Page 6 of 16 · 31%

Günah tamam Fedyadadır: sabahdan axşamadək işləyir, gecə başını qoyur yatır, əsla məndən xəbəri olmur. Fedya mənim halımı anlamalı, elə etməli ki, mən darıxmayım. İşsizlikdən az qalır bağrım çatlasın. Axır mən gəncəm, əylənmək istəyirəm, indi də yaxşı gün görməyib, bəs nə vaxt görəcəyəm?..”

Sofyanın gözlərindən bilaixtiyar yaşlar süzülməyə başladı. O qədər ağladı ki, gecəliyinin döşü tamam islandı. Birdən nə təhər oldusa, ərinə yazığı gəlməyə başladı. “Zavallı cəmi zəhməti mənim üçün çəkmirmi? – dedi. – Mənim yemək, geymək və istirahətimi o təmin etmirmi? Fedya mənim bütün arzularımı yerinə yetirməyə çalışır, hər nə istəyirəm haman alır, gətirir. Mən də bunun əvəzində...”

Xanım əzaba uğradı; bir də cəsarətlə: “Günahkaram! Əxlaqı pozğunam!

Vəfalı ərimi qoyub, gəldi-gedər bir qafqazlıya həvəslənirəm...”

Bir də xanım qeyri-şüuri bir halda yerindən sıçrayıb, küncdə, qarşısında sönük işıq yanan İsanın təsvirinə yanaşdı, dizi üstə düşüb tövbəyə başladı:

– İlahi, əfv diləyirəm. Günahımdan keç, məni haqq yola hidayət elə. Zəifəm, bağışla!..

Sofya xanımın solmuş yanaqlarından yenidən yaş axmağa başladı.

11

Axşam saat on ikidə Rüstəmbəy teatrdan qayıtdı. Nədənsə qapıya qulluqçu əvəzinə Sofya xanım gəldi. Rüstəmbəy üzr istədi:

– Bağışlayın, sizi, deyəsən, oyatdım, – dedi.

Xanım saçlarını üzündən dağıda-dağıda:

– Zərər yoxdur. Mən hələ yatmamışam; yatağın üstə uzanıb ərimi gözləyirəm.

– Əriniz hələ evdə deyilmi?

– Xeyr, kluba getmişdir.

– Onda o, çox gec gələr – deyə, Rüstəmbəy gülümsündü. Qırmızı dodaqları bir balaca əyildi, bığlarına və təzə qırxılmış üzünə elə məlahət verdi ki, Sofyanın fikrini özünə cəlb etdi. Rüstəmbəy bu gün çox cazibəli idi; lətif geyinmişdi, ətirlənmişdi; özü də çox nəşəli idi.

Sofya xanım otaq qapısına söykənərək koridorda durmuşdu. Yanaqları qızarmışdı; işıldayan sarı zülfləri dağınıq bir halda üzünə tökülmüşdü. Rüstəmbəy bu zülflərin gözəlliyinə heyran olmuşdu. O, divara söykəndi:

– Heç yuxum gəlmir, – dedi, – könlüm müsahib axtarır.

Sofya xanım ciddi bir halda qaşlarını qaldırdı və qəmli gözlərini süzərək, sakit bir səslə:

– Sizə müsahib nəyə lazımdır; onsuz da xoşbəxtsiniz, – dedi.

Rüstəmbəy gülümsündü:

– Xoşbəxt olduğumu nə bildiniz?

Sofya xanım cavab olaraq ciddi bir nəzərlə Rüstəmbəyin gözlərinə baxdı. Rüstəmbəy bir şey duymayaraq oynaq bir halda elektrik işığını söndürüb, yandırmağa başladı.

Bir də duruxdu, fikrə getdi. Sonra üzünü Sofyaya döndərdi. Nəzərləri bir-birinə rast gəldi. Ikisi də fikir içində, ikisi də ciddi və müəmmalı idi.

Rüstəmbəy xanıma yavıqlaşdı, dirsəyi ilə qapıya söykəndi, durdu.

– Sizin fikrinizcə mən xoşbəxtəmmi?

Sofya əvvəlki mövqeyini dəyişməyərək yerə baxa-baxa:

– Xoşbəxtsiniz.

– Doğruluğuna inana bilərəmmi?

– Əlbəttə.

Rüstəmbəy titrəyən əli ilə xanımın sinəsindən aşağı sallanan saçını oxşadı və sonra onları dodaqlarına qovuşdurdu. Xanım dinmədi.

Rüstəmbəy bir az da irəli əyildi. Duruxdu. Ürəyinin döyünməsinə bir az qulaq verdi və sonra məst bir halda üzünü Sofyanın üzünə yavıqlaşdırdı.

Xanım üzünü əlinin üstə qoydu, bir də qapıya söykəndi, sızıltı və iztirab dolu bir səslə:

– Allah xatirinə, məndən əl çəkin, günahımı artırmayın, – deyir, ağır bir xəstə kimi zarıldayırdı. – Allah xatirinə, məndən əl çəkin; – deyirdi, – zəfimdən istifadə etməyin.

Rüstəmbəy davamlı bir busənin ləzzətindən mütəəssir bir halda çəkilmiş, kənarda durmuşdu. Bir dəqiqə əvvəlki hərəkəti ona röya kimi görünürdü. Yuxudan ayılan kimi oldu. Gözü Sofya xanıma sataşdı.

Nəfsinin əsiri olan bu qadına bir az acıdı. Ona nəsihət eləmək istədi, bir də xanımın gözəlliyi onun fəlsəfəsinə qələbə çaldı: ehtirasa tutulmuş student divanə kimi xanımı bağrına basıb dodaqlarını, qırmızı yanaqlarını və ağ gərdənini busə odu ilə yandırmağa başladı.

Sofya xanım studentin qucağında hissini qaib edərək, bütün varlığını yaddan çıxartdı.

Bir də gözünü açdı. Rüstəmbəyin vəhşi baxışına rast gəldikdə ayıldı:

– Bu nə işdir? – deyə bu kəlmələri xanım neçə dəfə təkrar elədi və studentin əlindən çıxıb, kənara çəkildi.

Sofya xanım otağına çəkilmək meylində idisə də ayaqları getmir, studentdən aralana bilmirdi. Əllərini üzünə qoydu, ağlamsındı:

– Aman, nə günah işlər görməkdəyik!..

Vicdan zəlzələsi bütün vücuduna yayıldı. Zavallı qəmli gözlərini Rüstəmbəyə döndərdi, yalvardı.

– Allah xatirinə, məndən əl çəkin... Rüstəmbəy, mənə yazığınız gəlsin.

Rüstəmbəyin də vicdanı oyandı, bu da bir tərəfə idi, lakin xanımdan aralanmağa cəsarət eləmədi.

– Sofya Sergeyevna, günah eləyirik. – Əlbəttə... həm də çox böyük günah.

Student bir az duruxdu, otağına getmək istədi, gedə bilmədi; özündə bir böyük qüvvə hiss elədi, bu qüvvə onu xanıma tərəf çəkirdi.

Nəfs vicdana qalib gəldi, şəhvət hissi damarları ilə axaraq vücuduna yayıldı. Rəngi qaçmış bir halda yenə xanıma yavıqlaşdı.

Rüstəmbəy xanımın üzünə diqqətlə baxdı, gülümsündü: özündə nəfsindən başqa bir qüvvə duymurdu.

Sofya xanım da iradəsini qaib etmişdi, hərdənbir dili ilə qurumuş dodaqlarını isladır, studentin üzünə heyran-heyran baxırdı... Birdən bilaixtiyar ikisi də dodaq-dodağa gəldilər...

Çoxmu öpüşdülər – bu onlara məlum deyil idi: bütün varlıq onların gözündən itmişdi. Ancaq özlərinə gəldikdə student saata baxdı və içini çəkdi:

– Vay, saat üçdür, – dedi. – Indicə əriniz gələcək. Öz otağının qapısını açdı: bir də fikirləşdi, qapının arasında dayandı. Xanımın baxışından onun getməyə əsla meyli olmadığı görünürdü.

Rüstəmbəy qapını daha da açdı və “salamat qalın”, – dedi.

Lakin yenə aralana bilmədilər, bir də yavıqlaşdılar. Bir də öpüşdülər. Yenə şəhvət nəşəsindən ayıldıqda hərəsi bir guşəyə çəkildi, vicdanları ilə mühakiməyə girişdilər. Nəhayət, studentin siması qayət ciddiləşdi; xanıma baxmayaraq, otağının qapısını açdı:

– Salamat qalın, – dedi.

Rüstəmbəy otağına girdikdə lampanı yandırmadı, öz-özünə: “Bəlkə Sofya xanımın əri küçə ilə gəlməkdədir, deməzmi bu vədə kirayəçinin işığı niyə gəlir”, – deyə fikirləşdi, ürəyinə qorxu çökdü, otağının ortasında hərəkətsiz durdu.

Elə bil donmuşdu; fikir və xəyalı da onunla bərabər dayandı. Bir neçə dəqiqə keçdi. Student ayıldı və halından xəbərdar olmaq üçün öz-özünə dedi: – “Mən nə etdim... Özgənin arvadını yoldan çıxardıram...”

Rüstəmbəy mütəəssir oldu və əli ilə başından yapışıb, xəstələrə məxsus bir halla zarıldadı:

– Günah işləyirəm.

Səs qaranlıq otaqda uzun bir müddət qəribə bir halda cingildəməyə başladı; divarlarla toqqaşdı və yenidən qayıdaraq, Rüstəmbəyin qulaqlarına doldu:

– Günah işləyirəm...

Rüstəmbəy yenə dondu, fikri də donub qalmışdı; bütün vücudu yoxluq aləminə dalmış kimi idi.

Bir azdan ayıldı. Pəncərə gözünə sataşdı, yavaş-yavaş masanı görməyə də qadir ola bildi. Hər tərəfi diqqətlə süzdü, özünü yada saldı.

Mənasız yerə otağın ortasında durduğunu da sezdi. İstədi irəli yerisin, lampanı yandırsın; bir də işlədiyi günah yadına düşdü. Yenidən onu fikir götürdü. Yenə pəncərə və yazı masası gözlərindən qaib oldu.

Cansız və ruhsuz bir sütun kimi dim-dik qaldı... Bir də “nə etməkdəyəm?” – deyə döyükmüş gözlərini ətrafa saldı; bir-iki addım atdı, çarpayısına yanaşdı. Yatacağını düzəldib, yatmaq istəyirdi, lakin nədənsə əlləri qalxmadı, iradəsi onu tərk etmişdi.

Bir neçə dəqiqə bu halda dayandı, fərsiz gözlərini bir nöqtəyə dikdi və yenə mənasız yoxluğa daldı. Varlıq nəzərində heçə çevrilmişdi.

Çarpayısının üstə oturduqda, özünə gəldi, düşünməyə başladı. Bu axşam Sofya xanımla ilk dəqiqələrdən tutmuş sonuna qədər keçirdiyi vaxtı xatirinə gətirdi; hər əhəmiyyətsiz nöqtəni zehnində ehya edərək təhlilinə çalışdı, inanacaq şeylər çox az idi, hər şey ona yuxu kimi gəlirdi. Özünə sual verdi:

– İşin bu dərəcələrə qədər varmasına səbəb nə oldu?

Başını aşağı saldı, gözlərini yumdu: Rüstəmbəy bu suala cavab tapa bilmirdi.

Yenidən ayağa durdu, döyükmüş nəzəri ilə pəncərədən çölə baxdı... Küçədən fayton səsi gəlirdi, işıqlaşmışdı.

Rüstəmbəy üsulluca yatağına uzandı, gözlərini yumdusa da, yuxuya gedə bilmədi.

12

Rüstəmbəy günorta çağı yuxudan oyandı. Durdu, geyindi, əl-üzünü yuyub evdən çıxdı. Studentlərə məxsus aşxanaya getmək istəyirdi.

Öz küçəsindən sağ tərəfə dönüb Böyük Vladimir küçəsinə çıxdıqda student Cəfərə rast gəldi. Görüşdülər. Cəfər gülümsünə-gülümsünə

Rüstəmbəyin qoluna girdi:

– Deyəsən, Rüstəm, bu gün tez acmısan, – dedi.

Rüstəmbəy ciddi bir səslə:

– Hələ acmamışam, bir az gəzmək istəyirəm.

– Mən də acmamışam, ancaq iştaha üçün bir az dolanmaq lazımdır.

Rüstəmbəy güldü:

– Yediyin beş şahılıq nahardır, ona da iştaha açırsan.

İkisi də bir yerdə gülüşdü. Birdən Rüstəmbəy ciddiləşdi, siması süni bir şəkil aldı. Cəfər yoldaşının üzündəki dəyişikliyi görərək:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets