Page 2 of 3 · 33%

Bakı səhnəsi yalnız akademik teatr ilə məhdud qalmaz: indiki halda haqlı olaraq, teatra geniş xalq kütlələrinin səviyyəsini yüksəldəcək, ruhunu, bütün mənəviyyatını qüvvətləndirəcək, bədii zövqünü, duyğularını incəldəcək tərbiyəçi bir dairə kimi baxıldığından xalqımızın ehtiyacını təmin edəcək qədər də teatrçılığın dürlü-dürlü axıntılarını təmsil edəcək səhnələrimiz olmalıdır. Bunun üçün də bir çox qüvvələrə ehtiyac vardır.

Halbuki, bugünkü teatrımızda vur-tut bir komplekt aktyorumuz vardır.

Bundan başqa, bütün dairələrdə, işçi klublarında dram dərnəkləri vardır. Bunlar daha da artırılasıdır. Fəqət bu dərnəklərdə, bu klublarda kimlər rejissorluq və rəhbərlik edirlər? Hər halda biz ayrı-ayrı şəxsiyyətləri saymaq istəmirik. Yalnız burasını qeyd etməliyik ki, bunların çoxunda, hətta aktyorluğa belə yaramayan adamlar da rejissorluq, rəhbərlik edirlər.

Ona görə də bu dərnəklərin bütün heyətləri də deyilsə, heç olmazsa, hər klubda, hər dərnəkdə bir nəfər hazırlıqlı dram rəhbər, rejissor, bir-iki nəfər də hazırlıqlı aktyor olmalıdır. Artıq işçi dairələri və klublarındakı səhnələrimizi də səhnəyə oxşar bir hala salmalı, buralarda az-çox incə bir sənət göstərməyə çalışmalıdırlar. Çünki hər iki gündə bir, dəzgahını buraxıb şəhərə gəlməyən bir dartayçının, bir dəmirçinin, bir kəndlinin incə bir sənət göstərməyə, bədii zövq almağa başqalarından daha artıq ehtiyacı vardır. Burada yenə ümid teatr məktəbinədir.

Ara-sıra gedə biləcək səyyar dəstələrdən də sabit olmadıqları üçün bir o qədər də müsbət bir nəticə gözlənilə bilməz, həm də bunların gedə biləcəyi məsafə Bakı dairəsindən uzaq ola bilməz.

Halbuki, bunların hamısından başqa orasını da unutmamalıdır ki, Azərbaycan yalnız Bakıdan ibarət deyildir. Azərbaycanda Zaqatala da, Kürdüstan da var, Göyçay, Gəncə və başqa qəxalar dəxi vardır. Biz hələ kəndlərimizi demirik ki, buralarda da artıq kəndlilərimizi məscid divarlarının dibindən, təkiyələrdən, çayxanalardan çəkib teatrlara sövq etmək lazımdır. Bunların hərəsinə yerli həvəskarlar vasitəsilə teatrlar qurmaq üçün heç olmazsa, birər hazırlıqlı adam göndərməlidir. Bunu da teatr məktəbi verə bilər. Burası gedərki qüvvələrə ümid bağlamaqdansa, qəzalardan, kəndlərdən həvəskarlar cəlb edib hazırlayaraq, öz yerinə qaytara bilər.

Bu gün belə bir hazırlıq mənbəyi olmadığından xalqımız içərisində nə qədər böyük talantlar, vergili adamlar tanımadan, araya çıxarılmadan məhv olub gedirlər! Keçənlərdə məşhur musiqişünas Qliyer ilə küçədə bugünkü opera aktyorlarımızdan hansının səsi olub-olmadığı xüsusunda danışaraq gedirkən birdən-birə bu adam sözünü kəsib, mıxlanmış kimi dayandı. Eşitdiyi səsin haradan gəldiyini və oxuyanın kim olduğunu soruşdu.

Eşidilən Təzəpir minarəsindən “obaşdanlıq” minacatı idi. Qliyer, nəhayət, bir qətiyyətlə söylədi ki, bu adam bu gün səhnəyə cəlb edilib öyrədilərsə, sabah bütün dünya səhnələrini dolaşan bir qüvvət kimi araya çıxa bilər. Çünki bu səs ahəngcə və məlahəti, xüsusilə, qüvvət və yüksəkliyi cəhətincə nadir görünə biləcək bir səsdir.

Öyrəndik ki, minacat verən 22-23 yaşlarında gənc bir adamdır ki, bu il də yenə Təzəpir minarəsində ara-sıra könüllü olaraq minacat deyir. Fəqət nə qədər belə qüvvələrimiz Qarabağda və başqa yerlərdə “minacat!” deyir! Onu-bunu yamsılayaraq, xalqı güldürür. Və bunları idarə və təhrik edəcək bir adam, öyrədəcək, hazırlayacaq bir yer olmadığından yüzlər ilə belə xanəndələr araba şahnişinində oxuyaraq, yüzlər ilə tragiklər könül təkiyələrində “Qasım” ya “Ələkbər” şəbihi olaraq, yüzlər ilə komiklərimiz çayxanalarda xalqı güldürərək, başqaları üçün görünməz, tanınmaz olaraq, məhv olub gedirlər.

Bunları da araya çıxara biləcək, böyük bir qüvvət kimi tərbiyə edə biləcək bir mənbə varsa, təbii, o da yenə hər şeydən əvvəl teatr məktəbidir.

3

Bugünkü teatrımızın ölüm-dirim məsələlərindən biri də rejissor məsələsidir. Rejissor olmaq üçün təbii bir qədər sənətkar və olduqca bilikli və məlumatlı olmalıdır.

Eyni zamanda, şübhəsiz, hər bir xalqın səhnəsini idarə edəcək rejissor mükəmməl bir məlumatdan başqa bir də xidmət etdiyi səhnənin, mənsub olduğu millətin adət və ənənatını bilmək, bir təbiyyatşünas kimi təhlil etmək, öyrənmək, onun bütün misallarını, atalar sözlərini, dilini, danışığını, zərb məsəllərinin xüsusiyyətini, bayramlarını, yaslarını, bunların səbəbini təyin etməyə çalışan və həm də bacaran bir adam olmalıdır. Çünki bu xüsusiyyətlər hər bir xalqın ədəbiyyatında qeyd edildiyi kimi, onun səhnəsində də əks ediləcəkdir.

Bir Azərbaycan ədibi nə qədər realist olmasa, nə qədər xəyalçı olursa belə, hər halda, onun öz xəyalında yaratdığını xəyali adamlar belə onun mühitindəki xüsusiyyətlərdən bir çoxunu əks etdirəcəkdir. Çünki bir ədib nə qədər xəyalçı olursa-olsun, mühitindən qaça bilməyəcək, ona ilham və təsirat verən mühitinə göz yuma bilməyəcəkdir. Hətta bir ədibin yaratdığı xəyali mələklər, cinlər, şeytanlarda öz mühit və millətinin xasiyyəti görünə bilər.

Bir İran rəssamının çəkdiyi bir mələkdə, diqqətlə baxılarsa, bir iranlını tanımaq olur.

Bir avstraliyalı göz açıb ətrafında qara üzlü, iri dodaqlı və ilaxir... adamlar gördüyündən, gözü, ruhu buna alışdığından ağ bir qadını bəyənməyə bilər. Bunun yaratdığı mələk öz mühitinin gözəli, bir Avropa və ya İran rəssamının yaratdığı mələklər də öz mühitlərinin gözəlləri olacaqdır. Çatma qara qaşlı, yumru üzlü Iran mələklərini kim görməmişdir? Halbuki, belələrini Avropa mələkləri arasında görmək olmaz. Bir xalqın bu ümumi zövqünü, xüsusiyyətinin bütün bir mühit mehrini sadə bir küvəcdə, bir su qabında, xülasə, hər bir şeydə görmək olur. Bir yazıçı yazırkən hər şeyi öz ruhunun, öz mənəviyyatının süzgəcindən keçirdiyi kimi, bir aktyor, bir rejissor da belə edir. Başqa dürlü də yaramaz. Çünki o istəsə də, istəməsə də belə olacaqdır. Sənət dediyimiz şeyin də əsası buradan başlanır. Ona görədir ki, bir rejissor nə qədər böyük bir alim, böyük bir talant, bir dahi olursa-olsun, başqa bir xalqın sənətini bütün təfərrüatına, bütün incəliklərinədək canlandırmayacaqdır.

Adi bir timsal deyək: “Bizdə Allahü-əkbər” təbiri müxtəlif yerlərdə işlədilir. Allahü-əkbər! Tanrıya qarşı bir ərz übudət, “Allahüəkbər!” bir əzab, “Allahüəkbər!” bu da bir təəccüb və heyrət ifadə edir. Buna qarşı birinci ittifaqda bəlkə də əlləri göyə qaldırmaq, ikincidə məsələ qolları çırmayıb yumruq düyümləmək və üçüncüdə məsələ çiyinləri qaldırıb boyunu umuz içində sığmaq əvəzinə, bunu bilməyən bir rejissor “Allah” sözünü eşidən kimi həmən “Allah” deyə əlləri göyə qaldırır və nəticə etibarilə ayaqları da həqiqətən yerindən üzülüb üzüquylu yerə çırpılır və öz nabələdliyinin ağırlığı altında oynadığı əsərin də qol-qabırğasını qırmış olur.

Bu il teatrımızda tərcümə edilmiş əsərlərin nə qədər böyük bir müvəffəqiyyət və səliqə ilə getdiyi, yerli yazıçıların əsərlərində isə bir quruluş süstlüyü görünməsi də, şübhəsiz, bunun bir nəticəsidir. Bundan artıq biz tələb də etmirik. Çünki mümkün deyildir. Buna görə də aramızda çalışan yoldaşları sevmək, onlardan istifadə etməklə bərabər, biz nə olursa-olsun öz qüvvələrimizdən rejissor yetişdirməliyik. Yalnız burada deyil, başqa-başqa mərkəzlərə də öyrənmək üçün adamlar göndərməliyik. Fəqət ucdantutma hər kəsi göndərmək olmaz. Göndəriləcək adamlar müəyyən ibtidai hazırlıq görmüş və bir çoxlarının arasından ayrılmış, seçilmiş adamlar olmalıdır ki, belə adamları da hər halda hər şeydən əvvəl teatr məktəbi verəcəkdir.

Beləliklə, teatr məktəbinin nə qədər böyük əhəmiyyəti olduğu bizcə açıqdır. Xüsusilə, teatrlarımızın, klublarımızdakı səhnələrimizin hamısı üçün aktrisa hazırlamalıdır ki, burası akademik teatrının da ən canalacaq xəstə bir nöqtəsidir. İştə teatr məktəbimizdən gözlədiyimizin başlıcaları belədir.

4

Keçən saylarda biz teatr məktəbinin nə qədər böyük əhəmiyyəti olduğunu və görəcəyi işlərin başlıcalarını göstərmişdik.

İndi məktəbin bugünkü vəziyyətinə keçək.

Keçən il məktəb açılışının ilk ili olduğundan ancaq təşkilat işlərilə məşğul olaraq, təbii, müntəzəm bir hala düşə bilməyəcəkdi. Bu il isə məktəbə Bakıdan və qəzalardan bir çox yeni müdavimlər cəlb edildi. Hətta Türküstan və başqa cümhuriyyətlərdən də bir qədər müdavim göndərildi.

Teatr sənəti cəhətincə hər halda Azərbaycan başqa türk ölkələrindən və bütün qonşu Şərq məmləkətlərindən irəli keçmişdir. Burası Azərbaycan teatr məktəbinin yalnız Azərbaycan deyil, bütün Şərq ölçüsündə böyük bir əhəmiyyəti və lüzumu olması üçün artıq bir sübutdur. Fəqət bununla bərabər dərslər bu il də qənaətbəxş bir surətdə getmədi.

Məktəbdə dərslərin bir çoxu rusca aparıldığından, müdavimlərin əksəri, xüsusilə, qəzalardan gələnlər rusca bilmədiklərindən və buna görə də dərslərdən lazımınca istifadə edə bilmədiklərindən, bəzi dərslərin tərcüməyə ehtiyacı varkən, bu məsələ bu vaxtadək yoluna qoyulmadı. İstər türkcə, istərsə, başqa dərslərin müəyyən bir proqramı yox, bütün iş müəllimlərin istək və vicdanlarına tapşırılmışdır.

Bütün müəllimlər üçün müəyyən bir dərs planı, dərs proqramı düzəltmək, müəyyən bir hədəf təyin etmək lazım ikən, burası da diqqətsiz qaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets