Cuma axşamı
Kərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.
Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
Arvadın Kərbəlayıdan onun üçün zəhləsi gedirdi ki, bunu ərə lap uşaq vaxtından vermiş imişlər, belə ki Kərbəlayı Həsən saqqalının ağarmış yerlərini həna ilə təmir edəndə, arvadı küncdə oturub gəlin oynadarmış. Kərbəlayı arvadı bir işə zada göndərəndə arvad qaçarak gedib yenə cəld geri qayıdardı və sevinə sevinə gəlinlərini bağrına basıb üzlərindən öpərdi.... Xülasə, kələm dolması ortalığa gəldi. Kərbəlayı üç uşağını məcməinin kənarında oturtdu və hərəsinin qabağına bir iki dolma salıb əziklədi. Arvad da süfrənin bir tərəfində oturub, ürkə-ürkə əlini qaba uzatdı. Kərbəlayı-Həsən ucadan «bismillah» çəkib dolmanın birini buğlana-buğlana ötürdü, və hərarətdən gözləri yaşarmış:
– Arvad atayın payı olsun! Dolma deyil lap behişt ne’mətidir!
Arvad kişinin cavabında yarı şad və yarı nəfrət izhar edən gözlərini qovzuyub yavaş səs ilə:
– Onun üçün də qədrim bilinir.
– Ay arvad qədrini bilmiyib nə qayırmışam? Vallah həmişə dəllək Bayramın dükənində deyirəm ki bizim arvadın dolmasını heç bəy xan evində də pişirə bilməzlər. Arvad yenə ağzını büzüb kinayə ilə:
– Çox soyuqluq oldu, dəllək Bayram bizə don biçdi.
– Ah, ay arvad, bircə gəz bu dilini yaxşıya tərpədə idin.
Arvad bir az hırslı:
– Yaxşıya tərpətmiyib nə qayırıram? Hansı cavanə zəndən pisəm? Kürkü düşüyün birisən, hələ sənə bu dil də azdır.
Kərbəlayı tikəsi əlində qaş qabaqlı, üzünü kənara çöyürüb dodağında:
– Zalım qızının dilindən zəhər yağır, zəhər! Vallah əgər bir adam buna bir gün çörək verib saxlıyarsa da?
Arvad əlini dolmadan çəkirdib, bir az da hırslı:
– Sənin çörəyinə ki qalmamışam, vermə!... Sənə də it gəlməzdi ki mən gəldim!
– Mürtəd qızı, mürtəd! Qoymuyacaqsan bir tikə çörək yeyim? Kərbəlayı gücü gəldikcə çığırdı, və hirsindən tikəsini yerə çırpıb üzünü süfrədən çöndərdi. Uşaqlar gah dədələrinə, gah nənələrinə baxıb xırda ağızlarını büzdülər və gözlərinin yaşını od kibi tökdülər. Arvad kişinin söyüşünü eşitcək acığından məcməini gücü gəldikcə kişiyə tərəf itələyib çığırdı:
– Bu cuma axşamında ağzını dağıtma, dediklərin öz ölünə getsin!... Mənim ağzımı açma....
– Axmaq qızı! Ağzını açıb mənə nə qayıracaqsan? Atayın ələngə sümüyünü.. ağız pambığını... axmaq qızı, sən mənim on iki ildir ömrümü qaraltdın!....
– Sən mənimkin qaraltdın, xortan oğlu xortdan!
– Nə deyirsən nə? Nə?
Kərbəlayı-Həsən yerindən sıçrayıb, arvadı saçladı, və baş göz demiyib hər yerinə yumruqdan döşədi.
Arvad qışqırdı, uşaqlar çığırışdılar; məcməi üzü quylu çönüb dolmanın hərəsi evin bir quncuna diyirləndi. Kişi arvadda sağ yer qoymadı; ağzının burunun qanını bir yerə qatdı; hörüklərini qoparıb kürək və qabırqasını əzik-əzik elədi.
– Bu saat qazı gəlsin boşuyuram!... On iki ildir biz belə ömür keçiririk, belə güzəran ediriq, buna dağ dayanmazdı ki mən dayandım!... Ay uşaq, mənim paltarımı, fanusumu buraya gətirin, qazının dalınca gedirəm!...
– Ay dədə sən allah getmə! Sən allah getmə! Bəs biz necə olarıq?... Uşaqlar mələşə-mələşə dədələrinin ayağına töküldülər. Kərbəlayı razı olmadı: oraya buraya yüyürüb qurzağını axtarırdı.
Uşaqlar bir də mələşdilər, bir də yalvara-yalvara dədələrinin ayağına töküldülər.
– Ay dədə, bəs biz necə olacayıq?... Ay ay ay!... Uşaqların gözlərinin yaşı tahı durmurdu; ağlamaqdan az qalırdılar zəhrəçək olsunlar. Kişi uşaqların hərəsini bir tərəfə vurub, axırda əlacı kəsilib, söylənə-söylənə getdi divarın dibində oturdu:
– Mən bu on iki ildə evdə bircə qəpiklik ləzzət görmədim! Gedirəm özümü oda gözə vururam, pul qazanıram, bu xarabaya gəlirəm ki bir tikə rahat olum – bura da belə! İl uzunu qaş qabaqlı: dinməz, deməz, danışmaz; dindirsən də cavab verməz. Balam, mən sənin atanı öldürməmişəm: mən sənin sahıbınam, mən səni saqlıyıram, çörək paltar verirəm, gərəkdirmi sən də bunun qabağında mənə qulağ verəsən?... Pərvərdigara sənə min şükür! Əvvəlki arvadı mənim əlimdən aldın, ikimci başıma «tənbəki oyunu» açdı, onu boşadım: bu da bu!... Bu da, bu mürtəd qızı, ləməzhəb qızı...!
Kərbəlayı-Həsən yenidən qızışdı, yenə qalxdı ki qazının dalınca gedirəm, uşaqlar bir də mələməyə başladılar, ev yenə səs küy ilə doldu. Kərbəlayı bir də sakit oldu, yenə divarın dibində oturub, öz özünə deyindi. O qədər deyindi ki axırda yorulub oturdu.
Arvad da sandıqların yanında oturub, sübhə kibi öz gününü ağladı.
– On iki ilin arvadıyam, amma heç bilmədim gün haradan çıxdı, harada batdı. Günüm həmişə ağlamaq ilə, ah zar ilə keçdi! Bir tikə vaqtımdan qoca bir kaftara gəlin gəlib, bilmədim, uşaq adam, evin ağır işinin dərdini çəkim, yoxsa kişinin qəmini yeyim. Gəlin gələndən sonra mən yazıq iki il sərasər ağladım! Deyirdim allah, yenə gecə olacaq, yenə kişi gələcək?–Mən bilirəm kişinin gəlməyi yaxınlaşanda nələr çəkirdim!....
Pərvərdigara, sənə min şükür! On iki il gecəm gündüzüm göz yaşı ilə keçdi! Sənə min şükür, belə ər qismət elədiyin yerdə!!!...
Arvad danışdıqca odlanıb gözünün yaşını sel kibi axıtdı. Ağlayırdı, ağlayırdı, sakit olurdu və sonra gözlərini bir evə gəzdirib uşaqlarının quru yerdə yuxu tutduğunu görüb, gözü ərinə sataşanda bir də on iki ildə keçirdiyi ömür gəlib qabağında dururdu və yenidən arvad ağlamağa başlayırdı.
Bu minval ilə ər arvad sübhə kibi oturub, hərə ürəyində bir dərd çəkişdirirdi və belə də gözləri yaşlı günün ilk şuasını qarşıladılar.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-cuma-axsami
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.
Sidiİlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.
Osman DövlətşinO çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.
Qoz ağacıHər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.