Page 8 of 16 · 44%

– Bunları aparasan Qafqaza, özlərinə də eyzən kələm dolması verəsən, kökələlər.

Rüstəmbəy güldü. Rus tələbəsi başını qaldırıb, yazıq bir baxışla onları süzdü. Elə bil aclıq gözlərini fərddən salmışdı.

Cəfər ayağa durdu:

– Gəl qəhvə dalınca gedək. Sən öl, bizlər bunlara görə çox ağıllıyıq.

Gör, pulum olmasa, min il qala evlənərəmmi?

Vartan on beşinci masaya yavıqlaşdı. Dişini qurdalaya-qurdalaya:

– Adə, Cəfər, – dedi, – yenə qudurmusan, qəhvə içirsən?.. Cəfər süni təkəbbürlə:

– Niyə içməyim, ay orac?

– Köpək oğlunun sözünə bax, elə biləsən dədə-babası qəhvə içmişdi.

– Yox, səninki içmişdi. Get, köpək oğlu darı əkməyinə.

– Bircə buna bax, Rüstəmbəy, sən məzhəb, bircə bu köpək oğluna bax gör nə lovğa-lovğa oturub burada qəhvə içir, atasının pendir-çörək yeməkdən dişinin dibi gedib...

Bu halda salonda bərk bir qəhqəhə yayıldı. Hamı dönüb, aşağı tərəfə baxdı. Vartan sözünü kəsib, bir az dayandı və sonra:

– Budur, Həsənqulu gəldi, – dedi, – musurmandı deyən eşşək kimi anqırır.

Həsənqulu qarayanız, arıq bir student idi. Fövqəladə qəhqəhəsi ilə aşxanada şöhrət qazanmışdı. O güləndə, salondakı neçə yüz nahar edənlərin səsi bilmərrə yox olardı. Həsənqulu on beşinci masaya yavıqlaşdı.

Burada səs-küy daha da ucalmışdı. Vartan kənara çəkilə-çəkilə:

– Canım, musurman artdı, daha burada durmaq xatadır, – deyə getdi.

Hamı gülüşdü.

Yenə Həsənqulunun qəhqəhəsi salonu başdan-başa qavradı və xalqın heyrətinə səbəb oldu. Cəfər ayağa qalxdı:

– Sağ ol, Həsənqulu, sənsiz buraların ləzzəti yoxdur. Rüstəm də gülümsündü:

– Həsənqulu, niyə gec gəlirsən?

– Balam, günortaya kimi yatırıq, iştahamız olmur.

Cəfər:

– İştaha açmaq istəyirsənsə, gəl buradakı qızlara bax, gör necə acırsan.

– Yaxşıca balalar var, anamın gəlini olsunlar. O gün burada bir cuhud qızı oturmuşdu.. Qənbərlə qarşısında əyləşdik, bir saat gözümüzü ona zillədik. Axırda acıqlandı, durdu getdi.

– Balam, Qənbər də bijləşib, əvvəllər elə dinc idi ki, amma indi qızlarla gözləşir.

Rüstəmbəy ciddi sima ilə qulaq asırdı, dinmirdi. Nəhayət, söhbətə qarışdı:

– Studentlik yetirir. Adam nə qədər dinc olsa da axırda xarab olur.

Birdən Rüstəmbəy öz sözlərindən dilgir olaraq pozuldu, bikef bir halda masadan çəkildi.

– Salaməleyküm, Rüstəmbəy, – deyə ləmfaviməzac bir student ona əl uzatdı. Görüşdülər. Rüstəmbəy ciddi və soyuq bir təbəssüm oynada-oynada dedi:

– Pay, Əliyar, ya Allah!.. Nə qayırırsan? Görükmürsən.

– Mən görükürəm, sən görükmürsən. Yəqin kələyin var. “Kələk” sözü Rüstəmbəyin ovqatını bir az qarışdırdı.

Güclə yadından çıxartdığı işlər gözlərinin qarşısında yenidən canlanmağa başladı, Sofya xanım havayı öpüşləri ilə zehnində təcəssüm etdi. Anlaşılmaz bir qorxu soyuq pəncələri ilə bütün bədənini əzməyə başladı.

Rüstəmbəy bilaixtiyar əlini Əliyara uzadıb aralandı.

14

Cəfər addımlarını sürətlə ataraq Rüstəmbəyə yetişdi.

– Canım, yenə peyğəmbər kimi başını aşağı salıb camaatdan qaçırsan.

Rüstəmbəy mənalı bir nəzərlə Cəfərə baxdı. Cəfər gülümsündüsə də, Rüstəmbəy dəyişmədi, görünür ki, cəmi fikir və hissləri dəruni aləmi ilə məşğul idi. Cəfər məəttəl qaldı: “Gədə dəli olmayıb ki?” deyə fikrə getdi. Sonra onu başdan-ayağa süzdü, o haman əvvəlki Rüstəmbəy idi, ancaq gözə bir az fikirli və bikef dəyirdi.

Dinmədi. Yan-yana bir az getdilər. Sükutu Cəfər pozdu:

– İndi qarpız yesək pis olmaz. Belə deyilmi?

Rüstəmbəy fikirli gözlərini Cəfərə dikdi. Sözlərini çeynəyə-çeynəyə dedi:

– Ya... xşı... ye...yək.

İkisi də küçəni o taya keçib, qarpız satan bir gənc qıza tərəf yönəldilər.

Cəfər qarpızları bir-bir çırtmaladı:

– Xala, bu neçəyədir? Qız gülümsündü və rişxəndlə:

– Əmi, beş şahıdır, – deyə cavab verdi. Cəfər ağzını əydi:

– Paho!.. Xalacıq, bu çox bahadır, qarpıza beş şahı vermək student cibinə yaraşmaz.

– Yaraşmaz, yeməsin. Student gərək qarpız yesin?

Qız qəhqəhə çəkdi, güldü. Cəfər qarpızı əlinə götürdü, o biri əli ilə də qıza üç şahı uzatdı.

– Student bundan artıq verə bilməz, – dedi.

– Yox, olmaz.

– Olmaz, mən də almaram.

Cəfər qarpızı hirslə yerinə qoyub, geri çəkildi, qiymətini azaltmaq üçün bir-iki addım da qızdan uzaqlaşdı. Sonra duruxsunub Rüstəmbəyə dedi:

– Deyəsən, köpək qızı üç şahıya verməyəcək.

Rüstəmbəy əlini cibinə saldı:

– Zərər yoxdur, gedək beş şahıya alaq, məndə pul var.

Cəfər razı olmadı:

– Yox, sən qoy dursun, mən alacağam.

Bir də qıza yavıq gəldilər. Cəfər əlini qızın çənəsinə uzatdı:

– Nə xəsisdir, bizim bu xala, – dedi.

Qız Cəfərin əlini üzündən uzaqlaşdırdı:

– Dinc dur, – dedi.

Cəfər qarpızı qoltuğuna vurdu, yola düzəldilər.

Bir-iki küçə keçdilər. Sonra bir həyətə girdilər. Pilləkənlə çıxıb, zəngi vurdular. Qapı açıldı. Daxil oldular.

Cəfər otağın qapısını açarı ilə açıb, Rüstəmbəyi içəri dəvət elədi.

– Bu otaq sənə peşkəşdi. Xoş gəlmisən.

– Sağ ol.

Rüstəmbəy daxil olan kimi, otağı nəzərdən keçirdi. Böyük pəncərənin qarşısında yazı masası qoyulmuşdu. Masanın üzərində bir çox rəsmlər var idi. Cəfər bunları yığışdırıb qarpıza yer düzəltdi. Qulluqçunu çağırdı. Boşqablar və çəngəl-bıçaq gəldi, qarpız kəsildi. Cəfər dedi:

– Yaxşıca qarpızdır.

Rüstəmbəy çəyirdəkləri ağzından tökə-tökə:

– Pis deyil...

Bu halda zəng vuruldu. Kim isə qapını açdı. Cəfərin qapısını tıqqıldatdılar:

– Gəlmək olarmı?

– Buyurun! – deyə Cəfər ayağa qalxdı.

Qapı açıldı. İçəri qaraqaş, qaragöz, nazik bığlı bir student girdi. O gülümsünərək:

– Balam, qarpız yeyirsiniz, – dedi. Rüstəmbəy ayağa durdu:

– Ya Allah, Çingiz.

Mehribancasına görüşdülər, bir-birinin əlini bərk-bərk sıxdılar, oturdular.

Çingiz qarpızdan bir parça kəsib önünə qoydu.

15

– Ay Çingiz, balam, haradasan? Aşxanaya da vaxtında gəlmirsən ki, bir az söhbət eləyək.

– Cəfər, başım bərk qarışıqdır.

– Nəyə?

– Nəyə olacaq, imtahanlara. Həkim babayıq, o qədər imtahanlarımız var ki, bircə rahat çörək yeməyə də macalımız yoxdur.

– İndi nə hökm olubdur ki, özünü öldürürsən. Qoy, sonra verərsən.

– Olmur, evdə işimiz elədir ki, gərək tez qurtaram. Atam yazır ki, qocalmışam, tez ol qurtar, gəl. Mən də gərək bir az səy eləyəm.

– Sən öl, kişi bu yeddi ilin ərzində heç mənim işimdən baş açmadı.

Deyir: “Hansı kursdasan?” – Deyirəm: “Dördüncüdə”. – deyir:

– Bəs üç ildi oranıca niyə qurtara bilmirsən?”. Xülasə, yazıqların başına ip salıb oynadırıq...

Rüstəmbəy Cəfərin sözünü kəsdi.

– Dədəmi mən başa salmışam. Indi havaxt ki, qayıdıram, deyir:

“Qurtarmağa neçə imtahanın qalmışdır?” Arxayın eləmişəm ki, iki ilə qurtaracağam.

Cəfər gülə-gülə:

– Nə bilir ki, hələ dörd ildən sonra da qurtarmağa meylin yoxdur.

Rüstəm ciddi:

– Yox, iki ilədək qurtarmalıyam.

– Neçə imtahan vermisən ki?

– Hamısını vermişəm, üçü qalır, bir də ki, dövlət imtahanı. Deməli, ikisini dekabrda verərəm, biri də maya qalır. O biri il də diplom alarıq...

Çingiz təkidlə:

– İki ilə qurtararsan. Nə var ki, yurist deyilsənmi?

Cəfər Rüstəmbəyə işarə edərək:

– Balam, asanca fakültəyə girirlər, dörd ildə oynaya-oynaya qurtarıb gedirlər. Biz yazıq da meyit içində, azarlı yanında illərlə küllənirik.

Qarpız qurtardı. Qulluqçu gəlib qabıq və boşqabları apardı. Çingiz papiros yandırıb çarpayının üstə uzandı. Rüstəmbəy Cəfərdən razılıq istədi:

– Uzanmaq olarmı? – dedi.

– Buyur, buyur!

Rüstəmbəy də uzandı.

Cəfər fikirli bir halda otağın ortasında duraraq saata baxdı və gülümsünə-gülümsünə:

– Allahdan gizlin deyil, sizdən nə gizlin, mənim bir gedəcək yerim var. Siz yatın. Sonra durub çay qoydurarsınız. Mən də gələrəm, bir yerdə içərik.

Çingiz gülümsündü və Cəfərin üzünə kinayə ilə baxmağa başladı.

– Dostum, – dedi, – işini duymuşam, qız görüşünə gedirsən, deyəsən.

Rüstəmbəy də gülümsündü:

– Elə olan işə bənzəyir, – dedi.

Cəfər hiyləgər bir təbəssümlə göz vurdu və qonaqları sakit eləyəeləyə:

– Qardaş, hər sirr Allah yanındadır. Siz də mənim işlərimə əl aparmayın. Cəfər sözlərini qurtaran kimi, şapkasını başına basıb otaqdan çıxdı. Rüstəmbəylə Çingiz gülüşdülər və Cəfərin səmimi rəftarından məmnun oldular.

Bir-iki dəqiqə sükutdan sonra Çingiz papirosu ağzından çıxartdı.

Rüstəmbəyə tərəf yönəldi.

– Rüstəm, işlərin nə təhərdir?

– Niyə Çingiz, yaxşıdır. Hazırlaşıram, görək imtahan vaxtı necə olacaq.

– Heç zad olmaz, verərsən gedər: “Roma hüququnu” hazırlamırsanmı?

– “Roma hüququ”, bir də “Kilsə hüququ”. Sənin işlərin nə təhərdir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets