Hamı laqeyd olub daş tək, hamı biganəyə dönmüş,Ürəklər bum-buz olmuş boş, soyuq bir xanəyə dönmüş.Məhəbbət, sevgi qeyb olmuş, tamam əfsanəyə dönmüş,Küdurət indi hakimdir, odur ki, hey axır qanlar,

Xudaya, bəs məhəbbətsiz necə ömr eylər insanlar?

Bəşərçün ondan özgə bir xilas yoxdur, ümid yoxdur,Onunla bir keçən ömrə ölüm yoxdur, süqut yoxdur.Onun ölməzliyinə həm dəlil, həm də sübut çoxdur,Onunla göz açıb xilqət, onunla dövr edir qanlar,Xudaya, bəs məhəbbətsiz necə ömr eylər insanlar?

Haçan ki, Qeys ilə Leyli bu eşqin badəsin içdi,Bu bir əfsanəyə döndü, gəzib dildən dilə düşdü,Məhəbbətsiz min il sağ qalsa da, məxluq yenə heçdir,Eh, onsuz bir müqəvvadır bütün huriyi qılmanlar,Xudaya, bəs məhəbbətsiz necə ömr eylər insanlar?

Çox adi daşdı-torpaqdı məhəbbətsiz vətən varsa,Məhəbbətdir bu torpaqda vətənçün bir yanan varsa,Onun uğrunda öl, can ver bir azca qeyrətin varsa,Ölümdən güclüdür min yol anacanlar, vətəncanlar,Xudaya, bəs məhəbbətsiz necə ömr eylər insanlar?

Nəyə lazımdı insanlıq əgərçi sevgisi yoxsa,Adamlar bir növ heyvandır əyərçi sevgisi yoxsa,Aya, Marsa çevir ərzi əyərçi sevgisi yoxsa,Dağıtsın ərzi vulkanlar, tökülsün qanlı leysanlar,Xudaya, bəs məhəbbətsiz necə ömr eylər insanlar?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love