Page 11 of 16 · 63%

– Beş-altı.

– Sizin deməyinizə görə, bu beş-altı adam bizə səs verməsəydi, biz idarəyə düşməyəcək imişik, belə deyilmi?

Cəlal Rüstəmbəyin fikrini anlayaraq başladı:

– Bunlar idarəyə qırx səslə düşüblər. Bəs o altı adamdan başqalarını kim öyrətmişdi ki, bunların adlarını yazdırdılar?

– Nə bilim, – deyə Həsən cavabdan aciz qaldı.

Cəlal qəhqəhə çəkib güldü.

– Səni zor qızışdırıblar! – dedi.

Rüstəmbəy gülümsündü və sərzənişlə:

– Həsən, qardaş, aldanma. Hər firqəbazın dalınca yüyürmə; gəl cəhd eləyək iş görək. Müsamirə düzəldək, kitabxanamızın kitablarını artıraq, vaxtlı-vaxtında üzvlük haqqı toplayaq ki, pulumuz artsın...

Yoxsa studentləri bölük-bölük etməkdən faydalı bir nəticə çıxmaz.

– Həsən sükuta getmişdi. Rüstəmbəyin sözləri, az da olsa, ona əsər eləyirdi.

Cəlal adi gülüşlə ayağa durdu. Imzalı kağızı götürüb, portfelin içinə qoydu və Həsənə dedi:

– Bu kağızı götür apar evə, lazımın olar.

Həsən Cəlalın hərəkətlərindən bir az xoşlandı: dodaqlarında təbəssüm nişanı göründü. Lakin bu təbəssüm sürətlə yox oldu və siması yenidən süni bir ciddiyyət aldı:

– Mən ölüm, zarafat eləmə!

Cəlal gülə-gülə:

– Mən də deyirəm, görəsən, nə xəbər gətirmişdir. Bala, Teymurbəy sizə çay verib qızışdırır, amma heç özü kağıza qol qoymur. Qorxur sözü yerə düşə; kişi dünyagörmüş, hiyləgər adamdır, indi bizi də görəndə deyəcək ki, yenə uşaqlar ortalığa nifaq salırlar.

Cəlal sözünü qurtarandan sonra irəliləyib Həsəni qucaqladı:

– Gəl bir güləşək, görüm sənin canın nədir ki, düşüb ortalığı qarışdırırsan?

Həsən bir az dartındısa da olmadı. Cəlal əl götürmürdü. Nəhayət,

o hirsləndi:

– A kişi, yavaş görüm!

Cəlal etinasız:

– Deyəsən, studentlik ürəyini üzüb, candan düşmüsən. Həsən yumşaldı, karkünlüyü kənara qoyaraq, birdən Cəlalın qılçasından yapışdı.

Rüstəmbəylə Çingiz gülməyə başladılar:

– Qoçaq Həsən, – deyə Çingiz kürsüləri ortalıqdan yığışdırdı ki, toxunmasınlar.

Bir az hərləndikdən sonra Cəlal Həsəni çarpayının üstə yıxdı:

– Canın bu imiş, niyə çığırırdın? – dedi və dizini onun qarnına qoydu. Həsən çığırmağa başladı. Cəlal bir az boşladıqda Həsən sıçrayıb, çarpayıdan qalxdı, yenidən güləşmə başlandı. Bu dəfə bərk səs-küy saldılar. Kürsülər döşəmənin üstünə yıxıldı, gurultu qopdu, bir neçə dəqiqə belə keçdikdən sonra otağın qapısını hirsli-hirsli tıqqıldatdılar.

Çingiz cəld qapını açdı. Ev sahibi xanım acıqlı:

– Belə hərəkətlər olarmı? Bura tövlə deyil, bura İnsan yeridir...

Xanımın bu qaba sözləri hamını sükuta məcbur etdi. Həsən və Cəlal bir-birindən aralanıb, kənara çəkildilər və töyşüməyə başladılar.

