Page 12 of 14 · 79%

Tələbələr məyus bir halda bir-birinin üzünə baxdı. Cəfər kədərlə:

– Balam, Qulamrza, biz ki, damaq qaldıq.

Kaspar:

– Sən öləsən ki, elədir, – deyə əlavə etdi.

Buraya yalnız maraq üçün gəlmiş İsgəndər belə təəssüf duydu.

Qulamrza:

– Durun görüm, – deyə yenə ekonomkaya yanaşdı:

– Bəs qız necə oldu? – dedi.

– Otağındadır.

– Nə vaxt gələcək?

– Bəlkə gəlmədi. Bir az keçsin, sizdən biriniz oraya gedər.

– Yaxşı, o, birimizin, yerdə qalanlarına qız olmayacaqmı?

– Olar. Hələ biriniz oraya getsin görək.

Bir az sonra Qulamrza qızın yanına gedilə biləcəyini xəbər aldı.

– Cəfər əmi, buyur! – deyə təklif olundu.

Cəfər qalxdı. Qulamrza onun əlini iki ovcunun içinə aldı:

– İltimasi-dua! – deyə əlindən öpdü.

Kaspar Cəfərə tamaşa edərək gərnəşdi. İsgəndər yerindən qalxıb, bir də oturdu, Qulamrza yüyürüb, ekonomkanın belini qucaqladı. Ekonomka Cəfəri salondakı qızlardan birinə qoşub, yola saldı.

Pilləkənlə ikinci qata çıxdılar, koridorda dörd-beş qapı var idi. Cəfəri təşyi edən qız birini: Nelli!” – deyə döydü. Qapı açıldı, Nelli göründü.

– Buyurun! – dedi.

Cəfər və qız içəri girdilər. Nellinin kiçik otağının bütün müxəlləfatı bir çarpayı, komod, ləyən, su qabı və bir güzgüdən ibarət idi. Çarpayısının arxasına bir fabrik xalçası salınmışdı. Komodun üstündə süni çiçək, pudra və ətir şüşələri var idi. Divarlardan avampəsənd şəkillər asılmışdı. Otaqda ucuz ətir, adi pudra və rütubət qoxuları bir-birinə qarışmışdı.İçəri girər-girməz, Cəfəri təşyi edən qız haman təkliflərdə bulundu:

– Şərab söyləyimmi?

–?

– Pivə!

–?

– Limonad! Nelli limonad istəyir.

Bu sözlərin hamısını rədd edən Cəfərə Nelli süst bir sima ilə baxdı və ağızucu:

– Bir limonad al, susuzam, – dedi.

Belə təkliflərin daima olduğunu bilən Cəfər qızların sözlərinə əhəmiyyət verməyərək, soyunmağa başladı. Cəfəri təşyi edən qız sonra bir sual da verdi:

– Bir vizitmi olacaq, yoxsa sabaha qədər qalacaqsan?

Cəfər:

– Bir, – deyə barmağı ilə işarə etdi.

– Di vizit pulunu ver!

Cəfər cibindən bir gümüş manat çıxarıb qıza verdi. Qız getdi, Nelli otağının qapısını bağladı.

Salondakılardan bircə qambur qalmışdı. Matros geyimli və saçları çiyninə tökülmüş qızlar salondakı bədənnüma güzgülərin qarşısında özlərini süsləyirdilər. Kaspar Qulamrzaya müraciət edərək:

– Mən də bunların birini götürmək istəyirəm.

Qulamrza:

– Dur seçək, – dedi.

Durdular, Kaspar qızlara yanaşıb, əhli-xibrə kimi onları gözdən keçirməyə başladı:

– Qulamrza, bu matroska deyəsən pis deyil? – dedi. Qulamrza qızın çənəsini əlləşdirdi, yanaqlarını oxşadı, sonra belini qucub, onu özünə tərəf çəkdi.

– Kaspar, – dedi, – yağlı, yumşaqdır, götür apar, atayın payı olsun!

– Denən, sən öl.

– Sən ölmə, atan ölsün!

– O biri necədir?

– O çox arıqdır. Bu, yan-yancaqlıdır. Apar, Allah xeyir versin!

