Page 2 of 16 · 6%

Rüstəmbəy xanımı əyləndirmək üçün söhbətin davamına çalışırdı:

– Sizin şimalda kişilər elə həlimdirlər ki, arvadları və ya tanış qızları özgələri ilə gəzib danışdıqda qanları əsla coşmur. Bizlərdə isə işlər tamam özgə cürdür. Qafqazlının hələ arvadı bir kənara, bir qadın tanışı özgəyə gülər bir üz göstərsə, qısqanclıqdan özünü itirər.

Rüstəmbəyin sözləri Sofya xanımın sükutunu pozdu, xanım kitabı masanın üstə atdı:

– Qısqanclıq yaxşıdır – yerində; hər şey üstə qısqanclığa meydan verməyin, zənnimcə, mənası yoxdur.

– Sizin sözlərinizin doğruluğunu inkar edə bilmərəm; ancaq qısqanclıq qafqazlının qanındadır; nə qədər etsə də, öhdəsindən gələ bilməz.

Xanım güldü və zarafatla:

– Deməli, siz də qısqancsınız?

– Əlbəttə! Əlbəttə!

– Yaxşı, tutaq ki, sizin məhbubənizlə bir yad kişi gəzir. Onda nə edərdiniz?

– Nə edəcəyimi indidən deyə bilmərəm, ancaq onu bilirəm ki, hər nə olsa da, var qüvvəmlə rəqibimi məhbubəmdən uzaqlaşdırardım.

– Necə uzaqlaşdırarsınız?

– Boğazından yapışıb, güclə uzaqlaşdırardım! Rüstəmbəy son sözlərini elə bir qeyzlə dedi ki, o saat rəqibi ilə savaşır kimi oldu. Sofya xanım qəhqəhə ilə güldü:

– Hələ rəqib olmaya-olmaya siz hirsinizdən alt dodağınızı gəmirirsiniz; olsaydı nə edərdiniz?

Lakin bu sırada Rüstəmbəy də artıq gülməyə başladı.

Zəng vuruldu. Bir neçə dəqiqə sonra qulluqçu Rüstəmbəyin yanına qonaq gəldiyini xəbər verdi. Yoldaşlar koridorda görüşdülər. Rüstəmbəy şad bir halda əlini uzatdı:

– Ya Allah, Əli, – dedi. – Xoş gəlmisən.

Əli ortaboy, nazik bığlı, pəjmürdə tüklü bir student idi. İstər söhbətində, istərsə tərpənişində çox ağır idi. Hər bir hərəkətində əsla adi studentlərə bənzəmirdi. Fikir və xəyalı həqiqət aramaq idi. Ruhani alimlərlə görüşər, dinə dair bir çox məsələlər soruşar, zaviyələrə gedər, rahiblərin həyatını öyrənməyə çalışardı. Bir molla, bir dərviş yox idi ki, onlarla mübahisəyə girişməsin. Buna görə də sabit fikrə malik deyildi. Daima axtarış yolunda, tərəddüd içində yaşayırdı.

Rüstəmbəy Əlini otağına dəvət etdi. Əli mülayim bir sima ilə:

– Bağışla, yoldaş, – dedi, – bəlkə sənə əziyyət verirəm. Əli sözlərini qurtararaq, elə bil oturmağa cəsarət eləmirdi. Rüstəmbəy ona kürsü göstərdi, əyləşməsini təklif etdi. Əli oturdu və əllərini ova-ova təkrar:

– Yoldaş, sənə mane olmuram ki? – dedi.

Rüstəmbəy gülümsündü və xoşhallıqla cavab verdi:

– Yox, qardaş. Məni yad eləməyindən çox məmnunam. Yoxsa qapımı açıb girən yoxdur. Müsəlman studentləri mənim yanıma gəlməyə qorxurlar; çünki onların ciddi söhbətlə araları yoxdur. Zavallılar kitabdan yaman ürkürlər. Tərs kimi mənim kitabxanamda da belə dolaşıq kitablar var ki, ciddən qorxmalıdır.

Rüstəmbəy gülümsündü və sonra gözlərini küncdəki kitab qəfəsəsinə döndərdi. Əli ciddi bir halda kitabları nəzərdən keçirdi.

– Yoldaş, – dedi, – o iri kitab Tövratmıdır?

Rüstəmbəy gulümsündü:

– Tövratdır; müsəlman studentlərini qorxudan Tövrat. Əli yavaşca qalxdı, kitabxanaya tərəf yönəldi:

– Bağışla, bu “Kitabi-əqdəs”ə baxmaq olarmı? – deyə qəfəsədən nazik bir kitab çıxartdı.

Əli kitabı vərəqlədi. Orasına, burasına baxdı və müqəddiməsini oxumağa başladı. Bir müddət sükuta daldılar.

Qonşu otaqdan ev xanımının səsi gəlirdi: qulluqçuya sifariş verməkdə idi. Tavanın üstündə kim isə bərk tappıltı salmışdı. Aşağı mərtəbədən piano səsi gəlirdi.

Əli kitabdan aralandı. Fikirli gözlərini Rüstəmbəyə döndərərək dedi:

– Babiliklə əsla tanış deyiləm. Amma onların tarixini oxumaq lazımdır.

Rüstəmbəy müxtəsərcə olaraq babilik və bəhailik barəsində Əliyə məlumat verdi. Iranın məzhəb mənbəyi olmağından bəhs etdi. Cəfəri təriqətlərdən danışdı.

Əli Rüstəmbəyin sözlərini diqqətlə dinləyirdi. Arabir sual verir və öz rəyini bildirmək fürsətini də əldən qaçırmırdı. Birdən bəhailiyin artması barəsində soruşdu:

– Deyirlər, Amerikada bəhailik getdikcə intişar edir.

Rüstəmbəy bu fikirlərin doğruluğuna şərik olmaq istəmədi və acıqlı bir halda:

– Zənnimcə, – dedi, – Amerikanın yeni dinə ehtiyacı yoxdur. Amerikanın dini sənaye və ticarətdən ibarətdir. Amerikada xalq o qədər işə məşğuldur ki, başlarını qaşımağa belə macalları yoxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadı şərqlilərin inhisarındadır. Ömrümüzü o qədər işsizliklə, xəyal və mövhumatla keçiririk ki...

Din haqqındakı söhbət Rüstəmbəyin ən sevdiyi məsələlərdən biri idi. Ona görə danışdıqca qızışdı və bu məsələ barəsində geniş məlumatı olduğunu göstərdi. O danışırkən tarixin qanlı səhifələri, həyatın donub, bir nöqtədə qalması... bir lent kimi Əlinin gözü önündən keçdi.

Avropanın din düşməni olan ümdə mütəfəkkirlərinin adları təkrar edildi. Axırda Rüstəmbəy xoş bir təbəssümlə dedi:

– Avropada dünyaya hədsiz-hesabsız mütəfəkkirlər gəlmiş, orada böyük filosoflar, geniş məlumatlı alimlər olmuş; ancaq Avropa tarixində din icad edənlərə rast gəlmədim. Lüter və Qalvin kimi din islahatçıları olmuş, yeni din uyduran olmamışdır. Amma bizim Şərqdə iki eşşəyin arpasını bölməyə qadir olmayanlar belə peyğəmbərlik iddiasına düşmüşlər.

Rüstəmbəy bir qədər sükut etdi. Əli onun nitqinin bəxş etdiyi təsirdən fikrə dalmışdı. Yenə üst mərtəbədən tappıltı gəlirdi. Altdan piano əvəzində çocuq bağırtısı eşidilməyə başladı. Əli Rüstəmbəyin üzünə baxdı, nəzərləri qarşılaşdı. Rüstəmbəy yenə başladı:

– Mən bəhailiyi qəbul edənlərə diqqət etdim. Bunların içində bir nəfər də olsun kamil adam yoxdur, hamısı yarımçıqlardır ki, avamlıqdan aralanıb, kamilliyə də çatmayıblar. Zatən gərək belə də olsun; çünki avam dinində möhkəm olar və ayrı dini öz dininə tərcih etməz; arif və kamillərin də dinə ehtiyacı yoxdur. Onlar dinsiz də yaşayışın yolunu tapmışdırlar. Namaz, oruc, ziyarət və qeyri-bunlar lüzumsuz şeylərdir. Ona görə ariflər yeni din axtarmaq deyil, öz dinlərinə belə etina etmirlər. Bunlar dinə qul olmağı alçaqlıq bilirlər. O ki, qaldı yarımçılıqlara – bunlar təzə din axtarmaqda tərəqqipərvərlik iddiası edirlər. Halbuki dinlə elm bir-birinə düşməndir; həmişə vuruşublar, qiyamətədək də vuruşacaqlar.

Əli çənəsindəki yumşaq tükləri buraraq qulaq asır, onun fikirlərini təsdiq edərək başını tərpədir və bəzən də üzünün cizgilərində parlayan ifadə ilə ona şərik olmadığını duydururdu. Nəhayət, Rüstəmbəyin sükutundan istifadə edərək sözə başladı:

– Yoldaş, – dedi, – din haqqında söylədiklərinin bir çox nöqtələri ilə razılaşıram. Bilirəm ki, din uydurma bir şeydir. Bilirəm ki, dinsiz də yaşamaq olar. Gözəlcə bilirəm ki, heç bir sağlam dimağ din səfsətələrinə inanmaz və inanmamalıdır. Lakin din bir əmri-vaqe olaraq, İnsaniyyətlə bərabər doğmuş və əsrlərdən bəri dolanbac tarix yollarında onu təşyi edir, ona yol göstərir. Bu gün bizim istehza etdiyimiz Konfuçi, Budda, Musa, İsa və Məhəmmədlərin arxasınca ilyonlarca adamlar gedir; həm də fədakar və mütəəssib adamlar. Bu hala nə deyərsən? Məsələ din icad edəndə deyil, məsələ bəşərin din axtarmasındadır.

Peyğəmbər olmadan da İnsanın dini vardı. Oda, günəşə, aya, daşa, heyvanlara tapınan azmı olmuş?

Əli sözlərini bitirmişdi, lakin gözlərinin düşüncə içində çarpınması onun qane olmamasını göstərirdi. O sanki qaranlıq üfüqdə bəzi parıltılar sezmiş, lakin onun işıq olub-olmamasını kəsdirə bilmirdi.

Rüstəmbəy də düşünürdü. Bunun da fikir sahəsində yeni hərəkət başladığı gözlərindən duyulurdu.

Əli:

– Bəs nə etməli? – deyə məyus bir çöhrə ilə Rüstəmbəyə müraciət etdi. Rüstəmbəy mətin bir səslə:

– Həyatın məqsədini anlamalı!.. – dedi.

Söhbət gecə yarısına qədər çəkdi. Əli ayağa durdu, üzr istədi və axırda bir neçə kitab alıb getdi.

6

Rüstəmbəy Üçdəyirmanlı Alışbəyin oğlu idi. Bu bəy kənddən daşınıb şəhəri özünə həmişəlik qərargah tutduqdan sonra bəylik və ağalıq əlamətlərini büsbütün itirmişdi. “Bəy” ləfzi çox vaxt onun rişxəndinə səbəb olurdu: “Nə bəybazlıqdır – hər kəsin qarnı toxdur, ondan yaxşı bəy yoxdur”, – deyirdi.

Bu neçə ildəki şəhər məişəti arvadı Zeynəb xanımın tərzi-həyatını əsla dəyişməmişdi; xanımlara məxsus təmtəraq köhnə qaydası ilə gedirdi.

Haraya getsəydi dalınca qulluqçu qəlyan gətirər, məclislərdə qapıda durar, xanımın başmaqlarını gözlərdi. Hamam səfəri isə daha cəlallı olardı. Görərdin, əvvəlcə xanım ahəstə-ahəstə yola düşdü, dalınca nökər Xanqulu bir qolunda iri boğça, o birisində su satılı, arxadan da qulluqçu Qızyetər çarşabın ucu ağzında, çəp gözlərini bərəldə-bərəldə bir əlində gümüş qəlyan, o birində tənbəki çanağı gedir.

Qızyetərin başmağının bir tayının dabanı düşmüş olduğuna görə axsayırdı və hərdən ayağı büdrəyib, çuxura düşdükdə diksinər, duruxardı və bir neçə dəqiqə çuxura əyri-əyri baxdıqdan sonra nə fikir elərdisə, axırda: “Buy, qadan alım”, – deyə yola düşərdi.

Hamama yavıqlaşdıqda Qızyetər özünü cəld içəri salar, “Xanım hamama gəlir”, – deyə hamını xəbərdar elərdi. Hamamçı Hürzad əlayağa düşərdi; cansürtən Şərəf haman daş döşəməni yumağa başlardı; hamamçı Tükəzban xanımın arxası üçün həcəmət hazırlardı... Bir dəqiqədə səkiyə süzəni salınardı. Ondan sonra albuxara suyunun tədarükünə düşərdilər ki, xanım hamamdan çıxandan sonra içib sərinlənsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets