Page 2 of 2 · 50%

Dürnisənin də əri kibi yadına nə yemək düşürdü, nə içmək. Adətən kişi fikirlərini arvada demirdi; arvad isə saxlaya bilmirdi. Bu səfər də Dürnisə bir az fikirləşib, birdən gülümsündü və əlini ehmalca kişinin dizi üstə qoyub, dedi:

– Kərbəlayı, sən allah niyə bir çəpkən almırsan!

Kişi fikirdən aralanıb, arvadının üzünə dik baxdı. Rəngi qaçdı, və alt dodağı başladı titrəməyə. Bir az başını tərpədib çığırdı:

– İnsafsız qızı, insafsız! Başımdan rədd olmuyacaqsan!

Kərbəlayı arvada deyəcək idi: «Keçi can qeydindədir, qəssab da piy axtarır- mən bir çörək pulundan ötrü az qalıram, baş götürüb şəhərdən qaçam; sən də çəpkən hayına düşürsən...» Amma kişi hirsindən arvada artıq söz demədi və dodaqları titrəyə-titrəyə qalxıb, taxçadan Dürnisənin boğçasını götürüb atdı yerə; dedi:

– Dur gedək qazının yanına!

Dürnisə gözləmirdi ki «çəpkən məsələsi» kişiyə belə ağır gəlsin. Ona görə sözlərinə artıq peşman oldu və istədi kişiyə desin: «Balam, lə’nət şeytana de!» qorxdu. Çünki Kərbəlayının ovqatı bərk təlx idi.

Qazını yuxudan oyatdılar; söylənə-söylənə talaq verdi.


Kərbəlayıya Dürnisənin getməyi yenə başladı əsər eləməyə. Yenə qapı bacanı toz basdı. Ev tər-tökülüntü qaldı. Gecələr də sabaha kibi kişi soyuqdan yata bilmədi.

Kərbəlayı bir həftə dözdü, iki həftə dözdü. Axırda lap cana doyub, yenə Havva qarını minnətçi saldı ki, Dürnisə gəlsin: Dürnisə yenə gəldi. Bu səfər ikisi də özlərinə söz verdilər ki daha lap yaxşı dolansınlar; çünki acı təcrübə göstərdi ki, Kərbəlayı Dürnisəsiz, Dürnisə də Kərbəlayısız ömr edə bilmirdi. Kərbəlayı deyirdi:

– Arvad, bizim övladımız yoxdur, qəlbimiz sınıqdır. Onun üçün də allah bizə bir istək verib ki, bir birimizdən uzaqlaşanda ayrılığa tab gətirə bilmirik!

Arvad tabe’ bir halda başını aşağı salıb, doluxsundu.

Kişi sözündə davam edirdi:

– Nə sənin, nə mənim bir kimsəmiz yoxdur. Sən çalışırsan mənim üçün, mən də pul qazanıram sənin üçün, vallah atamın goru haqqı, mənim varım olsa, səni başdan ayağa qızılla dutduraram. Nə edim ki dağılmış zamanada bir çörək pulu qazanınca daş daşdan aralanır. Mən yenə nə təhər olsa sənə könlün istəyən kibi bir çəpkən alacağam!...


Ər, arvad rahat dolanırdılar. Kişi gəlib həmişə hər şeyi hazır görürdü. Acığı da dutmurdu. Qədimki kibi qapıdan girəndə salam verirdi; arvad ilə hərdən dərdləşirdi də.... çox vaxt pul artıranda, görürdün, arvada qoz halvası da alıb, gətirirdi. Xırda-xırda doğrardı, öz əlilə aparıb, arvadın ağzına qoyardı, və deyərdi:

– Atam sənə qurban, arvad, ye səndən savayı, mənim heç kəsim yoxdur!

Arvad çox xoşhal olardı.

Bu minval ilə iki, üç ay dolandılar. Bir gün nə təhər oldusa zəhirmar çəpkən yenə gəldi düşdü arvadın yadına. Özü də oruclıqda, kişinin ovqatının lap təlx vaxtı. İftardan sonra kişiyə qalyan dəyib, başı fırlanırdı. Arvad yavaşca gəlib, yanında oturdu və ehmalca əlini onun dizinin üstə qoyub, dedi:

– Elə deyəsən «alışdım yandım» çəpkən deyə-deyə qəbrə gedəcəyəm!

Bu sözlər kifayət elədi. Kişi dəli kibi qalyanı götürüb çırpdı arvadın başına. Qab, qaşıq bir birinə qarışdı; pişmişlər dağıldı...

Bir saat çəkmədi, yenə qazı söylənə-söylənə nikahı fəsx elədi.


Kərbəlayı Eyvaz bu səfər ev-eşiyin tərkini qıldı. Dükəni yığışdırdı və bir eşək alıb, getdi kəndə çərçilik eləməyə. Yenə Dürnisəni boşadığına peşman olmuşdu, amma bir də geri qaytarmağa cürət etmirdi. Bu dərddən şəhərə gəlmirdi ki yenə Dürnisə yadına düşər. Kənddə pis keçmirdi: bazarı ravac idi; dolanışığını da yüngülcə yola verirdi.

Bir il keçdi. Kərbəlayı baxdı, gördü əlli manat da pul artırıb; bir belə pulu Kərbəlayı Eyvaz cəmi ömründə görməmişdi. Kişini fikir götürdü. Papağını qabağına qoyub, özü özü ilə fəlsəfanə bir tərzdə başladı danışmağa:

– Yaxşı, zəhmət çəkib, pul qazandım. Allah bərəkət versin! Ancaq mən ahmağa deyən gərək ki, sabahları başımı yerə qoyanda bu pullar kimə qalacaq! Yəqin bir lotunun birisi yeyib, goruma da söyəcək!... Bundan irəli arvadım var idi, evim var idi. İmdi nəyim var! Sonsuz bir adamam. Çox da oldu min manat pulum, nəyə lazımdır-içinə zəhirmar qarışsın!..

Kərbəlayı Eyvaz gözlərini yaş ilə doldurub, səmimi bir istək ilə Dürnisəni yadına saldı. Fikir elədi gördü ki Dürnisəsiz ömrün nə ləzzəti, nə dadı, nə məqsədi görünmürdü.

– Yox, mənə pul lazım deyil-deyirdi: mənə sən lazımsan, arvad, ki öləndə də üzümü qibləyə çəyürəsən! Yoxsa, bu qürbətdə ölsəm məni basdıran da olmuyacaq!...


Kərbəlayı şəhərə gələn kibi getdi Havva qarının yanına. Qarıya əhdi-peyman edəcək idi, ki daha bu səfər Dürnisəni gətirib, «pir» deyib yapışacaq. Fikri də bu idi, ki arvad gələn günü, pullardan ona «alışdım yandımdan» bir çəpkən; xaradan da bir tuman alsın.

Kərbəlayı Eyvaz qapını açıb, qarı ilə görüşdü. Qarı həmişəkinə görə gözə kefsiz dəyirdi. Kərbəlayı sual cavabdan sonra Dürnisədən söz saldı:

– Ay, nənə!-dedi: aranı da gəzirsən, dağı da gəzirsən; yenə evsiz eşiksiz ağzıyın dadı olmur. Ev, eşik adamın abır və həyasıdır; rahatlığıdır!.. Kaş yenə əvvəlki vaxtlar ola idi... Dürnisəsiz dolana bilmirəm!

Qarı «Ah» çəkdi.

Kərbəlayı yenə:

– Allahdan diləyim odur ki, mənim bir günüm Dürnisəsiz olmasın!.. Nənə, dutduğum işə elə peşman olmuşam!...

Qarı köksünü ötürüb, dedi:

– Adam bir dəfə peşman olar, iki dəfə olar... qadan alım, sonku peşmanlıq fayda verməz!... Allaha qurban olum, məsləhət özünündür!

Kərbəlayı Eyvaz qarının sözündən və qaş gözündən bir yas, bir matəm xəbəri olmağını duyub hövlnak:

– Nənə, yoxsa Dürnisənin başına bir iş gəlib?

Qarı başını aşağı salıb, yavaş səslə:

– Nə eləməli? Məsləhət allahındır!

Elə bil soyuq bir xəncər ilə Kərbəlayının ürəyini deşdilər, soyumuş qan axıb cəmi bədəninə yayıldı. Otaq başına dolanmağa başladı. Çıxdı, küçəyə-burada da haman mənzərə: ətrafdakı evlər tamamən Kərbəlayının başına fırlanırdılar.

Getdi. Qabağına çıxan küçələrdən keçdi, şəhərdən çıxıb uzaqlaşdı. Qayalardan endi. Tozlu, torpaqlı, cığır ilə addım ata-ata baş alıb, getdi. Qulaqları eşitməkdən, gözləri görməkdən quya əl çəkmişdilər; eşitməz, görməz bir halətdə gedirdi. Yolun yan yörəsində ki uçuq qəbirlərə diqqət etmiyərək, ötdü. Cəmi qəbirstanı fırlandı, dolandı. Təzə bir qəbrə yavıqlaşıb, yıxıldı. Kərbəlayı Eyvaz başını qəbrə söykəyib, səssiz peşman, qəm aludəsi ağladı.


Qəbirstan kənarında, otlu təpədə təkcə bir qəbir var. Bahar olanda bu qəbrin ətrafında əlvan çiçəklər açıb, dilnəvaz qoxuları ilə adama ləzzət verirlər. Qoca, beli bükülmüş bir kişi, hər cümə axşamı gəlir bu qəbrin yanına. Uçub dağılmış yerlərini düzəldir, ətrafında bitən tikanları, alaqları qoparıb atar. Və sonra baş daşına söykənib, sakit, samit ağlar, ağlar, ağlar yorulduqda, yaşlı gözlərini göyə tikib, istiğasə elər:

– Pərvərdigara! Məni həsrətdə qoyma! Bir sən birliyin hörmətinə məni Dürnisəyə yetir!

Qoca kişi tələbə çağırar, quran oxudar və fatihə verib, gözləri yaşlı geri qayıdar.

Qoca şəhərə gəlincə, öz özünə fikir elər:

– Yazıq Dürnisə! Allah sənə rəhmət eləsin, qədirini bilmədim. Çəpkən deyə-deyə getdin, ala bilmədim... Nisgilin ürəyimi dağlayır!...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets