Papaq
Page 3 of 4 · 50%
– Çox sağ ol...
– Yaxşı, bir de görək... uşaqların anası ikicanlı idi. De görüm zad oldu, ya yox...
Məşədi Mehdiqulu üst-üstdən sorğu-sual yağdırırdı... Nə isə, mən ürəkləndim, divardan aşdım birbaş dalana. Ancaq yenə də fikrim o əsrarəngiz kisənin yanında idi.
Baxdım ki, bu adamlar hamısı məhlə adamlarıdır. Özləri də bizim qapımız deyil, qonşumuzun qapısına toplaşmışlar. Məlum oldu ki, qonşu evdə Əlinin pişiyi Vəlinin kasasını sındırıb və bunun üstündə Əli ilə Vəli və qardaşları vuruşmalı idi. Bu adamlar da qonşumuzdakı evdə olan telefon ilə danışmağa və rayondan kömək çağırmağa gəlmişlər. Odur ki, bayaq “Arvad qapını aç”, – deyə səs gəlirmiş. Arvad da gecə keçdiyindən qorxub qapını açmaq istəməmişdir. Gələnlər tələsdiklərindən qapını əvvəl yavaş, sonra yumruq ilə, axırda bayırdan götürdükləri qənbər ilə döyürmüşlər. Qaranlıq gecə, səssiz küçə, yumru qənbər, taxta ala qapı. Yaxşı ki, mən beşatılan səsi bilmişəm. Özgəsi olsa idi, top səsi bilərdi. Vuruşanlar qabaqca işi yumruqdan başlamışlar. Bundan iş aşmayanda əl atmışlar ağaca “taraqqataraqta aqqataraq”, bundan da bir fayda çıxmır. Binanüma qoyurlar qabaqca bıçağa, sonra dəhrəyə... Axırda Əli böyük bir mərhəmətlə bıçağı dürtür Vəlinin qarnına və yavaşcadan qızışıb aradan çıxır. Bir də adamlar baxıb görür ki, Vəli uzanıb yerə. Qarnından da qan fantan vurur. Adamlar daha qorxudan bıçaq vurana yaxın dura bilməyirlər. Ancaq oradan çıxandan sonra neçinsə düşürlər onun qardaşının üstünə: vur ki, vurasan! O da görür ki, iş qurumqolaysızdır, atasını yandıracaqlar, qapır ət dəhrəsini, qabağına gələnə bir dəhrə. Adamlar pərənpərən olurlar, üz qoyurlar qaçmağa. Bu da onların dalınca. Hələ yaxşı ki, mənim əqlimə gəlib bayaq divarın dibinə sıxılmışam. Yoxsa böyük tikəm noxuddan da xırda doğranarmış. Nə var ki, əlini tutan yox, ayağını tutan yox... Məni görən kimi, adamlar tez yığışdılar başıma. Ay Sancaq yoldaş, gəl sən bir irayona danış, bəlkə bir şey çıxa... Məlum oldu ki, iş yumruq davasına müncər olanda rayona zəng çalıb milis çağırırlar.
– Kimsən? Adın nədir? Hansı kənddənsən? Anan neçə yaşında ərə gedib? Atan neçə yaşında evlənib? Hələ rayonda adam yoxdur. Gələndə göndərərik, – deyirlər.
Gözləyirlər gələn olsun. Iş ağac davasına çatınca, bir də zəng çalırlar. Yenə də rayondan həmin o sözlər:
Kimsən? Adın nədir? Hansı kənddənsən? Xalan qızı çarşaflı gəzir, çarşafsız? Bibin oğlunun bir arvadı var, iki arvadı... Yaxşı göndərərik... Iş bıçaqlaşmaya çatanda bir də zəng çalırlar. Yenə də gələn olmur. Iş dəhrəyə çatanda telefon yiyəsi çıxır, gedir vəfata. Arvadı da qorxudan qapını açmaq istəmir. Odur ki, taqqataraq beşatılan səsi verir...
Telefonu götürdüm. İkinci rayonu istədim. Yenə də anketə başladı.
– Kimsən? Vuruşan kepkalıdır, papaqlıdır? Göndərərik...
Tələsik yardıma zəng çaldıq.
– Kimdir? Hansı küçədəndir? Qoyun faytona, gətirin.
– Canım, burada fayton nə gəzir?
– Hansı küçədədir?
– Böyük Səlyan küçəsində.
– Oho?! Yox, yox... Gələ bilmərik. Ora nə fayton yolu var, nə də maşın yolu.
