Nəvvabi-əşrəf, yüksək və böyük alinəsəb şahzadə Cəlaləddin Mirzə həzrətlərinə ərz edirəm Allah onun ömrünü uzun etsin!

Bu ilin səfərül-müzəffər ayında könlüm zəmanənin mənimlə düz gəlmədiyindən pərişan idi və mən müasirim olan qüdrət sahibi həmvətənlərimin, həmxalqlarımın və həmməzhəblərimin elm və sənaye sahəsində tərəqqi etmələri naminə irəli sürdüyüm bir sıra tədbirləri qəbul etməkdən boyun qaçırdıqlarına görə fikir və qəm dəryasına dalaraq oturmuş və öz xəyalımda bu beytləri oxuyurdum:

Bu daimi olmayan dünyada mənim ömrüm
Həsrət və qüssə ilə başa çatdı.
Vətən sevgisi çoxluğunun üzündən,
Çox tədbirlərə əl atdım,
Ancaq səyim bir nəticə vermədi.
Bu əsrdə bir könül sahibi görmədim.
Türklərin və İran torpağının böyükləri
Hamısı Çin xalqı kimi yatmışlar.
Cavanlığım getdi, qüvvəm puç oldu,
Zövqlü və ehtiraslı bir cavan görmədim.
Dəniz yolu ilə Ruma səfər etdim
Yeni əlifbanı o ölkədə –
Bütün dövlət başçılarına göstərdim.
Fikrim çiy deyildi, çox pişkin idi.
Birər-birər mənə “Yüz sağ ol!” dedilər.
Dünya gözümdə behişt bağına döndü,
Mənə böyük cəlal düzəltdilər,
Şaha layiq peşkəşlərlə əzizlədilər.
Dünya muradımca idi, fələk mehribandı.
Mənimlə qələbə arasındakı fasilə bir addım idi.
Birdən bir sarı üzlü kişicik –
Mənim arzu piyaləmə zəhər damızdırdı.
Onun vəzirlərin yanına yolu vardı,
Məni dinin və dövlətin düşməni kimi qələmə verdi,
O, türkləri dəhşətə saldı,
Dövlət şurası başçılarını (qorxutdu).
Çarəsiz Rum torpağından qayıtdım,
Orada qalmaq mənim üçün uğursuz idi.
Bu nəticəsiz gedib gəlmək haqqında –
Oradan Tehrana xəbər göndərdim.
Elmlər vəzirinin adına –
Ürəyəyatan bir məktub yazdım.
Yeni əlifbanı ona nişan verdim,
Onun üçün behiştə yeni bir qapı açdım.
Təəssüf ki, bu vəzir mənə cavab vermədi,
Arzu etdiyim kimi əlimdən tutmadı.
Bəxtin qapısı üzümə açılmadığına görə,
Bu əlçatmaz arzudan əl çəkdim.
Bu işi, bu zəhmət və əziyyəti başa çatdırmağı
Gələcək nəslə tapşırdım.

Birdən aligövhər cavanlardan olan cənnətməkan Nizamüddövlənin oğlu Əli xanın nökəri onun tərəfindən mənə belə bir məktub gətirdi: “Dünya mədəniyyətindən xəbərdar olub, görkəmli alim sayılan həzrətəşrəf, alinəsəb şahzadə Cəlaləddin Mirzə sizi xatırlayıb başınızı ucaltmış və hədiyyə olaraq sizə bir kitab göndərmişdir. Odur ki, həmin qiymətli kitabı görmək üçün gərək zəhmət çəkib mənim mənzilimə gələsiniz!”

Təəccüb edərək, öz-özümə dedim: – Əcəba, sübhan-allah! Bu nə xəbərdir? Məgər mənim xalqımın içərisində də elə bir adam tapıla bilərmi ki, dünya mədəniyyətindən xəbərdar olub, qeyrət və təəssübə malik olmuş olsun? Vətənpərvərlik və xalqsevərlik nəşəsini başa düşsün?

Belə isə mən nə üçün bu xalqdan naümidəm?

Bu sözləri dedikdən sonra vəcdə gəldim, pərişan könlüm sevincdən çiçəkləndi. Ayağa qalxdım və Əli xanın mənzilinə gedib, mübarək kitabınızı ziyarət etdim.

Həzrət-əşrəfinizin məktubunu oxuyub min dillə öz minnətdarlığımı bildirib çox təəssüf edirəm ki, indiyə qədər həzrət-əşrəfinizi görməmişəm. Lakin bir şeydə özümə təsəlli verirəm ki, sizin əziz adınızı dilimdə əzbər etmək və qiymətli hədiyyəniz olan bu mübarək kitabı hər dəqiqə gözümün qarşısında saxlamaqla sizi yad edəcəyəm.

Həzrət-əşrəfinizin xidmətinə ərz edirəm ki, kitab və məktubunuz çatıncaya qədər mən sizin fəzilət və kəmalınız, habelə vəziyyətiniz haqqında olan həqiqətlərdən o qədər də xəbərdar deyildim. Sizin haqqınızda birinci dəfə mənə alicənab cavanlardan olan Əli xan o qədər yüksək məlumat vermişdir ki, gecə-gündüz sizi görmək həsrətindəyəm. Bilmirəm, sizin əziz vücudunuzu görməyə ömrüm vəfa edəcəkdirmi? Görəsən elə bir vasitə olacaqdırmı ki, sizin əziz vücudunuzu görmək şərəfi və sevinci mənə qismət olsun? Sizin göndərdiyiniz əziz kitabın mənə xoş gəlməsi haqqında ancaq öz tərif və təqdirimi söyləyə bilərəm.

Bu kitab xüsusilə ona görə təqdirə və tərifəlayiqdir ki, həzrətəşrəfiniz [bu əsəri yazarkən] ərəb sözlərini bütünlüklə fars dilindən atmışsınız. Kaş, başqaları da sizin kimi edəydilər və dünyanın ən şirin dillərindən olan dilimizi ərəb dilinin istilasından azad edəydilər.

Həzrət-əşrəfiniz fars dilini ərəb dilinin istilasından azad edirsiniz. Mən də xalqlarımızı ərəb əlifbasının əsarətindən azad etməyə çalışıram. Kaş üçüncü bir adam da tapılaydı ki, xalqları ərəblərin gətirdiyi bir çox pis adətlərdən azad etməyə çalışaydı. Bu ərəblər bizim minillik tarixi olan yüksək şöhrətə malik ədalətli dövlətimizi zavala uğratdılar; yer üzünün cənnəti sayılan vətənimizi xarabazara döndərdilər, bizi bu cür zəlil, başıaşağı edib, kölə və miskin vəziyyətə saldılar. Kaş, elə bir şəxs olaydı ki, bizi bu vəziyyətdən azad edəydi. Lakin bu şəxs mənim təbiətimə zidd olan peyğəmbərlik, imamlıq yolu ilə deyil, filosofluq, alimlik yolu ilə meydana çıxaydı.

İndi ki, qeyrətin çoxluğundan həzrət-əşrəfiniz belə bir çətin işə, yəni əsər yazmaq işinə əl atmısınız, mən arzu edirəm ki, əgər mümkün etsəniz, bizim babaların yadigarı olan Yəzd atəşpərəstlərinin yazılarından və tarixi kitablarından bəzi tarixi xəbərləri və rəvayətləri əldə edərək, onları da beşinci kitab adı ilə əsərinizə daxil edəydiniz.

Ərəblərin istilası nəticəsində bu yazıqların başına nə müsibətlər gəldiyini biz hələ müfəssəl şəkildə bilmirik. Bu tayfanın qədim vəziyyəti, onların padşahlarının hakimiyyət üsulu və qanunları haqqında bizim bildiklərimiz ancaq icmaldan ibarətdir. Atəşpərəstlərin öz kitablarından alınan tarixi xəbərlər oxucular üçün həm yeni, həm də maraqlı ola bilər.

Yəzd mahalında yaşayan atəşpərəstlərin öz dillərində və öz əlifbaları ilə kitablarının olub-olmadığını bilmirəm. Eşitdiyimə görə atəşpərəstlərdən bir qədəri Hindistanda yaşayır. Onların kəcərati dilində kitabları vardır. Yəzd mahalında yaşayan atəşpərəstlərin də kəcərati dilində kitablara və kəcərati əlifbasına malik olmaları ehtimal olunur. Bu məsələni yazdığıma görə məni bağışlayın! Çünki siz məktubunuzda mənə xəyalıma nə gələrsə, yazmağımı buyurmuşdunuz. Ona görə də bu məsələni yazdım, başqa bir şey fikrimə gəlmədi.

Bir də mənim bəzi əsərlərim var ki, doğrudan da həzrət-əşrəfinizin mütaliəsinə layiq görülə bilər. Lakin təəssüf ki, bəzi səbəblərə görə onların çoxu hələ çap edilməmişdir. Onlardan biri mənim türkcə “Təmsilat”ımdır. Bu əsərləri yazmaqdan məqsədim, öz xalqımı Avropada məmul olan dram və teatr sənəti ilə tanış etmək idi ki, bəlkə mənim başqa həmvətənlərim də son dərəcə faydalı olan bu gözəl sənətin şərtləri və tələbatı ilə tanış olub, bu cür əsərlər yazmağa başlasınlar.

Bu məqsədlə də öz komediyalarımdan bir nüsxəsini həzrət-əşrəfinizə göndərirəm. Mümkündür ki, burada olan bəzi əsərləri Avropa teatrlarında olduğu kimi, xüsusi geyimlərlə bəzəndirilmiş personajların vasitəsi ilə hərdənbir dostların yığıncağında tamaşaya qoydurub, həzz alasınız. Bundan başqa, oxunması maraqlı olan Süruş haqqında yazdığım tənqidin da surətini sizə göndərirəm.

Bir də əgər həzrət-əşrəfiniz sizə ixlası olan mənimlə iltifat üzündən məktublaşmağı davam etdirərək, öz fikir və planlarınız haqqında hərdənbir mənə yazsanız, özümü xoşbəxt adamlardan biri hesab edərəm. Mən də öz növbəmdə, sizin hər bir məktubunuza dərhal cavab yazıb, həzrət-əşrəfinizin qiyabi mərhəməti ilə kədərli könlümə təsəlli verəcəyəm.

Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
15 iyun 1870-ci il, Tiflis şəhəri

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şöhrət sahibi olan alicənab!

Hərçənd ki, mən şöhrət sahibi olan cənabınızla görüşüb tanış olmamışam, lakin cənabınızın vəsfini dönə-dönə uzaqdan eşitmişəm və şəxsən sizin fəzilətinizlə tam mənada tanışam, cənabınızın əsərlərindən bəzilərini görmüşəm. Xüsusilə sizin gözəl xasiyyətli və xeyirxah bir insan olduğunuzu bir neçə il bundan əvvəl Qazanda cənabınızın tələbələrindən biri olan Mirzə Qafardan çox eşitmişəm. Bu son zamanlarda isə dövləti-əliyyeyi-İranın Tiflisdəki konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan, Peterburqdan qayıtdıqdan sonra cənabınızı daim tərifləməkdədir. Bu söylənilən səbəblərə görə cənabınıza qayibanə olaraq böyük bir məhəbbət və səmimiyyət bəsləməkdəyəm. Pak Allahın özü elə bir təsadüf salsın ki, sizinlə görüşmək feyzi mənə də nəsib olsun.Elə güman edirəm ki, şöhrət sahibi olan cənabınız da mənim adımı eşitmiş olarsınız. Avropa yazıçılarının üslubu ilə müsəlman tayfalarının əxlaq və adətlərinə dair bir neçə pyes yazmışam. Rusiya xalqları və Avropa camaatından bəziləri məni bu əsərlər vasitəsilə tanıyırlar. Son zamanlarda islam əlifbasının ərəb, fars və türk dillərinin yazılışı və oxunmasındakı nöqsanlarını müşahidə edərək, haman dillərin öyrənilməsini asanlaşdırmaq məqsədilə islam yazı qaydalarını dəyişdirməyi lazım bildim. Odur ki, bu barədə bir kitabça yazaraq Osmanlı və İran dövlətləri başçılarının nəzər-diqqətinə təqdim etmişəm. Avropa dövlətlərindən hər birinə də haman kitabçadan birər nüsxə göndərilmişdir ki, onların elmi müəssisələrində bu yeni əlifba müzakirə olunsun, mərifət sahibləri bu xüsusda öz fikirlərini məsləhət üçün söyləsinlər.

2 min
Aleksey Fyodoroviç Kruzenşternə

Zaqafqaziya ölkəsi mülki idarəsinin rəisi vəzifəsini icra edən həqiqi mülki müşavir və Kavaler həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına**Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 3 iyul 1858-ci il, Tiflis*

1 min
Müsyö Timofeyevə

Hörmətli ağam müsyö Timofeyev!**29.VIII-1858-ci il*

1 min
Mirzə Ələkbərə

Təbrizdəki rus konsulxanasının mütərcimi Mirzə Ələkbərə yazılmış məktubun surəti**Mənim hörmətli ağam, səadətiniz daimi olsun!

1 min

Poems by other poets