Yaylağa gedir
Page 2 of 3 · 33%
Üçüncü. Bu gün axşam ərzi-hallara baxılacaqdır. Tez zayavleniye yazdır ki, bu gün ona da baxılsın. Yoxsa bu da qalar bir həftədən sonraya.
Qız. Nə yazım?
Üçüncü. Alınız bu kağız, bu çernil, bu da qələm. Buyurunuz,
oturunuz.
Ikinci (girərək, qıza). Sizin kağızınız hazırdır. Sabah on beş günlük gedə bilərsiniz.
Qız. Bəs kontrol komisyonuna getmək?..
ikinci. Daha istəməz. Bir ay yarım bundan əvvəl buraxılmışdı. Hələ onunla düzəltdi.
Əhməd (girərək). Yoldaş, bağışlayınız, səkkizinci otaq hansı tərəfdədir? On birinci otaqdan dedilər səkkizinci otağa get.
Üçüncü. Bura spravoçni deyil ki, 8-ci otaq 5-ci mərtəbədə.
Əhməd. Mən üçüncü mərtəbəyə çıxmışdım. Dedilər 1-ci mərtəbədədir. Vallah, gözlərim qaranlıq gətirir. (Deyə çıxır)
Qız. Yaxşı, bunun cavabı nə vəqt olacaqdır?
Üçüncü. Bu gün axşam. Getsin həkimə, kağız alsın ki, yanımıza göndərilir. Sabah o kağızı da gətirərsiniz, cavabı da hazır olar.
Əhməd. Yoldaş, bağışlayınız on dördüncü otaq buradır?
ikinci. Dedilər sənə ki, bura on altıncı oradadır.
Əhməd. Beşinci mərtəbədən yenə göndərdilər ki, birinci mərtəbəyə ki, on dördüncü otaqdadır.
İkinci. On dördüncü otaq dördüncü mərtəbədədir. Fərqi yoxdur, artıq vəqt keçib, baxmazlar. Sabah gəl.
Əhməd. Ay balam, ay müsəlmanlar, ay cuhudlar, ay ermənilər, ay uruslar, ay moltanılar, mən öldüm ki. Bu qədər də tuda-suda olar? (Çıxır)
Qı z. Yaxşı da, siz qalırsınız, mən hələlik.
Üçüncü. Yox, yox. Artıq biz də gediriz.
Dördüncü. Gedək, söhbəti yolda bitirəriz.
Beş in ci. Yaxşı, gedək. (Hazırlaşırlar, bayıra çıxarkən Əhməd girir)
Əhməd. Yoldaş, dedilər ki, on altıncı otağa getmək lazımdır.
İkinci. Yaxşı, artıq vəqt keçmişdir. Sabah tezdən gəl, görək nə olmuşdur.
Əhməd. Ay başına dönüm, dedilər bu gün məsələyə baxılacaq. Sonra bir həftə yatar. Axı mən naxoşam. Ay yarımdır əldən, dildən düşmüşəm.
İkinci. Fərqi yoxdur. Artıq vəqt keçmiş, hamı çıxıb getmişdir. Sabahdan gündə gəl.
Əhməd. Ay canım, belə də iş olar?! (Hamısı çıxırlar) Xəlq bir dəfə gedib, bir də gedir. Yenə gedəcək. (Süpürgəçi qadın girir) Mən hələ bir kağızı düzəldə bilməyirəm.
Süpürgəçi. Hamı gedib sən burada nə gəzirsən?
Əhməd. Ay başına dönüm, mənim dərdimə bir çarə eləyin. Vərəmliyəm, həkim deyir iki aya ölərsən. Mən hələ ay yarımdır zafkomdan doktora, doktordan rayona, rayondan damkoma, damkomdan zafkoma, imdi iki həftədir ki, oradan iş çıxıb, surxavoya. Burada da o mizdən bu mizə, bu mizdən o mizə; bu otaqdan o otağa, o otaqdan bu otağa. Birinci otaq, on altıncı otaq, on beşinci otaq, yeddinci otaq, o miz, bu miz, bu gün, sabah. Bir baxan yoxdur. Deyirlər on səkkizinci otağa.
İki gün axtarmışam. Axırda məlum olub ki, heç bu idarədə on səkkizinci otaq dibindən olmayıb.
Süpürgəçi. Daha vəqt keçib. Eybi yoxdur. Sabah gəl, düzəldərik səninçün. (Deyə süpürməyə başlayır)
Əhməd. On beş-on altı, ora-bura, bu gün-sabah. Lənət sənə kor şeytan! (Deyə çıxır)
Konferansye. Sığorta kassasında olan bəzi belə xidmətçilərə, doğrudan da Allah əcr versin. Çox zəhmət çəkirlər. Və belə ki, bunlar tutublar, inşallah Əhmədin axırı bir yerə çıxar. Ya zəlzələdən, ya vəlvələdən. Kişi getdi, biz də dalınca gedək. Görək tibbi kontrol komisyonunda nə elədi?
Tibbi kontrol komisyonu
Doktorlardanbiri (Birinci xəstəyə). Nəyin ağrıyır?
Birincixəstə. Doktor mənim ürəyim bulanır. Dizlərim kəsilir, gözlərim qaralır. Bir yerim ağrımayır. Ancaq beş dəqiqə ayaq üstə gəzsəm, o saat başım gicəlir, yıxılıram.
Doktor (baxdıqdan sonra). Sən səlamətsən Get, hələ işlə sonar baxarız.
Birinciişçi. Doktor, ayaq üstə dura bilmirəm.
Doktor. Bir-iki gün işlə, sonra baxarız. O biri kimdir? (Kağıza baxır) Həsən Qurban oğlu. Haran ağrıyır?
İkincixəstə. Doktor, ayağıma dəmir düşüb, tərpədə bilmirəm.
Doktor (baxdıqdan sonra). Eybi yoxdur. Bir az işlətmə iç, get işivün dalınca. Sonradan baxarız. O biri kimdir?
İkincixəstə. Doktor, necə iki gün işlə? Ayağımı tərpədə bilmirəm. Gələndə də hammalın dalında gəlmişəm.
Doktor. Zərəri yoxdur, işə də bir-iki gün hammal ilə get. Sonra baxarız. O biri kimdir? Rəhim Kazım oğlu. Haran ağrıyır?
Üçüncü xəstə (olduqca zəif, sarıbənizli, ölümcül bir xəstə). Doktor hər yerim ağrıyır. Ürəyim, başım, bədənim. Gecə-gündüz qızdırma içində yanıram. Helə-belə işə gedirdim. On gündür ki, əlimə də şalman düşübdür, yaralanmışam.
Doktor (baxdıqdan sonra). Aha, aha, sənin əlin zarajeniye olub, ho çəkib. Gərək müalicə olunsun, yoxsa əlin kəsilər. Get müalicəyə.
Üçüncüxəstə. Bəs gərək mən işə kağız aparım.
Doktor. Hə, gərək sən işdən azad ediləsən. (Katibə) Bu xəstə üçün yaz, işdən azad etsinlər.
Katib. Nə qədər, neçə gün?
Doktor. Nə qədər. E... e... yaz on səkkiz dəqiqə işdən azad edilməlidir.
Katib. Nə vəqtdən?
Doktor. On səkkiz dəqiqə, sabah naharda, o biri kimdir? Haran ağrıyır?
Dördüncüxəstə. Doktor, əlim.
Doktor. Dur baxım. (Əlini burunca xəstə bağırır).
Dördüncüxəstə. Vay, vay, vay öldüm, dəymə vay, dəymə.
Doktor. Aha, sənin işin çox ağırdır. (Katibə) Bunu işdən azad etsinlər.
Dördüncü xəstə (yoldaşına). Düzəldi. Əlüstü kağızı alım. Bir
həftə yazsa, Qasımgilin işini tamam-kamal qurtarıb təhvil verərəm.
Doktor. Əlini qoy bir də baxım. (Baxmaq istədikdə)
Beşincixəstə. Adə qoyma əl vursun, qışqır, bərkdən qışqır. (Xəstə bağırır)
Doktor (katibə). Yaxşı, yaz ki, bu xəstəni işdən azad etsinlər.
Ka tib. Yazdım, ancaq nə qədər?
Doktor. Qolunu heç yerindən tərpədə bilməyir. Yaz bir ay.
Dördüncü xəstə. İşlər düzəldi. Bir ay başqa yerdə işləyib, işdə də məvacib alacağam.
Doktor. Al, bir ay işdən azadsan. (Kağızı vermək istədikdə yerə buraxır.
Dördüncü xəstə sevincdən əlini uzadıb kağızı qapır. Doktor kağızı əlindən alaraq katibə) Ala, bu kağızın vəqtini düzəlt.
Katib. Nə qədər yazım?
Doktor. Yaz, sabah işdən çıxandan sonra on altı saat azaddır. O biri kimdir? (Şişman, sağlam bir nəfər girir) Haran ağrıyır?
Beşincixəstə. Doktor bədənim zəifdir. Qanım azdır. İşləyə bilməyirəm. (Doktor baxır)
Doktor. Yaz, yoldaş iki ay işə gedə bilməz. Yayda gələrsiniz. Gərək siz Kislovodskə gedəsiniz. O biri kimdir? (Təkrar ölümcül bir xəstə girir) Haran ağrıyır?
Altıncıxəstə. Doktor, taqətsizəm, qızdırmadan göz aça bilmirəm.
Doktor. Yaz, bu da dörd saat işdən buraxılmalıdır.
Əhməd bir əlində əsa, o biri əlilə də bir başqasından yapışmış olduğu
halda, sürünərək girir. “Cəlali-xaliq” havasında oxuyur.
Əhməd.
Vərəm məni saldı əldən,
Sarsıldı vücudum təməldən,
Qurtarmıram gethagəldən – hələ
Dərdimə dərman olunmaz.
Zafkoma getdim yubatdı,
Doktor işi çox uzatdı,
Bilmirəm bu necə zatdı – hələ
Dərdimə dərman olunmaz.
Aprel keçdi, may da keçdi,
Gün dolandı, ay da keçdi,
Yaz qurtardı, yay da keçdi – hələ
Dərdimə dərman olunmaz.
Payız keçdi, dağ-divardan,
Qış gəldi, yer dondu qardan,
İmdi qış da keçdi yarıdan – hələ
Dərdimə dərman olunmaz.
Rayon işim ləngə saldı,
Surxavayda üç ay qaldı,
Yaylaq da çoxdan boşaldı – hələ
Dərdimə dərman olunmaz.
Doktor. Oçereddə adam çoxdurmu? Daha kimsə qəbul edilməyəcəkdir. (Əhmədə) Haran ağrıyır?
Əhməd. Həkimbaşı, vərəmliyəm. Doktor mənə yazmışdır ki, iki aydan artıq Bakıda qalsam ölərəm, gərək yaylağa gedəm.
Doktor. Çox gözəl, kağızın var?
Əhməd. Bəli, var. (Verir)
Doktor. Bu kağız yaramaz. Çünki vəqtindən altı ay keçmişdir.
Əhməd. Doktor, kağızı aldım, orada bir neçə vəqt, surxavay dəftərxanasında bir neçə ay, rayonda bir-iki ay, damkom, yenə zafkom... Xülasə, keçən yazdan başlayan, imdi qış yarıdan keçib, ancaq gəlib buraya çıxmışam.
Katib. Daha, Bakı bütün yaylaqlardan yaxşıdır ki, qışın yarısında nə yaylaq?! Xəlq üç aydır qayıdıb gəlmişdir.
Əhməd. Bilməyirəm, döşümdən qan açılmışdır. Baxınız, necə lazımsa, o cür eləyim.
Doktor (katibə). Artıq xəstəlik öz işini görmüşdür. Yenə getsin, görək nə olar. (Əhmə də) Çox gözəl, sənin yaylağa getməyin lazımdır. Ancaq apar bu kağızı təzələ, doktordan başqasını al, zafkom da qol çəksin gətir. Yoxsa bu kağızın vəqti keçibdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-yaylaga-gedir
Use ← → keys to move, R for a random poem
More by this author
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
BaharNovbahar oldu, günəş şölələnib nur saçır,Qar ərir sellər axır, ot göyərir səhradə.
Bayram saxlayanlaraYenə əhatə edib zehnimi xəyalətlər,Gözüm önündə gəzir başqa dürlü halətlər.
Boranlı qış gecəsiBoranlı qış gecəsi, şaxta şiddətilə kəsirKülək vıyıldayaraq səs salır biyabanə;
Poems by other poets
Doğan günəş, yağan qarBu ilk bahar, son bahar,
Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabıEy seyvid və növcavan sərvər,Bu dünyada sənin cəddin məşhurdur.
Yenə bır mahlıqa şolə salıb bag içrəYenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi