“Şeyx Sənan”
Cümə günü, oktyabrın 11-də möhtərəm şairimiz Hüseyn Cavidin “Şeyx Sənan” adlı faciəsi oynandı.
Möhtərəm müəllif guya “İblis”də buraxdığı bütün xətaların intiqamını “Şeyx Sənan”dan alırmış kimi, əsərin hər bir cəhətinə son dərəcə diqqət etmişdir.
Nə qədər “İblis” bir-birilə bir o qədər də rabitəsi olmayan ayrıayrı vəqələrdən ibarət olsa da, o qədər “Şeyx Sənan”ın bütün vəqələri arasında sıxı bir irtibat vardır. Həm də əsərdə gözəl tiplər və bir çox həyəcan bədiiyyə səbəbiyyətverici mənzərələr vardır ki, bunun üzərinə möhtərəm ədibimizi bu müvəffəqiyyəti üçün səmimi-qəlbdən alqışlamaqla bərabər əsərin bir neçə nöqtəsinə şairimizin nəzərdiqqətini cəlb etmək istəyirik.
Əvvələn, birinci və ikinci pərdələrdə islamiyyətdən sonra örtülmüş ərəb qadınlarının kişilər arasında üzüaçıq gəzmələri, azad bir müşaiqəyə imkan bulmaları, hətta necə isə Mədinədən dəvə ilə təxminən 13-14 günlük bir məsafədə olan Məkkəyə Şeyx Sənanın ardınca durub gəlmələrinə möhtərəm müəllif necə baxır!
Birinci pərdədə 18 yaşında görünən Zəhra 10 ildən sonra vaqe olan 2-ci pərdədə 28-30 yaşında olur.
Sənan onu sevirdisə, nə üçün bu 10 ildə almamış, sevirdisə, Zəhraya bildirmişmi? Bildirmişsə, Zəhra nə üçün arada heç bir şey yoxmuş kimi, ancaq kəmetina bir aşiqə müraciət edən kimi, Sənana müraciət edir? Ərəbistan mühitində bir qızın o qədər uzun bir vaxt ərə getməməsi mühitə müsaiddirmi? Zəhranın əqrəbası buna yol verərdimi? Burası çox dumanlı keçilir. Bir də Sənanın Ərəbistanda oturub görmədiyi bir Gürcü qızına bənd olması, əsəri təbiilikdən çıxarır. 3-cü və dördüncü pərdələrdə Oğuz və Özdəmirin şəxsiyyətləri çox qəribədir.
Əvvələn, necə olmuşsa, bu adamlar şərab içən və donuz otaran bir adama niyə böyük bir din xadimi kimi baxır və uğrunda hər bir fədakarlığa gedirlər?
Cavidin bir neçə əsr bundan əvvəlki kəndliləri əsr-hazırın bir çox ziyalılarını belə şaşıraraq, Sənanın dərin fəlsəfələrini və filosofanə hərəkətlərini çox gözəl anlayırdılar, əcəba? Həm də bu adamlar necə isə birər Don Kixot kəsilmişdilər. 2 nəfər, 4-5 nəfər müsəlləh qatilin üzərinə atılır, hərəsinə bir yumruq endirib yerə sərirlər və hətta özgə həyətində Serqoya: “Dur bunu al! Ardımca gəl!” – deyə hakim kimi əmr etmələri də çox qəribə idi. Bizcə, bunların əvəzinə 6-7 nəfər Şeyx Sənana rəqib gürcülər götürülsəydi, gözəl olardı.
Bundan başqa, Sənanın üçüncü pərdədə keşişin israrı üzərilə böyük bir fəlsəfə və ictimai nəticəsində islamlığına zərərsiz gördüyü hərəkətlərdə bulunması: şərab içməsi, Quranı yandırması, xaç taxması çox gözəl anlaşılır. Fəqət 4-cü pərdədə kefli Serqodan şərab alıb içməsi nə demək idi? Orada da bir fəlsəfəmi var idi? Burada insan təbii bir suala məruz qalır: Sənan bütün bu əməlləri öz dinində baqi qalmaqla dininə zərərsiz bilərəkmi icra edir, yoxsa həqiqətən dinindən çıxmışdır? Məsələnin bu cəhəti də əsərdə həqiqətən çox örtülüdür. Bir islamın Serqodan şərab alıb içməsi yersiz idi; Tamaranın eşqi xatirəsi üçün o zaman fəlsəfələr babası görünən Sənan Tamaranın eşqi naminə hər küçə çocuğundan bir piyalə alıb içərsə, ayıq vaxtı tapılmaz idi. Həm də Serqo məsələsi üzərinə Sənanın şəxsiyyəti çox dumanlaşır. Sənan müctəhid və mücəddət bir islammı, yoxsa müctəhidlikdən dinsizliyə keçmiş, yolunu itirmiş filosof? Bəzən keşişin: “Sən əski dininə gizlində qailsən”, – deməsi üzərinə: “Yalan, böhtan”, – deyə bağırır. Bəzən də: “Mən yalnız islamların deyil, hətta xristiyanların da rəhbəriyəm”, – deyir. Qəribə bir təzad deyilmi? Bu cəhətlər aydınlaşmalı idi. Bundan sonra sonuncu pərdədə Sənan və Tamaranın çox asanlıqla çıxdıqları bir dağa yerli və ölkələrinə hər kəsdən artıq bələd olmaları ehtimalı olan gürcülərin çıxmaması qeyri-təbii idi.
Sonra şeyxlər olduqca çoxdurlar. Sözləri də azdır. 2-3 nəfərini saxlayıb, qalanlarını əsərdən çıxartmaq daha gözəl olardı. Keşiş çox sərtdir. Axundlarda da axunda yaraşmayan bir davakarlıq vardır. Sənanın müdafiəsi üçün Şeyx Sədra daha yumşaq sözlər söylərsə, daha gözəl olar.
Bu cəhətlərə möhtərəm müəllifin lütfən nəzər yetirmələrini arzu edərik.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-seyx-senan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
TəbimAxı, hər vaxt şən idin sənİndi susdun, nədən, təbim?
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
QoymaramŞeşpərlərə əgər nişan olsa yaxan, qoymaram,Cəng olarsa bu meydanda könül yıxan qoymaram.