Qürbət bir şəhərin bazarında iki adam qabaq qabağa gəlib bir-birinə zənn ilə baxdılar. İkisi də əvvəl duruxdu, döyükdü və sonra nəfrət-əngiz bir heyrətdə dönüb qaldılar.

– Pa, allah saxlasın, kəbla-Məhəmməd kirvə! Sən hara bura hara?

– Allah saxlasın, usta Qarapet! Kefin zadın yaxşıdırmı? Uşaqlar da salmatdırlarmı?

«Uşaqlar» sözü usta Qarapeti sükuta apardı. Biçara erməni yaşarmış gözlərini kərbəlayı-Məhəmmədə döndərib dolğun səs ilə.

– Eyyi...... Allah mərdimazarın evini yıxsın! Heç uşaqları yadıma salma! Uşaq da getdi, arvat da getdi, ev mülk hamısı getdi, imdi bu qürbət şəhərdə ağ saqqal vaxtımda bir tikə çörəyin dalınca düşüb gəzirəm.

– Ay usta, o illər getsin gəlməsin! Yadıma salma:

Mənim də başıma az iş gəlmədi! Mən də evdən eşikdən oldum, oğlanlarım qırıldı, bir qızımı öldürdülər, bir balaca uşağım yandı..... mən də imdi bu qürbətdə bir tikə çörəkdən ötrü imanımı satıram....

Usta Qarapet ilə kərbəlayı-Məhəmməd bir birilə lap qədimdən aşna idilər: usta gözünü açıb kərbəlayı-Məhəmmədi erməni bazarında baqqal görmüşdü, kərbəlayı da ustanın müsəlman arasında dərzi olmağını çoxdan bilirdi. 1905-ci ildə erməni-müsəlman davasında, kərbəlayı-Məhəmməd erməni məhəlləsində qalmışdı; Qarapet də müsəlman içində. İki tərəfdə əsirlərin elə düşənini qırıb tərk etmişdilər, ona görə ermənilər kərbəlayı-Həsənin və müsəlmanlar da usta Qarapetin ölməyinə heç şübhə etmirdilər. Bunun üçün də bu iki həmşəhrilər bir birinə rast gəldikdə heyrətə dalıb qaldılar.

Bir az sükutdan sonra kərbəlayı-Məhəmməd sadə lovhanə bir maraq ilə başladı:

– Ay usta, sən deyirsən arvaddan uşaqdan oldum; mən hələ səni də «öldü» eşitdim. Hələ dedilər usta Qarapetin meyitini sürüyüb dərəyə saldılar.

– Ayyi...!... Ay canım, musurmanlar istədi ki mən ölüm, amma allah qoymadı!

– Doğrudan da allahsız iş yoxdur!

– De gör, kəblayı, düzmü deyirəm ki allah qoymadı. Dava başlanan da ki part ha part düşdü, onda mən dükənimdə idim.

Tüfəngli xəncərli musurmanlar üstümə töküldü; qaçdım girdim Kərim (allah onun oğlunu saxlasın, yaxşı kişi imiş) çığıra-çığıra gəldi ki balam öldürmüyün gərək hələ nə təhər olur-qulaq asmadılar. Bu qopoğlu qumarbaz Həsən nədir-mənə iki güllə vurdu. Qan məni götürdü. Yıxılıb oradaca qaldım. Bir vaxtdı, kərbəlayı, ayıldım gördüm ayaqlarıma ip bağlıyırlar: elə bilirlər ki mən ölmüşəm. Qorxumdan səsimi çəkdim içəri. İpi bağladılar, söyə-söyə sürüyüb apardılar. Hələ bilmirəm məni hara aparırlar. Yaralarım ağrıyır, çox vaxt da məzhəb haqqı özümü bilmirəm, ürəyim gedir. Xülasə, kəblayı, məni gətirib bir yerdə qoydular dalımdan da bir təpik vurdular. Getdim. Diyirləndim, diyirləndim düşdüm qaldım... Gözümün qabağı qaranlıqdır, hərdən qulağıma bir gurultu gəlir; sonra yenə heç zad görmürəm, heç zad eşitmirəm, eləcə qalıram ayılıram, ətrafa baxıram-hələ ağlım bir şey kəsmir, yenə yatıram. Bir də ayıldım gözüm dürüst görmürsə də ışığı bilirəm. Deyəsən gündüzdür: fikirimə gəlir ki, məni yaralıyıblar. Öz özümə deyirəm ki imdi musurmanlar gələr məni öldürər. Yadıma balalarım düşür, arvadım düşür, heç zadı bilmirəm. Sonra bir də ayıldım üstümə gün düşmüşdü: gözlərim imdi yaxşı görürdü. Yuxarılara baxdım bura dərə imiş; məni musurmanlar ölü hesab eliyib buraya salıblar. Yenə balalarım yadıma düşdü. Bir az fikirləşdim; gözlərimi dörd tərəfə gəzdirdim: dərədə yatmışdım bircə lağımdan başqa baş təpəcək yer yox idi. Gün, milçək mənə əziyyət verirdi; başımı yavaşca qovzuyub yan yerimə baxdım: heyvan sümüyündən və zibildən savay bir şey görmədim. Ehmal qalxıb allahı çağıra-çağıra süründüm lağıma doğru. Bir az burada özümü toxdadıb yenə fikirləşdim. Yadıma düşdü ki lağım erməni bazarına gedir.

Dedim yaxşısı budur ki yerin altı ilə yavaş-yavaş sürünüm gedim. Kərbəlayı, özüm ac, yaralı, lağımda murdar, nəcis, tahı əlacım nədir gərək gedim. Yoxsa ya acından öləcəyəm ya musurmanlar tapıb öldürəcəklər... Bilmirəm gecədir, bilmirəm gündüzdür qaranlıqda sürünürəm: birdən ürəyim gedir qalıram; ayılanda yenə sürünürəm. Bilmirəm bir gündənmi ikisindənmi sonra xülasə gəldim bir ışığa çıxdım: Lağım uçub tökülüb, küçə görünürdü. Nə təhər qorxuram, sevinirəm də. Bir az da süründüm başladım qulağ asmağa. Asdım asdım gördüm ermənicən danışırlar. Nə təhər sevindim, din haqqı gözlərimə ışıq gəldi. Nə qədər ki bacarırdım – ağzımı açıb çığırdım. Ermənilər durdular, qulaq asıb irəli gəldilər. Zarıldadım erməni olduğumu bildilər. Bunlara başıma gələni nağıl elədim. Məni götürüb apardılar azarlıxanaya. Bir iki ay orada qaldım ki yaxşı oldum...

Kərbəlayı-Məhəmməd ustanın hekayəsi bitən kibi dərin bir e’tiqad ilə üzünü göyə çəndərdi:

– Pərvərdigara! Səndən üzülməyənə heç zad olmaz imiş, sənə min şükür! – deyib əlini ustanın toqqasına atdı. Usta, allah məni də istiyirmiş, ona min şükür! Bax gör mənim başıma nə iş gəlib. Axır özün bilirsən ki biz, dədə-babadan erməni bazarında baqqallıq edirdik, nə erməni bizdən nə də biz ermənidən pislik görməmişdik. Sonralar təzə tərəmələr ki çıxdı, işlər lap xarab oldu. Başladılar nə bilim Daşnaqstundır nədir, düzəltməyə – dədə-baba duz çərəyimiz hərmətdən düşdü. Dava düşəndə dükəni eləcə açıq qoyub Barın Hambarsın gilə qaçıram (kişi ilə neçə illərdi dostluğumuz var), oğlu əlində tüfəng çıxıb məni gülləyə basır. Elə onun gülləsindən qolum şikəst oldu, imdi də işə yaramır. Xülasə, qolumun qanı axa-axa yüyürüb urus İvanofun evinə girdim; darvazanı bağladım, yaxşı oldu ki yerimi heç kəs bilmədi. Bir az durub, yuxarı getdim; İvanofun arvadı qabağıma çıxdı və qolumun qanını görcək rəngi üzündən götürüldü. İvanof özü də gəldi (onlar dinə gəlsin, mənim boynumda çox haqları var), qolumu sarıdılar, bağladılar. İvanof mənə dedi ki, Kərbəlayı-Həsən, bir iş var ki, sənin burada olmağını ermənilər bilsələr gəlib həm səni parça-parça edəcəklər həm də bizi öldürəcəklər. Yaxşısı, budur ki sənə taxtapuşda yer salaq orada dava qurtarınca yat; razı oldum. Qulluqçu taxtapuşda yer saldı, çıxıb uzandım; vaxtından vaxtına pişmiş zad verirdilər yeyirdim. İki gün idi hələ dava kəsilməmişdi. İki tərəfdə bir birinin evlərinə od qoyub, adamlarını qırırdılar. Taxtapuşdan baxırdım: şəhərin hər tərəfindən alav qalxırdı, güllə və top [^p025] səsindən qulaq tutulurdu; küçələrdə bir tərəfdən meyit daşıyırdılar, bir tərəfdən də səngərlərə badron və tüfəng gedirdi.

İkinci gecə bir müsəlman da qaçıb İvanofgilə gəlmişdi. Bunu da taxtapuşda qoymuşdular. Sabahı hardansa ermənilər bunun burada olduğunu bilmişdilər. Budu gördüm əli tüfənglilər darvazanı kəsdirib sındırırlar. İvanofun əlacı kəsilib qabaqlarına çıxdı. Buna dedilər ki, ya müsəlmanı ver, ya

[^p025]: Ermənilər davada Rus-Osmanlı müharibəsindən qalma köhnə topları qayırıb müsəlmanlara atırdılar. özünü öldürəcəyik. Yoldaşım bunların səsini eşitcək bət-bənzidən olub özünü itirdi. Mən toxdaq idim. Durub yavaşca keçdim qonşu taxtapuşuna, oradaca gizləndim. Bir vaxtı küçədə səs qopdu. Gördüm darvazadan müsəlmanı çıxardırlar.

Biçaranın dili batmışdı, ətrafdakılara lal kibi baxıb güc ilə nəfəs alırdı. Bir də neçə yerdən güllə açıldı. Müsəlman yıxıldı. O qədər ona güllə və xəncər yarası vurdular ki parça-parça oldu.

Güllə səsi kəsilmişdi. Ətrafımda bir hənirti yox idi: xalq alavı söndürməyə məşğul idi. Taxtapuşdan endim. Həyətdə bir meyit var idi. Bunun cəld papağını başıma keçirdim və qəmərin belimə bağlıyıb tüfəngini də götürüb küçəyə çıxdım... Ermənilər «müsəlmanlar gəlir» deyə, şaşdıqlarından bir birinə qarışmışdılar. Mən də bunlara qoşuldum. Yavaş-yavaş özümü qaranlığa verib alavın ışığından çəkildim ki məni tanımasınlar. Səngərlərə yavaqlaşdım. Orada-burada daşların dalında uzanıb atışırdılar. Fikirim müsəlmanistana keçmək idi. Birdə qabaqdan bir güllə açıldı... yıxıldım.... sonra nə oldu, huşumdan çıxıb ancaq ayıldım gördüm meyitlərin içində uzanmışam tüfəng də yanımda yoxdur. Alav hər yeri ağzına almışdı; gecə belə işıq idi ki, iynə saplamaq olardı; güllə səsi tək-tək eşidilirdi. Başımı daşın üstə qoyub yatdım... Bir də ayılıb gördüm ki hər tərəf öz meyitlərini aparır: barışıq olub.

Arvad uşaq gözləri yaşlı, ətrafı bürüyüb, məni də azarlıxanaya apardılar, sonra yaxşı oldum.

Usta Karapet, allah mərdimazara lə’nət eləsin! O illər çox pis illər idi!...

Hər nə də oldu biz kasıb, biz fəqirlərə oldu!

– Eyyy..! Ay Kəblayı, allah mərdimazarın evini yıxsın; davanı saldılar evimiz yıxıldı.

– Elə yıxıldı, yurdumuzdan, balalarımızdan olduq; davadan da heç kəsin əlinə bir şey gəlmədi... Canım axır mən sənnən niyə dalaşım! Sən mənim din ayrı qardaşımsan; sənnən dədə-babadan bir yerdə olub, rahat dolanmışıq.

– Eyyy...! Eləcə rahat dolanırdıq, allah mərdimazarın evini yıxsın!...

Erməninin gözləri yaşardı və başını tərpədə-tərpədə ötüb getdi. Müsəlman da göz yaşlarını çuxasının ətəyinə silib yola düşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İmamın zühuru

Onların tarixi qısadır: əvvəl üç idilər, şərik idilər; çar zamanı ticarətə başlamış, müsavat zamanı zəngin olmuş, şura vaxtı iflas etmişdilər.Onların biri yarımünəvvər idi; qəzet oxuyur, rusca danışır, Puşkinin dueldə öldüyünü bilirdi. İkincisi mollaxanada oxumuş, Həzrət İbrahimin oda atıldığını eşitmişdi. Üçüncü heç oxumamışdı. Adını güclə yazar, lakin barmaq hesabı ilə bütün varidat və müsafiratını təhqiq edər və müvazinəsinə çalışardı.

4 min
Qayınanın oyunları

“Gəlin, gedək qayınananın bağına,Qurban olaq bostanına, tağına,

8 min
Yaş söhbətləri

Müəllim Mirzə Həsənlə Mirzə Bağır həmişə görüşəndə yaşdan danışmamağa çalışırlar. Lakin danışığı haradan başlasalar, axırda yenə yaş söhbətilə qurtarır. Keçən il Balaqədeşin oğlunun toyunda yaş barəsində uzun-uzadı danışmışdılar, hansının böyük və hərəsinin neçə yaşı olduğu meydana çıxmamışdı. Keçən ildən bəri Mirzə Həsənlə Mirzə Bağır görüşməmişdi. O günü təsadüfən bir təziyə yerində görüşdülər.İkisi də məsələsini bilirdi – bir-birini görcək hər ikisi yaşdan danışmamağı qət etdi. Lakin bir-birilə küsülü deyil idilər ki... Buna görə görüşən kimi:

4 min
Qibleyi-aləmin xalısı

Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.

3 min

Poems by other poets