Üçüncü hissə
Page 13 of 13 · 92%
Lakin Məmməd bəy başqa cürə düşünürdü, o, Səfərəli bəyin səmimiyyətinə inanır və sabahkı gündən qurtarmağa çarə axtardığını anlayırdı.
– Səfərəli, – dedi, – bunlar hamısı doğru, çarəmiz nədir? Açıq söylə, qorxma!
– Çarə yolunu Abbas bəylə düşünmüşük. Siz ancaq ilqar verin ki, bizə qahmar çıxacaqsınız. Bizi ələ verməyəcəksiniz!
Sadıq xan hələ yenə şübhə içində idi. Məmməd bəy qəti olaraq:
– Sadıq xan, – dedi, – fikrə getmək yeri yoxdu. Başlarımız cəllad əlindədir. Çarə lazımdır, siz cürət etməyirsinizsə, mən özüm gedim.
Dünya bu zalımın əlindən qurtarsın!
Sadıq xan, nəhayət, dilləndi:
– Yox, Məmməd bəy, sən getsən pərxoşluq düşər. Bunlar yaxşıdır.
Qoy işlərini görsünlər!
Məmməd bəy daha cəsur bir səslə:
– Səfərəli bəy, – dedi, – qorxma dalında durmuşam, nökərləri yığıb, nə lazımsa elərəm!
Səfərəli bəy tələsik özünü saraya yetirdi. Abbas bəy şahın qapısının arxasında durub dinləyirdi. – Razıdırlar, tez ol, vaxt keçir.
Səfərəli bəylə Abbas bəy xəncərlərini götürüb, qapını yavaşca açdılar. Şah qəzəbli səslə nərildəyirdi. Səfərəli bəy qorxaraq, geri çəkildi. Abbas bəy pıçıltı ilə: – Yatıb, qorxma! Bilmirsənmi o qəzəblənəndə yuxuda sayır-vayır söyləyir?!
Bir az dinləyib, ayaqlarının ucunda içəri girdilər. Piysuz otağa sönük bir işıq salmışdı. Şah yaralı heyvan kimi inildəyirdi. Bu inilti İnsana dəhşət verirdi. Səfərəli bəy yetirib xəncəri şahın çəlimsiz döşünə soxdu. Şah dik atılıb, əlini yanındakı toppuza atdı:
– Xanəxərab, İranı viran eləyirsiniz! – deyə bildi. Səyrilib, xalının üstünə düşdü. Onun başını kəsdilər. Sonra qollarındakı tacmah və “dəryayi-nur” adlı qiymətli bazubəndləri çıxarıb, Sadıq xanın yanına apardılar.
Bu əsnada Vaqif zindanda oturub, rəml atırdı; o, qədərin sirlərini öyrənmək istəyirdi. Şəhərin başqa bir məhəlləsində dəmirçilər tər tökə-tökə mıx hazırlayırdılar, vaxtında hazır edə bilməsəydilər, onların da başları cəllad əlinə veriləcək idi. Sadıq xan gecə ikən carçı salıb, Şəqaqi qoşununu yığdı və şahın buyruğuna görə Tehrana gedəcəklərini söyləyib, Şişəni tərk etdi. Məmməd bəy dəstəsi ilə bərabər yerdə qalan şah tərəfdarlarını çevrələdi, kimini qırdı, kimini tutdurdu.
Dan yeri söküləndə artıq şahın ölüm xəbəri şəhərə yayılmışdı. Dəmirçilərə xəbər gəldi ki, mıx lazım deyil, şahın cənazəsi üçün bir neçə mismar lazımdır.
Bu xəbəri bilən baş dəmirçi alnının tərini silərək:
– Ey mıxı mismara döndərən Allah! – deyib, üzünü göyə tərəf çevirdi.
Xəbər hələ zindana yetişməmişdi. Vaqif rəmldən xeyir xəbər olacağını duyaraq tez-tez keşikçidən: “Təzə bir xəbər yoxdur ki?” – deyə soruşurdu. Nəhayət, adam gəlib, zindanı açdı. Vaqif sevinə-sevinə çıxdıqda qapıda Mədinəyə rast gəldi: axşamdan orada durub gözləyirmiş.
23
Ağaməmməd şahın öldürülməsi nəticəsində Qarabağ hakimiyyəti Məmməd bəyin əlinə keçdi. O, “Batman-qılınc” ləqəbi alaraq ölkəni idarə etməyə başladı. Lakin İrandakı hadisələr Məmməd bəyi çox düşündürürdü. Sadıq xan Tehran taxtını ələ keçirə bilməmiş, Ağaməmməd şahın qardaşı oğlu Baba xan tərəfindən basılıb, məhv olmuşdu. Baba xan “Fətəli şah” adı ilə İran səltənətinə malik olmuşdu.
İndi Fətəli şah Ağaməmməd şahın cənazəsini və onu öldürənləri tələb edirdi. Əlavə olaraq Qarabağın Irana itaət etməsini təmin etmək üçün Ağabəyim ağanı öz hərəminə və İbrahim xanın oğlanlarından birini də zaval olaraq Tehrana göndərilməsini istəyirdi. Bu məsələlər Məmməd bəydə bir tərəddüd doğurmuşdu. O, bir tərəfdən hakimiyyətə qarşı hərislik göstərir, asır-kəsir; o biri tərəfdən də hakimiyyətin baqi olaraq əlində qalacağına inanmırdı.
Vaqif yenə sarayda idi, lakin onun meyli İbrahim xan tərəfdə idi.
O, Qarabağ övzaını gizli olaraq yazıb, Cara göndərir və İbrahim xanın qayıtmasını istəyirdi. Onsuz da İbrahim xana Dağıstanda xoş keçməyirdi. Cavad xanın fitnələri sayəsində İbrahim xanın oğlu Talıbxan bəy orada öldürülmüş və özünü də öldürtmək üçün tədbirlər görülürdü. Bu barədə Cavad xan Məmməd bəylə danışıq belə aparırdı.
Vaqif məsələni yeni bir məktubda ətraflı olaraq yazıb Səfərə verdi və təcili olaraq Cara yetirməsini xahiş etdi. Səfər məktubu çarığının içinə qoyub, evinə qayıdarkən, onu Məmməd bəy uzaqdan gördü. Səfərin arabir çarığına baxdığının fərqinə vardı. O saat buyruq verib, Səfəri tutdurdu. Məktub çarıqdan çıxdı və Vaqifin Məmməd bəyə qarşı bəslədiyi fikirlər açıldı. Səfər zindana salındı, Vaqif ilə oğlu Qasım ağa da tutulub, Xəznə qayasından atılmağa məhkum olundu.
İsti bir gün idi. Vaqif ilə Qasım ağanı Cıdır düzünə tərəf aparırdılar.
Qoca şair diki çıxdıqca töyşüyürdü. Onun dodaqları və boğazı tamamilə qurumuşdu. O, bir az dayanıb, nəfəs aldı, sonra zəif bir səslə:
– Bir az su olsaydı da! – deyib, cəlladların üzünə baxdı.
Cəlladlardan biri istehza ilə:
– Nə təfavütü var, – dedi, – qarnında gora gedəcək. Bir az sonra səni “Xəznə” qayasından elə diyirləyəcəyəm ki, heç ruhun da inciməyəcək.
Cəlladın istehzası Vaqifə heç bir təsir buraxmadı. O başqa bir aləmdə idi. Sanki dünyaya yenidən gəlmişdi – hər şey ona təzə və cazibəli görünürdü. Qayaların üstündə bitmiş kəkotu qoxusu ona elə xoş və gözəl gəlirdi ki, elə bil bütün ömründə heç onları görməmiş və qoxulamamışdı.
Uzaqda Mədinənin evi görünürdü. Ah o nökər olaydı, adsız-sansız bir nökər, bütün həyatını Mədinənin qapısında qulluq edəydi. Sadəcə bir nökər...
Vaqif yenə dayandı, töşük onu boğurdu. Rəngi qaçmış oğlunun üzünə baxıb:
– Qasım ağa, bizi hara aparırlar? – dedi.
Oğlu sərzənişli bir səslə:
– Ağa, – dedi, – bir çoxlarını sən bu yolla göndərmisən, indi də bizi yollayırlar!
Dəruni bir əzab Vaqifin üzündə əks etdi. O özünü zorlayaraq, tələsik yeriməyə başladı. Qoy bitsin, tükənsin kimsəyə lazım olmayan bu həyat! Ancaq Qasım ağanın günahı nə idi? Oğul nə üçün atanın oduna yansın?.. O cavandır, ona yaşamaq lazımdır!
Vaqif cıdır düzünə çıxan bir yamacda yıxılıb qaldı. Onda irəli getməyə artıq taqət qalmamışdı. Cəllad bir-iki dəfə qolundan dartdısa da, yerindən qaldıra bilmədi. Vaqif zəif, lakin qürurlu bir səslə dedi:
– Nə eləyəcəksiniz, elə burada eləyin, heç yerə getməyəcəyəm!
Cəlladlar bir-birinin üzünə baxaraq, nə isə danışdılar. Biri qəməsini çıxarıb, Qasım ağaya yanaşdı. Qasım ağanın kölgəsi qalmışdı, o hər bir duyğudan məhrum olmuşdu. Vaqif oğlunun qurbanlıq qoyun kimi uzadıldığını gördükdə qışqırdı:
– Amandır! Əvvəl məni, sonra onu! Mənə oğul dağı göstərməyin!
Cəllad qulaq asmadı. Vaqif oğlunun xırıltısını eşitdikdə, özünü itirdi. Artıq özünün öldürülməsini heç duymadı – yuxu kimi gəlib-getdi.
Kazım yerlisinin öldürülməsini eşidər-eşitməz oğlu ilə bərabər bel-kürək götürüb Cıdır düzünə gəldi. Orada Mədinəyə rast gəldi, Mədinə molla gətirib, çadır qurdurmuşdu, ölülərə qüsl verdirirdi. Kazım Mədinə ilə məsləhətləşib, qəbirlərin yerlərini təyin etdi. Yan-yana iki qəbir qazdırıb, Vaqif ilə oğlunu torpağa tapşırdılar.
Hamı fatihə verib qayıtmışdı. Lakin Mədinə orada qalmışdı. O, əziz qəbrə sarılıb, yanıqlı ağılar deyirdi...
Kəkotu yenə ətrafa gözəl qoxu saçırdı.
1 Günorta tənəffüsünə
2 Kefsizləmişdi
3 Türkiyə ilə Rusiya arasında 1787-91-ci illərdəki müharibə nəzərdə tutulur.
4 Lavaşa bükülmüş halvaya “hüluş” deyərlər. Dağlar dağımdır mənim, Qəm otağımdır mənim, Lal olubdur, bülbülüm, Viran bağımdır mənim.
5 Azarım
6 Yapraq; mədəni təmizləmək üçün qaynadılıb, suyu içilir.
7 Fələyin mancanağı fitnə daşını sənin üstünə yağdırır, sən də axmaqcasına şişənin (Şişə qalasının) içində gizlənmisən.
8 Məni qoruyub saxlayan mən tanıdığımdırsa, inanıram ki, o, Şişəni daşın içində də qoruyar.
9 Zubovun bir ayağı qayırma olduğu üçün ona camaat arasında “Qızılayaq” deyərdilər.
10 Gecə hamilədir, kim bilir sabah nə doğacaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-iki-od-arasinda-ucuncu-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.
Qumarbazın arvadıYayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.