Page 3 of 16 · 13%

Bu həngamə bir neçə saat çəkərdi. Biçarə Xanqulu hamamın çöl divarına söykənər, mürgü döyərdi.

Hamam səfəri kimi fövqəladə hadisələr tez-tez ittifaq düşməzdi; həftədə bir dəfə olardı. Bəlkə, demirəm, xeyir-şər işi düşsəydi, onda yenə Qızyetərlə Xanqulunu səfərbərlik halına gətirərdilər. Səfərbərlik də bu idi ki, Xanquluya uzunboğaz çəkmə geydirərdilər (adi vaxtlarda, Xanqulu başmaqlı olardı), belinə bir uzun xəncər bağlardılar. O ki qaldı Qızyetərə, bunun da rəsmi libası gümüş düyməli çəpkəndən ibarət idi. Bir də üstü güllü qara çitdən bir dizliyi var idi ki, onu da hər yerə qıyıb geyməzdi.

Qalan vaxtlar isə hərəsi öz işinə məşğul olardı.

Ağalar nökər və qulluqçuya donluq vermirdilər. Bunlar qarınlarının çörəyinə və əyinlərinin paltarına qulluq edirdilər. Bir də ki, özlərinə məxsus müftə otaqları var idi. Kənddən şəhərə bəhrə az gəldiyinə görə ağaların həyatı yavaş-yavaş sadələşir və əsnaf dolanışığına dönürdü; nökərə qədimdə libas bağışlardılar, indi isə bu qayda dəbdən düşürdü. Libas dursun kənarda, ona çörək verməyə imkan yox idi. Odur ki, Xanqulu neçə il idi ki, özü üçün qazanc yolu tapmışdı.

Ağasının həyətində kələm əkər, göyərti becərər, tut çırpar, tutundan sirkə qayırardı. Beləliklə, əyninin libasını və cib xərcliyini təmin elərdi. Asudə vaxtı yenə bəylərin və xanımın qulluğunda olardı.

Zeynəb xanım Ağqoyunlu Cahangirbəyin qızı idi. Cavankən “diribaşlığı” və müdrikliyi ilə ata-anasının heyrətinə səbəb olardı. Həmişə hazırcavab, sözü üzə dik söyləyən idi. Cahangirbəy deyirdi:

“Arvad, Zeynəbə heç kəs yiyə durmayacaq. Atamın yatdığı yer haqqı, hansı qapıya getsə, geri qaytaracaqlar”. Arvad isə ayrı fikirdə idi; bilirdi ki, qızlarının içində ərə gedib, əvvəl oğul və qız anası olan Zeynəb olacaq. Necə fikir eləmişdi, elə də oldu – on altı yaşında ikən Alışbəyə qoşuldu, qaçdı.

Alışbəy onda iyirmi üç, ya iyirmi dörd yaşında qaraqaş-qaragöz bir igid idi. Həmişə at belində, qolunda qızılquş, yanında tulaları – peşəsi ova getmək idi. Bir gün Alışbəyin yolu Ağqoyunludan düşdü. Bağların arasında fışdırıqlaya-fışdırıqlaya getdikdə, gözü bağda gəzən iki qadına sataşdı. Biri, görünür ki, xanım idi, o biri qulluqçu. Xanım ağ, totuq qız idi. Səliqə ilə geyinmişdi. Ortadan ayrılmış saçlarının üzərində qızıl pərəkli araxçın yan qoyulmuşdu; ağ kəlağayı qulağlarına dolanmış qara zülfünü və uzun gərdənini qucaraq aşağı sallanmışdı; çəhrayı arxalıq sinəsində yarımdairə təşkil edərək, qızıl toqqa sarılmış incə belində düymələnmişdi. Tafta köynək köksünün lətif yuvarlaqlarını əks etdirirdi. Ətəyində bir sıra əşrəfi, boynunda qızıllı şəvəsi vardı. Arxalığın geniş qolundan çıxıb zövqlə sallanan köynək qolları çəhrayı boyası ilə ağ biləklərə çox yaraşmış və sanki bir-birinə rəng verib, rəng alırdı... Bağın yabanı çiçəkləri arasında bu da çiçək kimi zəngin və gözəldi. Alışbəyi görüncə qaşlarını qaldırdı, fitnəli gözlərini süzdü və işvəkar bir səslə qulluqçuya dedi:

– Ovçuluq gözəl işdir.

Qulluqçu üzündən dünyagörmüş və çoxbilmiş adama bənzəyirdi.

Çox fikir eləməyərək cavab verdi:

– Gözəl işdir, ovçuda hünər olsa.

Alışbəy kinayəni anladı və qızın gözəlliyindən, ruhluluğundan valeh oldusa da, özünü itirmədi:

– Ovçuda hünər olar, – dedi. – Sonada vəfa olsa.

Zeynəb xanım bu cavabdan xoşlanaraq yenə də gözlərini süzdü və gözəl bir təbəssümlə Alışbəyin ürəyini ələ aldı. Alışbəy ova əhəmiyyət vermədi. Bir-iki qırqovul ovladı, çayın kənarında göy ot üstdə uzandı – fikri Ağqoyunluda idi. Qızın tərpənişi, sözləri və təbəssümü zehnində canlanırdı. Ürəyi sızıllamağa başladı. “Ovçuluq gözəl işdir”, – deyə qızın sözlərini təkrar elədi, gözləri doluxdu, durdu və mətanətsiz bir halda ata mindi, öz-özünə: “Ev basmaq, adam öldürmək də lazım gəlsə, qız gərək mənim olsun”, – deyə qərar verdi.

Getdikcə Alışbəyin cəsarəti artdı. Bir də Ağqoyunlunun damları gözünə sataşdı. Alışbəyin cürət və cəsarəti yox oldu: bədəni keyidi, qız olan bağı gördükdə ürəyi sürətlə döyünməyə başladı.

Bağda heç kəs yox idi. Atın üzərindən boylanıb baxdı. İstədiyini görə bilmədi. Qızın bir neçə saat əvvəl durduğu otluq bir az əzilmiş, çiçəklər yerə yatmışdı... Alışbəyin ürəyindəki fərəh və ümid söndü; o, acı bir tənhalıq duydu. Ona əvvəlcə şən və süslü görünən çiçəklər indi qəmgin və solğun kimi idi.

Ayaqları ilə atı tərpətdi: sanki yiyəsinin məyusluğunu duyaraq, at da məyus və könülsüz addımlarla yürüməyə başladı. Alışbəyin gözləri həp bağda idi, uzaqlaşdıqca sanki canı, həvəsi və şövqü də ondan ayrılıb, yar bağında dolaşmada idi. Çəpərin dibi ilə axan arxın həzin səsi kədər saçırdı.

Başqa bağlar başlandı. İki yol ayrıcındakı yosma dəyirmanın yanında atı geri döndərdi. Yenə fərəh və ümid canlandı. Yar bağına yaxınlaşdıqda atı yavaşıtdı. Yenə yəhərdən boylanıb baxdı.

Kolun dalından qulluqçunun qalxıb yaşmanmasını sevinclə gördü.

Alışbəy atı saxladı. Qulluqçu gülümsənə-gülümsənə çəpərə yavıqlaşıb əlini uzatdı. Yavaş səslə:

– Ay bəy, – dedi, – ala bunu.

Alışbəy döyükdü və əlini uzatdıqda qulluqçu ona bir tərəfi dişlənmiş bir alma verdi.

Alışbəy heyrətlə almadakı xırdaca diş yerinə diqqət etdikdə qulluqçu

başladı:

– Bunu xanım göndərdi, bir də bir sifariş elədi.

– Nə sifariş?

– Dedi bəyə deyinən ki:

Ağ almanı dişlədim,
Dişlədim gümüşlədim;
Qardaş gəldi – qıymadım,
Yar gəldi – bağışladım.

Bu dəfə də Zeynəb xanımın kəskin oxu hədəfə isabət etdi. Alışbəyin ürəyi təzədən yaralandı və qan damcıları axıb cəmi bədənini ağzına aldı. Nitqi kəsildi. Dili ağzında qurudu. Axırda:

– Sabah səhər ertə burada hazır olsun, gəlib onu aparacağam, – deməyə qadir oldu.

Qulluqçu çəpərdən aralandı və uzaqlaşdıqca Alışbəyin ağlı başına gəlməyə başladı. Bir də onu çağırdı:

– Mən Üçdəyirmanlı Həsən ağanın oğlu Alışbəyəm. Sonra elə bilər, görəsən kiməm.

Qulluqçu güldü:

– Başına dönüm, elə Zeynəb xanım da sənin tayın, bərabərindir:

Cahangirbəyin qızıdır. Bu bağ-bağat, ilxı, əkin, biçin – hamısı onundur.

Alışbəyin Zeynəb xanımdan üç qızı və iki oğlu var idi. Qızının böyüyünü Sarıhəsənli Nəsirbəyə vermişdi. Lakin az çəkmədi öldü və yerinə ikinci qızını verdi. Üçüncü qızı isə Sığırlı Laçınbəydə idi. Deməli, şəhərdə Alışbəyin ailəsi bir o qədər də böyük deyildi: Zeynəb xanım, böyük oğlu Səmədbəy və özü idi.

Yay vaxtları Rüstəmbəy də təhsildən qayıdardı və qızlar da övladları ilə yaylamağa gələrdilər. Onda ailə böyüyər, həyatın yektərzliyi pozulardı.

Qış fəsli isə Alışbəyin ailəsində bir dəyişiklik olmazdı. Zeynəb xanım həmişə qəlyan damağında, pəncərənin içində arxasını püştiyə söykəyib oturardı. Qızyetər ona şəhərin övza və əhvalatından nağıl elər; Alışbəy də məscid həyətinə gedər, qazının hücrəsinin qabağında oturaraq dini mübahisələrə qulaq verərdi. Səmədbəy isə qulluğunda olardı – şəhər naçalnikinin dəftərxanasında mirzə idi.

Yeri gəlmişkən, Səmədbəy barəsində də bir neçə söz: Alışbəy kənddə Səmədbəyin tərbiyəsi üçün bir dayə tutmuşdu. Bu dayə pak ürəkli, saf bir qadındı və bu saflığı ilə də Səmədbəyə düzlük və doğruluğu təlqin eləmişdi. Lakin iradəsiz olduğu üçün balaca Səmədi öz təsirində lazımınca saxlaya bilməmişdi. Səməddə bir inadlıq və istədiyini yerinə yetirmək adəti baş vermişdi. Burada Səmədin ilk övlad olması da bir rol oynamışdı.

Nə qədər Səməd ev dairəsində idi, onun inadı, təbii, nəticəsini büruzə vermirdi. Elə ki, böyüdü, evdən uzaqlaşdı, həyatla qarşı-qarşıya gəlməyə başladı, onda tərbiyəsinin fənalığı məhsul verməyə üz qoydu. Məktəbdə uşaqlarla düz yola getməzdi. Hamını öz fikrinə, öz arzusuna tabe etmək istərdi. Bu isə baş tutmayacaq bir iş idi. Müəllimlərlə də rəftarı yaxşı olmurdu: hazırcavablığı ilə onları da zara gətirirdi.

Odur ki, oxuya bilmədi, orta məktəbin dördüncü sinfində dərsi tərk etdi. Əvvəllər cavanlarla bir az dağda-bağda gəzdi, dolandı, boş ömür keçirdi. Sonralar təngə gələrək qulluğa girmək istədi. Alışbəy onu pristavın dəftərxanasına qoydu. Bir müddət yazdı. Lakin çox çəkmədən oradan da çıxdı. Bir ildən sonra imtahan verdi, kənd müəllimi oldu. Burada da övc eləyə bilmədi. Müəllimlik işinin zəhmət və əziyyəti Səmədbəyi təngə gətirdi. Şəhərə qayıtdı. Hər nə də olsa bəy uşağı olduğundan bu dəfə naçalnikin dəftərxanasına girməyə nail oldu. Səmədbəyin dost və yoldaşı olmaması onu faydalı bir yola sövq etdi: o, kitaba sarılaraq mütaliəyə başladı. Rüstəmbəy əvvəllər böyük qardaşına əsla bənzəmirdi. Nə qədər uşaq idi, öz xüsusi işləri ilə məşğul idi – məktəbə gedərdi, dərslərini lazımınca hazırlardı. Qalan vaxtı evdə oturardı, küçəni və onun müzür təsirini bilmərrə tanımazdı. Alışbəyin səmimi ibadəti pak əxlaqlı Rüstəmbəyin ürəyində dindar hisslər oyatmamış olmadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets