Birinci kitab, ikinci hissə
Page 10 of 14 · 64%
Səlmanın təklifinə görə, hər ehtimala qarşı tədbirlər görülmüşdü. Qət olunmuşdu ki, məclislərə zahirən ziyafət şəkli verilsin və yığıncaq otağında musiqi alətləri saxlanılsın. Küçə qapısına polislərə qarşı gözətçilər təyin olunmuşdu. Xülasə, həbs olunmamaq və gizli vəsiqələri ələ keçirməmək üçün mümkün qədər tədbir görülmüşdü.
Qurultay məsələsi ilk meydana çıxanda “zemlyaçestvo” ətrafına toplananlar arasında uzun-uzadı müzakirələr olmuşdu. Əvvəl yalnız maarif məsələləri irəli sürülmüşdü, qurultay siyasətlə məşğul olmamalı idi. Səlman “siyasi məsələlər həll olunmasa, maarif məsələsi həll oluna bilməz”, – deyə qəti bir xətti-hərəkət yürüdürdü. Rüstəmbəy isə əksini iddia edirdi. Mədəni qüvvəmizin azlığından şikayət edərək, olanların da təhlükəli yolla getməsini məsləhət görmürdü. Tələbələr tutular, təşkilatımız ləğv olunar, nəticədə də zərərdən başqa bir şey olmaz. Maarif yoluna yenicə ayaq basmış bir xalqa siyasət yaramaz.
Fərqi yoxdur, irtica getdikcə qüvvətlənir, başını qaldıranı Sibirə sürürlər.
Belə bir qorxulu zamanda meydana çıxmaqda nə məna var?
Xəlil Rüstəmbəyin mülahizələrini onun qorxaqlığına yozurdu:
– Ay Rüstəmbəy, – deyirdi, – sən kölgəndən qorxursan, deyirsən, vay, tutularam, Tövratım kimə qalar?! Canım, bu zaman Tövrat zamanı deyil, mübarizə zamanıdır, inqilab aşıb-daşır, çarlığa qarşı şiddətlə davam edən mübarizəyə biz də qoşulmalıyıq! Həbsdən niyə qorxursan ki? Nə olar-olar!..
Rüstəmbəy fikrini anlatmağa çalışırdı:
– Canım, – deyirdi, – mən qorxmuram. Deyirəm, camaatımıza rəhbər lazımdır, rəhbər olacaq adamları da həbsə aldıqdan sonra camaat rəhbərsiz qala bilər. Mənim qorxduğum budur! Bir də bir dəstə həbs olundumu, atalarının gözləri qorxacaq, bir daha buralara tələbə göndərməyəcəklər.
Rüstəmbəy fikrinə tərəfdar tapa bilmədi, çünki inqilab hərəkatı zahirən məğlub da olsa, için-için alovlanıb, ətrafı qaplamada idi, buna qarşı laqeyd bir vəziyyət almaq qabil deyildi.
13
Xəlil ev xanımı ilə yemək masasını düzəldirdi. Rüstəmbəy əlində kağıza bükülü çaxır şüşələri ilə girdi. Xəlil:
– Mənim otağıma apar, – dedi.
Rüstəmbəy qonaq otağından keçib, Xəlilin mənzilinə daxil oldu. Burada yazı masası ortaya çəkilmiş, Qulamrza duzlu xiyar doğrayırdı. Bir tərəfdə də Pərviz istiot və badımcan turşularının qutusunu açırdı.
Rüstəmbəy salam verdi. Salamı aldılar.
– Nə gətirmisən?
– Çaxır.
Qulamrza gülümsündü və əlini uzatdı:
– Dəysin, – dedi, – o bu hərəkəti ilə “şərab gətirməklə ürəyimdən xəbər verdin” demək istəyirdi.
Rüstəmbəy onun əlinə vurdu.
Pərviz çox səliqəli bir adamdı. Təmiz geyinməkdə tay və bərabəri yox idi. Bu dəfə də gözəl geyinmişdi. Üzünü qırxdırmış və başını elə daramışdı ki, tük-tükdən aralanmışdı. Rüstəmbəyi görən kimi onu başdan-ayağa süzdü və birdən əlini qutudan çəkib sildi, yudu və irəli yeridi:
– Boyunbağın düz durmur, – dedi və düzəldə-düzəldə, – bədənini niyə əyri tutursan, döşünü qabağa ver, özünü də düz tut.
– Döşümü irəli vermək mənim harama yaraşır? Əlində işini gör!
– Niyə yaraşmır? Gözəl, göyçək oğlansan, ancaq bir azca pintisən.
Üzünü qırxmısan, kirşan vurmamısan, belə eləməzlər, onda üz göy görükər. Buraya gəl!
Pərviz Rüstəmbəyi masaya tərəf çəkdi və qutudan kirşan çıxarıb onu kirşanladı. Sonra bığlarını və başının tüklərini qaydaya saldı.
– İndi düzəldin, – dedi, – gedə bilərsən.
Rüstəmbəy Qulamrza ilə şeyləri yemək otağına daşımağa başladı. Şərab və pivə şüşələrini düzdülər, pamidor, xiyar və qeyri məzələri qoydular, boşqab, çəngəl, bıçaq, dəsmal və qeyrilərini səliqə və səhmana saldılar, çörək doğradılar, qədəhləri hazırladılar.
Qonaqlar yavaş-yavaş gəlirdi. Bir rus talibəsi salonda Pərvizlə oturmuşdu. Çingiz Fatma xanımla söhbətə məşğul idi. Zəng vuruldu, Cəfər gəldi, hamı ilə görüşdü. Özünü yemək otağına tərəf verdi, qapıdan baxdı:
– Uşaqların hərəsi həftədə bir anadan olsa kefdir ki... – dedi.
Qulamrza cavabında:
– Gələn həftə də mən anadan oluram.
– Onun altdakı həftə də xeyir işinin qonaqlığını verərsən.
Qulamrza gülümsündü və Cəfəri qucaqladı.
– Teymurbəy, xoş gəlmisiniz! – deyə arxadan səs gəldi. Cəfər irəli yeridi.
– Salamməleyküm.
Teymurbəy onun əlini sıxdı. Çingiz və Pərviz ayağa qalxdılar, Teymurbəyə yer göstərdilər.
Onun dalınca qapıda Qulunun uca boyu görünməyə başladı.
Seyrək tüklərini darayıb, geniş alnına tökmüşdü, nazik qaşlarının altından baxan xırda gözləri hiylə saçırdı. Uzun burnu yoğun bığlarının ortasına çökmüşdü.
Qulunu da içəri dəvət etdilər. Əlində bir kağız torba tutmuşdu:
– Anadan olan uşaq hanı? – deyə dodaqlarında süni bir təbəssüm oynatdı, burnu bir az da uzandı.
Xəlil irəli yeridi:
– Mənəm! – dedi.
Torbadakı şirnini verdi.
Xəlil uşaq kimi tullandı və sonra gedib Fatma xanımın qabağında diz üstə çökdü, şirni təklif elədi.
Fatma xanım güldü, qızardı və əlini torbaya saldı.
Bu qayda ilə Xəlil o biri qıza da şirni verdi. Sonra Quluya təklif elədi və Qulu təmkin və vüqarla əlini torbaya salmaq istədikdə Xəlil durub qaçdı. Hamı gülüşdü. Qulu isə bir az pərt oldu.
Yenə qonaqlar gəlməkdə idi. Bir-iki qız və oğlan da gəldi. Xəlil onları hamı ilə tanış elədi. Hərə qızın biri ilə otağın bir guşəsinə çəkildi.
Bir də, Qulamrza əlində qaval içəri daxil oldu.
– Anadan olan gərək bir oynasın, – dedi.
Hamı bir səslə onun rəyini təsdiq elədi.
Xəlil dinmədi, fikirli-fikirli qonaqların üzünə baxdı və birdən sükutu pozdu.
– Kaspar, – dedi, – balam, tarı köklə, əlac yoxdur, gərək oynayam!
Hamı güldü.
Kaspar “Uzundərə” çaldı, Qulamrza qavalı dınqıldatdı. Xəlil ortalığa sıçradı və elə bir nəzakətlə oynadı ki, ümumun heyrətinə səbəb oldu.
Çörək masasının ətrafında xüsusi bir mehribançılıq müşahidə olunurdu.
Hamı şad bir halda yeyib-içmədə idi. Cəfəri tamada seçmişdilər, dəqiqədə bir lətifə söyləyib hamını güldürürdü. Xəlilin təvəllüdü münasibətilə o məzəli bir nitq dedi və axırda da:
– Allahdan diləyim budur, nə məni studentlikdən ayırsın, nə studentliyi məndən! – dedi. Bir az duruxdu və Xəlilin üzünə baxa-baxa, – əlbəttə, Xəlil də mənim kimi səbirli adamdır, altı ildir ki, studentdir.
Ümidim budur ki, bir neçə il də sabitqədəm olar, yenə bu axşamkı kimi bir yerdə bir neçə təvəllüd gününü də xoş keçirərik, – dedi.
Qədəhlər qalxdı, çaqqaşdılar. “Allah sizi arzunuza çatdırsın”, – deyə Xəlilin və Cəfərin sağlığına içdilər.
Bir balaca sakitlik düşdü, qonaqların başı yeməyə qarışdı. Səlman başını qaldırdı, tamadanın üzünə baxdı. Tamada onun diləyini duydu və işarə ilə izin verdi.
Səlman ayaq üstə durdu. Iztirabdan titrəyən əli ilə qədəhini qaldırdı və bu halla bir neçə saniyə dayandı, fikirli baxışı ilə hamını dərin bir sükuta məcbur etdi. Sonra yavaşca qədəhini endirdi, masanın üstə qoydu və bir də ətrafı ciddi bir nəzərdən keçirərək başladı:
– Qaranlıq bir gecə idi. Xalq tamam yatmışdı. Təkcə bir gənc yuxudan oyanıb səhəri gözləyirdi. O tez-tez yatağından qalxır, intizarlı gözlərini şərq tərəfə döndərib, sübhün əlaməti olan dan ulduzunu axtarırdı. Lakin ulduzdan bir əsər görməyərək məyus bir halda yatağında uzanırdı. Yenə gözlərinə yuxu gəlmirdi. Yatmaqdan usanmışdı.
Iztirab içində çırpınaraq işıq arayırdı... Münəvvərlərimizin halı yuxudan bıqan bu gəncin halını andırmırmı? Zülmət içində çarpınaraq yenə ümidlərini qaib etmir və Şərq tərəfdə əlamət arayırlar. Ey münəvvərlər, qaranlıq hökmranlığı artıq bitmişdir. Dan ulduzunu görürsünüzmü? (Əlini Fatma xanıma uzatdı). Sübh yaxınlaşır, günəş çıxacaq və həyatverici şüası yeni aləmi tənvir edəcək. Ey xalqın ümidi! Ey sevgili bacımız! Mübarək qədəmləriniz xeyirli olsun!..
Səlmanın nitqindən hamı mütəəssir olaraq dik ayağa qalxdı. Fatma xanıma səmimi xeyirlər diləndi, “ura” çığıraraq, təntənəli bir surətdə badənuş oldular.
Bir az sükutdan sonra yenə məclis əvvəlki vəziyyətini aldı. Hamı yeyibiçməkdə, hamı şadlıqda idi. Tamada tez- tez əmr verir, qədəhlər dolur, nitqlər söylənirdi. Lətifələrlə xanımları güldürürdülər.
Qulu ayağa qalxdı. Nitqə başladı. Məzmunu yenə haman “bədbəxt millət”in halına həsr olundu. Qulu camaatın dərdinə “ağladı”, cavanlarımızın laqeydliyindən dəm vurdu və axırda “millətin ümidi bizlərdədir, cəhd eləməliyik ümidi puça çıxmasın. Yaşasın millət!” – deyə sözlərini qurtardı.
Qədəhlər qalxdı. Amma səmimiyyət görünmədi. Rüstəmbəy isə etina belə eləmədi. Hələ qaşqabağını da salladı, qələyana gəldi, özözünə “utanmır”, – dedi, – “millətçilik iddiasına düşür”.
Rüstəmbəyin yanında oturan qız onun halını duydu:
– Niyə bikefsiniz? – dedi.
– Qulaq yalan eşidərkən, şad olmaq mümkün deyil, çünki bir adam o birinə yalan dedikdə onu qanmaz hesab edir. Bu da mənim ürəyimi sıxır.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-birinci-kitab-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Şura Yazıçılarının Ümumittifaq qurultayına*Əhməd “Maarif işçisi” klubunda ibtidai cəmiyyətə dair məruzə edəcək idi... Bir çox kitablar*
Birinci hissə1**“Bu gün də son dərsdir”, – deyə hər kəsdə bir sevinc vardı. Qəbilənin hər tərəfindən gələn gənclər axın-axın bağa toplandı. Kəbusey bizdən əvvəl oraya gəlmişdi. Bizim gecikməyimizə işarə olaraq adi istehzası ilə:
İkinci hissə1**Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı.
Bir neçə söz“Studentlər” inqilabdan əvvəl türk (azərbaycanlı – M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi.Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudbin adamlar deyilmi?
Poems by other poets
کار دلم شد عشق تو، دل چون کند کاری دگر
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.