Kaspar qızı təkrar süzdü, ehtiyatlı müştəri kimi, hər tərəfinə diqqətlə baxdı, sonra qızın qoluna girdi və salondan çıxdı.

İsgəndər bu evə ilk dəfə gəlirdi. O, düşmüş qadınlar haqqında çox oxumuşdu, onların düşməsinin qadın hüquqsuzluğundan, iqtisadi vəziyyətdən irəli gəldiyini bilirdi. Lakin məsələnin bu qədər acı və iyrənc olduğunu təsəvvür etməzdi. Onda bu həyata qarşı bir ikrah əmələ gəldi və qonaqlıqdan gətirdiyi nəşə qara buluda güc gətirə bilməyən ulduz sayrışması kimi itib getdi. “Qadın həyası, İnsan şərəfi, ana ülviyyəti... yalnız bir manat! Hər kəs istərsə!..” – deyə düşündü və daldığı aləmi acı bir qəhqəhə titrətdi... Sonra ayılan kimi oldu, gördüklərinə inanmamaq istədi. Özünü qane etmək üçün Qulamrzaya yönələrək:

– Qulamrza, – dedi, – yoldaşlar gələnə kimi, gəl bu qızı danışdıraq.

Qulamrza çiyninə saçlarını tökmüş qızı çağırıb, dizinin üstdə oturtdu, ona papiros verdi:

– Çoxdanmı çəkirsən? – deyə sordu.

– Bu evə girəndən sonra alışdım.

– Neçə ildir?

– İki il oldu.

– Ondan əvvəl harada idin?

– Kənddə.

– Necə oldu da buraya gəldin?

– Gedək mənim otağıma, orada söylərəm.

– Gedərik, söylə.

Qız papirosun tüstüsünü havaya buraxaraq:

– Gəldim, – dedi.

İsgəndər başını maraqla qıza yaxınlaşdırdı:

– Kənddə ərə gedə bilmirdinmi? – dedi.

– Gedəcəkdim. Bir kiçik zabit, “evlənəcəyəm” deyə məni aldatdı.

Çocuğum qaldı. Saldırmaq üçün şəhərə gəldim.

Saldırdım. İş aradım, bir evə xidmətçiliyə girdim. Ev sahibi məni rahat buraxmadı... Təkrar aldandım. Oranı tərk etdim...

Qız sözünü kəsdi. Yapma təbəssümlə Qulamrzanı qucdu, üzündən öpdü.

– Gedək otağıma? – dedi.

– Yorulmadınmı?

Qız:

– Yorulmaram, – deyə laübali hərəkətlə Qulamrzanı çim-diklədi.

– Nə kişisən, – dedi, – qucağında qız oturmuş da hərəkətə gəlmirsən!

Qız Qulamrzadan ümidini kəsib, İsgəndərin qucağına keçmək istədi. İsgəndər:

– Yanımda otur! – deyə qızdan diksindi. Qız bu hərəkətdən incidi, hiddətlə:

– Xəstəmi zənn etdin? Hərifin iddiasına bax, özün xəstəsən! İsgəndər qızardı, qəhqəhə ilə güldü:

– Nə həyasızdır! – dedi, sonra sakit olub qızdan üzr istədi.

Qız bundan cürətlənərək bu dəfə İsgəndəri otağına çağırmağa başladı. İsgəndər:

– Mən xəstəyəm, getməyəcəyəm, – dedi, – gəl yanımda otur, sənə dadlı bir nağıl deyim.

Bu əsnada Cəfər geri döndü, Qulamrza onu görcək yerindən dik qalxdı:

– Ay pir olmuş, gəl də, mən səni gözləyirəm.

– Nellinin yanınamı getmək istəyirsən?

– Bəs bilmirsən?

Qulamrza durub ekonomkanın qulağına bir söz pıçıldayıb, Nellinin otağına getdi.

15

Rüstəmbəy açarını uzatdı, qapıya sürtdü. Neçə dəqiqə taqqıltı saldı, açar yerini tapa bilmədi. Dalğın-dalğın qapının dalında durdu.

Fikrə getdi və sonra yenə açar yerini axtarmağa başladı. Axırda tapdı. Açarı uzatdı. Bu dəfə açar girmədi. Yenə taqqıltı saldı. Yenə sükuta getdi. Yenidən açarla qapını taqqıldatmağa başladı, zəngi vurmaq ağlına gəlmədi.

– Kimdir? – deyə qapının dalından tutqun bir səs gəldi. Rüstəmbəyin dodaqlarında mənasız bir təbəssüm bəlirdi:

– Mənəm, – dedi və mətanətsiz səsi dalanda cingildədi. Qapı açıldı.

Rüstəmbəy kömür döymüş kimi səyəklənə-səyəklənə içəri girdi.

Sofya xanım yataq otağının qapısını bağlayıb yox oldu.

– Qapını bağlayın və koridordakı çırağı keçirin – deyə içəridən xanımın səsi gəldi.

Rüstəmbəy irəli yeridi. Əlini dəstəyə atıb dartdı – qapı kilidli idi, açılmadı.

– Sofya Sergeyevna! Sofya Sergeyevna!

Rüstəmbəyin səsinə cavab gəlmədi. Bir də zarıltı ilə çağırdı:

– Sofya Sergeyevna! Ay Sofya Sergeyevna!

– Nə deyirsiniz?

– Bircə qapını açın.

– Ərim indicə klubdan qayıdacaq, gedin yatın. Rüstəmbəy qapıya söykəndi. Ürəyi bulanır, başı gicəllənirdi. Halı olduqca pəjmürdə idi.

Yenə fəqanedici səslə:

– Rica edirəm, yarım dəqiqəliyə qapını açın, sizə bircə söz deyəcəyəm.

Sofya xanım təkidlə və bəlkə bir az acıqlı:

– Allah xatirinə, gedin yatın, məni bəlaya salarsınız!

– Bircə dəqiqəliyə açın, sonra gedim.

Xanımın əlacı kəsildi:

– Hələ gəlməyin, çılpağam, – dedi və qapını açdı, sonra tez çarpayısında uzanıb, yorğana büründü.

Rüstəmbəy bir az gözləyib girdi. İsanın şəklinin önündə yanan lampacıqdan otağa bir azca işıq düşmüşdü. Sükut və yarımişıq buraları bir zaviyə guşəsinə döndərmişdi. Rüstəmbəyin təhqir olunmuş izzəti-nəfsi bu yarımişıq sükuta qarşı susdu. Doluxsunmuş Rüstəmbəy dizi üstə xanımın çarpayısının qabağında çökərək, günahkar bir bəndə məbəd qarşısında duran kimi mat qaldı:

– Həmişə təkliyimi hiss edirdim, – dedi, səsində sızıltı və nalə eşidildi, – bu axşam onun bir əmri-vaqe olduğunu bildim. Hamı məndən üz döndərmiş, meydanda təkcə qalmışam. Bircə həqiqi dostum da yoxdur ki, əlini mənə uzatsın... Mənim ümidim sizədir, ürəyimin dərdini sizə açdıqca, halım yüngülləşir...

Sofya xanım acıqlandı və Rüstəmbəyin sözlərini kəsdi:

– Nə demək istəyirsiniz?.. Siz keflisiniz, yaman da keflisiniz. Allah xatirinə, durun, gedin yatın.

Rüstəmbəy başını çarpayıya söykəyib, xar və zəlil bir halda sükuta getdi, gözləri yaşardı, bir də başını qaldırdı:

– Göz yaşlarımı görürsünüzmü? – dedi.

– Görürəm!.. Gedin yatın, sabah danışarıq! Tez olun, odur, ərim gəlir.

Rüstəmbəy ayağa qalxdı:

– Əlvida, – dedi, – sizin də vəfasızlığınız mənə məlum deyilmiş.

Bunun da bu axşam aşkara çıxmağı müqəddər imiş.

Rüstəmbəy otaqdan çıxıb, məyus bir halda getdi. Öz aləmində Sofya xanımdan mehribanlıq və təsəlli gözləyirdi. Bunun əvəzində cəfa gördü. Qəlbi ondan da sındı. İndi daha ümid bağlamalı bir yeri yox idi. Çox qəmgin və peşman bir halda öz otağına gəldi. Öz-özünə “hamıdan zəhləm gedir, – dedi, – çünki hamının məndən zəhləsi gedir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets