Page 5 of 16 · 25%

Sofya xanım ərinin sözlərini kəsdi:

– Xeyr, bağışlayasan, mənim elə şəkillərdən zəhləm gedir, – deyərək gülümsündü, sonra təbəssümünü gizlədi və ərinə acıqlı kimi görünməyə çalışdı.

– Əzizim, bilirsən nə var: mənim üçün yüz şəkildən üç yumurtanın qayğanağı daha yaxşıdır... Bir şey ver yeyək.

Xanım güldü:

– Sənə yeməkdən savayı ayrı şey lazım deyil.

Qulluqçunu çağırdılar, yemək istədilər.

Feodor İvanoviç pəncərəyə tərəf gedib, oradan tütün qabını və çubuğunu gətirdi. Yerində oturub çubuğunu doldura-doldura:

– Rüstəmbəy, – dedi, – mən qulluqda papiros çəkirəm, evdə çubuq. Çubuğun ayrı hüsnü var. Bununla belə, sizin papiros çəkmədiyinizə qibtə ilə baxıram. Sizdən əvvəl bu otaqda bir tələbə yaşayırdı, çox pinti idi: masanın üstü və otağın döşəməsi belə kül və papiros qırıntıları ilə dolardı. Bizim xanım, təbiidir ki, ondan heç də məmnun deyildi. Sizin təmizkarlığınızı isə çox bəyənir; mənə həmişə məmnuniyyətlə söylər.

Feodor Ivanoviç sözünü bitirib, qəhqəhə ilə arvadının üzünə baxdı. Sofya xanım qızardı və həyəcanını gizlətmək üçün:

– Rüstəmbəy, “Tayfunu” gördünüzmü? – deyə sordu.

– Rüstəmbəy təəssüflə:

– Hələ görməmişəm, bu günlər gedəcəyəm.

Feodor Ivanoviç qəti bir səslə:

– Çox gözəl pyesdir, görmənizi şiddətlə tövsiyə edirəm. Yaponların vətənpərvərliyi bizə örnək olmalıdır. Mənə pyesin bir yeri çox xoş gəldi: bir avropalı yapona bir sual verir: Necə oldu da az vaxtda olduqca tərəqqi etdiniz? – deyir. Yaponun cavabı çox maraqlıdır: “Dövlətimizin tərəfindən hər birimizin üzərinə qoyulan vəzifəni lazımınca yerinə yetirdik”, – deyir... Böyük sözdür!

Rüstəmbəy gülərək:

– Bizdə tərsinədir. Vəzifə başdansovma deməkdir...

Qulluqçu yemək gətirdi. Rüstəmbəyə də təklif etdilər, yemədi.

Feodor Ivanoviç ağzındakı tikəni çeynəyərək:

– Əzizim, hər şeydən əvvəl, vəzifə paylayanın nüfuzu olmalıdır. Bir axmağın biri başda oturduqda vəzifə qüdsiyyəti yada düşərmi?

Feodor Ivanoviç ağzındakını udub qumrov səsi verən qəhqəhə ilə:

– Bizdən heç ağlım bir şey kəsmir: bizimki “bəlkə”yə qalmışdır. Bəlkə işlərimiz düzələ, – dedi, təkrar qəhqəhəsinə davam etdi.

9

Rüstəmbəyin yapdığı təbliğat nəticəsində üç tələbə türkcə savadsızlıqlarını ləğv etməyə razı olmuşdu. Rüstəmbəy həftədə iki dəfə bunlara dərs deyirdi. Bu axşam Fərəməzgildə toplanmalı idilər. Rüstəmbəy Xəlili orada buldu, Fərəməzin özü isə yox idi.

Rüstəmbəy:

– Ay Xəlil, balam, bəs ev sahibi hanı? – deyə sordu. Xəlil qəhqəhə ilə:

– Ev sahibi kürsəyə gedib, dedi, siz oxuyun, mən də gələcəyəm.

Bilirsən ki, o, babaları Qacar tərəfə çəkmişdir: bütün qüvvətini bığla kürsəyə verir.

– Yaxşı, bəs Pərviz haradadır?

– Pərvizin də kefi yoxdur, səhərdən axşama qədər laboratoriyada

“Əcəb asudə idim, gəldi düçar oldu mənə”, – deyə oxuyub, zəhləmi tökür.

Rüstəmbəy heyrətlə:

– Bax, bunu anlamıram: tələbə olasan, özünü də könlün olmadan evləndirələr.

– Hər şeyi sən öz arşınınla ölçmə: tacirlərin özlərinə məxsus bir ənənələri var. Bunlar sərvət dağılmasın deyə, həmişə zəngin yerdən evlənərlər. Pərvizin atası fabrikant, qızın da atası mülkədar, vəssalam.

Çox da Pərviz başqasını sevir. Onun ağzına vurarlar, o da dinməz. Bu hal sənəmənə yabançıdır. Çünki biz tacir ailəsindən deyilik.

Rüstəmbəy susdu. Durub bu böyük otağı dolaşdı, divardakı böyük tablolara tamaşa etdi, qız fotoqrafiyalarını seyr edib, gəlib oturdu.

Zəng səsi eşidildi. Kim isə koridor qapısını açdı. Sonra otaq qapısı döyüldü;

Rüstəmbəy və Xəlil sözləşmiş kimi bir yerdə:

– Gəlin, – dedilər.

İçəri orta boylu, uzun xətli, incə bığlı, qıvrım saçlı bir tələbə girdi:

– Bah, ya Allah, İsgəndər, həmişə sən gələsən. İsgəndər görüşüb, yumşaq kanapenin üstündə oturdu.

Xəlil:

– İsgəndər, evləndiyini eşitdik, bu necə işdir?

– İşdir də, iş də İnsan başına gələr.

Rüstəmbəy:

– Sən ki, Allahsan, necə oldu da İnsan hərəkətinə başladın, – dedi.

İsgəndər istehzalı heyrətlə:

– Allah evlənməz? Mən sami Allahı deyiləm, yunan Allahıyam.

– Deməli, onlar evlənər.

– O!.. Evlənər nədir, əllərindən hər bir kələkbazlıq gələr!

Tələbələr gülüşdü. İsgəndərin öz sözü özünə daha da xoş gəldi.

– O, yunan Allahları çox kələkbazdırlar, – deyə təkrar güldü.

Birdən Xəlil ciddi səslə:

– Yaxşı, Fərəməz evdə yoxdur deyibən, biz çay içməyəcəyik? – deyə qalxıb zəngi çaldı və qulluqçuya samovar gətirməsini tapşırdı.

Sonra İsgəndərə müraciətlə: – Allah, – dedi, – mən ölüm, necə evləndin?

– Əşi, evlənməyə nə var, o ki, asan işdir. Ali qadın kurslarının yanından keçirdim. Gördüm yoxuşdan bir qız gedir. Yer qar idi, ayağı sürüşürdü. Yeriyib qoluna girdim, yoxuşa çıxartdım. Məndən çox razılıq elədi. Dedim: “Ən böyük razılıq odur ki, mənim ömür yoldaşım olasınız”. Qız gülərək üzümə baxdı, heyrət etdi. Mən təklifimi təkrar etdim. Razı oldu. Sonra bir-birimizin adını öyrənib, tatar mollasının yanına getdik. Vəssalam.

Hamı gülüşdü. Qəhqəhə o qədər şaqqıltılı idi ki, Pərvizin içəri girməsindən heç kəsin xəbəri olmadı.

Pərviz həmişəki kimi şıq geyinmişdi və həmişəki kimi də pərt və məyus idi. Lakin məyusluğuna baxmayaraq, yenə də ətirlənməyi unutmamışdı və əllərini tərpətdikcə hava qoxuyurdu.

Xəlil gülə-gülə:

– Pərviz, Allahın evlənməsini eşitdinmi? – deyə sordu. Pərviz məyus bir təbəssümlə:

– Eşitdim. Vallah, kefiniz var, – dedi və İsgəndərin üzünə həsrətlə baxdı.

Xəlil:

– Pərviz görürsən, yan, tökül. Bunun hər bir ixtiyarı öz əlində olmasaydı, özünə “Allah” deməzdi. Biz indi bunun Allahlığını təsdiq edirik.

Pərviz yenə qibtə edərək İsgəndərə baxdı və əlini qulağına yavaşca qoyub oxudu:

“Əcəb asudə idim, gəldi düçar oldu mənə...”

Pərvizin səsindəki kədər hər kəsi susdurdu: diqqətlə dinləyib, axırda əl çaldılar.

Samovar gəldi. Xəlil çay dəmlədi, Fərəməzin mürəbbəsi olduğunu bilirdi, açıb mürəbbə çıxardı, yağ, pendir, çörək, qoydu. Hamı masanın ətrafına toplanıb çay içmədə idi, Fərəməz gəldi.

Fərəməz uca boylu, qara bığlı, geniş kökslü, şıq geyimli bir tələbə idi. Nəzakətlə hamıya əl verib oturdu.

Xəlil:

– Ev yiyəsi çay içərmi? – deyə sordu.

– Həyasızlığa bax, hələ soruşur da.

– Haqlısan, bilirəm kürsəkdən sonra ürəyin bərk yanıb. Pərviz yenə heyrətlə:

– Kürsəyəmi getmişdi? – dedi.

– Bəs nədir?! Hamı sənin kimi başına vaxtsız xalta salmaz ki...

Pərviz yenə heyrətlə Fərəməzə baxdı, əlini qulağına qoyub oxudu: “Əcəb asudə idim, gəldi düçar oldu mənə...”

Yenə qəhqəhə qopdu.

Bu dəfə zarafatın istiqaməti Fərəməzə tərəf çevrildi.. Rüstəmbəy:

– Mən görürəm, bu axşam siz dərs oxumaq fikrində deyilsiniz, heç olmasa, Fərəməz hara getdiyini anlatsın.

Pərviz Rüstəmbəyə:

– Deyəsən, sən də ayılırsan, – dedi.

– Bəs necə, cahıl-cavan deyilmi?

Pərviz bu dəfə də Rüstəmbəyi qibtə ilə süzüb, əlini qulağına qoydu. Hər kəs onun nə oxuyacağını duyaraq bir səslə:

“Əcəb asudə idim, gəldi düçar oldu mənə...” – deyə oxudular.

Sonra yenə qəhqəhə partlatdı.

10

Sofya xanım yenə yata bilmirdi, bütün fikir və xəyalı Rüstəmbəy idi: xəyalında cilvələnən simaya oxşanaraq böyük bir həzz duyurdu: vücudu məst olmuşdu, ürəyi də xoş bir sızıltı ilə dolu idi... Xanım özözünə:

– İlahi, – deyirdi, – onun baxışı nə qədər gözəldir. Sofya xanım ağlayaraq o biri üzünə döndü və əlini yorğanın altından çıxardıb, başına söykək verdi, köksünü ötürdü və yenə xəyala daldı.

– Nə üçün Rüstəmbəy mənim deyildir? – dedi. – Nə üçün onun məhbubəsi, dostu və sevgilisi deyiləm?.. Nə üçün?..

Xanım hövlnak bir surətdə sıçradı, yatağın içində oturdu, gözləri ərinə sataşdı... Yuxudan oyanan kimi oldu; bir az öz-özündən utandı, vicdan əzabı duydu.

Xanım yavaşca uzandı: yorğanı başına çəkərək, gözlərini bərkbərk yumdu.

Dəruni bir səs ona rahatlıq vermir: “Nə yapmaqdasan, ey vəfasız qadın?” – deyirdi...

Sofya xanım gözlərini açdı; yuxusu qaçmışdı. Bir də o biri üzünə çevrildi. Ürəyi yenə xoş bir iztirabla dolu idi. Rüstəmbəy hal və hərəkətləri ilə artıq ona hakim idi.

Sofya durdu, yatağında oturdu. Gözlərini həsrətlə ərinə dikdi, fikrə getdi: “Nə üçün Fedya qaraşın deyildir? Nə üçün rəftarı Rüstəmbəyinkinə bənzəmir? Nə üçün onda qısqanclıq yoxdur?”

Sofya xanım ayaqlarını çarpayıdan aşağı salladı və bədənini düz tutaraq öz-özü ilə cəsarətlə danışmağa başladı: “Heç kəsdən qorxmuram, hər nə könlüm istəyir, onu eləyirəm. Nə olacaq olsun. Çox olar – Fedyadan boşanaram. Bir parça çörək tapmağa müstəid deyiləmmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets