Hərçənd ki, mən şöhrət sahibi olan cənabınızla görüşüb tanış olmamışam, lakin cənabınızın vəsfini dönə-dönə uzaqdan eşitmişəm və şəxsən sizin fəzilətinizlə tam mənada tanışam, cənabınızın əsərlərindən bəzilərini görmüşəm. Xüsusilə sizin gözəl xasiyyətli və xeyirxah bir insan olduğunuzu bir neçə il bundan əvvəl Qazanda cənabınızın tələbələrindən biri olan Mirzə Qafardan çox eşitmişəm. Bu son zamanlarda isə dövləti-əliyyeyi-İranın Tiflisdəki konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan, Peterburqdan qayıtdıqdan sonra cənabınızı daim tərifləməkdədir. Bu söylənilən səbəblərə görə cənabınıza qayibanə olaraq böyük bir məhəbbət və səmimiyyət bəsləməkdəyəm. Pak Allahın özü elə bir təsadüf salsın ki, sizinlə görüşmək feyzi mənə də nəsib olsun.

Elə güman edirəm ki, şöhrət sahibi olan cənabınız da mənim adımı eşitmiş olarsınız. Avropa yazıçılarının üslubu ilə müsəlman tayfalarının əxlaq və adətlərinə dair bir neçə pyes yazmışam. Rusiya xalqları və Avropa camaatından bəziləri məni bu əsərlər vasitəsilə tanıyırlar. Son zamanlarda islam əlifbasının ərəb, fars və türk dillərinin yazılışı və oxunmasındakı nöqsanlarını müşahidə edərək, haman dillərin öyrənilməsini asanlaşdırmaq məqsədilə islam yazı qaydalarını dəyişdirməyi lazım bildim. Odur ki, bu barədə bir kitabça yazaraq Osmanlı və İran dövlətləri başçılarının nəzər-diqqətinə təqdim etmişəm. Avropa dövlətlərindən hər birinə də haman kitabçadan birər nüsxə göndərilmişdir ki, onların elmi müəssisələrində bu yeni əlifba müzakirə olunsun, mərifət sahibləri bu xüsusda öz fikirlərini məsləhət üçün söyləsinlər.

Kitabçadan bir cildi də paytaxt olan Peterburqa göndərilmişdir. Peterburqda şöhrət sahibi olan cənabınızdan başqa, mənim ürəyimdəkilərdən lazımınca xəbərdar olan və bu dəyişdirmənin xeyirli nəticələrindən tamamilə başı çıxan başqa bir şəxs olmadığından, mənə belə yəqin olmuşdur ki, haman kitabçanı şöhrət sahibi olan cənabınızın mütaliəsinə verəcəklər. Buna görə də ümid edirəm ki, cənabınız daim sizi şöhrətləndirən təbii insaf və fitri hüsni-əqidənizə əsasən bu məsələ haqqında ancaq həqiqəti söyləyəcəksiniz və habelə dövlət başçılarına verdiyiniz cavabınızın və həmin məsələ barəsindəki rəyinizin nədən ibarət olduğundan məni də xəbərdar edəcəksiniz.

Eyni zamanda fürsəti qənimət bilib yeddi qitədən ibarət olan əsərlərimin bir nüsxəsini hədiyyə olaraq şöhrət sahibi olan cənabınıza göndərirəm. Bunlardan altısı pyes, biri isə hekayədir. Hekayəni bu son zamanlarda yazdığımdan hələ heç yerdə çap olunmamışdır.

1858-ci ilin iyul ayında Tiflisdə şərafətli
sərkar Qafqaz canişininin dəftərxanasında
islam dilləri mütərcimi olan kapitan
Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Apolinari Petroviç Butenova

Əlahəzrət Sultanın dərbarında xüsusi tapşırıqların İcraçısı, Konstantinopolda Rusiya Nümayəndəliyinin müdiri, həqiqi gizli müşavir və Kavaler Apolinari Petroviç Butenov zati-alilərinin yüksək hüzuruna**Qafqaz Canişinliyi dəftərxanasının mütərcimi kapitan Mirzə Fətəli Axund- zadədən*

3 min
Hüseyn xan Nizamüddövləyə

Xaqanın yaxın adamı və cəlal sahibi olan cənab, səadətiniz əbədi olsun!**Tehran şəhərində Hüseyn Nizamüddövləyə yazılmışdır.*

4 min
Əbdürrəhman ağaya

Məcdətli Dusti-mehriban Əbdürrəhman ağa cənabları, iqbalınız daimi olsun!**Allah şahiddir ki, sizin səadətmənd olmağınızın xəbəri həmişə məni ilaqeyrənnəhayə məsrur eləyibdir. Xüsusən bu ovqat Hacı molla Məhəmməd əfəndi sizin tərəqqiyatınızı təqrir edib, ziyadə xatirimin fərəhinə bais oldu. Lihaza bu fürsəti qənimət bilib həmvətənliyimizi yad və qədimi dostluğumuzu təcdidinə iqdam edirəm. Keçən sənənin cəmadiyəl-əvvəl ayında, yəni məsihiyyə tarixinin dekabr ayında sənə 1857-də sərkar şərafətmədar canişini-Qafqazın icazəti ilə onun vəziri cənab general Kruzenştern dövləti-behiyyəyi-Rusiyyənin İstanbulda müqim olan vəziri-muxtarı cənab general Butenova mənim əlsineyiislamiyyənin təhsili üçün təlif etdiyim əlifbanı tərsil edibdir ki, övliyayidövləti-Osmaniyyənin mülahizəsinə məruz etsin. Çün o vəqtdən bu zamana qədər əlifbayi-məzkurun xüsusunda heç bir xəbər İstanbuldan mənə vüsul olmayıbdır, ona görə də nigaran qalmışam, bilmirəm ki, aya, mənim əlifbam övliyayi-dövləti-əliyyeyi-Osmaniyyənin mülahizəsinə məruz olunubdur, ya yox? Lihaza, cənabi-məcdətməabınızdan kəmali-etimad ilə təvəqqe edirəm ki, mənim xatirimin şadlığı üçün bu məktubun vüsulunda hümmət edib, hər növlə səlah görsəniz, təcəssüm və təhqiq edəsiniz ki, aya, mənim əlifbam vizarəti-dövləti-behiyyəyi- Rusiyyədən övliyayi-dövləti-əliyyənin mülahizəsinə məruz olunubdurmu və əgər məruz olunubsa, onun ərbabı-mərifət və məşvərətində mülahizə olunmasına ehtimam göstərəsiniz və bu xüsusda xəbəri-sərih və fərəhəngiz yazıb yenə Hacı molla Məhəmməd əfəndinin vəsaiti ilə mənə yazasınız. Mən sizdən həmişə razı və xoşnud olmuşam, bu dəfə dəxi gərək həmvətənliyi və qədimi dostluğu mənzur edib məni özünüzdən xoşhal edəsiniz və sizin ittilaınız üçün əlifba kitabçasının dibaçəsi və əşkali-hüruf və xətti-cədidə yazılan bir qitə bu məktubun zimnində infaz olunur. Əgər padşahani-islam bu xətti-cədidin intişarına ehtimam göstərsələr, hər ayinə külli-firqeyi-islam nikbəxt olacaqdır. Məlum ola ki, bu əlifbanın kitabçasından bir cild dövləti-əliyyeyi-İrana və beş cild Firəngistanın mümtaz dövlətlərinə ki, onlar da mədrəseyi-əlsineyiislamiyə məmurdur, irsal olunubdur. Baqi cavabınıza müntəzir qalıram.

2 min
Tehran əmirlərindən birinə

Kapitan Mirzə Fətəli Axundzadə tərəfindən darül-xilafeyi-Tehran əmirlərindən birinə yazılmış məktubun surəti**Bu ilin rəbüəssani ayında şərafətli sərkar Qafqaz canişininin icazəsi ilə dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan islam yazı qaydalarını dəyişdirmək barədə mənim yazmış olduğum bir kitabçanı İranın xarici işlər naziri cənablarına göndərmişdir ki, dövlət rəhbərləri və millət başçılarının nəzərinə çatdırsın.

3 min

Poems by other poets