17

Ertəsi gün Həsən Qulunu görməyə getdi, evdə tapmadı. Oradan Anatomiya institutuna getdi. Institutun böyük salonuna girdikdə üfunət qoxusu burnuna vurdu. Uzun masaların üstündə parçalanmış meyitlər qoyulmuşdu. Ağ geyimli tələbələr təşrihə məşğul idilər. Həsən salonu gözdən keçirmədə ikən, ucaboylu, iri bığlı bir tələbə ona qarşı gəldi:

– Gözüm, burada fəna qoxu var, sən alışmamısan, koridora çıxaq, – dedi.

Çıxdılar. Həsən qayət sakit bir səslə:

– Qulu, – dedi, – Çingizlə görüşdüm. Rüstəmbəy də orada idi.

Bunlar yeni seçkiyə yanaşmaq istəmirlər, özləri də müsamirəyə hazırlanırlar.

– Zərər yoxdur. Indi biz gərək idarəyə qarşı propaqandamızda davam edək. Harada narazı varsa, başımıza toplayaq. Hər kəsi görsən tapşır üzvlük haqqı verməsin, bildinmi? Biz həqiqət tərəfdarı olmalıyıq.

İntixabın düz olmadığını hər kəs bilir. Teymurbəy kimi adamı kənarda buraxmaq olmaz. Bu, lazımlı adamdır. O, idarədə üzv olsaydı, işlər belə olmazdı. Bildinmi, gözüm, indi sən get, sonra görüşərik. Qulu Veylabad tacirlərindən Hacı Vəlinin oğlu idi. Hacı Vəli “kəsik mal satan” ləqəbi ilə şəhərdə məşhur idi, çünki ildə neçə dəfə Moskvaya gedərək, sövdəgər dükanlarında artıq qalmış çit və parçaları toplar, gətirərdi. Başqalarına nisbətən bir qədər ucuz satdığı üçün tədavülü də çox olardı. Hacı Vəli malik olduğu sərvəti yalnız parçaçılıqdan deyil, müamiləçilikdən və oğurluq mal alış-verişindən qazanmışdı.

Maddi böhran keçirən ailələr, bütün yoxsullar ona borclu idi. Yüksək faiz alar və girovsuz da pul borc verməzdi. Evində iki otaq dolusu rəhn qoyulmuş şeylər var idi. Burada nələr yox idi: xalı, gəbə, qab-qacaq, gümüş, qızıl, ipək paltarlar və i. a. Ehtiyac içində çırpınan ailələr bir-iki manat üçün qadın dizliyi belə girov gətirmişdilər. Hacı Vəlinin müəyyən prinsipləri var idi. Əvvələn, rəhn gətirilən şeyləri zorluqla qəbul edərdi. “Müamiləçiliyi tövbə etmişəm!” deyə hər kəsi bu cümlə ilə qarşılardı. Bu vasitə ilə ehtiyacda olanları o ki, lazımdır yalvartdırar və sonra hər şeyi yarı dəyərinə qəbul edərdi.

İkinci, elə bir faiz təyin edərdi ki, müştəri malını bir də geri almağa qadir ola bilməzdi. Nəticədə Hacı rəhnləri bir-bir satardı.

Bu sayədə Hacı böyük bir sərvət sahibi olmuşdu. Lakin bu sərvətə baxmayaraq, Hacı yeməz, geyməz, ailəsini də sıxıntı içində saxlardı.

Onun gündəlik naharı soğan-çörək və ya pendir-çörəkdən ibarət idi. Evində plovbişmə tarixi bir hadisə kimi qarşılanardı.

Hacının iki oğlu var idi. Kiçiyi Qulu idi. Oğlanlarının istiqbalı haqqında da Hacı Vəlinin müəyyən planları və prinsipləri var idi. Deyirdi:

– Varis çox olursa, aralarında qovğa olar, dövlət dağılar.

Odur ki, böyüyünü dükanda oturdar, qazanc yollarının bütün sirlərinə vaqif edərdi. Kiçiyini də təhsilə göndərmişdi. Böyük oğluna demişdi:

– Sən tacir ol, yerimdə otur.

Kiçiyinə də:

– Sən də həkim ol, sənətinin çörəyini ye...

Qulu təhsilə sırf tüccari bir zehniyyətlə getmişdi. “Oxumaq, qazanmaq, sərvət sahibi olmaq” onun birinci şüarı idi. Hələ məktəb qurtarmadan Qulu qazanc yollarını öyrənmişdi. Yayda dərs deyirdi.

Kiyevə gedərkən atasının məsləhəti ilə oraya xalı, gəbə, həna, quru meyvə aparar, satardı. Bahar vaxtı geri dönərkən saxsı mal, tüfəng, tapança və patron gətirərdi. Beləliklə olduqca çox pul qazanardı.

Kiyevdəki türk cəmiyyətinə qarşı bəslədiyi fikirlər və çevirdiyi intriqalar da tüccari zehniyyətdən irəli gəlirdi. Qulunun planlarınca cəmiyyət vasitəsilə bir çox “tüccari əməliyyat” yapmaq mümkün idi. Odur ki, cəmiyyətə girmək birinci arzularından idi.

Lakin buna mane olacaq bir əfkari-ümumiyyə var idi. Tələbələrin bir hissəsi Qulunun kim olduğunu duymuşdu. Kiyevə gələr-gəlməz Qulu bir “tüccari əməliyyat” yapmışdı. Bunu çoxları bilirdi. Şəhərdə dükan açmağa ixtiyarı olmayan bir yəhudi harada isə Qulu ilə görüşür, Qulunun təmiz bir adam olduğuna inanaraq, onun adına mağaza açır və əvəzində Quluya ayda əlli manat verirmiş. Bir neçə aydan sonra yəhudi bir başqa şəhərə mal dalınca getdikdə Qulu mağazanı bir başqasına satır. Nəticədə yəhudinin bütün varı əlindən çıxır.

Qulunun bu “əməliyyatı” bir çox tələbələrin xatirində olduğu üçün, onun idarəyə girməsinə bir maneə təşkil edirdi.

Lakin Qulu planlarının tətbiqi üçün var qüvvəsini sərf edir, gənc və safdil tələbələr vasitəsilə intriqalar çevirmədə davam edirdi.

Həsən məsələnin iç tərəfini bilmirdi, odur ki, Quluya inanaraq təşrihxananı tərk etdi.

Həsən küçəyə çıxar-çıxmaz uzunsaçlı, tələbə tujurkasının altından yaxası yan tərəfdən düyməli qırmızı köynək geymiş bir studentə rast gəldi. Durdu:

– Səlman, ya Allah! – dedi.

Səlman gözlərini qıyaraq, gözlüyünü düzəltdi.

– Paho, ya Allah, – deyə cavab verdi.

– Səlman, görükmürsən?

– Mən görükürəm, sən yoxsan!

– Başım qarışıqdır.

– Nə olub ki?

– A kişi, idarə məsələsi.

– Yeni seçkimi?

– Hə!

– Lüzumu varmı?

– Necə?

– Əsil məsələ orada deyil.

– Bəs nədədir? – deyə Həsən heyrətlə Səlmana baxdı.

– Zemlyaçestvo ikinci məsələdir.

– Bəs birinci nədir?

– Birinci?.. Burada siyasi təşkilatlar var, türklər oraya cəlb olunmalıdır.

Lakin biz buna əhəmiyyət vermirik. Mədəni sahədə çalışmaq lazımdır, lakin siyasi sahə ondan əhəmiyyətlidir.

Başqaların təsirinə tez düşən Həsən tamamilə Səlmanın məftunu oldu, düşündü, birdən gülümsünərək:

– A kişi, bəs bunu mənə niyə demirsən?

Səlman da gülümsündü:

– Neçə demirəm, deyirəm. Bir zaman kiçik risalə payladım. Sonra xahiş edənləri kursa çağırdım. Kimsə gəlmədi.

– Mən hazıram. Istərsən bir neçə adam da yığaq, oxuyaq.

– Yaxşı olar.

– Nə vaxt başlayaq?

– Istərsən bu axşam.

– Harada?

– Bizdə olmaz, tərəddüd altındayam. Istərsən sizə gəlim.

Həsən bir az düşündü, razı oldu. Aralandılar. Sonra Səlman ayaq saxladı:

– Həsən, – deyə çağırdı.

Həsən durdu və geri döndü. Səlman gözlərini qıyaraq:

– Əhmədi də gətir. Belə məsələlərlə çox maraqlanır. Deyəsən,

Bakıda bir az işləmişdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets