Böyük vəzifələr uğrunda
Firqənin aprel qərarından sonra həyatımızda dönüş olduğuna şübhə yoxdur. Bunu bugünkü qurultay və buradakı çıxışlar da göstərir.
Lakin firqənin həyatımızda dönüş yaratmağa səbəb olan bu qərarının layiqincə həyata keçirilməsi, ondan yazıçıların istifadə etməsi haqqında bir o qədər də çox iş görülməmişdir.
Bu gün yazıçıların sıralarının artması, yeni yetişən gənclərimizin qələm götürməsi təşkilat komitəsini daha çox işləməyə məcbur edir.
Halbuki gənc qələmlər sahibsiz kimi qalmışlar. Onlar arasında kifayət qədər iş aparan yoxdur.
Bir çox dramaturqlar teatra və sair yerlərə müraciət edirlər, təşkilat komitəsinə getmirlər. Çünki təşkilat komitəsində elə adamlar yoxdur ki, bu dramaturqların əsərlərini oxuyub, onlara yol göstərsinlər.
Gənc kadrlarımızı, gənc yazıçılarımızı tərbiyə edə biləcək iki mühüm amil vardır. Biri nəşriyyat, o biri isə mətbuatdır. Əvvələn, bunu da deyək ki, mətbuatda çıxan tənqidlərimizin keyfiyyətini burada yoldaşlar göstərdilər. Bunun biri də Rəfilinin özüdür. Bir də görürsən ki, ədəbiyyat qaldı bir tərəfə, gedir Qliyerdən tənqid yazır, musiqidən tənqid yazır. Halbuki özü iki notanı yaza bilmir. Mən demirəm ki,
Qliyeri tənqid etmək olmaz, olar, lakin Qliyeri tənqid edən heç olmazsa musiqini anlamalıdır.
Odur ki, bu gün bir yolla, sabah başqa yolla gedəndə dolaşırlar. Ədəbiyyatı yüksəltmək üçün çalışmaq lazımdır. Mən bir məsələ haqqında dəxi danışmaq istəyirəm. “Ədəbiyyat qəzeti” yazıçı kadrlarının rəhbəri olmalıdır və bu məsələdə “Ədəbiyyat qəzeti”nin hər bir işi düzgün olmalıdır. Ancaq biz görürük ki, “Ədəbiyyat qəzeti” düzgün və müntəzəm çıxmır. Təşkilat komitəsi bu məsələyə fikir verməlidir.
“Ədəbiyyat qəzeti” vasitəsilə bizdə yetişən və böyük qüvvət təşkil edən yeni yazıçı kadrlarına kömək etmək lazımdır. Köhnə yazıçılar məsələsinə gəldikdə, tənqidçilərin köhnə yazıçılara yanaşması haqqında vaxtilə Ruhulla yoldaş bir misal göstərmişdi. Bizim klassiklərə də Ruhullanın göstərdiyi kimi belə yanaşılmalıdır. Klassiklər haqqında tənqidçilər çox xırdaçılıq etməməlidir...
Biz indiki quruluşumuzu bütün dərinliyi ilə bərabər mənimsəməliyik. Madam ki, mən özüm bu quruluşumuzu hiss edə bilmirəm, onda nə cür də mən quruluşumuz uğrunda mübarizə edən qəhrəmanı verə bilərəm. Odur ki, indiki quruluşumuzun qəhrəmanlarını hiss etməli, onları bütün dərinliyi ilə mənimsəməli və öz əsərlərimizdə əks etdirməliyik. Mən bu qəhrəmanları hiss edirəm və olanı yazıram. Mən də vaxtilə görə bilmirdim, hiss edə bilmirdim. Lakin indi görməyə, hiss etməyə çalışıram, mən də görürəm. Şura yazıçısı öz yaradıcılığını, hərəkət təmayülünü indiki həyatdan almalıdır. Mən Vətənimin əməkçi xalqının gələcək səadətini təminedici əsərlər yaza bilərəm, yazacağam da. Lakin bununla bərabər, yenidən qurultaya, yenidən yetişməyə can atan, lakin həyatın dərinliyini tezliklə qavraya bilməyən bəzi yazıçılar da vardır. Onlar üçün də Azərbaycan Şura təşkilatı bu şəraiti dəxi nəzərdən qaçırmamalıdır ki, indiki quruluşumuzu görməyə istedadı olan və onu görməyə çalışan və hazırkı quruluşumuzda iştirak etməklə öz yardımını göstərməyə çalışan yazıçılara müəyyən şərait yaratmaq, kömək etmək, əldən gələn heç bir şeyi əsirgəməmək lazımdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-boyuk-vezifeler-ugrunda
Use ← → keys to move, R for a random poem
More by this author
Dövlət Türk Akademik və Türk İşçi teatrolarının müttəhid bədiisiyasi şurası gələcək mövsüm, yəni 1929-30-cu il mövsümü üçün repertuar hazırlamaq işi ilə məşğuldur. Bu məsələ türk teatrolarının ən böyük məsələlərindəndir.Şübhə yoxdur ki, repertuar məsələsində ən birinci yeri original pyeslər tutur. Orijinal pyeslər teatroların canıdır. Türk teatroları original pyeslərsiz yaşaya bilməz. Teatroda ildə heç olmazsa bir original pyes oynanması onu tam mənasilə dirildir, teatroya tamaşaçılar cəlb edir və maddi cəhətcə dəxi çox əlverişli olur. Bu orijinal pyeslər, tərcümə edilən dəyərli pyeslərdən məzmunca bir qədər zəif olsa belə, səhnə cəhətcə daha müvəffəqiyyətli olur və tamaşaçıların əhvali-ruhiyyəsinə daha uyğun gəlir. Misal üçün Türk İşçisi teatrosu repertuarını alacaq olursaq, qəti olaraq göstərə bilərik ki, “Qızıl Trenlər” kimi müasir və dəyərli bir pyes, Azərbaycan həyatına uyuşdurulmuş “Zəlzələ” və yaxud “Çinar altında məhəbbət” qədər müvəffəq olmayır. Həmçinin Şillerin “Qaçaqlar” kimi klassik bir əsəri tamaşaçıya heç bir vaxt “Aydın” qədər təsir bağışlamayır.
Türk teatrı olimpiadadaTürk Bədaye Teatrının ümumittifaq teatr olimpiadasında iştirak etməkdən məqsədi on il içərisində teatr sahəsində əldə edilən müvəffəqiyyətləri və təcrübələri olduqca geniş bir surətdə göstərmək, başqa teatrların fəaliyyətinə diqqət yetirmək, onların gördüyü işlərlə ətraflı surətdə tanış olaraq mənimsəmək, nöqsanları meydana çıxarmaq, aradan qaldırmaq, müvəffəqiyyətlərdən isə istifadə ilə gələcək yol təyin etməkdən ibarət idi. Olimpiadanın böyük siyasi əhəmiyyəti haqqında danışmaq belə artıqdır. Teatrın ilk çıxışı Leninqradda oldu. Şərq xalqları evində, “Kraskaya qazeta” müxbirləri klubunda, İncəsənət işçiləri evində, alman işçi teatrı və Leninqrad teatrları ilə düzələn rabitə gecələri, teatrın Putilov zavoduna getməsi və sairə böyük siyasi bir nümayiş halını aldı. Ən böyük qardaşlıq həmrəyliyi nümayişi türk-tatar teatrının, tatar, özbək, türk teatrlarının Qızıl Tatarıstan mərkəzində görüşməsi oldu.Türk Bədaye Teatrının istər Leninqrad, istərsə də Kazandakı böyük müvəffəqiyyətləri, istər Leninqrad, istərsə də Kazan mətbuatı və xüsusən teatr mətbuatı tərəfindən çox aydın göstərildi.
Türk Bədaye Teatrı yeni yol iləTürk Bədaye Teatrı, öz mövsümünü oktyabrın 16-da “Bomba” pyesi ilə açır. Teatrın bu mövsümü, işdə kafi bir dəyişiklik yaradılması şüarı altında başlayır.Yayda teatr Şuralar İttifaqında qastrollar vermiş və 1-ci olimpiadada iştirak etmişdir. Odur ki, teatrın yeni mövsümə hazırlaşması üçün vaxt az olmuşdur. Olimpiadanın nəticəsində teatr yeni qüvvə almış və göstərilən nöqsanları aradan qaldırmağa başlamaq istəyir. Bu arzu teatra qısa bir zamanda böyük işlər görməyə imkan vermişdir.
Q.Edelmanın konsertləri haqqındaDemək olar ki, incəsənətin elə bir sahəsi yoxdur ki, estrada pianoçuluğu kimi özünəməxsus xüsusiyyətlərə malik olsun.Saçları hədsiz uzun olan ifaçı ehtiraslarının ilhamı altında saçlarını əsdirərək atletikcəsinə (üslünlüklə) çalmaq qabiliyyəti, ifa etdiyinin mahiyyətini üzə çıxarmaq əvəzinə sonsuz canfəşanlıqla “parıltı” dalınca qaçır, repertuarının 90 faizi akrobatik xarakterli musiqi “şaxşax”ından ibarət olması, bunların arxasınca əsl musiqi məzmununun bütöv yoxsulluğu və bunun nəticəsində virtuozçuluğun müəyyən bir qəlib kimi məqsədə çevrilməsi – budur indiyədək tanıdığımız “ideal” estrada pianoçusu.