Köhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:

– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!

Alı bu fikirləri başından keçirib saman çuvallarının üstə o yan bu yana çöyrüldükdə Məhəmməd Səfi ağa bir də başını pəncərədən çıxarıb çığırdı:

– Alı, Alı! Axmaq oğlu axmaq, haradasan səni çağırmıram?

Alı yenə bəyin səsinə e’tina etmiyib öz özünə deyirdi:

– Tahı imdi, mən də ayılmışam, boğazını cırsan da gəlməyəcəyəm... Bizi xam tovlamışdın, il uzunu işlədib, bir qəpik də vermirdin; kefinə də yaramıyanda baş gözümü əzirdin... Tahı imdi bəy zadə dəbdən düşdü!....

Məhəmməd Səfi ağa bir az səbr eləyib, xidmətçi qızı onun dalınca göndərdi. Alı qıza da cavab verdi ki, mən bəy-məy tanımıram, özüm də elə bir bəyəm! Məhəmməd Səfi ağa bunu eşitcək yerindən tik atılıb, əvvəl otaqda dəli kibi o yan bu yana yüyürdü və sonra divardan tüfəngi götürüb, qapıdan ıldırım kibi çıxdı. Güllü xanım ərinin nökəri öldürmək xiyalında olduğunu gördükdə bərk qışqırıq saldı, və səsə qonşu otaqlarından bəyzadələr çıxıb, Məhəmməd Səfi ağanın əlindən tüfəngi aldılar:

– Ay kişi nə olub, Alı nə eləyib! Bircə de biz özümüz onu öldürək.

Məhəmməd Səfi ağa bəyzadələrə cavab verməkdən boğunuq səs ilə «buraxın!» deyib dartındı.

– A kişi axır nə olub?

– Heç zad! Alını öldürəcəyəm! – Bəy dartınmaqdan əl çəkmədi.

Güllü xanım bəy zadələri işdən müxbir elədi. Cavan bəylər Alının «nəmək bəhəram»lığını bilib cəld pilləkandan aşağı töküldülər.

Bir dəqiqədə Alının belinə on yerdən təpik döşəndi; o qədər döydülər ki, ağzının burnunun qanı bir birinə qarışdı, baş və gözündə sağ yer qalmadı.

Alı gördü ki bunu «xurd xəşil» etmiş əl götürmüyəcəklər, yalvarmağa başladı:

– Ay bəy, atam sənə qurban! Qələt eləmişəm, başımı daşın yekəsinə dəymüşəm, günahımdan keç!

Məhəmməd Səfi ağa «Bundan ürəyim soyumayacaq, kəndir gətirin!» deyib qamçını əlinə aldı.

Kəndir gətirdilər, Alını ağa həyətə çəkdirib, tut ağacına bağlatdı.

Alı yenə:

– Ay bəy vallah məni yoldan çıxartmışdılar, tahı imdi çıxmaram. Məhəmməd Səfi ağa Alının sözlərinə e’tina etmiyib, kamçı ilə onu doyunca döydü, və bir də oğlanlarına döydürdü, bir də dübarə özü döyüb qayıdıb evə gəldi.

Alı qanına bələşmiş o günü ağacdan asıla qaldı, gecə də qaldı, sabah da orada idi. Axırda necə oldu onu bilmirik. Ancaq ondan sonra hər vaxtı ki şəhərdən kəndə oxumuş cavanlar gəlib bəy və ağaların əleyhinə sözlər danışıb, rə’yəti «yoldan çıqardanda» rə’yət cavanlara belə cavab verdi:

– «Qardaş, qoyun yerimizdə rahat oturaq, siz allah bizi də Alı yolu yollandırmıyın!»

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min
Qulluq və əsirlik

QULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.

17 min
Bizə ciddi mətbuat çoxdan lazım idi

BİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.

14 min
Ədəbi dövrün başçısı

ƏDƏBİ DÖVRÜN BAŞÇISI*1906-cı ildə Şuşada uzun bir xəstəlik keçirmişdim. Bir gün Haşımbəy Vəzirov (bilaxirə “Tazə həyat” və “Səda” müdiri) məni yoxlamağa gələrkən, cibindən rəngli bir jurnal çıxarıb, xoş bir sevinclə mənə verdi. Bu “Molla Nəsrəddin”in ilk nömrəsi idi. Hər şeyi bəyənməyən, həsədə qapılan Haşımbəy bu dəfə olduqca məmnun idi. Xatırımdadır, məcmuəyə dair bir çox mədhiyyələr söylədi. Qara tüklü əllərilə məcmuəni vərəqləyərək başdan-başa oxudu, oxuduqca da hər bir sətri xoş qəhqəhəsi ilə canlandırdı.

3 min

Poems by other poets