Vurulan da tir uzanıb yerə, əl-ayağını uzadıb ki, ölürəm. Doğrudan da qan dayanmırdı... Əlinin qardaşı da dəhrəni qapıb qabağına çıxanı şappalayır.
Telefon ilə danışarkən gözüm divardakı saata ilişdi. Baxdım saat hələ indi on tamam olur. Sən demə, mənim saatım gündüz saat birin yarısından yatmışdır. Istədim düzəldim, gördüm vurhavurun içində saatın şüşəsi də düşüb, böyük əqrəbi də. Yazılarımın da yarısı tökülübdür. Nə isə saat 10-dan çağırdığımız milis gecə saat 3-də gəldi çıxdı. Bıçaqlanan da dörd saat idi ki, özündən getmiş, qan dayanmırdı. Dəllək Əlimərdan gəldi. Məsləhət gördü ki, bilovu tüpürcək ilə islatsınlar, sonra da bakir bir qızın hörüyünü bilova sürtüb yaraya bassınlar.
Axtardılar, bakir qız tapmaq çətin oldu.
Qəssab Ağacan resept verdi ki, mal iliyi ilə qoyun ödünü qarışdırıb qoysunlar... Qoydular, qan dayanmadı. Nöyüt Süleyman dedi ki, bir az nöyüt xılxı ilə sabunu qarışdırıb qoysunlar... Qoydular, dayanmadı. Dabbağ Səməd də gəldi ki, bir az qoyun astarı çəkin. Qalayçı Qazan da dedi ki, bir az qazan qarası ilə qurşun pası qoyun. Qoydular, dayanmadı. Hörümçək qoydular dayanmadı. Batdaq qoydular dayanmadı. Dəstərxan qoydular dayanmadı ki, dayanmadı. Hələ kişinin qarnına təzəcə yorğan təpişdirdilər ki, bu yandan xəbər çıxdı ki, tələsik yardımın maşını gəlib qalıb Şura küçəsinin altında yuxarı çıxa bilmir. Biz bir-iki nəfər getdik rayona şahid... Yuxarı qayıdırdıq. Gördük beş-altı nəfər adam qıçları öz qaydasilə dizlərinə kimi çırmanmış, çiyinlərində ölü mafacına (katafalka) oxşayan bir şey aşağı gəlirlər. Heyrət etməmək olmazdı. Gecənin bir vaxtında hansı axmaqdır ölü basdırır. Düşünürəm ki, yəqin ölünü basdırıb qayıdır. Yavaşca birini yaxaladım.
– Bibioğlu, bu mərhumu gecə neyçün basdırdınız, – deyə soruşdum.
– Ölü basdırmamışıq...
– Mafa doludur, boş?
– Doludur.
– Yaxşı bəs qəbiristanlıq geridə, bu rəhmətliyi şəhərə neyçün aparırsınız?
Tutduğum adam sorğularımdan çox darıxırmış və çox da qaba cavab verirdi.
– Canım, mafadakı ölü deyil, hələ diridir.
Mən lap çaşıb qalmışdım. Bu yaşa çatmışdım, mafada diri görməmişdim...
– Yoldaş Sancaq, bu helə bayaqkı məsələdir də... Bu oğlan səni tanıyır.
Mafadakı Vəlidir... – deyə Məşədi Mehdiqulu mənə də anladırdı.
– Yaxşı, bəs bunu mafaya niyə qoymuşsunuz?
– Haftavamil (avtomobil – A.R.) palçıqdan gələ bilmir. Nərdivanfilan da tapılmadı. Ümidimiz yenə də oraya gəldi. Mafanı götürdük. Yaralını qoymuşuq içinə, haftavamilə aparırıq. Mən mafanı görəndə qabaqcadan bir fatihə verib əlhəmdüvəllah oxumuşdum. Onu da qaytardım, oxudum abadanlıq şöbəsində işləyənlərin bidarət ölülərinə. Özüm də yönəldim evə tərəf. Ancaq onu gördüm ki, altıncı Təzəpir küçəsilə Şura küçəsinin ortasında mafa yolun bir tərəfində durub, maşın o biri tərəfdə... Orta qurşağa kimi palçıqdır. Nə maşın bu yana keçə bilir, nə mafa o yana... Şofer çıxıb maşının damına, maşın özü də batıb palçığa, çıxa bilmir... Vəligilin adamları bu yandan fışqırır, şofernən ferşil də o yandan. Burada mənim yadıma Əsli-Kərəm əhvalatı düşdü... Əsli balqonda qalıb, Kərəm balqonun altında...
Mən gördüm bunların işi uzun sürəcək, özüm də çox yorğunam. Odur ki, genə dəniz kimi dayanan çamurun içindən sərçə kimi daşdandaşa hoppanaraq evə tərəf üz qoydum. Hələ tək qalan kimi genə o əsrarəngiz kisə yadıma düşdü. Dalana necə yaxınlaşacağımı bilmirdim.
Başımda qiyamət qopmuşdu. Hələ dalana bir azca qalmış təzədən dəhşət məni bürüdü. Yenə də bir kölgə... yenə də dalanda bir kisə xəfəki-xəfəki, əyilə-əyilə divar dibilə sürünürdü... Ancaq daha qaçmağa taqətim qalmamışdı... dayanmışdım. Kölgə yaxınlaşdıqca daha aydın görünürdü. Təəccüblü burasıdır ki, kölgənin başında çarşaf vardı. Arvad idi, kişi idi, onu bilmirəm. Ancaq çarşafı açıq-aydın seçilirdi.
Birdən arvad başını götürüb məni görcək, kisəni yerə buraxıb daban aldı. Mən daha canımdan bezmişdim...
– Arvad, dayan – deyə bağırdım. Arvad dayandı. Nə o mənə tərəf gəldi, nə mən ona tərəf.
– Arvadsan, kişi? – dedim. Arvad bir qədər baxdı və birdən gözlərini mənə zilləyib birbaş üstümə yürüməyə başladı. Mən müvazinətimi itirdim. Hələ qaçmaq istəyirdim, birdən ona baxdım. Gözlərimə inanmadım. Bu arvad mənim qoca nənəm idi...
– Nənə bu nə əhvalatdır? – Nənəm danışmadı.
– Bu kisədə nə vardır? – Nənəm başını aşağı dikdi və yoluna düzəldi. Mən, doğrusu kisəyə yaxın düşmədim və nənəmin ardınca gedərək təkrar-təkrar soruşurdum.
– Axı bu kisədəki nədir? – Nənəm, mənim israrımdan təngə gəlib çox acıqlı bir səslə dedi:
– Ay balam, sənin təbiətin birtəhərdir. Allaha inanmırsan, peyğəmbər deyənə qulaq asmırsan. Mən bu sirri sənə aça bilmərəm.
Mən maraqdan boğulurdum. Bu nə sirr idi ki, onu göylərin ildırımından, gecənin qaranlığından başqa kimsə bilməməli idi. Dalana yaxınlaşdıqca mən ayaqlarımı yavaşıdırdım. Çünki bayaqkı əsrarəngiz kisə də yadımdan çıxmamışdı. Qorxudan dalana yaxınlaşa bilmirdim.
– Yaxşı, nənə, axı o kisələrdən biri də bizim dalanın ağzına salınmışdır.
– Nənəm hiddətindən partladı.
– Bilirəm köpək uşağı, bilirəm o kisə kimindir. Sabah onu qəzetə
verməsəm, atamın qızı deyiləm. O istəyir bizə hayıf versin...
– Axı kisədə nədir?
– Heç nə! Mən əgər sabah o kisəni onun ölüsünün goruna saldım, mən də oldum Kərbəlayı Səməndərin qızı... nənəm bərk acıqlanmışdı. mən kisəyə yaxınlaşmamaq üçün yavaş-yavaş gedirdim. Nənəm axsaq ördək kimi yanlarını basa-basa qabaqda yeriyirdi. Kisəyə çatdı, boğazından yapışdı. Görünür, dalına almaq istəyirdi. Gücü çatmadığı üçün o... acıqlı-acıqlı üzünü mənə tutub: – Gəl bu kisəni qoy dalıma, – dedi. Mən yaxın gəlmək istəmirdim. Nənəm oturdu. Kisəni belinə saldı. Durdu ayağa və bu dəfə üzü yuxarı ləhləməyə başladı. Mən dalan qapısını sərbəst görüb tez özümü dürtdüm içəri. Ancaq nə olursa olsun, bu gecə bu əsrarəngiz kisənin məzmunu və macərasını öyrənməli idim. Həyət qapısını açdım. Neyçünsə, işıqlarımız yanmırdı. Evimizdə bir çaxnaşma vardı. Heç böylə olmazdı. Gediləcək bir yer olmadığından külfət hamısı axşamdan “küftə-bozbaş”, kəlləni atıb yerə; bir də səhər durur. Yolsuzluqdan tiatroya gedən yox ki, oradan qayıtsın, məktəbə gedən yox ki, dərs əzbərləməyə otursun. Məktəb yaşında iki qul beçəniz var. Yaxında məktəb və aşağıdakı məktəblərə enmək üçün yol olmadığından heç biri məktəbə gedə bilmir və getmir.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-papaq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.