İkinci hissə
Page 1 of 13
1
Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı.
Təbii gözəlliyin qarşısında hər kəs susmuş, sanki ahəngi pozar deyə kimsə danışmağa cəsarət etmir.
Qoca Kəbusey bir şeylər düşünür, gülümsəyirdi.
– Yenə nədir, ərən? – deyə Cürceys sordu. – Görünür, yola qələbə çalmağa qocalıq imkan vermir.
– Elə! Elə, əzizim! – dedi. – Hər halda altmış il əvvəl bu yolu ilk dəfə tanıdıqda başqa bir sürətlə gedirdim.
– Ha-ha-ha!.. Mən belə, qırx il əvvəl başqa bir zövq, başqa bir nəşə duyurdum.
– Elə, elə! Indi artıq qocaldıq, qüruba doğru gedirik. Bir gün olacaq ki, üfüq bizi arxasında gizləyəcək... Tühaf bir gərdiş: gəldik, getdik; gəlib getmişlər və... gələcəklər... gedəcəklər. İştə, əzəliyyət və əbədiyyət!
Cürceys gülümsədi və hüznlü bir düşüncəyə dalan Kəbuseyi süzərək:
– Ərən, – dedi, – mən ictimai işlərə məşğul bir adamam. Mücərrəd məsələlərlə heç də uğraşmadım. Lakin sənin sözlərin məni düşündürür.
Nədir bu həngamə? – deməzmisən?
– “Nədir” deyənlərə cavab gəlməmiş! Cürceys qane görünməyən bir sima ilə müəllimə baxdı.
İkisi də durdu. Kəbusey tövşüyərək:
– İdrakın o tayı dərin bir dənizdir, oraya gecən qərq olar, – dedi.
Sözlərindən maraqlanıb, qocaların ətrafına toplandıq. Müəllim bizi süzdü, birdən kədərli üzündə bir nəşə parladı:
– Cürceys, – dedi, – uzaqlar İnsanı üzər, yaxınlarla uğraşalım. İştə, gənclər aşır, daşır, coşur; min bir həvəs, min bir fərəh verir! Bir daha gənc olmaq üçün nələr verməzdim!
Gözlərini Kəbuseydən ayırmayan Cürceysin marağı bir az da artdı:
– Ərən, gəldiyimə peşmanam: həyatımda ictimai işlərdən başqa bir şey tanımaz, mücərrəd fikirlərlə uğraşmazdım. Indi malik olduğum şəxsdən başqa məndə ayrı bir şəxs oyatdın. Onun suallarına cavab verməkdən acizəm.
– Oyananı uyut! Çəkilən hüdudu keçməyə İnsan müstəid deyil.
Həyatımın qırx ilini fəlsəfə ilə uğraşdım, idrakın o tayına keçməyə qalxışdım... Qırx gözəl ili qaib etməkdən başqa bir şey əldə edə bilmədim.
Yalnız bir həqiqət öyrəndim – azad yaşamaq, tox yaşamaq.
İştə, o həqiqət! Bu iki amili də təmin edən əməkdir. Çalışmalı, yaşamalı, yaşatmalı!
2
Meşəlikdən çıxarkən ağ binalı qəbilənin yaşıllıqları gözümüzə çarpdı. Burada zahiri gözəllikdən başqa anlaşılmaz bir şeylər vardı.
Sanki qəbilə havasında mənəvi bir qida var; nəfəs alarkən ciyərlərə həyat bəxş edirdi. Bu havadan məst oldum. Həyəcanım belə susdu.
Yalnız ürəyim sınıq qopuz iniltisi duyurdu. Hər kəsdən ayrılaraq kənarda hüznümlə rəfaqət etdiyimi duyar kimi, Kəbusey mənə yanaşdı:
– Nə olmuş, oğlum? – deyə əlini umuzuma qoydu, gülümsəyərək məni süzdü, – əməl kasasına yavıqlaşırsan. Səadət şərbəti dodağına təmas edərək, varlığına başqa bir süs verəcək. Sakın, məst olma!
Gəncliyin hər bir dəqiqəsini idrakla əhatə etməli. Səadət uçar bir ulduzdur. Şüur onun parlayışını artırır. Gəncliyi duymalı, hər addımını hiss etməli də, sonra həzzlərinə dalmalı.
Müəllimin nəşəli simasına baxarkən hisslərim oyandı; dərunimdə həyəcanlar duydum...
Qulağıma gələn səslər məni yuxudan ayıldan kimi oldu: qəbiləyə yaklaşan yolun üzərində bir alaqapı qurulmuşdu. Onun otağından asılan qoç başının burma buynuzları çiçəklərlə bəzənmişdi. Qəbilə müməssili ağ geyimli, ağ saçlı, qadın ortada dayanaraq bizi gözləyirdi.
Yanındakı gənc qız əlində üstüörtülü bir təbsi tutmuşdu. Arxa tərəfdə kişilər, qadınlar və çocuqlar durmuşlardı. Çocuqların əlində çiçək dəmətləri vardı.
Yaklaşdıq.
Xalq bizi, totemləri olan qoçun şərəfinə “mə-ə-ə!” deyə mələşərək qarşıladı və ayaqlarımızın altına çiçəklər atdı.
Biz də qəbiləmizin totemi xoruzun banlayışını andıran bir səslə onlara cavab verdik.
Ön tərəfdə duran Cürceys qadına yanaşaraq təzim etdi. İkisi də qarşı-qarşıya durdu. Orta yaşlı iki qadın təbsinin örtüsünü qaldırdı.
Oradan yeddi ağ daş çıxardılar. Qarşı-qarşıya duran iki qəbilə müməssillərinin sol əllərini qaldıraraq baş barmaqlarının şirin ətini cızdılar və çıxan qanı yaşıl bir yarpaq üzərində qarışdırıb yeddi daşa yaxdılar.
Daşlar yolun ortasında basdırıldı.
Bu adət iki qəbilə arasında əmələ gələn qardaşlığa işarə idi. Sağ tərəfdən yeddi ağsaqqal aralandı, yanaşaraq başımıza yeddi bürünc ulduzdan mütəşəkkil bir tac qoyub geri döndü.
Bu adət yeddi qardaş ulduzun himayəsinə girdiyimizin rümuzu imiş.
Sol tərəfdən yeddi ağbirçək qadın gəldi, hərəmizin köksünə mumdan qayrılmış yeddi nar taxaraq geri qayıtdı.
Nar eşqin rümuzu imiş. Yeddi nar yeddi qardaş ulduzun bir-birinə qarşı bəslədikləri əbədi eşqə işarə imiş.
Bu ayinlər bitdikdən sonra qoç buynuzlarından yapma zurnalar çalındı, qəbiləyə girdik.
3
Qəbilə müməssili olan qadının adı Şibra xatın imiş. Onun əmrinə görə bizə xidmət etmək üçün qəbilə gənclərindən on beş nəfər ayrılmış və yanımıza göndərilmişdi. Bizi, təxsis olunmuş otaqlardan alaraq ümumi hamama apardılar, yuyundurdular, yeni camaşır və ağ paltar geyindirib geri gətirdilər.
Evimizin bağçasında masalar düzülmüşdü. Yeməyə oturduq. Bizdən başqa Şibra xatın, müəllim Nimrad, idman müəllimi Buğatay, filosof İlyus, sənətkarlar nümayəndəsi Ahənəsb və həkim Köyhun da vardı. Yorğun olduğumuzdan ziyafətdə başqalarının iştirakını lazım görməmişlərdi.
Bir neçə növ yemək gəldi. Adətlərinə görə masanın başında oturan qəbilə şurası müməssili ağzına bir loğma qoymaqla ziyafəti açar və yalnız üç qisim yemək yeyildikdən sonra söhbətə başlanarmış.
Şibra xatın əlini yeməyə uzatdı, biz də başladıq. Cansıxıcı bir sükut vardı. Ağızların marçıltısından başqa bir şey eşidilmirdi. Üçüncü bişmiş yeyilər-yeyilməz Şibra xatın ayağa qalxdı:
– Əzizlərim, – dedi. – Xoş gəlmişsiniz. Həzrət qoçun ruhu yalnız siz doyduqdan sonra istirahət bula bildi. “Xoruz”la “Qoç”un qan qardaşlığı gözəl gənclərimizə səadət təmin etdiyi üçün onların şərəfinə badənuş olalım.
Saxsı küplərdən tökülən namez adlı içki başa çəkildi. Əvvəlcə onlar mələşdi, sonra biz banlaşdıq.
Bir az keçməmiş müəllim Nimrad Şibra xatının müsaidəsi ilə ayağa qalxdı. Orta yaşlı, uzun saçlı Nimrad geniş ətəyini umuzuna ataraq başladı:
– Yavrularım, bağban gül bəsləməkdən həzz duyan kimi, müəllim də yetişdirdiyi gənclərin həvəsi ilə yaşar. İldə bir dəfə buraya toplanaraq uzun illər zəhməti ilə əmələ gələn məhsulumuzu tərk edər, yenilərinin yetişdirilməsi ilə məşğul olarıq. Lakin bizləri hissiz, sinirsiz ədd etməyin! Əmələ gətirdiyimiz gəncləri həyat səhnəsinə buraxarkən ürəyimizin bir parçasını qoparan kimi oluruq. Bu daimi kədərə qarşı böyük bir təsəlli buluruq, qəlblərində yandırdığımız həqiqət çırağının əbədi olacağına inanar, iman edərik.
Qədəhlərinizi qaldırın, həqiqət çırağının sabit və baqiliyinə badənuş olalım.
Çox çəkmədən söz növbəti filosof İlyusa çatdı. İlyus uzun saqqallı, dolaşıq saçlı, ağır gövdəli bir qoca idi. Zorla yerindən qalxdı və yemək yediyi çöplərdən birini barmaqları arasında fırladaraq bir-iki dəfə bərkdən gözlərini qırpdı.
Filosofun çöplərinə gözü sataşan Ceyniz gülümsədi və qolumu sıxaraq:
– Bu hərifə bax, gör nə qədər gülüncdür, – deyə qulağıma pıçıldadı.
Mən gülməkdən özümü güclə saxladım. İlyus axırda gözlərini büsbütün yumdu və sözə başladı:
– Vətəndaşlar, – dedi. – Bu masanın arxasında oturduğum ilk gündən əlli beş bahar keçir. Bu nə deməkdir? – Təbiətin əlli beş dəfə ölüb dirilməsi deməkdir. Ilin dəyişməsi qarşımızda yel vurarkən sönüb dirilən bir şamı andırdığı kimi, İnsan həyatı da əbədiyyət qarşısında belə bir şeydir. Biri sönər, o biri yanar. Fərdlər dəyişilir, lakin həyat baqi qalır...
İştə, bu gün keçmişə qarışmaq istəyən baharlarımızdan birini yeni həyata əlavə edirik. Yaşasın keçmişlə gələcəyin arasında əbədi bir körpü təşkil edən gənclik!
Qədəhlərinizi götürün, əbədi həyatın parlaqlığı şərəfinə içəlim!
Qədəhlər qaldırıldı, yenə yeməyə məşğul oldular. Bir də Ahənəsb qalxdı:
– Əməkdaşlar, – dedi, – həyat zəhmətin məhsuludur. Zəhmət olmasa, dirilik də olmaz. Zəhmət, yalnız zəhmət əbədiyyəti təmin edər.
Bizi heyvanlardan ayıran, bizə zəka bəxş edən, idrakımızı inkişaf etdirən zəhmət deyilmi? Məişətimizi yüngülləşdirən, bizə maddi və mənəvi istirahət verən, biliyi öyrədən zəhmət deyilmi?
Zəhmətin şərəfinə içək və övladlarımızın da bu yolla getməsini təmənna edək!
4
Ahənəsb namezini içdi, oturdu. Bir müddət məclis sakit keçdi.
Birdən ağacların arasında görünən tühaf bir sima hər kəsin nəzərini özünə cəlb etdi.
Qara və uzun saçlı, parlaq gözlü, ətəkləri umuzundan arxa tərəfə sallanaraq zövqlü qırışlar təşkil edən bu sima bizə doğru gəlirdi. Başındakı ulduzlu qalpağının yan tərəflərində qoç buynuzları vardı. Əlindəki üçsimli qopuzu çiçəklərlə bəzənmişdi. Masaya yanaşar-yanaşmaz parlaq gözlərini göylərə dikərək incə səslə oxudu. Qopuzun ilahi səsi ruhumuza əks edərək, bizdə həyəcanlı nəşələr doğurdu. Əvvəl istehza ilə ona baxan Ceyniz müztərib oldu. Mənə qısılaraq məst bir hal aldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-qizlar-bulagi-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Kərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
«Din ayrı qardaşlar»Qürbət bir şəhərin bazarında iki adam qabaq qabağa gəlib bir-birinə zənn ilə baxdılar. İkisi də əvvəl duruxdu, döyükdü və sonra nəfrət-əngiz bir heyrətdə dönüb qaldılar.– Pa, allah saxlasın, kəbla-Məhəmməd kirvə! Sən hara bura hara?
Məşədi və Kərbəlayı– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!