzadə cəlaləddin
MİRZƏYƏ GÖNDƏRDİYİ AZƏRBAYCANCA “TƏMSİLAT”ın
Bir səhifəsində yazmış olduğu mətləbin surəti
Bu cür əsərlərin əsas məqsədi əxlaqı yaxşılaşdırmaqdır. Avropanın mütəfəkkirləri və filosofları anlamışlar ki, insanların təbiətindən və tinətindən eybləri və pis əməlləri ancaq məsxərə və istehza vasitəsilə rəf etmək olar. Buna görə də, onların istilahınca dram fənni adlanan bu cür əsərlər yazmağa başladılar və bundan sonra teatr adı ilə məclislər və cəmiyyətlər təsis etdilər ki, eyib və pis əməl sahiblərinin surətini xalqın qarşısında göstərib, yaramaz adamların çirkin işlərini mücəssəm etsinlər ki, camaat onlardan ibrət alıb, pis və çirkin əməllərdən uzaqlaşsın.
Əgər əslində fars olub, türkcəni lazımınca bilən Tehran ziyalılarından biri bu “Təmsilat”ı kitabda göstərilən şərtlər və qaydalar üzrə, bir şey əskiltmədən, sözçülüyə və qafiyəpərdazlığa yol vermədən, farsların yazı qaydalarına deyil, danışıq qaydalarına əsasən, sadə bir şivə ilə türk dilindən fars dilinə tərcümə və çap edib yayarsa, həm xalqa böyük xidmət etmiş olar, həm də özü bu kitabı satmaq yolu ilə çoxlu qazanc əldə edə bilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-ruhul-qudse
Use ← → keys to move, R for a random poem
More by this author
Hacı qulu səndən, ey taci-sərim,Ziyadə-ziyadə xürrəm olubdur!
Fuad paşanın mədhindəHər tərəfdən əhli-islamə bu gün təbşirdir.Kim Suleyman şahə Asəfvəş vəzirü mirdir.
Həcvi-Əbdürrəsul xanDünən İranın paytaxtındanAraq düşkünü, pərişan bir qoca gəldi;
MədhiyyəKapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,