Birinci kitab, birinci hissə
Page 10 of 16 · 56%
Cəlal həyəcanlı bir halda:
– Bəs nə, – dedi. – Axırda Behbudov Qarabağa getməyə məcbur oldu, Ağabəyi əvvəl klubda döydülər, sonra Tağıyev çağırıb Qafqazı tərk etməsini tələb etdi.
Ağabəyin Türkiyəyə fərar etməsinin səbəbi budur. Əlibəy Hüseynzadənin “Füyuzat” jurnalını Tağıyev nəşr edirdi, Sultan Əbdülhəmidin işarəsinə görə Tağıyev bu jurnalı qapamışdı. Türkiyədə hürriyyət elan olunar-olunmaz Hüseynzadə də oraya getdi...
Rüstəmbəy söhbətə qarışdı:
– Mənim eşitdiyimə görə, – dedi, – Ağabəyin Qafqazdan getməsinin səbəbi “Difai” məsələsi olmuş, çünki “Difai” terror gücü ilə zənginlərdən pul tələb etməyə başlamışdı. Hətta Musa Nağıyevi oğurlayıb, yüz min manat aldıqdan sonra buraxmışdılar. Təbiidir ki, Tağıyev təşvişə düşmüş və Ağabəyin getməsini tələb etmiş.
Yadımdadır, Ağabəy Şuşaya gəlmişdi. Orada “Difai” komitəsi təşkil etmək istədi, tacirlər əvvəl etiraz etdilər. Bir axşam camaatı Gövhər ağa məscidinə topladı. Birinci erməni-türk vuruşmasından bir az keçmişdi. Vəziyyət olduqca gərgin idi. Ermənilər şəhərdən altmış araba arvad-uşaq toplayıb, başqa şəhərlərə göndərmişdilər, yeni vuruşmaya hazırlaşdıqları duyulurdu. Doğrudan da, bir il sonra şiddətli vuruşma oldu. Belə həyəcanlı bir zamanda Ağabəyin şəhərə gəlməsi kimi fərəhə, kimi də qayğıya salmışdı. Ağabəy məsciddə uzun bir nitq söylədi, Şuşanın Zaqafqaziya türkləri üçün böyük mənası olduğunu anlatdı, dedi: “Şuşa bir qaladır, bura əldən getsə, çolum-çocuğumuzu götürüb, Arazı o taya keçməkdən başqa bir çarəmiz qalmır...” Sonra “Difai” məsələsini açdı və gizli bir təşkilat yapacağını söylədi. Tacirlər əl-ayağa düşdülər, terror gücü ilə pul tələb edilməsindən qorxub, razılıq vermədilər. Ağabəy əsəbi bir adamdır, küsüb getdi. Sabah tezdən camaat tökülüb qapısına gəlmişdi, on mindən artıq adam vardı.
“Bizi hara qoyub gedirsən”? – deyə bağırışırdılar. Nəhayət, Ağabəy komitə təşkil etməmiş getməyəcəyini bildirib, camaatı sakit etdi. Çingiz heyrətlə:
– Komitə düzəltdimi?
– Düzəltdi.
– Qoçaq adammış.
Rüstəmbəy təəssüflə:
– Qoçaqlığına qoçaq idi, ancaq... Tutulan yol düz deyildi. Əvvəla, Ağabəy ittihadi-islam məfkurəsi daşıyırdı: Nə qədər boş bir məfkurə!
İkinci, “Daşnaqsütyuna” qarşı “Difai” ilə çıxmaq qanı qanla yumaq demək idi. Madam ki, avtonomiya üçün etnoqrafi hüdud məsələsi meydana çıxırdı, bunu bir erməni-türk müşavirəsi çağırıb sülhlə həll etmək olmazdımı?
Çingiz etiraz etdi:
– Bu əngəl məsələdir. Gərək türk arasındakı ermənilər erməni arasına, erməni arasındakı türklər türk arasına keçəydi. Çar hökuməti buna razı olmazdı. Bu avtonomiyaya hazırlıq demək idi. Çar siyasəti bu avtonomiya məsələsini boğmaq üçün türk-erməni düşmənçiliyini məxsus körükləyirdi...
Susdular. Rüstəmbəyin düşüncəli üzündə bir fərəh ifadəsi vardı:
– Ah, bizim ziyalıların tarixi yazılsa da: ittihadi-islam, Turan... min bir çarpışma... Keçilən yolların böyük qüsurlarına baxmayaraq axırda öz doğma ölkəmizin siyasi, iqtisadi və mədəni ehtiyaclarına dönəcəyik, ermənilərlə də barışıq yolu bulacağıq... Bunlar olacaq. Xalqımıza fayda verəcək ziyalılar da yetişəcək. Bu da mütləq olacaq! Ancaq Cəlal kimi bədbin olmağa da gəlməz: mədəniyyətə doğru yeni addım atan xalqların tarixində də belə şeylər olmuşdur. Yeni yetişənlər yaxşı olarlar...
Cəlal onun sözünü kəsib:
– Sənin yeniyetmən Qulu deyilmi? – deyə istehza ilə güldü. Bizdən adam olmaz, vəssalam!
Çingiz gülə-gülə:
– Balam, – dedi, – bu yaman kafirdir, yola gəlməsi çətindir.
Qapı taqqıldadı, o dəqiqə söhbət kəsildi. Əllərini ova-ova içəri bir student girdi.
– Ya Allah, Məcid, – deyə Çingiz ayağa qalxdı. Rüstəmbəy və
Cəlal rəsmi surətdə Məcidə əl verərək görüşdülər. Bunların rəftarında studentliyə məxsus sadəlik və mehribanlıq görünmədi, çünki Məcid studentlərə qarışmazdı, türk tələbələrini artıqlığınca həvəsləndirən seçki cəmiyyət idarəsi, şərq müsamirəsi kimi işlərə əsla etina etməz, kənarda duraraq ancaq öz xüsusi işlərinə çalışardı, gecə-gündüz məktəb kitabları ilə məşğul idi...
Rüstəmbəy Məcidi nəzərdən keçirdi. Onun sadəlövh siması və axmaq gözləri Rüstəmbəyi bir az fikrə saldı, ürəyində ona qarşı anlaşılmaz bir hiss əmələ gəldi – nifrət və təəssüf bir-birinə qarışdı.
Cəlal məcburi bir halda soruşdu:
– Məcid, bu il qurtarırsınızmı?
Məcid cavabında əllərini ova-ova:
– Görək, – dedi, – və sonra Çingizin üzünə baxdı, mənasız bir surətdə güldü:
– Vallah, deyirlər qurtaracağam, amma mən özüm heç zad bilmirəm.
Çingiz Rüstəmbəyə tərəf:
– Sən Məcidi tanımırsan, bu kişi zor adamdır. Zarafat deyil, bir neçə aydan sonra doktor olacaq.
Məcidin qoltuğunun altı bir az da şişdi. Yenə adi gülüşü ilə Rüstəmbəyə yönəldi:
– Görürsünüz, Çingiz də deyir qurtaracağam. Amma özüm bilmirəm nə olacaq. Xa-xa-xa!..
Çingiz:
– Canım, niyə bilmirsən nə olacaq, sən də qurtarmayanda kim qurtara biləcək? – deyə təkid etdi.
– Təki elə olsun, nə deyirəm, ay qardaş! Xa-xa-xa!..
Taqqıltı yenə sükuta səbəb oldu. Içəriyə qoltuğu portfelli, üzündən-gözündən süni karkünlük tökülən bir tələbə girdi. Məcid güləgülə:
– Ədə, bu axşam burada məclis qurmaq istəyirsiniz, nədi? Qoyun görək, siz Allah, tutub aparıb salarlar qazamata, evimiz yıxılar.
Çingiz təzə gələn studenti Məcidə təqdim etdi; tanış oldular.
Cəlal rişxəndli bir təbəssümlə:
– Ay Həsən, balam, portfelində nə var? Amma sənə ayrı cür yaraşır. Bığların da sallaqdır, lap İran naibinə oxşayırsan. Xa-xa-xa!.. Xaxa-xa!..
Hamı güldü. Çingiz gülüşünü büruzə verməmək üçün soruşdu:
– Həsən, nə təhərsən?
Həsən əvvəlki ciddiyyətini saxlamışdı; o, qaşlarını bir az da yuxarı qaldırdı:
– Ay Çingiz, səninlə xüsusi bir söhbətim var.
Çingiz dərin bir etina ilə:
– Nə var, Həsən, xeyirdirmi?
– İdarə işindən ötrü gəlmişəm... Uşaqlar idarədən razı deyildirlər.
– Hansı uşaqlar?
Həsən karkün bir tərzlə portfelini açdı, bir kağız çıxartdı. Çingiz kağızı aldı və fikirli bir halda sətirlərə göz gəzdirməyə başladı. Başdan rusca yazılmışdı: “Biz aşağıda imzaları qeyd olunan müsəlman tələbələri, cəmiyyətimiz idarəsinin pozularaq, yenidən seçilməsini qət elədik, çünki məzkur idarə bəzi şəxslərin təhriki ilə əmələ gəlib, ümumun xahiş və rəyi nəzərdə tutulmamışdır”.
Çingiz imzaları oxuduqda Qulunun imzasına rast gəldi. Dilxor oldu, rəngi qaçdı. Rüstəmbəy kağızı aldı, baxdı. Cəlal da ona yanaşaraq oxumağa başladı. Məcid etidali-dəmlə çay içirdi. Çingiz əsəbi bir halda papiros yandırdı:
– Həsən, – dedi, – bir yana yığışmışdınız, yoxsa yox? – Dünən
Teymurbəy bizi evinə çağırmışdı. Mən getdim gördüm Qulu da oradadır, bir-iki də ayrı tələbə var idi. Bir az gözlədik, daha heç kəs gəlmədi.
Sonra Qulu söhbət açdı.
– Nə dedi?
– Hələ söz demədi, dedi seçki düz olmamışdır. Doğrudan da,
Çingiz, biz gərək idarəyə yaxşı adam seçək. Qulu kimi adamı nahaq yerə seçməmişik.
Rüstəmbəy qaşqabağını salladı. Cəlal gülümsündü. Həsən Cəlalın gülüşündən pərt oldu. Birdən əllərini ata-ata səsini ucaltdı.
– Yenə gülümsünürsən, Cəlal? Heç bir zaddan baş açmayan təzə tələbə seçilsə, xoşunuza gələrmi?
Həsən sözlərini qurtarar-qurtarmaz çəkildi, geridə oturdu. Bunun bu hərəkəti Cəlalı daha da güldürdü:
– Bala, görünür, Qulu səni yaman doyurmuşdur.
– Ay kişi, sən Allah, bəsdir! – deyə Həsən üzünü kənara döndərdi.
Məcid dərin sükut içində kənarda söhbətə qulaq verirdi. Buradakıların hamısı ona bikar və boşboğaz kimi görünürdü. Ona görə orada oturmağa darıxırdı, könlü öz otağını, məktəb kitablarını istəyirdi.
Ayağa qalxdı. Bir az otağa tamaşa eləyərək yazı masasına yavıqlaşdı.
Əlinə tibbə dair bir kitab keçdi. Vərəqlədi, bu kitabdan imtahan vermişdi. Onu bəlkə əzbər bilirdi. Lakin yenə də kitab onu maraqlandırdı, ora-burasını oxumağa başladı. Yenicə kefi açılırdı ki, başlanan “idarə söhbəti” onun canını sıxdı. Birdən kitabı masanın üstünə tullayıb, hamıya əl verdi, otaqdan çıxdı. Onun gedişinə heç kəs etina etmədi.
Bircə Çingiz ayağa qalxıb, onu qapıya qədər ötürdü. Həsən ayaq üstə duraraq çığırırdı. Cəlal onu sakit edə-edə:
– Qardaş, bir az yavaş danış, bizi otaqdan qovdurarsan. Bilirəm, sizdən millətpərəst çıxmayacaq, ancaq bizi otaqsız qoyarsınız.
Rüstəmbəy hirsli:
– Həsən, mənə orası qəribə gəlir ki, sən köhnə student ola-ola aldanırsan.
Canım, axı sən Qulunun necə adam olduğunu bilirsən!
– Mən heç zad bilmirəm.
– Bilmirsən, Çingizdən soruş.
Çingiz Rüstəmbəyin bu cürətindən bir az incidi və özünü itirməyərək, söhbəti basdırmağa başladı:
– Həsən, səndən bircə sual edəcəyəm. De görüm, seçki nə təhər olmalı idi ki, qanuna müvafiq gələ idi?
– Təzə studentlərdən namizəd yazanda, sizin dediklərinizi yazmışdılar.
Gərək belə olmayaydı. Bir sual da Rüstəmbəy verdi:
– Həsən, neçə təzə student var?
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-birinci-kitab-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Nahaq qan– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!
Poems by other poets
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.