Page 1 of 3

1

Məktəbin açılışı və onu doğuran səbəblər

Bu məktəb 2 il bundan əvvəl böyük bir şövq və həvəslə açıldı. Çünki belə bir məktəbin açılmasını həyat özü istəyirdi. Həyatımızın getdikcə irəliləyib genişlənməkdə olan başqa cəhətləri kimi səhnələr də artıq biliksiz, hazırlıqsız olaraq araya atılmış “cır” qüvvələr ilə keçinə bilməyəcəyini açıq-açığına sızırdı.

Həyatın gedişilə ayaq tutuşdurmayan bu “cır” qüvvələr səhnəmizdə bilmərrə qadın bulunmayaraq qadın rollarını erkəklər ifa edirlərdi.

Nəhayət, bir erkəyin hər halda bir qadına az-çox bir yaxınlıqda təsvir edəməyəcəyi görülüncə çarəsizlikdən əcnəbi qadınlarının yardımına müraciət edildi.

İndiki xorumuzda olduğu kimi, “sən” yerinə “man”lar, “necə” yerinə “nadjalar” səhnəni doldurdu. Belələri çoxalınca artıq türkcə daha yaxşı bilənlər seçilməyə başladı. Səhnəmizə bu əcnəbi qadın, başqalarında olduğu kimi, yaxşı bir sənətkar olduğuna görə deyil, yaxşı türkcə bildiyinə görə qəbul edilirdi. Ancaq çox zamanlar keçdikdən sonra bunların səhnəyə olan həvəsi və istedadları nəzərə alınmağa başladı. Fəqət bunlar da türk səhnəsinin ehtiyacını ödəmirlərdi.

Tam bu aralıq cəmiyyətimizdəki tərəqqi üzərinə yavaş-yavaş türk qızlarında da bir tərəddüdlə səhnəyə gəlmək istəyənləri görünməyə başladı. Səhnəmiz bunları biliklərinə baxmadan ancaq bir ağuş ilə qarşıladı.

Fəqət bu qüvvələrin səhnəmizdə oturaq bir yer tutmayacaqları bəlli bir şeydir.

Cəmiyyət, həyat irəlilədikcə, bədii zövqlər incəldikcə səhnəyə qarşı qoyulan artırılmış tələbatı təmin üçün istər-istəməz çarələr, yollar aramalı idi. Çünki sənətkar olmayan, hazırlığı, biliyi olmayan bir aktrisaya yalnız türk olduğu üçün və türkcə ötəkilərdən bir az yaxşı danışdığı üçün bir gün, bir ay, bir il, nəhayət, 2-5 il maraq edilə bilər.

Fəqət bu hal çox sürməz. Aktyorlardan sənət, istedad, bilik və bacarıq tələb ediləcəkdir.

Yalnız aktrisalarımız deyil, aktyorlarımızın da bir çoxu həmin “cır” qüvvələrdən ibarətdir.

Çünki bir vaxt bunlar da səhnəyə, daha doğrusu, keçənlərin dilincə deyərsək, bu “şeytan ocağına” yuxarıda dediyimiz “ucdantutma” əsas ilə toplaşdırılmışdır. Ictimai həyatımızın müəyyən bir dövründə bir ovuc mütəşəbbüs maarifpərvərlər tərəfindən çox vaxt xeyriyyə və qismən də maarif məqsədi ilə başlanmış teatrçılığımız ilk günlərində aktyor belə tapa bilməyirdi. Çünki bizim teatrımız bugünkü Avropa teatrının keçirdiyi tarixi dövrləri keçirməmişdir.

Bugünkü Avropa teatrı, demək olar ki, bütün ölkələrdə milli, adətənənə və əsatirin tarixi və tədrici mabədi ikən bizdəki teatrçılıq, xarici təsirin qüvvəti üzərində şəbehgərdanlığın təbii məntiqinin təkamülündən doğmamışdır.

Bizdə Yunanıstanda və Avropa (mister)lərini əvəz edən “şəbehgərdanlıq” dini əsaslardan doğub, başqa ölkələrdə olduğu kimi, təbii təkamül yolu ilə tam həyata yaxınlaşdığı sırada Avropa mədəniyyətinin mütərəqqi təsiri ilə təbii yolundan çıxarılmış, birdən-birə inqilabi bir yol ilə açıq meydandan elektrik qutusu içərisinə atılmışdır. Beləlik-

lə, meydan teatrından bugünkü “qutu” teatrınadək olan əsrlər yolunu teatrımız bir neçə ilə keçmişdir.

Ona görədir ki, bizdəki “şəbehgərdanlıq” savab vədilə topladığı aktyorlarını səhnəyə köçürmədi. Nəticə etibarı ilə bu “şeytan ocağı” bir taqım maarifpərvər müəllimlər, xeyriyyəçi ziyalılar və bu kimilərin qüvvət və səylərinə istinad etmiş oldu.

Cəmiyyət təbəqələrindən biri aktyoru günahkar, sapqın bir şeytan, olsa-olsa bir oyunbaz kimi, o birisi isə bugünkü Avropa aristokrat təbəqəsinin gözlüyü arasından sadə bir “aktyor” kimi görürdü. Bu surətlə həvəskarlarımız dəxi o qədər sənət cəhətinə diqqət vermirlərdi.

Bizdə cəmiyyətin tərəqqisi, xüsusilə, mədəni həyatın gedişi tədrici tərəqqi yolu ilə deyil, müəyyən tarixi vəqələrin tikanları üzərinə inqilabi sıçrayış və atıltılarla yürüdüyündən dünən görünməmiş sanılan bir şey bu gün əski və yaramaz görünə bilər. Hər halda bizdə 1905-ci ildən əvvəlki cəmiyyət, 1905-dən sonrakı, 14-cü ildən əvvəlki cəmiyyət, ondan sonrakı son Rusiya inqilablarından əvvəlki cəmiyyət bugünkü cəmiyyət deyildir.

Bunun üzərinə dünənki bir “cəhalət” əsəri bu gün üçün gülüncdür, dünən məktəblərimizdə oxumaq istədiyi üçün bir qız, hətta oğlan çocuğu belə tapılmayırkən, bu gün məktəblərdə yer yoxluğundan qızlarımız küçədə durub pəncərədən baxaraq, dərs oxuyurlar. Dünən qadınsızlıqdan məscidə oxşar teatrlarımız bu gün mükəmməl bir cəmiyyət, hər dürlü, hər biçimli, hər boyalı çiçəklərə malik bir çiçəklik mənzərəsi ərz edirlər.

Beləliklə, həyatı bu qədər dəyişdirən ictimai səviyyənin yüksəlməsi səhnəyə qarşı da münasibəti dəyişdirmiş, cəmiyyət irəlilədikcə bədii zövqlər, duyğular incəldikcə, səhnəyə qarşı duyulan artırılmış tələbatı, sənət tələbini təmin üçün ona mütabiq də hazırlıqlı və irəliləmiş aktyorlar da lazım idi.

İştə teatrın əsil böhranı da buradan başlayırdı. 5 il bundan əvvəl səhnəni böyük bir müvəffəqiyyətlə dolaşan həvəskar bir müəllim, ya başqası bu gün sənətkar olmazsa, səhnədə duruş tutduramaz.

20 il bundan əvvəl buynuz taxınmaqla və səhnədə məftil üzərində uçurmuş kimi, yellənən bir aktyor hər kəsi heyrətə sala bilirdisə, bu gün mütərəqqi bir cəmiyyətin bədii zövqlərindən doğan adi bir tənqid gülüşündən başqa bir şey ola bilməz. Məhz, buna görədir ki, ilk əvvəl müftə çalışan həvəskarlardan bir çoxu səhnəni buraxıb yerlərini oradan ayrılmış bir az istedadlı adamlara və kənardan gələn qismən yenə də müftə, qismən də para və qismən bilkə də sənət üçün çalışan yeni həvəskarlara verdilər. Beləliklə, bu gün səhnəmiz:

  1. teatr tariximizin ələyindən keçmiş bir neçə nəfər biliyi az olsa da, hər halda təbii istedadı və bacarığı olan sənətkarlardan;

  2. bir çox, yenə də əskidən qalmış, fəqət nə biliyi, nə də istedadı olmayan və mühitdən geri qaldığını düşünməyərək səhnədən çəkilmək istəməyən bir taqım, “məccanı oynayıb, paralarını alanlar”dan;

  3. yenidən gəlmiş və ucdantutma qəbul edilmiş gənclərdən ibarətdir. Ümumiyyətlə, götürəcək olursaq, istedad və qiymətlərini inkar etmək istəmədiyimiz bir neçə nəfəri çıxınca, səhnəmizin qalan qüvvələrinin çoxusu istedadsız, sənəti yuxularında belə görməyən adamlardır.

Heç olmazsa, bu istedadsızlıqlarına qarşı bir bilikləri, hazırlıqları, texnikaları olmuş olsaydı, yenə dərd yarı idi. Fəqət məəttəəssüfanə bu da yoxdur. Və bunu qanmaz yerdə çalışdıqları görünmür. Bu ancaq dramada çalışacaq aktyor və aktrisalardır. Opera cəhətincə işlər daha bərbaddır. Sənhəmizdə də olubolmadıqlarını bilmədiyimiz bir-iki nəfər nəzərə alınmazsa, bu günədək not oxuya biləcək bir aktrisa və aktyorumuz belə yoxdur. Rejissorluq xüsusunda danışmağa belə gəlməz.

Xülasə, vaxtı ilə sırf maarif məqsədi təqib edən bir ovuc maarifçilərin, könüllü və para güdməyən həvəskarların qüvvəsilə başlayan teatrımız, getdikcə təkamül etmiş, əski həvəskarları bir çox “cır” kustar qüvvələr dəyişmişdir. Bunların arasında 50 illik teatr tariximizin yetişdirdiyi və bəlkə də bütün dünyanın bədii qüvvələrinə meydan oxuya biləcək sevimli simalar, talantlar yox deyildir. Bunların haqqını biz inkar edəcək olursaq belə, səhnəmizi görən başqaları təsdiq edirlər.

Fəqət bunlar azdır. Qalanların çoxu, istedadsız, bacarıqsız, hazırlıqsız, savadsız yoldaşlardır. Təbii ildırım sürəti ilə tərəqqi və təkamül edən bir cəmiyyətə qarşı səhnəmiz belə qüvvələr ilə irəliləməyəcəkdi. Səhnəmiz hər gün sonsuz inqilabi təkanlarla irəli sıçrayan mütərəqqi cəmiyyətimiz ilə ayaq tutuşdurmayırdı. Buna qarşı səhnəmiz hər tərəfə çırpınır, yalvarıcı baxışları ilə bir nicat yolu arayır, bir sözlə, bu “cır” mühitin içərisində boğulur və sabah büsbütün boğulacağını hiss edirdi.

İştə hazırlıqlı aktyor və aktrisalara olan bu ehtiyac o qədər kəskin idi ki, həyat özü bir teatr məktəbi lüzumunu irəli sürdü. Belə bir məktəb də açıldı.

2

Əvvəlləri teatr məktəbindən ehtimal ki, böyük səhnə “dahiləri” gözlənildiyi üçün yeni az-çox, ara-sıra məktəbə baxılırdı. Son zamanlar isə bu məktəbə qarşı münasibət büsbütün dəyişmişdir. Lazımınca gələn yox, baxan yox, soran yox, hətta məktəbin qapadılması təklifi belə eşidilməz bir şey olmadı.

Həyat teatr məktəbindən gələcək üçün bacarıqlı, bilikli və geniş xalq kütlələri və teatr şəbəkələri, üçün sadə sıra işçiləri bəkləyirkən onu açanlar həyata yeni başlamış məktəbdən səhnə “dahiləri” tələb edirlərdi. Fəqət məktəbdə təbii olaraq belə “dahilər” heç də görünməyirdi.

Halbuki, akademik teatrımızda məktəbin gənc müdavimlərindən daha qüvvətli adamlar vardır. Beləliklə, madam ki, məktəb gözlənən nəticəni vermədi, o halda “qapamaq lazımdır”, – deyə təklif edənlər də oldu.

Çox ola bilər ki, bugünkü Türk teatr məktəbində səhnəmizin nadir yetişdirdiyi qüvvələr ilə rəqabət edə biləcək bir artist yoxdur və beləsi bəlkə də sabah işçi klublarının birindən çıxacaqdır. Fəqət burası məktəbə lüzum yoxdur, demək deyildir. Hər yeri, hər teatrı Bakı Türk Akademik Teatrı, hər aktyoru Şərifov, Əliyev, Anaplı və sairə arşını ilə ölçmək olmaz.

Bir aktyor öz istedadı ilə bədənini hər dürlü hərəkətə uyuşdura bilir, istədiyi tipi yarada bilir. Fəqət qalanları bunun üçün uzun-uzadıya bədənlərini hazırlamalı, teatrı bilməli, tipləri tip yaratmalı, səhnənin nə olduğunu öyrənməli, bütün incəliklərinə bələd olmalıdırlar. Bunu da təbii ancaq mükəmməl bir teatr məktəbi yarada bilər. Burası hələlik teatrımızın birinci qüvvələrində olmazsa, hər halda, ikinci qüvvələrini bilikli, hazırlıqlı aktyorları ilə təkmil edə bilər. Bundan başqa,

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets