Yaylağa gedir
Page 1 of 3
SIĞORTA ŞURASININ OTAĞINDA Yan-yana beş miz düzülmüşdür. Dördüncü mizdə makinaçı qadındır. Qabağında çay ilə dolu və boş stəkanlar.
Əhməd (əlində kağız girib “Odalar” havasında oxuyur).
Neçə gündür işim düşüb düyünə.
Məni doktor salıb yarım bu günə,
Bu gün axır işim yetibdi sona,
Məni şad et, şad eylə başın üçün.
Bədənim çəkinir, vərəm didiyor,
Gediyor varlığım, itib gediyor,
Məni bu dərd axır həlak ediyor,
Məni şad et, şad eylə başın üçün.
Mənə çarə yazıldı yaylaqlar,
Yaşıl otlar, çəmənlər, irmaqlar,
O deyilsə yerim bu torpaqlar,
Məni şad et, şad eylə başın üçün.
Birinci. Nə istəyirsiniz?
Əhməd. Yoldaş, on altıncı otaq buradır?
Birinciyazıçı. Buradır.
Əhməd. Allaha şükür, iki saatdır bütün otaqları axtarıram, axırı gəlib on altıncı otağı tapdım. Buyurunuz, bu kağızı həkim verdi. Mən vərəmli olduğum üçün gərək yaylaq komissiyasına gedəm.
B iri nci yazıçı (kağıza baxaraq). Ora ver. (3-cü mizi göstərir). Ora.
Əhməd (barmağı ilə göstərərək). Ora? (3-cü mizə doğru yollanaraq) Yoldaş, bir zəhmət çək, bu kağıza bax. Mən neçə ildir çalışıram, axırda bir-iki ildir vərəm xəstəliyinə tutulmuşam.
Üçüncü yazıçı (kağıza baxmadan ikinci mizi göstərərək). Ora ver, ora.
Əhməd (2-ci mizə verərək). Yoldaş, mən vərəmli olduğum üçün doktor baxdı. Dedi bir-iki ay da burada qalsan ölərsən. Bu da kağız. Gərək mütləq yaylağa gedəsən.
İkinciyazıçı (4-cü mizi göstərərək). Ora ver, ora.
Əhməd. Hara, ora? (4-cü mizə doğru gedərək) Yoldaş, bir zəhmət çək bunu düzəlt. Doktor demişdir iki ay şəhərdə qalsan, ölərsən. Mən indi ay yarımdır hələ bu kağızın dalınca avarayam. Daha əldən-dildən düşmüşəm. Hara gedirəm o bunun yanına göndərir, bu onun yanına.
Birinciyazıçı. Ora ver, ora. (5-ci mizi göstərir)
Əhməd. Hara, ora? (5-ci mizə doğru gedərək) Allahü əkbər, başım gic getdi. Axı mən naxoşam, yoldaş. Üç gündür o otaqdan bu otağa göndərirlər, bu otaqdan o otağa, o mizdən bu mizə, bu mizdən o mizə. Yoldaş, başına dönüm bir zəhmət çək, bu kağızı düzəlt, daha əldən düşdüm.
Beşinciyazıçı (onu dinləmədən qalxaraq). Belə olmaz, canım, bu arvad səhərdən iki stəkan çay verib, çıxıb gedib, daha görünmür. Maşa, Maşa! (Deyə çıxır)
Əhməd (əli uzanmış qalır). Ay başına dönüm, indi də deyəcəklər
ki, vəqt qurtardı, get sabah gəl. (Durub gözləyir)
Üçüncü. Mənim üçün də çay tapşır, əlüstü qapı ağzında çəkmələrimi sildirib gəlim. (Durub gedir)
Əhməd. Başına dönüm, bir az zəhmət çək, bəlkə yenə “Ora ver” oldu. Sən də olmazsan... Gözüm qorxub. Bu yaylağa gedincən...
Üçüncü. Yox, yox. Mənim yaylaq işilə əlaqəm yoxdur. (Gedir.)
5-ci gəlir. Çayçı çay gətirir. Əhməd kağızı 5-ciyə uzadaraq.
Əhməd. Başına dönüm, bir bu kağızı düzəlt, daha gözləməkdən yoruldum.
Beşinci (onu dinləmədən) Lida, qəndin var? (4-cüyə doğru gedir)
Dördüncü. Şakalad var. Ala. Sən mənim qədrimi bilməzsən.
Beşinci. Biləks. Sən mənə zəhər də versən, mən şad olaram.
Əhməd (qorxaraq ona yanaşır). Yoldaş, bu kağız da...
Beşinci. Yoldaş, mən məşğulam, mənə mane olmayınız. Min yol sizə deyilmişdir ki, içəri girməyiniz. Xalq oçeredə durub, siz də pəncərədən cavab alarsınız.
Dördüncü. Axır ki, göz açmağa imkan verməyirlər. Qapıdan çıxarırsan, pəncərədən girirlər.
Əhməd. Axı, yoldaş mənim işim pəncərəlik deyil. Pəncərədə bir həftə dayanmışam; axırda məlum olmuşdur ki, işim pəncərəlik deyildir.
Beşinci. Nə istəyirsən? (Öz mizinə doğru gedir. Ə h m ə d də danışaraq onu təqib edir)
Əhməd. Yoldaş, mən vərəmliyəm. Doktor dedi ki, iki ay şəhərdən yaylağa getməsəm...
Lida 5-ci mizə yanaşaraq Əhmə din sözünü kəsir.
Dördüncü. Siz kişilərin eşqi bir ildırım kimidir. Bir saniyə parlar, sonra həmişəlik məhv olub gedər.
Əhməd. Başına dönüm, ay yarımdır başım hərlənir, xəstəyəm, gözlərim qaralır. Bu gün altı saatdır bu otaqları gəzirəm. İmdi də deyəcəksiniz vəqt keçdi, get sabah gəl.
Beşinci. Nə istəyirsən?
Əhməd. Atam, mən deyənə də qulaq asınız da. (Kağızı uzadaraq) Mən vərəmliyəm. Gərək yaylağa... (5-ci kağıza baxmadan sözünü kəsərək)
Beşinci. Ora ver, ora. (2-ci mizi göstərir)
Əhməd. Baş üstə, ağa dedi sür dərəyə, sür dərəyə. (2-ci mizə)
Beşinci. Dedilər sənə ora ver, ora ver. Artıq söz lazım deyil.
Əhməd. Yoldaş, bu kağıza...
İkinci. Ora ver, o mizə. (3-cünü göstərərək)
Əhməd. Orada adam yoxdur ki...
İkinci. Yoldaş, qaçaqaçlıq deyil ki, yoxdur, dayan gözlə, gələr də.
Əhməd. Axı yoldaş, mən naxoşam, dayana bilmirəm. (Gedib
3-cü mizin yanında durur).
Gözəl, dolu sarışın bir qız girərək 2-ci mizə müraciətlə.
Qı z. Yaylaq komisyonu işləri üçün burayamı müraciət etməliyik?
İkinci. Əvət, əvət, X a n ı m. Buyurunuz, oturunuz. Harada çalışırsınız? İstəməz, istəməz. Burada yazılmışdır. Deməli, siz Borjoma göndərilmişsiniz.
Qı z. Vur-tut bir ay göndərdilər. Dünən gəlmişəm. Yenə şəhər istidir. İstəyirəm bir qədər Mərdəkana gedim. Sentyabrı orada keçirim.
İkinci. Hə, çox gözəl olar. Bəs külfətiniz haradadır?
Qı z. Olar da Mərdəkanda bağ tutmuşlardır. Ancaq mən onların yanında qalmaq istəməyirəm, darıxıram.
İkinci. Deməli, siz şənlik sevirsiniz?
Qı z. Belə bir az.
İkinci. Pəki, siz durunuz. Mən bu saat imza etdirib gətirim. Yox, gecikərsiniz. Vəqtə ancaq səkkiz dəqiqə qalmışdır.
Əhməd (onun ardınca qaçaraq qorxaq bir vəziyyətlə). Yoldaş, biz də yaylaqçıyıq. Başına dönüm, mənim də kağızımı...
İkinci (Ə h m ə di dinləmədən qıza). İki dəqiqə gözləyiniz, bu saat. (Gedir)
Qız (Əhmə di görüncə). Axmed, bəs səni haraya göndərmişlər?
Əhməd. Məni evimizə. Heç bir yerə. Hələ heç kağızımı düzəldə bilməmişəm. (Üçüncü gəlir. Əhməd qaçıb kağızı ona uzadaraq) Başına dönüm, səhərdən sizi gözləyirəm. Dedilər bu kağıza gərək siz baxasınız.
Üçüncü (1-cini göstərir). Oraya veriniz. (Qızı görüncə) Aha, siz qayıdıb gəlmişsiniz?
Qı z. Qayıtmışam. Ancaq imdi də Mərdəkana getmək istəyirəm.
Əhməd. Yoldaş, vallah bu qız bizim idarədə olur. Mən düz bir ay yarım ondan əvvəl kağız almışam. İmdi o gedib də, gəlib də. Yenə təzədən gedir. Mən hələ kağızlarımı düzəldə bilməmişəm. Özüm də bərk naxoşam.
Qı z. Doğrudan da, o yazıq bir ay yarım məndən əvvəl kağız almışdır.
Üçüncü. Yaxşı da (1-cini göstərir), ver ora yazsınlar. (Qıza) Pəki, Borjomda necə keçindiniz?
Qı z. Sağ olunuz.
Əhməd (1-ciyə). Başına dönüm, yenə sənin yanına göndərdilər.
Birinci. Hə, nə istəyirsən?
Əhməd. Belə, həkim deyib, iki ay şəhərdə qalsam, ölərəm. Gərək yaylağa gedəm.
Birinci (kağızı əlinə almadan baxaraq). On səkkizinci otağa.
Əhməd. Başına dönüm, mən üç gündür 18-ci otağı axtarıram, tapılmayır.
Birinci. Otaqları mən tapıb sənə verməyəcəm. Soruş, gör haradadır. Gərək ki, üçüncü mərtəbədədir. Yuxarıda.
Əhməd. Lənət sənə kor şeytan! (Deyə çıxır)
Dördüncü. Yaxşı, getməyirsən? Axşam bulvarda görüşəriz, gərək ki, vəqt qurtarmamışdır.
Beşinci. Bilirəm yenə gəlməyəcəksiniz... Dayanınız, hələ bir söz də deyəcəyəm.
Əhməd (girərək). Yoldaş, deyirlər bu idarədə axırıncı otaq on yeddincidir. Heç bu idarədə 18-ci otaq dibindən yoxdur.
Birinci. Yaxşı, ver on birinci otağa.
Əhməd. Yoldaş, on birinci otaqda dünən dedilər on altıncı otağa.
Birinci. Sənə dedilər on birinci otağa. (3-cüyə) Çəkmələri neçiyə sildirdin?
Üçüncü. Çox baha.
Birinci. İmdi daha yaxşı maz yoxdur. Kömürü isladıb sürtürlər.
Əhməd (girərək). Yoldaş, on birinci otaq boşdur, deyirlər köçübdür.
Birinci. Daha mən nə edim?
Əhməd. Başına dönüm, axı hayana köçüb? Bəlkə siz bilərsiniz?
Birinci. Bayırda soruş öyrən. Mən küçələri ölçməyəcəyəm ki, Gərək ki, Naberejniyə köçübdür.
Əhməd. Ay qardaşım, axı mən bu uzun küçədə onu haradan tapacağam. (Deyə çıxır)
Dördüncü. Yox, daha söz verdim, gələrəm.
Beşinci. Bax, Lida, bu gün gəlməsən, özün bil.
Qiz (üçüncüyə). Doğrudan da, mən istəyirəm elə olsun ki qardaşımı da yazsınlar. O da mənimlə bir yerdə getsin.
Üçüncü. Qulluqdadır?
Qız. Qulluqdadır. Ancaq o da bir ayını gedib-qayıtmışdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-yaylaga-gedir
Use ← → keys to move, R for a random poem
More by this author
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
BaharNovbahar oldu, günəş şölələnib nur saçır,Qar ərir sellər axır, ot göyərir səhradə.
Bayram saxlayanlaraYenə əhatə edib zehnimi xəyalətlər,Gözüm önündə gəzir başqa dürlü halətlər.
Boranlı qış gecəsiBoranlı qış gecəsi, şaxta şiddətilə kəsirKülək vıyıldayaraq səs salır biyabanə;
Poems by other poets
Doğan günəş, yağan qarBu ilk bahar, son bahar,
Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabıEy seyvid və növcavan sərvər,Bu dünyada sənin cəddin məşhurdur.
Yenə bır mahlıqa şolə salıb bag içrəYenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi