Qoz ağacı
Hər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.
Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.
Məşədi Xonku ilə arvadı Güldəstə “sonsuz” idilər. Bunlar ağalarından bir təmənnada bulunmuşdular:
– Ya ağa, – demişdilər, – nəzir eləyirik, bizə bir uşaq ver, hər il sənə qulluq eləyək.
Odur ki, neçə il idi, Məşədi Xonku Yezid şəbihi olur, Güldəstə də aşura günü “ələmdar” və “ağ köynək”lərə albuxara suyu paylayırdı.
Bu neçə ildə ağa “sonsuz”ların könlünü almamışdısa da, yenə onlar ağalarına qarşı sədaqətlərində davam etmədə idilər. Lakin bu il Güldəstə bir az tərəddüd içində idi: elə bil (dilim-ağzım qurusun!) ağasının kəramətindən şübhələnən kimi də olmuşdu. Odur ki, Məşədi Xonku üç gündən bəri hazırlıq gördüyü halda, Güldəstə laqeyd görünür, albuxara tədarükü belə görməmişdi.
Bir-iki gün əvvəl Güldəstə qonşuları ilə dalaşdıqda onu “sonsuz” deyə təhqir etmişdilər.
“Sonsuz”un nə olduğunu bilirsinizmi? – Güldəstənin övladı yoxdur, günün birində öləcək, onun ocağını qalayıb çırağını yandıran olmayacaq. Xalq arasında müqəddəs sanılan nəsil ocağı sönəcək, məhv olacaq.
Bütün Azərbaycan qadınları üçün böyük bir töhmət ədd olunan bu “sonsuzluq” Güldəstəni də çox həyəcana gətirmişdi. Bu neçə ildə bütün güman gələn yerlərə: baxıcılara, pirlərə müraciət etmişdi, səfər ayının axır çərşənbəsi axar su üzərindən atlamışdı, qurd dərisinin altından keçmişdi... heç biri də dərdinə dərman verməmişdi. Bu gün bədbin bir halda pəncərəyə söykənib, həyətə baxa-baxa ağlayırdı.
Güldəstənin titrək dodaqlarından yenə daim söylədiyi sözlər tökülürdü:
“Dedim” kişi, qoz ağacı əkmə, düşər-düşməzi olar. Qulaq vermədi. İndi neçə ilin arvadıyam, heç bir şeyin yiyəsi deyiləm. İt üstümə ayaq atladır...”
Qonşunun təhqiramiz sözü yenə Güldəstənin yadına düşdü. Biçarə göz yaşları axıtmasında davam etdi.
O biri otaqda Məşədi Xonku nümunə üçün geyinirdi, hər şey yolunda idi, bircə çəkmələr ayağını sıxırdı: keçən ildən taxtapuşdan asılı qalıb qurumuşdu.
Nə isə, geyindi, şal əmmaməni başına qoydu, yalnız alnına lələyi taxa bilmədi. Zatən, hər ilki kimi, burada Güldəstənin köməyi lazım idi.
Çağırdı:
– Güldəstə, Güldəstə.
Arvad səs belə vermədi.
Məşədi Xonku bir də çağırdı, axırda “görəsən necə oldu” deyə o biri otağa keçdi... Bir də, Güldəstəni laqeyd bir halda pəncərəyə söykənmiş gördü.
Məşədi acıqlandı:
– Səsimə niyə cavab vermirsən? – dedi.
Güldəstə kövrəldi:
– Səs versəm yaram sağalacaqmı? Məni “sonsuz” qoydun...
Güldəstəni yaş boğdu. Ağladı, hönkürdü və yaşlar arasında boğunuq səslə dedi:
– Dedim qoz ağacı əkmə, düşər-düşməzi olar. Əkdin. İndi çək altını...
ağa da bizi yaddan çıxartdı.
– Axmaq, bu əziz günlərdə şəkk eləmə, – deyə Məşədi hiddətləndi və gözlərini Güldəstəyə zillədi. Güldəstə hirslə dönüb, otaqdan çıxmaq istədikdə Məşədi onun qolundan yapışdı və o biri əlini belinə atıb dedi:
– And olsun, sabahkı günün şərəfinə, başını bu qılınca qurban elərəm.
Güldəstə ərinin kirimindən nə anladısa, susdu və hərəkətsiz durub qaldı.
Bir-iki dəqiqə belə keçdi. Məşədi Xonkunun hirsi soyudu və əlini Güldəstədən çəkib, o biri otağa keçdi.
Aşura büsatı bütün dəbdəbəsi ilə başlamada idi: meydanın hər tərəfində ağlar cırılıb, kəfənlər tikilmədə idi, ortada xeyməgah düzəlirdi; tuğ şığıyıb, nəzir yığırdı, bir guşədə quyruğu hənalı zülcənahı milçəklər haldan salmışdı; Müslimin balaları mürgü döyürdülər... Bunların hamısından maraqlı Hacı Vəlinin Yezid şəbihi üçün neçə il əvvəl vəqf etdiyi taxtın əhvalatı idi: yazıq taxt vecdən düşmüş, daha işə gəlmirdi. Taxtalar quruyub gödəlmişdi, artıq dəstəklərə yetişmirdi. Odur ki, möminlər taxtın ətrafına toplanıb, taxtaları kəndirlə taxta sarımada idilər.
Məşədi Xonku da orada idi, geyinib hazırlanmışdı. Güldəstə lələyi əmmamənin qabağına qondarmağı da unutmamışdı. “Ər-arvadın dalaşı – yaz gününün yağışı”. Təbiidir ki, Məşədi ilə Güldəstə barışmışdılar. Güldəstə dünən axşamdan albuxara suyu belə hazırlayıb, bu gün meydana gətirmişdi.
Qətil sınmağa başladı. Yüzlərcə gorda və xəncərlər Əli şiələrinin mərmər başlarına enib-qalxmaqda idi; lalə kəfənlər dünyanı bürümüşdü. Ələmdarlar kotan dəmirləri və xəncərlər altında ağır-ağır nəfəs alaraq dəstə ilə gedirdilər. Dərilərindən asılan güzgülər parıldaşırdı. Yezidin taxtını möminlər çiyinlərində qaldırdılar; xalı ilə bəzənmişdi. Yezidin önündə bir sərpuş, yanında iki “haçar nişan” (realni məktəbinin şagirdləri) başına çətir tutmuşdular.
Taxt meydanın ortasına çatmada idi, bir də “xeyməgah” odlandı; zikr başlandı: “xeyməgahə od düşəndə od düşəydi aləmə, yandıraydı aləmi övladi-peyğəmbər qanlısı! Ku Hüseynimə! Va Hüseynimə!..” Minlərcə adamların hönkürtüsü bir-birinə qarışdı.
Birdən bir gurultu gəldi, bir dəqiqədə ətraf sükuta qərq oldu. Yezidin taxtının taxtaları qaçmış, Məşədi Xonku “hacar nişan”larla bərabər başı üstə yerə düşmüşdü.
Bir az keçmədi, meydan bir-birinə dəydi: xeyməgah və zülcənah unuduldu. Haris Müslüm balalarını buraxıb, özünü hadisə olan yerə verdi. Basa-bas düşdü. Əhvalatdan xəbərdar olmaq üçün Səkinə ilə Zeynəb arasında deyişmə belə düşdü, ortalıqda isə yumruq Əli Əkbərə dəydi.
Axırda övzadan hamı xəbərdar oldu, yazıq Güldəstə də vay xəbərini bildi: Taxtdan düşdükdə “Yezidin” başı daşa dəyib ölmüşdü.
Güldəstə üzünü cıra-cıra deyirdi:
– Dedim, kişi, qoz ağacı əkmə, düşər-düşməzi olar. Qulaq vermədi... İndi altını çəkirik.
1926
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-qoz-agaci
Use ← → keys to move, R for a random poem
More by this author
Mən lap uzaq vaxtından dəli Səmədi tanıyırdım. Görürdüm əllərini solmuş çuxasının qollarına qoyub və çiyinlərini qovzuyub küçənin ortası ilə iti ötür. Həmişə simasında dərin bir fikir, ya cunqul və şirin xiyalat oxunurdu: birdən nazik qaşlarını qırışdırıb və uzun ucu qırma burnunu sallıyıb belə qəmə batırdı, ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. Gah da kipriksiz xırda gözləri daralıb, rəngsiz dodaqları gülürdü. Axşamadək peşəsi şəhəri cövlan etmək idi; həmişə də yerişi bir, duruşu bir, fikir və xiyalı bir. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hammalların birçəkləmə davası, baqqalların ağız ağıza verib qatığa müştəri axtarmaları, – heç biri onun zahir və batinində səbəbi təğyir ola bilmirdi. Ancaq bə’zi adamların «ay, dəli Səməd! Ay, dəli Səməd!» deməyini eşitcək, cəld dönüb güdək, acı və çox vaxtda pür-mə’ni bir söz deyib yenə salıb gedirdi. Başlardı öz özünə dağınıq sözlər söyləməyə və söylədikcədə gah gülüb, gah da hirslənib qaş-qabağını turşudardı.Bir gün məscidin qabağından ötürdüm, gördüm dəli Səməd qazının hücrəsinin qabağında oturub, məsələ xəbər alır:
Dərs(İstudentlər məişətindən)İstudent Həmzə-bəy güzgünün qarşısında durub özünə tumar verirdi: başını darıyırdı, bığlarının uclarını maşa qüvvəsilə şişliyib yuxarı qovzuyurdu; kirpikləri qara idisə, şimalda artıq xoşa gəldiyi üçün, daha da sürmə ilə qaralıyırdı.... Həmzə-bəy zahirində bir qüsur qoymadı: üzünü kirşanladı, dodaqlarına allıq sürtdü və ətirlənib otaqdan çıxdı. Yayın son ayı idi. Peterburqun havası istiləşmiş idi, gün də hərdən bulutların arasında görsənirdi. Həmzə-bəy tramvaya minib Neva caddəsinə düşdü. Caddə həmişəkindən də artıq izdihamlı idi: lətif libaslarda xanımlar və qızlar deyib gülüşürlər; tələbə və talibələr ötüb keçirdilər. Zabitlər təmkin viqar ilə qılınclarını qaldırım ilə sürüyə-sürüyə gəzirdilər; tacirlər, mə’murlar, qəzetəçilər və ilax... Hər dəqiqə gözə sataşmaqda idilər. Səs küydən qulaq tutulurdu; tramvay, avtomobil, fayton, qaret və cürbəcür arabalardan küçədə tərpənməyə imkan yox idi... Həmzə-bəy ahıstə-ahıstə caddədə gəzirdi və qarşısına çıxan qız və xanımları şəhvətəngiz bir nəzərdən keçirməmiş olmurdu. Birinə göz edirdi, bə’zinə gülümsünürdü, kimisinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. Həmzə-bəyin bu hərəkəti adi bir iş idi: neçə illər idi ki ömrünü bu minval ilə keçirirdi və təngə gəlmək, usanmaq bilməzdi. Çünki gündə bir təzə iş ittifaq düşürdü. Gündə bir vəqəyə rast gəlib sonra yoldaşlarını kamal-iftixar ilə bu «qəza-vü-qədərdən» xəbərdar edirdi.
Qız məktəbindəMolla Gülləndəm bacı məktəbin yuxarı başında oturub köynək tikirdi. Aşağa tərəfdən bir iki mütəəllimə cırıq palas parçalarının üstünə bardaş qurub «gəlin-gəlin» oynuyurdular; biri də kənarda qab yuyurdu. Hərdən məktəbin alçaq qapısı cırıltı ilə açılıb, içəri həybəsi qoltuğunda bir mütəəllimə girirdi və salam verib deyirdi:– Molla bacı, köynəyin mübarək olsun!
BorcluKərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə gedib məscidin yanından bazara dinlənirdi, və burada axşamadək fırlanıb dolanıb əlinə keçən qəpik quruşu ətə çörəyə və qeyri şeylərə verib yenə haman yol ilə evə qayıdırdı. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyi bilmərrə mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki Kərbəlayı məscidin yanındakı Əttar Həsənə bir az pul borclu idi. Evə xırda şeylər almışdı. Tahı bu Əttar Həsən ötüb keçəndə Kərbəlayını dinc qoymurdu: çuxasının ətəyindən tutub darta-darta dükanın qabağına çəkirdi və min lətayif sözlərlə borcunu tələb edirdi. Kərbəlayı qalırdı, gözünü döyə-döyə; borc az idisə də (cəmi on iki abbası, bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş də tapılmırdı ki onun dalınca gedib Əttar Həsənin çəngindən xilas ola idi. Kərbəlayı Fərəc əsin hər üzünü ona qandırırdı:«Qardaş, bax imdi qışdır, pul çıxan bir yer yoxdur. Səbr elə allah qoysa, bu gün sabah bahar gələr, göydən göyərtidən, süddən, qatıqdan satıb pulunu verərəm...» bu sözlərdən də sonra Əttar Həsən öz dediyindən əl çəkmirdi.