Page 8 of 9 · 78%

13 təmuz. Qulamdan çoxdan bəri təvəqqəm budur ki, məni Asiya ilə tanış eləsin. Dünən Asiyaya ricamı söylədi. Asiya deyib:

– Niyə məni onunla indiyə kimi tanış eləməmisiniz?

Görünür, onun da meyli var imiş. Ancaq dünən mümkün olmadı, çünki Asiyanı anası iş dalınca göndərirdi, başı qarışıq idi. Son sözləri bu olub:

– Tələsməsin.

Asiya bu sözləri söylədikdə yüz addımlıq bir məsafədə durmuşdum. Dodaqlarındakı gözəl təbəssüm məni məst etmişdi.

Tanış olmaq qəsdi ilə ürək çırpıntısına uğradım. Qarşımdan xəzan yeli əsdi. Dedi:

– Tələsməsin.

İstədim xəstə ürəyimi açam, məni öldürən dərdləri ona bildirəm.
Mənə təskinlik verdi:

– Tələsməsin.

Gecə-gündüz ah-zarım göylərə çıxır. Göz yaşlarımda boğulub ölürəm. Hövsələm darıxır, səbrim kəsilir. Birdən ümid bəxş edirlər:

– Tələsməsin.

14 təmuz. Sabah çayı mənə ləzzət vermir. Ətrafımdakılardan zəhləm qaçır. Fikrim, xəyalım, dərdim, zikrim:

– Tələsməsin.

Həzin yel əsir. Sarı yarpaqlar hərlənir, fırlanır. Ürək təbiətə qarşı sıçrayır, nazlanır, əzilir, ağlayır. Lakin soyuq qanla deyirlər:

– Tələsməsin.

Üsyan edən, itaət etməyən.

15 təmuz. Heç güman etmirdim. Çünki yazıq Mariya (qonşumuz məmurun qızı) həmişə bizə gələr, xalamla bir yerdə iş görərlər. Düşəndə mənimlə də söhbət elər. Axır vaxtlar Mariyanı çox qəmli görürdüm. Mənə həsrətlə baxırdı. Üzünə baxdıqda qızarırdı.

Bu gün masamın üstdə bir məktub görürəm – Mariya mənə yazır.

Zavallı qız məni sevirmiş.

Mariyanın məktubu məndə bir təəssüf oyatdı. Qıza yazığım gəlir. Doğrusu Mariya gözümdən düşdü. Səbəb nədirsə bu məktubdan əvvəl Mariyanın xatirini çox istəyirdim.

Mariya dursun kənarda, Asiya yadıma düşdükdə cəm vücudum donur, ürəyim döyünməsini susdurur.

Ah, Asiya. Biləsən nə qədər səni istəyirəm. Yeməyib, içməyib, illərcə gözlərinə baxıb doyardım...

16 təmuz. Günəş doğdu.

Günəş doğdu, xəstə ürəyim işıqlandı. Asiya ilə tanış oldum. Bu axşam Asiyanın əlciyəzini sıxdım. Nə böyük səadət! Nə böyük gün. Gündüz bir az erkən bazara çıxdım. Asiyanı küçədə gördüm. Gülümsündü. O qədər dadlı idi. Sonra Qulamı tapdım, dedim:

– Nə təhər olsa bu gün gərək məni tanış eləyəsən.

Razı oldu. Getdik. Asiya bacılığı ilə qənnadı dükanında idi. Qapıda gözlədik, çıxdıqda düşdük dalınca. Bir az getmişdik, məni Qulam təqdim etdi. Əlini sıxdım. Yuxumu? Həqiqətmi? Tanış olduğuma inana bilmirəm.

Amma tanış oldum. Bütün kainat bunu bilsin ki, məndən xoşbəxt adam yoxdur. Bəli, mən xoşbəxtəm. Çünki məşuqəmin əlinin hərarəti hələ əlimdən getməyib.


Gözəl axşam idi. Mülayim hava ruhu oxşayırdı. Mağazalar adət xaricində olaraq qapanmamışdı. Elektrik işığı guya kəsb-qüvvət etmişdi.

Qızlar yerişlərində belə yüngül idilər ki, elə bir pərvanələr çiçəkdən-çiçəyə sıçrayırdılar.

Hamısı qanadlı idi. Mələk idi. Kainatda yeni əlamətlər var – mənə ilham olunmuşdu. Ürəyimdə qüdsiyyət duyğuları doğmuşdu.

– Oyan, – dedilər.

Gözlərimi açdım. Göydən rəhmətlər nüzul edirdi. Tale alnıma təmas etdi. Əlini öpdüm. Nədənsə gözlərimin yaşlarını saxlaya bilmədim.

– Ağla! – dedilər.

Susdum. Məndə fövqəladə bir şadlıq vücuda gəldi. Yaşlarımı topladım. İnci danələri tək ipə düzdüm. “Yadigar” deyə gizlədim.

Bir də səadət yeli əsdi. Qanadlandım. Uçdum. Ruhum məhzuz, ürəyim pürümid. Ulduzlar təzim edirdilər. Yadigarımı təqdim etdim.
Qönçə dodaqları parıldadı. “Asiya” deyə tale qara həyatıma ağca bir səhifə əlavə etdi.

17 təmuz. İlk sabah.

Tanışlığın ilk sabahı nə bəxş edir?

Yüngül külək, sərin hava. Ruhumda yüngüllük, ürəyimdə şadlıq, dodaqlarımda gülüş... Bunlar da tanışlıq töhfələri.

Tanışlıq bütün vücudumu, bütün mənəviyyatımı sarsıdıb, mənim üçün yeni həyat başlanır. Dünən köhnə Murad öldü, bu gün yeni
Murad doğuldu, keçmişlərə “əlvida” dedi. Yaşasın eşq günəşinin ilk şüası – tanışlıq. Xeyirli olsun yeni sabahımız. Var olsun Asiya – gözüm, canım, bəxtim.

18 təmuz. Dünən klubda idim. Asiya da orada idi. Anasının yanına qısılmışdı. Çox gözlədim, müvəffəq oldum. Gəzmək istədikdə yanaşdım.

Əvvəllər danışmağa söz tapmadıq. O da döyükdü.

– Gedirəm anamın yanına, – deyirdi.

Söz açıldı. Şəhərdə darıxdığımı söyləyib, ədəbiyyata keçdim. Nə oxuduğunu sordum. Dedi rus ədəbiyyatı ilə məşğuldur. Asiya rus ədəbiyyatını tərtib olunmuş bir nizamnaməyə tabe halda mütaliə edirmiş...
Lermontovu çox sevdiyindən artıq xoşuma getdi.

Xülasə, bir neçə dəqiqə gözəl keçirdikdə böyürdən Qulam çıxdı, başında da papaq.

– Təəssüf ki, ayrılmaq icab edir, – dedi. Getdi. Bütün şadlığımı da özü ilə apardı.

Yağırdı, tökülürdü, nazil olurdu
Həzzli, həzzlə dolu, razı, xöşbəxt, şən
Ümidlə dolu, ümidli.


Asiyanı sevirəmmi?

Onu sevirəmmi? – Bu sual dünəndən bəri məni məşğul eləyir. Asiya ilə danışdıqda məndə fövqəladə bir şey görünmədi. Adi bir qızla açıq-açığına söhbət elədik. Asiya mənə yoldaş kimi görünür.

19 təmuz. Asiyanı bir dəqiqəliyə çağırdıq, evlərinin qabağında on dəqiqə danışdıq. Onun sözü, söhbəti, hərəkəti məni kefləndirirdi. Dodaqları sabahın hələ günəş görməmiş qönçələrinə bənzəyir. Şümal boyu, ağ libası bakir zanbaqları andırır.

Asiya bizi böyük bacısı ilə tanış etdi. Təskinlikmi? Özü tez-tez çıxmalı ki, mən də dərdlərimi ona söyləyim. Ürəyimdə yaralarım çoxdur. Asiyanı istəyirəm. Bəli sevirəm.

20 təmuz. Mariya məni gözləri ilə hər yerdə təqib eləyir. Yazıq qız, Xalama da dərdlərini söyləyib. Xalam gülə-gülə deyir:

– Ay zalım, heç olmazsa, onu bir danışdır. Xalama cavab verirəm. Haqqım varmı Asiyadan başqa qeyri qızlarla danışam? Yoxdur.

21 təmuz. Asiyanı gördükdə həqiqət aləm bilmərrə yadımdan çıxır. Kainatda əzəlki boşluq ehya olunur. Bu boşluqda Asiyanı görürəm. Bütün həyat və varlıq ondan doğulur. Onun gözləri mənim üçün bir günəş: baxdıqda ruhumun dərin guşələrini nurlandırır, onun dodaqlarım rəhmət qapısı – təbəssümlər oynatdıqda ümidlər səpir, şəfqətlər yağdırır.

Nə pakdır onun məktəb libası. Açardım döşlüyünü, sərərdim torpağa, üzümü Kəbə deyə çöndərərdim ona, dualarım yüksələrdi, haqq qapısına doğru gedərdi. Bəndələr əfv olunardı.

Nə xoşdur onun yerişi – iman verir, paklıq bəxş edir.

Asiyanı gördükdə səadəti duyuram – ürəyim, qanım, bütün vücudum çırpınır, şadlanıram, süslənirəm...

22 təmuz. Dünən müsəlman teatrına getmişdik. Sirk də oynadılar.
Kafir görməsin. Çox geridəyik. Rollar əzbərlənməmiş, səhnə bərbad.
Teatrda papiros tüstüsü, səs... Min biədəblik. Sirkin bir tərəfinə pərdə çəkilib, dalında arvadlar otururlar. Bunlar da uşaqlarını gətiriblər, cığbığdan qulaq tutulur. Uzunbirçək həmşərilər adamı az qalırlar gözləri ilə yesinlər. Biçarə vəhşilər.

Teatrda da davasız iş keçmədi. Yarımçıq getdim. Yazıq bizə!

23 təmuz. Asiya qapıda durmuşdu. Qulamla yanına getdik. Söhbətimiz dadlı olmadı. Qulam dadını qaçırtdı. Qız mənə sual verdiyi yerdə görürsən böyürdən çıxdı: axmaq bir cavab verdi. Gədə zəhləmi lap tökdü. Qoymur bir parça danışaq. Asiya soruşur ki, roman oxumaq sevirəmmi? Bu suala gözəl cavab verərdim və arada da ürəyimin dərdlərindən də söylərdim. Qoymadı. Hərgah biz tək olsaydıq çox danışardıq. Qulamdan təvəqqe elədim sabah mane olmasın. Fikrim budur
Asiya ilə məxsusi dərdləşim. Ona deməli o qədər sözüm var: gizligizli, dərdli-dərdli...

24 təmuz. “Asiya uşaqdır. Yekə kişi uşağın dalınca düşüb” deyirlər. Mənə işarə edirlər. Bu da məni əzir, sıxır. Asiyanın uşaqlığını inkar etmirəm. 14 yaşında bir qızdır. Amma həqiqi məhəbbəti anlayan olsa, məni müttəhim eləməzlər. Asiyaya qarşı ən dərin, hisslər bəsləyirəm. O mənim üçün müqəddəsdir. Məgər müqəddəsatı sevmək günahdır? Həqiqi istəyi gözəllik doğurar. Gözəllik də bir arvada məxsus deyil. Çeşmələr, çiçəklər, uca dağlar, vəhşi meşələr də gözəldirlər. Bunları da çırpıntılı ürəklə sevmək təbiidir. Asiya ilə çiçəklərin, güllərin arasında fərq varmı?

Bağçada bir dəfə qırılıb düşmüş bir gül gördüm. Əyildim götürdüm. Gülün gözəlliyi məni sarsıtdı, şaşırdı. Basdım bağrıma, ağladım.

Nə üçün göz yaşları tökdüm – anlamadım. Yaşlarımda sirri-ilahi duydum. Tənha gecələr Asiya yuxuma səfalar bəxş edir. Onunla dadlı-dadlı danışıram. Birdən qanım coşur, sıçrayıram. Ayılıram. Qaranlıq gecəni hiss etdikdə mütəəssir oluram. Onda da səbəbsiz ağlayıram.

Bu göz yaşlarında da sirri-ilahi yoxmu?

25 təmuz. Kefim yoxdur.Mariyanın eşqi davam etmədədir. Dinmir, danışmır. Məni görcək özünü itirir. Amma halı çox gülüncdür. Əgər mən də
Asiya qarşısında belə islanmış toyuğa bənzəyirəmsə, vay halıma. Mariya əvvəllər mənə çox xoş görünürdü. Indi nədənsə məndə acı bir təəssüf oyandırır. Biçarə qıza yazığım gəlir. Məncə arvad o qədər qürurlu olmalı ki, həmişə kişi onun dalınca sürünməlidir. Arvad kişiyə bəyani-eşq etdikdə və ya hissiyyatlarını ifrat büruzə verdikdə bütün hüsnünü qaib edir. Asiyanı sevirəm. Asiya mənə bir çox maneələrdən keçdikdən sonra qarşılıq göstərərsə, səadətli olaram. Amma eşqim möhkəmləşməmiş ürək qələsini təslim edərsə, dilbərliyini itirər.
Acizlik Mariyanı mənim gözümdən saldı.

Random poem

More by this author

Qibleyi-aləmin xalısı

Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.

3 min
Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 min
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 min
İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 min

Poems by other poets