Page 1 of 4

-I SƏHNƏ**

-Yaqında bir köy, uzaqda Bəlx qəl’əsi görünür, səhnədə İran köylüləri daş, çamur daşıyaraq yeni qəl’ə yapmaqla məşğuldur. İçlərində qız və qadınlar da çalışır. Ətrafda iki çadır qurulmuş. Pərdə musiqi ilə açılır. İki zəbtiyyə mə’muru ağır yürüyən işçiləri qırbaçla vurub sür’ətli hərəkətə məcbur edər. İki bənna divar üstündə türkü söyləyərək çalışır.*

B i r i n c i b ə n n a
Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arqadaş, gətir!

İ k i n c i b ə n n a
Haydı, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl!
İşə zərbə vurma, gəl!

B i r i n c i m ə’ m u r
(aqsayan bir qulu itələyir)
Çapuq yürü, aqsama,
Çox qalmadı aqşama.

İ k i n c i m ə’ m u r
(İxtiyar köylüyü vurur)
Haydi, şaşqın ixtiyar!
Tənbəllərə qırbaç var.

İ x t i y a r
Vurma, sönmüş qüvvətim,
Yoqdur daha taqətim.

İ k i n c i m ə’ m u r
Başqa laf istəməm, sus!
Əmr eyləmiş Keykavus:
Bu qəl’ə hər nə olsa
Bitməlidir bir aya.

B i r i n c i m ə’ m u r
Hər kim boyun qaçırsa,
Ölümdür ən son cəza.

İ k i n c i m ə’ m u r
Əvət, bu möhkəm qəl’ə
Yüksələcək göylərə.
(Uzaqdakı Bəlx qəl’əsini göstərir.)
Bəlxə qarşı daima
Olacaq hökümfərma.

B i r i n c i b ə n n a
Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arqadaş gətir!

İ k i n c i b ə n n a
Haydı, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl,
İşə zərbə vurma, gəl!

B i r i ş ç i q ı z
(əlində boş çamur tabağı, təlaş ilə gəlir)
Gəldilər, ah gəldilər.

B i r i n c i m ə’ m u r
Kimlər?

İ ş ç i q ı z
Bir xeyli əskər.

B i r i n c i m ə’ m u r
Bəlli, şah nəfərləri.

İ k i n c i m ə’ m u r
(baqar)
Əvət, durma, gəl bəri!
Gedərlər. Çalışan köylülər bir yerə toplanır.

A l t a y
Qızmış demək yenə saray qurtları,
Çiynəyəcək həp keçdiyi yurtları.

İ x t i y a r
Altay, Altay, coşma, saqın, duyarlar,
İsyançı, qaçaqçı deyə qıyarlar.

A l t a y
Bütün ölkə inləyirkən aclıqdan,
Şu vicdansızların qidası həp qan.

İ x t i y a r
Bitmədi də xalqı üzən qırbaçlar,
Parlayacaq şimdi oqlar, qılıçlar.

İ ş ç i q ı z
Şah da bərabərmi?

İ x t i y a r
Kim bilir!

İ ş ç i q ı z
(Çocuqca bir sadəliklə)
Baba!
Şah da bizim kibi bir insanmı ya?

İ x t i y a r
Əvət, o da bir nev insan sayılır.

A l t a y
Yalnız onun iki buynuzu vardır.

İ ş ç i q ı z
(ixtiyara)
Bən hiç buynuzlu şah eşitməmişdim,
Bu söz doğrumu ya?

İ x t i y a r
Doğrudur, cicim!

B i r i n c i b ə n n a
Keykavusun olmasaydı buynuzu
Baş hərəm saymazdı bir uğursuzu.

İ x t i y a r
Əvət, sanmayın ki, o pək şanlıdır.

B i r i n c i b ə n n a
Qulağının dibi zə’fəranlıdır.

İ ş ç i q ı z
Bu hiç olur şeymi?

İ x t i y a r
Yavrum, ən düzü,
Bütün sarayların budur iç yüzü.
O sapqın böcəklər föhşə mə’nusdur,
Həya, namus ancaq bizə məxsusdur.

B i r i n c i m ə’ m u r
(arqadaşı ilə bərabər geri dönər)
Nə var yenə, yoqsa fürsət buldunuz?
Haydi, iş başına!
(Aqsağa bir qırbaç ilişdirir.)
Biçimsiz donuz!

B i r i n c i b ə n n a
Çamur gətir, daş gətir!
Durma, arqadaş, gətir!

İ k i n c i b ə n n a
Haydi, babam kərpic at,
Kirəc gətir, az su qat!

B i r i n c i m ə’ m u r
(düşünüb duran ixtiyar köylüyü şiddətlə vuraraq)
Haydi, baqıb durma, bunaq ixtiyar!

İ x t i y a r
Ah!

D ə l i q a n l ı
(qolundan tutub qaldırır, mə’mura)
Vicdansız!..

B i r i n c i m ə’ m u r
(Dəliqanlıya bir sillə vurur)
Aşma həddini, mırdar!

D ə l i q a n l ı
Bir də vur!

B i r i n c i m ə’ m u r
(bir daha vurur)
İştə, al!

D ə l i q a n l ı
(onu yaqalar, dizi altına alaraq)
Şımardın, yetər!
Baq, adamı böylə rəzil edərlər.

İ k i n c i m ə’ m u r
(çalışan köylülərin içindən fırlayaraq)
Bıraq!

K ö y l ü l ə r
(ona hücum ilə)
Saqın, coşma!
(Mə’muru yaqalayırlar.)

B i r i n c i m ə’ m u r
(boğuq səslə)
Bıraq!

D ə l i q a n l ı
(birinci mə’muru ayağı ilə itərək)
Sus, alçaq!
Yetər, biz deyiliz sizə oyuncaq.
Bu ilk ibrət olsun, unutma əsla,
Azğınlara qarşı yoq deyil cəza!

-Şaşqın bir sükut… Bu sırada əskəri muzika ortalığı çınlatır. T u s ilə bərabər İ r a n c ə n g a v ə r l ə r i ətrafı sarır.*

B i r k ö y l ü
(təlaş ilə gəlir, çalışanlara)
Zavallılar! Burda siz
Qan-tərlərə batarkən,
Köydəki hər qülbəniz
Batmış yasa içindən.

T u s
Nə olmuş?

K ö y l ü
Aqınçılar,
Həp var-yoqu aldılar.

İ ş ç i q ı z
(Tusun əskərlərinə)
Yardım edin bizlərə,
Ümid ancaq sizlərə!

T u s
Haydi, çabuq getməli,
Həpsini dəf’ etməli!

Ə s k ə r l ə r
Durmayın, arş iləri!
Çevirəlim həp geri.

Əskərlərin bir qısmı, mə’murlar və köylülər gedər, muzika…

T u s
(başqa tərəfə baqar)
Baqın, şu yoldan keçən
Adamlar hanki eldən?

B i r i n c i c ə n g a v ə r
Bəhey, yolçu! Getmə, dur!

T u s
Yabançıya bənziyor.
Kibar qıyafətli bir çinli onlara yaqlaşır.

B i r i n c i c ə n g a v ə r
Gəl bəri!

T u s
Siz kimsiniz?

E l ç i
Çindən gələn elçiyiz,
Gətirmişiz xaqandan
Keykavusa ərməğan.

T u s
Yoldaşların nerəli?

E l ç i
Bəlli, bizim ölkəli.

B i r i n c i c ə n g a v ə r
Kim bilir, bəlkə casus!?

T u s
Yetər, sus!

B i r ə s k ə r
(gəlir, təmənna edər.)
Qəhrəman Tus!
Çoq uzaqda, yoldan bir toz yüksəldi.

T u s
Görünür Rüstəmlə Səyavüş gəldi.
(İki-üç əskərlə uzaqlaşır.)

B i r i n c i c ə n g a v ə r
(elçiyə, gəldiyi tərəfi göstərir.)
Dəmin orda incə bir qız da gördüm…

B i r ə s k ə r
Qız demə, bir nazdır etmiş təcəssüm.

E l ç i
Çin xaqanı onu göndərmiş şaha.

B i r i n c i c ə n g a v ə r
Gətir bana!

İ k i n c i ə s k ə r
Bıraq, Səyavüş duysa,
Nə azğınlıq!? – deyə həmən saldırır,
Babamızı məzarından qaldırır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü pərdə

I SƏHNƏ**Bir buçuq sənə sonra, son baharda mehtablı bir gecə... Səhnənin ucunda domuz yatırılmağa məxsus bir dam... Damın qapısı önündə 2-3 domuz yatmış, yan tərəfdə bir su dəstisi var. Içəriyi sönük bir işıq aydınlatır. Pək kənarda Xumarın odası gözə çarpar ki, pəncərəsindən saçılmaqda olan incə bir aydınlıqla nəzəri-diqqəti cəlb edər, ətraf ağaclıqdır. Serğo əlində şərab dəstisi, taxtadan yapılmış bir qədəh və 2-3 əkmək olduğu halda türkü çağıra-çağıra yarımsərxoş və laübali bir tevr ilə domuz damından çıqar.*

191419 min
Dördüncü pərdə

I SƏHNƏ**İkinci pərdənin səhnəsində olduğu kibi, yol üzərində küçük bir balkon... Qarşıda çiçəkli bir baqça; mayıs... Pazar günü... Pərdə açıldıqda dört-beş dəliqanlı gürcü sərxoş bir halda yoldan keçərlər. Bunlardan biri öndə çalğı çalar, biri də tuhaf və gülünc vəziyyətlərlə oynar, digərləri isə əl çalarlar. Nina balkona çıqıb onları tamaşayə dalar. Dəliqanlılar çalıb oynadıqları halda uzaqlaşıb gedərlər. Bu sırada Xumar da çıqar.*

191415 min
İlavə

Aydın bir mayıs gecəsi... Kürdən azacıq kənarda çiçəkli yeşil bir dağ kəməri... Şeyx Sən’an Xumarı qolları arasında tutmuş olduğu halda pək güc nəfəs alaraq, yorğun adımlarla dağın təpəsinə çıqmaq istər, fəqət yürüməyə taqəti qalmadığından, Xumarın duyğusuz, hərəkətsiz vücudunu yerə bıraqır və başını dizi üstünə alaraq, dağınıq saçlarını oqşamağa başlar.*Şeyx Sən’an

19146 min
Topal Teymur

ƏŞXASI

19251 min

Poems by other poets