Tehrana, Fətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzə həzrətlərinə 1870-ci il sentyabr ayının sonlarında yazılmış ikinci məktubun surəti

Həzrət-əşrəf, yüksək və böyük, alinəsəb şahzadə Cəlaləddin Mirzənin hüzuruna ərz edirəm.

Həzrət-əşrəfinizin əziz məktubu iyul ayında yetişərək, sonsuz minnətdarlığıma səbəb oldu. Təəssüf edirəm ki, mən məktublarımı sizin kimi, ərəb sözlərinin qarışığı olmadan xalis fars dilində yaza bilmirəm. Çünki uşaqlıqdan fars dilini belə öyrənmişəm. İndi isə bu adəti tərk etmək mənim üçün çox çətindir. Məndə günah yoxdur. Ərəblərin evi yıxılsın! Bu barədə məni bağışlamalısınız.

Sizin məktubunuzu əvvəldən axıra qədər dönə-dönə oxudum. Əhvalınızdan tamamilə xəbərdar oldum. Sizin hümmətinizə, zövqünüzə və incə nüktələri anlamaq qabiliyyətinizə və hər işdən agah olmağınıza afərinlər söylədim. Zərdüştilərin əhvalatını, əlbəttə, necə ki, məsləhət görürsünüz, eləcə də yazacağınızı ümid edirəm.

Bundan başqa, əgər mənim yazılarımda bəzi fransız kəlmələrinin imlası əslində olduğu kimi yazılmırsa, bunun səbəbi odur ki, bir tərəfdən, mən özüm fransız dilini bilmirəm, digər tərəfdən isə bir çox qüsurları olan bizim əlifbamız xarici dillərdən alınan kəlmələri düzgün ifadə edə bilmir. Ümid edirəm ki, bu məsələdə də məni bağışlayacaqsınız. Lakin mən rus dilini yaxşı bilirəm. Hazırkı əsrdə rus dili həm inşa cəhətdən, həm də başqa cəhətlərdən gündən-günə tərəqqi edir və incə mətləblərin ifadəsi üçün doğrudan da misilsiz bir dildir.

İndi isə mətləb üstünə gələk. Köhnə islam əlifbasını dəyişdirməyin din, dövlət, ölkə və xalq üçün nə qədər faydalı bir iş olduğuna dair bu məktubda müfəssəl dəlillər gətirməklə başınızı ağrıtmaq istəmirəm. Hələ inişil bu məsələyə dair yazıb tərtib etdiyim bir neçə layihə və kitabçanı Tiflisdəki İran konsulxanası vasitəsilə Tehrana, Maarif Nazirliyinə göndərmişəm. Bu günə qədər mənə cavab verməmişlər. Bilmirəm, bu sənədlər Maarif Nazirliyinə çatmış və məni cavabsız qoymuşlar, ya onlara çatmamışdır. Xahiş edirəm ki, cənabınız lütf edib, guya mənim tərəfimdən deyil, başqa bir vasitə ilə xəbər tutmuş adam kimi bu məsələni öyrənəsiniz ki, kitabça çatmışsa, cavabının verilməsinə nə kimi bir hadisə və ya nə kimi fikir səbəb olmuşdur?!

Yazmışsınız ki, “ərəblərin əlindən qəlbim qana dönmüşdür”. Düzdür, mən də sizin sözünüzə şərikəm. Bəs nə üçün bu fikrinizi ərəbləri üluhiyyət məqamının şəriki hesab edən kirmanlı Hacı Kərim xan Qacara demirsiniz?

Bağışlayın, bunu yazmaqda səhv edirəm. Çünki siz buyurmuşsunuz ki, dodağınızı tərpətməyə belə ixtiyarınız yoxdur. Belə isə, sizin qəlbinizə təsəlli vermək üçün bir nəfər adamı sizə nişan verirəm ki, hərdənbir onunla söhbət etməklə dərd-qəminizi dağıdasınız. Son zamanlarda İranın Parisdə olan səlahiyyətli naziri Mirzə Yusif xan Tehrana çağırılmışdır. Hazırda oradadır. Mənim nəzərimdə, bu şəxs dünyanın bütün möbidləri, ağıllıları və filosof təbiətli adamları içərisində əvəzsiz bir insandır. Mənim etiqadımca, indiki dövrdə İran şahının belə bir fərasətli, düşüncəli, inamlı və dövlətsevən qulluqçusu yoxdur. Cənabınız həmin Mirzə Yusif xanla tanış olub, onun İran dövlətinin mənafeyi və islam xalqlarının tərəqqisinə aid yazmış olduğu kitabçalarını oxuyun! Siz “Vəzir və rəfiq” kitabçasını da onda görə bilərsiniz. Bu kitabçanın nüsxəsi məndə yoxdur. Əgər onunla xüsusi dostluq yaratmış olsanız, “Hidayətlə söhbət” və ehtimal edilə bilən bəzi başqa şeyləri də onun yanında tapa bilərsiniz.

Ruhül-qüds həzrətləri Mirzə Yəqub xanın oğlu Mirzə Melkum xandır ki, onun əsərlərini oxuyarkən mənə üz verən sonsuz sevinc, vəcd təsirinin nəticəsində bu ləqəbi ona mən vermişəm. “Vəzir və rəfiq” kitabçası onun əsəridir. Ruhül-qüds bu son günlərdə islam əlifbasının dəyişdirilməsinə dair bir kitabça yazmışdır ki, onun həqiqəti söyləyən məzmununu oxumaqdan insan mənəvi ləzzət alır. Arzu edirəm ki, şahzadə həzrətləri Ruhül-qüdsün bu kitabçasını oxuyub, bu xüsusda öz fikrini və təəssüratını mənə yazsınlar. Bu kitabçadan Mirzə Yusif xanda vardır.

Dövləti xidmət işlərində Mirzə Yusif xanın vəziyyəti bir qədər pərişan idi. Bu cəhətdən çox nigaranam. Əgər onun işləri yaxşı nəticə ilə başa çatmışsa, ümid edirəm ki, onun müjdəsini yazıb, məni təşvişdən qurtarmaqla, həmişə özünüzə minnətdar edəcəksiniz. Vəd etdiyiniz dastanın gəlib çatacağının intizarındayam.

Hazırda Tiflis şəhərində şiddətli vəba xəstəliyi vardır. Mən də bu günə qədər tək-tənha Qocur yaylağında qalmışam və xəstələnməyin qorxusundan şəhərə qayıda bilmirəm. Yaylaqda isə soyuq bizi sinsidib və qəlbimizi pərişan edib. Məktubu uzatmaq istəyirdim. Lakin yeni və maraqlı bir mətləb xatirimə gəlmədi.

Sizə ixlası olan kolonel Mirzə Fətəli
Axundzadə tərəfindən yazıldı.
1870-ci il, sentyabrın sonlarında, Qocur yaylağında

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

A.P.Berjeyə

21 oktyabr 1876, Tiflis*Pərəstiş etdiyim Adolf Petroviç!

1 min
Həsən bəyə

Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy!**Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib, bizə hey təklif edirsən elm öyrənin, elm öyrənin!.. Çox yaxşı, sözün baməna və nəsihətin mufid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli-şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı. Hansı istitaətlə? Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur. Pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin! Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər? Kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək, ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə? Dövləti-qəviyyəyi-Rusiyyə bu istitaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir. Biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kafeyi-nas, prus xalqı kibi və Yengidünya xalqı kibi, ünasən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə. Əl çək bizim yaxamızdan! Buna ancaq şakir ol ki, dövləti-Rusiyyənin təhtihimayətində keçən zəmanələrin qoşunkeşliyindən və çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq. Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvəla, istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz, ittifaq haradan olsun? Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya, bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs olar niyə elmsizdirlər? Külli-Ərəbistan bisavaddır. Ərəblər ya dilənçilik, ya çəpovulçuluq edirlər. Külli-Anatoliya bisavaddır, külli- İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir. Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabi. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzetəni alıb neyləsinlər? Cırsınlar və tollasınlar? Külli-İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Talan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıblar. Dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən yetər ki, bizim hətta çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə.

18773 min
Aleksandr Qriqoryeviçə

Mərhəmətli Cənab Aleksandr Qriqoryeviç!Böyük hörmət bəslədiyim İran şahzadəsi Rzaqulu Mirzə sizin nəcib sifətləriniz və yüksək mərifətiniz haqqında mənə çox şey söyləmişdir. Bunun nəticəsində, mən qiyabi olaraq sizə səmimi bir məhəbbət və dərin hörmət bəsləyərək, aşağıdakı xahişimlə sizə müraciət etməyi özümə rəva görürəm.

3 min
Həsən bəy

Bilmirəm, əvvəl sənə cavab yazım, ya kapitan Sultanova. Qoy əvvəl nasehanə bir neçə kəlmə ona yazıb, ürəyimi boşaldım, çünki çox qəflətdədir, ürəyimi darıxdırırdı. Sonra sənə cavab yazaram, məlum mətləbimiz xüsusunda.Mənim əzizim kapitan sultanov!

7 min

Poems by other poets